post-title

Misir: inqilab və ictimai mübarizə

Asiya Butalib (Assia Boutaleb)

 

13/02/2013

 

2011 –ci ildə Misir inqilabının əsas siması kimi internetin və sosial şəbəkələrin fəal istifadəçisi olan gənclər göstərilirdi, 2013 –cü ildə daha çox qara kapşonlu gəncləri göstərməyə başladılar. Bununla belə KİV-lərin çoxu hələ də Misirdəki xalq hərəkatında axır iki ildəki, hətta ondan daha əvvəllər 1990-cı illərdən bəri xalq hərəkatından mühüm rol oynayan fiqurları diqqətdən kənarda qoyur. Söhbət istər fəhlə, istər məmur, ya da qulluqçu olsun sadə əmək adamlarından gedir.
Bu qəbildən olanların nümayişləri KİV-lərin diqqətini çəkməsə də, onlar siyasi fəallarla polislərin toqquşması olan yerlərdə dərhal ortaya çıxırlar, xüsusilə də mütəmadi küçə etirazları olan yerlərdə (bu heç də xalq kütlələrinin nümayişlərindən mühüm deyil) tez-tez görünərək, misir inqilabını fərqli yönlərdən təqdim etməyə çalışırlar.
Böyük ölçüdə sosial problemlərdən yaranan və iqtisadi köklərə dayanan bu mübarizənin önəmini və kəskinliyini inqilabi prosesin analizi zamanı diqqətdən kənar qoymaq olmaz. 
Bu cəmiyyətin vəziyyətini əks elətdirir və hətta ən qarışıq məqamlarda belə zorakılıq, nifrət, etiraz qığılcımları anlamağa imkan verir.
İnqilabda “özbaşına alışma” nəzəriyyəsinə yer yoxdur və misir inqilabı da istisna deyil. 25 yanvar 2011-ci ildə Təhrir meydanının zəbt edilməsi gözlənilməzlik olsa da, bu əslində müxtəlif zamanlarda bir-birindən asılı olmadan keçirilən siyasi təşkilatların və işçi və gənclərin fəal qruplarının çoxlu etiraz aksiyalarının davamı idi.


Bütöv bir şəhərin zəbti

Təkcə 2007-ci il ərzində Misir fəhlələrinin və ticarət xidmətçilərinin həmkarlar ittifaqları 580 nümayiş (2004-cü ildə onların sayı 191 olub) keçirib. Belə ki, 2007-ci ildə tekstil fabriklərinin 22 000 işçisi “Qaz əl-Məhəllə” də (bu Misirin üçüncü ən böyük sənayə şəhəri Əl-Məhəllə-əl-Kübranın ürəyi hesab olunur) iş şəraitinin yaxşılaşdırılması və minimum əmək haqlarının qaldırılması tələbi ilə tətilə başlayırlar.
Misir tarixində ilk dəfə tətil komitəsinin üzvü Səid Həbib mitinqdə belə bir açıqlama ilə çıxış etdi: “Biz hakimiyyətə qarşı çıxırıq (...). Biz öz hüquqlarımız və hakimiyyətin devilirməsi uğrunda mübarizə aparırıq”. Burda adi gözlə də sosial tələblərin siyasiləşməsini görmək mümkün idi.
Bu hadisələrin üstündən bir neçə ay keçdikdən sonra, 2008-ci ilin aprelində elə həmin fabrikdə yeni tətillər başladı ki, sonradan bütöv bir şəhərin zəbt edilməsinə gətirib çıxardı. Həmkarlar ittifaqının üzvlərinin və siyasi fəalların yaddaşında sərt repressiyalarla müşayət olunan (polislə toqquşmalar zamanı bir nəfər ölmüş 331 nəfər həbs olunmuşdu) o günlərlə bağlı çox aydın xatirələr qalıb. Bu hadisələr sosial və siyasi mübarizənin bütün ölkəyə yayılmasının ən mühüm mərhələsi oldu.
1 may 2010-cu ildə parlamentin binası qarşısında ən fərqli zavod, fabriklərin işçilərinin nümayişi baş tutdu. Nümayişdə: “Ədalətli minimum əmək haqqı verilsin ya da hökümət getsin”, “Rədd olsun qiymətləri qaldıran Mübarək və onun əlaltıları”. Bax bu da xalq hərəkatının inqilabi prosesə təsir etdiyinə başqa bir sübut.
Həmçinin yada salaq ki, Mübarəkin devrilməsinə gətirib çıxaran Təhririn zəbt olunduğu elə həmin 18 gün ərzində Misirdə ilk dəfə azad həmkarlar təşkilatı: Misir azad həmkarlar təşkilatları federasiyası yarandı. Onun rəhbərliyi dərhal bütün ölkə zəhmətkeşlərini tətil etməyə çağırdı.
Digər tərəfdən bütün bu baş verənlər praktiki olaraq KİV-lərin diqqətini cəlb etmədi. KİV-lər bütün diqqətlərini etiraz aksiyarının üzərində toplamışdı. Əslində isə inqilabın əsas nəaliyyəti məhz bu nöqtədə əldə olunmuşdu. Hələ keçmiş prezident Nasirin dövründə əsası qoyulmuş güclü Misir həmkarlar ittifaqları Federasiyasının monopoliyasına son verilmişdi.
12 mart 2011 –ci ildə verilən qərarla keçmiş həmkarlar ittifaqları federasiyası buraxıldı və həmkarlar ittifaqları rəsmən azad orqan kimi tanındı. Bu qərar əslində iki başlı qərar idi. Həmkarlar ittifaqlarının azadlığı tanındıqdan sonra hərbi qüvvələrin ali şurası onları mart hadisələrində bir sıra cinayətlərdə suçlamış və bundan sonra dövlət orqanlarının işinə təsir edəcək istənilən tətilin təşkilatçılığına görə hər bir vətəndaşa 55 377 yevro cərimə kəsəcəyini elan etmişdi.


Mübarək rejiminin devirilməsi xalq narazılıqlarını səngitmədi

Artıq hər bir vətəndaşı 55 377 yevro cərimə və “istehsalat vasitəsini məhv etmək”  və ya “xalqın birliyinə, dövlət təhlükəsizliyinə və ictimai sabitliyə zərər yetirmək” maddəsi ilə ən azı bir ilə qədər həbs gözləyirdi. Vəziyyətin qeyri-müəyyənliyi ən fərqli söz-söhbətlərin yaranmasına gətirib çıxarmışdı. 29 iyun 2012-ci ildə hərbi məhkəmə Neft Nazirliyinin binasına daxil olaraq 200 iş yoldaşının əmək müqaviləsinin vaxtını uzatmaq istəyən Petrojet şirkətinin beş əməkdaşını dəmir barmaqlıqlar arasına yolladı.
Bu arada Mübarəkin devrilməsi xalqın narazılığını heç də azaltmadı. Müəssisələrdə mütəmadi tətillərlə işə ara verilir, mərkəzi küçələrdə isə daim etirazçılara rast gəlinirdi. Müxtəlif sənaye və xidmət sahələrində çalışanlar iş şəraitinin yaxşılaşdırılmasını və əmək qanunvericiliyində islahatlar aparılmasını tələb edirdi.
“Sons of Land Association for Human Rights” təşkilatının məlumatına görə 2011-ci il ölkədə 1400 kollektiv aksiya keçirilmişdir ki, orada ümumilikdə 60 000 işçi iştirak etmişdir. Bu əvvəlki illərdəkindən iki, üç dəfə çoxdur. Bu Misir tarixində görünməmiş hal idi. Misir iqtisadi və sosial hüquq mərkəzinin hesablamalarına görə təkcə 2012-ci ilin sentyabr ayında 300-ə qədər işçi nümayişi baş tutmuşdur.
İşçilərin əsas tələbləri elə əvvəlkilər idi (minimal əmək haqqının və iş şəraitinin yaxşılaşdırılması), lakin indi onlara siyasi tələblər də əlavə edilmişdi: insanlar müxtəlif müəssisə rəhbərlərinin və vəzifə sahiblərinin işdən çıxarılmasını istəyirdilər. Onların fikrincə görə, bu “kiçik Mübarəklər” də prezidentin taleyini yaşamalıdır.
Hadisələrin belə axınında xalqın üsyanı işçilərə və həm də bütün misirlilərə istəklərini tələb etmək şansı verdi. Lakin, necə olursa olsun rəhbərliyin dəyişəndə hakimiyyət başına nadirən xalqın istəyini yerinə yetirən adamlar gəlir: hərbiçilər hakimiyyətə gələndə belə adamlar az idi, “Müsəlman qardaşları” gələndə isə belə adamların sayı yox dərəcəsinə endi.
Həmçinin Misirdə hakimiyyət dəyişikliyindən sonrakı keçid dövründə xalqla hakimiyyət arasında sosial və siyasi məsələlərdə fikir ayrılığının daha da böyüdüyünü vurğulamaq lazımdır. Qəbul edək ki, ictimai mübarizə və onun bütün sosial-iqtisadi tələbləri siyasətin təkərləri altında qaldı.

 Xroniki kasıblıq

Misirdə inqilabdan sonra işçilərin haqları ilə bağlı tək-tük partiyalar danışır, yeni yaranan həmkarlar ittifaqları adətən davamsız və kortəbii qurulur, onların bir çoxunun heç şəxsi ofisləri və işçiləri də yoxdur.
Mübarəkin devrilməsindən sorna Misir azad həmkarlar təşkilatları federasiyası özündə rəsmi olaraq 200 həmkarlar təşkilatını və iki milyondan çox üzvü birləşdirir, əslində isə onun daxilində başıpozuqluq və parçalanma hökm sürür. Onun hadisələrin gedişinə nə isə təsir etdiyini demək çətindir.
Bütün bu deyilənlərlə belə yenə də ümidsizliyə qapılmayaq, çünki sosial-iqtisadi məsələlər köhnə və yeni partiyaların proqramında yer alıb və “Əl-Karam” partiyasının qurucusu Hamden Sabahın seçkilərdə yaxşı səs toplaması (o prezident seçkilərinin birinci turunda 20,7% səs toplamışdı) məhz onun xalq hərəkatına yaxınlığı ilə izah olunur.
Öz növbəsində indi böyük həmkarlar təşkilatlarından birinin rəhbəri olan, keçmiş Misir iqtisadi və sosial hüquq mərkəzinin rəhbəri Xalid Əli isə seçkilərdə cəmi 0,6% səs toplamışdı.
İşçi təmsilçilərinin parlamentdə yer tutmaq uğrunda mübarizəsi də uğursuzluğa düçar oldu: belə ki, inqilabdan sonrakı misir parlamentində işçilərin problemləri üçün nə isə işlər görməyə çalışan cəmi 25 deputat var.
Bu nədir, yeni dövrün göstəricisidir, yoxsa iqtisadiyyatı fəlakətli vəziyyətə düşmüş, əhalisinin böyük qismi maddi problemlər içində boğulan ölkənin başına gəlmiş faciəvi paradoks? Nə dəyişirsə dəyişsin dövlət yenə də misir iqtisadiyyatının get-gedə dağılmasına və xalqın daha da dərin bir kasıblıq girdabına düşməsinə qarşı tamamilə etinasızdır. Ən yaxşı halda dövlət xalqın istəklərinə fikir vermir, pis halda isə ona repressiyalarla qarşılıq verir.
Ümumiyyətlə, “Müsəlman qardaşları”nın siyasi layihələrini bərabərhüquqlu ictimai proqram adlandırmaq tamamilə yalnışdır. Əslində orda xalqın əxlaq və ənənələri ilə bağlı çoxlu siyasi həllər olsa da, sosial məsələlərin üzərindən səthi keçilir, cəmiyyətdəki parçalanma gözardı edilir.


Çörək, insan ləyaqəti, ictimai ədalət

İnqilabın şüarı olan “Çörək, insan ləyaqəti, ictimai ədalət” iki il əvvəlki kimi yenə də aktualdır. Həmçinin “Qara Blok”un (Avropa radikal qruplarının bənzəri kimi yaradılmışdır) aqressiyası bəzən insanlara dəhşət yaşadır, hüquq mühafizə orqanları əvvəlki amansızlığı göstərməkdə davam edirlər, bütün bunlara inqilabdan sonra ölkədə davam edən ictimai zorakılığı da əlavə etsək cəmiyyətin nə qədər gərgin olduğunu anlamaq olar.
Gərginliyin dinamikası və geniş vüsət alması artıq parçalanmanın islamçılarla dünyəvi dövlət tərəfdarlarının ya da sadə pasifistlərlə hərbi hakimiyyətin zorakılığı tərəfdarlarının  arasında olmadığını, cəmiyyətdə daha böyük parçalanmanın hökm sürdüyünü göstərir.

Tərcümə: Namiq Hüseynli

Kultura.az

Yuxarı