post-title

Ölümə gülə-gülə gedənlər

“Olmuşlar, düşüncələr”i oxuyana qədər Gertsen haqqında çox səthi məlumatım varıydı. Sovetlər vaxtı nəşr edilən bəzi kitablarda hərdən Leninin onun haqqındakı təmtəraqlı sitatlarına rast gəlmək olur. Birini dəqiq xatırlayıram. Polşa xalqının azadlıq uğrundakı üsyanı Rusiya imperiyası tərəfindən amansızlıqla yatırılanda, Rusiyanın ziyalı təbəqəsi tamamilə susmuşdu, çarın qorxusundan heç kim cınqırını çıxarmağa cəsarət etmirdi. Bu amansızlığa qarşı çıxan və işğalı pisləyən yeganə şəxs isə Gertsen olmuşdu. Sonralar məhz buna görə Lenin onun haqqında “Gertsen Rusiya demokratiyasının şərəfini xilas etdi” sözlərini yazmışdı.

 

Haqqında dəfələrlə eşitdiyim bu adama qarşı daxilimdə qəribə simpatiya olsa da, həm də onun süni sovet pafosunun göylərə qaldırdığı şəxsiyyətlərdən biri olacağından şübhələnirdim. Hansısa əsərini nə vaxtsa oxuyacağım ağlımın ucundan da keçməzdi. Bu yaxınlarda şəhərdəki bukinistlərin birində, tozlu rəflərin arasında qurdalananda qarşıma təsadüfən Gertsenin memuarı çıxdı. Evə gəlib, aldığım kitabları kəşfiyyat məqsədilə vərəqləyərkən, qəfildən ayıldım ki, “Olmuşlar, Düşüncələr” əsərindən qopa bilmirəm. Kitabı dərhal su kimi canıma çəkdim. Mən indi də heyrət içindəyəm, necə olub, belə bir kitab kölgədə qalıb, nəyə görə onun haqqında bu qədər az danışılıb?.. Əgər müəllif onun şəxsi memuarı olduğunu gizlədib, əsərini roman adlandırsaydı, yəqin, heç kimin ruhu inciməzdi və bu əsər ən parlaq romanlar arasında öz yerini tutardı.

“Olmuşlar, düşüncələr” bir mütəfəkkirin, inqilabçının başına gələn hadisələrdən bəhs edir. Gertsen memuarına 1812-ci ildə Napaleonun başçılıq etdiyi fransız ordusunun Moskvaya girməsiylə başlayır. Moskva yadelli  əsgərlərin ayaqları altında titrəyəndə Gertsen yenicə doğulmuşdu. Olduqca təlatümlü başlayan həyat elə bu axarla da davam edir.

Gertsen memuarında özünün inqilabi fəaliyyətini, həbsxana və sürgün həyatını, sevgi macərasını çox təvəzökarlıqla, mübaliğəyə yol vermədən yazır. O, özündən çox başqalarının faciələrinə köks ötürür. “Olmuşlar, düşüncələr”i oxuyanda bir daha anlayırsan ki, heç nə elə-belədən baş vermir, heç bir inkişaf səbəbsiz deyil. Rusiyanın bəşəriyyətə verdiyi misilsiz töhfələrin arxasında saysız-hesabsız insan faciələri, sürgünlər, göz yaşları var. Rusiyanın, bu böyük və əzəmətli ölkənin mütləqiyyətdən xilas olması, elmin, mədəniyyətin çiçəklənməsi üçün yüzlərlə, minlərlə adam həbsxanalarda çürüyüb, qaranlıq, soyuq Sibirin qara torpağına gömülüblər. Gertsen memuarında məhz bu insanların tutqun taleyini aydınladır.

Amma bir vacib məqam var, kitab haqqında uzun-uzadı yazmadan o önəmli məqamı vurğulamaq istəyirəm.

Gertsenin memuarını oxuyanda bir daha əmin oldum ki, həyatı həqiqətən başa düşənlər, məhz belələri, ülgüc üstündə gəzənlərdir. Biz, adi insanlar, gündəlik məişət problemləriylə əlləşənlər, bu anı yaşaya bilməyib, gözünü gələcəyə dikənlər, ehtiyatlılar əslində həyatı yaşadığımızı sanırıq, amma bizimki yaşamaq deyil, yaşamağı imitasiya eləməkdir. Bizim kədərimiz də, sevincimiz də, coşqumuz da, dostluq və sevgi münasibətlərimiz də adidir, ötəridir. Çünki bunları başa düşmək üçün həyatı da başa düşmək lazımdır, ütülü həyat yaşayanlar risk etməyin gözəlliyini heç vaxt başa düşə bilməzlər, bu riski dadanlar isə bir də heç vaxt səliqəli, ehtiyatlı həyata qayıtmazlar. Bu qayda təkcə siyasi mübarizəyə, müharibəyə və s. aid deyil, ən adi həyat seçimlərində də bu qayda keçərlidir.

Təhlükənin üzərinə, həbsxanaya, ölümə gülə-gülə gedən adamlar var. İnsanların onlara heyranlıqla, qibtəylə baxması səbəbsiz deyil, çünki bilirlər ki, onların simasına qonan gülüş adisindən deyil, bu, ən həqiqi, ən nadir gülüşdür, bu, hər gün rast gəlinən mənzərə deyil. Belə adamların həyatı qısa, çətin, ağır ola bilər, ancaq onların bir anlıq sevinci, coşqusu, fərəhi adi, ötəri  duyğularla yaşayan insanın 1000 illik həyatından daha üstündür. Məsələ də elə bundadır, əsl həyat yaşayan insan heç vaxt peşman ola bilməz...

Cavid Ramazanov

Kultura.az

Yuxarı