post-title

Fahişəlik

Bertran Rasselin 1950-ci ildə Ədəbiyyat üzrə Nobel ödülü almış “Evlilik ilə əxlaq” kitabından bir parça

 

Haçağacan namuslu olmaq qadın üçün ən önəmli bir dəyər sayılacaqsa, oçağacan da, toplumun bir başında yerini bərkitmiş evliliyə qarşı, toplumun o biri başında elə bu evliliyin ekiz tayı sayılacaq bir adət də özünə yer eləyəcəkdir, onun adı fahişəlikdir. Elə bilirəm, Lekkinin1 bəlli kitabındakı bu sözləri çoxları oxumuşdur: “Fahişəlik olmasaydı, nə bizim ailələrimiz müqəddəs sayılardı, nə də xanımlarımızla qızlarımız  məsum olardılar”. Belə sözləri ancaq viktoriançı2 olan bir adam yaza bilərdi, ancaq burası da var, onun bu dediklərini danmaq  çox çətindir. Lekkinin bu sözlərini oxuyan əxlaqçılar(moralistlər) quduzlaşıb özlərindən çıxdılar, onu utanmazlıqda suçladılar, ancaq onun bu sözlərini yalana çıxara da bilmədilər. Moralistlərin deməsinə görə–mənə elə gəlir, onların bunu düz deyirlər,–insanlar hamılıqla əxlaq normalarına boyun əyməyə başlayan kimi, fahişəlik büsbütün yoxa çıxacaqdır; ancaq onlar insanların hamılıqla əxlaq normalarına boyun əyməyəcəyini də çox yaxşı bilirlər, ona görə də, insanların haçağsa görməyəcəkləri bir işin, birdən onlar bunu eləyərlərsə hansı sonuclar verə biləcəyini düşünməyin də heç bir anlamı yoxdur.

Fahişələyin ortaya çıxmasına gəlincə, bəlli olduğu kimi, bunun yaranma səbəbi ən çox, subay, yaxud evli kişilərin evdən uzaq düşüb, özlərinin baş qaldıran cinsi istəklərini namuslu sayıla biləcək hansısa qadınla ovuda bilməməsi ilə bağlıdır. Bu sayağı cinsi istəklərin ovudulması üçün, toplumda bəlli kateqoriyadan sayılan qadınlar ortaya çıxmışdır, düzdür, toplum onların varlığına görə utanır, ancaq onlarsız keçinə də bilmir. Fahişənin istənilən vaxt əlçatan olması da, onun ancaq kimlərinsə cinsi istəklərinin soyudulmasına qulluq eləyərək, gözdən-könüldən uzaqda qalması da, toplum üçün çox əlverişlidir; elə buna görə də, kişilər onunla işlərini görüb qurtarandan sonra, öz ailələrinə, xanımlarının yanına qayıdırlar, hələ desən özlərini sındırmadan, heç nə olmamış kimi, alnıaçıq-üzüağ kilsəyə də gedirlər. Ancaq bu fahişə adlanan yazıq qadınlar isə, toplumun işlərinə bunca yaradıqlarına, ailələrdəki qız-gəlinlərin, toplumdakı kilsə başçılarının yaxşı adlarını qoruyub saxlamağa qulluq elədiklərinə baxmayaraq, hamının qarşısında başıaşağı gəzməli olur, gözə görünməyəyə çalışırlar, onların, toplum içinə çıxıb insanlarla qaynayıb qarışmaq üçün bütün yolları bağlanmış olur. Bu acınacaqlı ədalətsizlik,  xristianlığın yaranması ilə başlamış, bugünəcən də gəlib çıxmışdır. Toplumda fahişəliyin olması onun üçün əskiklikdir, buna söz ola bilməz, ancaq bunun belə olması həm də, əxlaqçıların gördükləri işlərin də heç bir dəyərinin, kəsərinin olmamasından soraq verməkdədir. Freydin deməsinə görə, bizim anlağımız bir sıra düşüncələrimizi sıxışdırır, buna görə də onlar bizim alt şüurumuzda özlərinə yer elyəyib qorunub saxlanırlar; eyni ilə bunun kimi, fahişəlik də toplumun alt  şüurunda qorunub saxlanmaqdadır. Ancaq belə bir sürgün ömrü yaşayan fahişəlik, özü də bunu istəmədən, onun varlığını buracan alçaldan toplumdan öz qisasını almağa başlayır.

Fahişəlik heç də həmişə alçaq iş sayılmamış, indi olduğu kimi göz qabağından qovulmamışdır. Başlanğıcda bizim indi fahişə adlandırdığımız qadınlar, çoxtanrıçılıq məbədlərinin kahinləri olmuş, o çağlardakı toplumda onlara böyük sayğılar göstərilmişdir, bu qadınlar tanımadıqları kişilərin cinsi istəklərini ödəməyin, tanrılara qulluq eləmək olduğunu sanmışlar. Məbədlərdə yaşayan belə kahin qadınlar, toplumda sayılıb seçilən qadınlar olaraq tanınmış, kişilər onlarla cinsi yaxınlıq eləməyi özləri üçün başıucalıq sanmışlar. Kilsə ruhanilərinin məbəd fahişəliyi ilə bağlı çoxlu yazıları isə, başdan-ayağa yalanlarla doludur, onlar bu yazılarında çoxtanrıçılığa tapınan bütsevərlərin iblislə ilişkilər qurmaq üçün bu qadınlardan yararlandıqlarını özlərindən uydurmuşlar. Bütsevərlərin məbədləri bağlandıqdan sonra, fahişəlik oradan çıxıb topluma ayaq açdı, onu başdan-başa bürüməyə başladı, indi isə onun məqsədi ancaq pul qazanmaqdır. Düzdür, çox pis ad çıxarmış fahişəxanaların, hamamların, habelə bunun kimi, fahişəliyin yuva saldığı yerlərin yiyələri bu işdən yaxşı qazanc götürməyə başladılar, ancaq fahişələrə gördükləri bu işə görə qəpik-quruş çatırdı, onlar demək olar, bu işə yiyəlik eləyənlərin köləsinə çevrilirdilər; ancaq son illərdə, yalnız özü üçün işləyən təkbaşına fahişələr də ortaya çıxa bilmişlər. Bildiyimə görə, bugünkü Hindistanda məbəd fahişəliyindən fahişəlik biznesinə keçid hələ bütünlüklə başa çatmamışdır. “Ana Hindistan” kitabının müəllifi Ketrin Meyo, belə bir geriçiliyin indiyəcən qalmasının, bu ölkəni bütün suçlarda yamanlamaq üçün  əsas verdiyini deyir.

Bugün, deyəsən Güney Amerikdan başqa, dünyanın hər yerində fahişəlik azalmağa doğru gedir. Bu bir yandan, indi qadınların fahişəlikdən başqa yollarla da özlərinə iş tapıb dolanışıq qura bilmələri ilə bağlıdır; başqa yandan da, indi toplumların çoxunda evlilikdən qıraqda da, qadın-kişi ilişkilərinə yol verilməsinə görədir. Buna baxmayaraq, fahişəliyin bütünlüklə yox olub gedəcəyinə mən inanmıram. Örnək üçün, uzun sürən gəmi yolçuluğundan sonra sahilə çıxan dənizçiləri götürək. Onların cinsi istəkləri elə bir çılğınlığa çatır, bu istəklərini söndürmək üçün gözləməyə dözümləri qalmır, hansısa qadının qulluğunu gətirmək, hansısa sevgi ilişkiləri axtarmaq haqqında düşünmür, birbaşa fahişələrin olduğu yerlərə üz tuturlar. Başqa kateqoriyadan olan, uğursuz evlənmiş, yaxud da öz xanımlarından qorxan kişiləri götürək. Onlar cinsi istəklərini, öz evlərindən qıraqda, heç bir psixoloji gərginlik keçirmədən yerinə yetirəndə özlərini çox azad sayır, yalnız belə ilişkilərdən ürəkləri istəyən kimi duyğulana bilirlər. Bütün bunlara baxmayaraq, fahişələrin sayını bacardıqca azaltmaq çox önəmli bir iş sayılmalıdır. Bunun üç başlıca səbəbi vardır: birincisi, fahişəliyin  toplumun ümumi sağlamlığına qorxu yaratmasıdır; ikincisi, fahişəliyin qadın psixologiyasını çox korlamasıdır; üçüncüsü, fahişəliyin elə kişilərin də psixologiyasını korlamasıdır.

Bu səbəblərdən ən başlıcası, sözsüz, sağlamlıq üçün yaranan qorxu ilə bağlıdır, bəlli olduğu kimi, fahişələrdən hansısa zöhrəvi xəstəliyə yoluxmaq qorxusu həmişə vardır. Bunu aradan qaldırmaq üçün, fahişələri dövlət qeydiyyatına almaq, onları tez-tez tibbi yoxlamalardan keçirmək də özünü sonacan doğrultmur; bundan başqa da, bu sayağı polis nəzarətinin qoyulması, çox vaxt fahişəliklə bağlı olmayan, ürəyi istəyən kimi cinsi ilişkilər qurub yaşayan qadınların da göz altına alınmasına gətirib çıxararaq, onları alçaldır. Zöhrəvi xəstəliklərə gəlincə, onların işlədilən günahlara görə verilən cəza kimi anlaşılması düşüncəsi ortadan getməyincə, bu xəstəliklərin sağaldılması işindəki geriliklərlə, çatışmazlıqlar da qalacaqdır. Bu xəstəliklərin qarşısının alınması üçün gərəkən biliklərin yayılması da çox önəmlidir, ancaq bir çoxları buna qarşı çıxır, bütün bunların baş verən seksual günahların artmasına gətirib çıxaracağını deyirlər. Çox vaxt zöhrəvi xəstəliklərə tutulmuş adamlar həkim yanına getməyə utandıqlarından, öz sağlamlıqlarını bərk korlayırlar. Düzdür, indi bu xəstəliklərlə bağlı durum yaxşılığa doğru dəyişməkdədir, insanların bu yoluxmaya qarşı münasibətlərinin dəyişməsi, onun get-gedə azalmasıma gətirib çıxara biləcəkdir. Ancaq bununla yanaşı olaraq, haçağacan fəhişəlik aradan qalxmayıb, belə xəstəliklərin yayılması qorxusu da qalacaqdır.

Fahişəliklə ömür sürən qadının yaşamı doğru-düzgün sayıla bilməz. Burada daima zöhrəvi xəstəliklərə yoluxmaq qorxusu bir yana qalsın, bundan da pisi, bu sayağı yaşam insan psixologiyasını get-gedə sarsıdıb, onu özülünəcən dağıdır. Fahişəliyə qurşanan qadınlar getdikcə ərincək, tüfeyli bir ömür sürməyə alışır, içki ilə tütün düşkünlərinə çevrilirlər. Toplumun ona aşıladığı: fahişəliyin insani əskiklik olması düşüncəsi, getdikcə onun anlağında özünə yer eləyir, onun psixologiyasında iz qoyur, o, get-gedə özünün bütün müştərilərinin də onu alçaq saydıqları düşüncəsinə qapılır. Eyni ilə rahibələrdə olduğu kimi, fahişələrin də yaşadığı ömür, onların sağlam instinktlərini korlayıb sıradan çıxarmağa başlayır. Bütün bu səbəblər isə, ən çox da xristian ölkələrində, fahişələrin yaşamını ağuya döndərir.

Dönüb Yaponiyaya baxanda, burada fahişəliklə bağlı durumun büsbütün başqa olduğu görünür. Burada fahişəlik də bir əmək fəaliyyəti sayılır, özü də onunla məşğul olmaqla karyera da qazanmaq olar. Ata-analar da öz qızlarının bu işə qoşulmasına qarşı çıxmırlar, axı birdən elə də olur, gənc qızın özünə cehiz düzəltmək üçün bundan başqa yolu qalmır. Çox adlı-sanlı bilgin adamların deməsinə görə, yaponlar sifilisə yoluxmurlar, bu doğrudan da belədirsə, onda çox ilginc bir olay sayılmalıdır. Yaponiyadakı əxlaq normalarında bizdəki kimi aşırılıq olmadığından, onlarda fahişələrə kimsə yuxarıdan aşağı baxmır. Fahişəlik indi Avropa ölkələrində yayıldığı kimi yox, heç olmasa Yaponiyadakı kimi öz varlığını saxlasaydı, buna yenə də dözmək olardı. Çox ciddi əxlaqi normaların olduğu toplumlarda fahişələrin günü çox ağır keçir, həm də onlar güclü mənəvi sarsıntılarla üzləşirlər.

Ancaq kişilərin də fahişələrlə ardıcıl olan ilişkiləri varsa, bu, onların da psixikasında dərin izlər qoyur. Ən birincisi, belə kişilərdə cinsi istəklərin ödənilməsi vaxtı qadınlara qarşı göstərilməli olan incə davranışlar çatışmır, cinsi ilişkilər onlar üçün özünün gerçək dəyərini itirərək,  mexaniki bir işə çevrilir. Bununla yanaşı olaraq, onlarda bütün qadınlara qarşı sayğısızlıq yaranır. Belə psixilogiya isə kişilərin evli olduqları qadınlarla ilişkilərini də korlayır: onlar ya evlənməyə də fahişəliyin bir növü kimi yanaşırlar, ya da evlilikdən sonra toplumda fahişəliyin olması onları bərk qıcıqlandırdığı üçün, çox böyük bir qısqanclıq duyğusuna qapılmağa başlayırlar.

Elə kişilər də var, çox sevdikləri, sayğı bəslədikləri qadınlarla cinsi yaxınlıq eləyə bilmirlər. Freydçilər bunu onlarda Edip komleksinin3 baş qaldırması ilə yozurlar, ancaq mənə elə gəlir, kişilərdə yaranan bu psixologi pozğunluq evlənməzdən öncə fahişələrlə yaxınlıq elədiklərinə görə yaranır, onların alt şüurunda sevdikləri qadınları fahişələrə tay tutmamaq istəyi yarandığı üçün də, onlarla cinsi ilişkilər qura bilmirlər. Belə az üzləşilən durumları bir qırağa qoyub, evlilikdə olan qadınlarla kişilərin cinsi ilişkilərini araşdıranda, çoxlu kişilərin, öz xanımlarına aşırı sayğı bəsələdiyinə görə, belə bir evlilik yaşayan qadınların psixoloji baxımdam “bakirə” olaraq qaldıqları üzə çıxır, ona görə də, bu qadınlar cinsi yaxınlıqdan heç bir həzz ala bilmirlər. Başqa bir durumda isə, kişi öz xanımına fahişə kimi yanaşaraq, ancaq öz cinsi istəyini ovutmağın qayğısına qalır, bu istəyin yerinə yetirilməsinin qadının da ürəyincə olub-olmadığı onu ilgiləndirmir, cinsi ilişkinin gedişində qadının oxşanmalı, incə sözlərlə könlünün ələ alınmalı olduğunu isə unudur. Bunu eləmək yerinə o, cinsi ilişkilər zamanı özünü çox qaba aparır, xanımını özündən də, cinsi ilişkidən də çiyrindirir, bu isə çox vaxt aradan qaldırıla bilməyən bir psixoloji pozğunluğa çevrilir.

Biz artıq iqtisadi faktorların qadın-kişi ilişkilərinə az, ya çox olaraq təsir göstərdiyindən yazmışdıq. Qadınla kişi arasında baş tutan gerçək cinsi ilişkilər, birbaşa, yalnız onların biri-birinə vurğunluğundan yaranan, onların ikisinə də sevinc gətirən ilişkilər olmalıdır. Belə olmayan cinsi ilişkilərin heç bir dəyəri yoxdur. Cinsi ilişkilərdə başqa bir insana ancaq vasitə kimi yanaşılırsa, bu onun mənliyini alçaltmaq deməkdir, bu isə özlüyündə əxlaqi normaların dayaqlarını laxladıb sarsıtmaqdır. Dərindən düşünməyi, qavramağı bacaran insan üçün, cinsi yaxınlıq qarşılıqlı olaraq sevinc gətirməyəndə özünün yapışıqlığını itirməyə başlayır. Ancaq öz cinsi istəklərini söndürmək üçün baş verən cinsi ilişkilərdən sonra, insanın içində bir boşluq, bir peşmançılıq duyğusu yaranır, belə bir durum təkcə cinsi ilişkilərlə bağlı yox, əxlaqi normaları pozan bütün başqa davranışlardan sonra da baş verir. Eləcə də bu deyilənlər təkcə fahişələrlə yox, evli qadınlarla bağlı olaraq da da baş verir. Qadınların çoxu üçün ərə getmək, başqasının evinə sığınaraq, burada özü üçün yaşayış vasitələri əldə etmək deməkdir; ona görə də, evli qadınların, fahişələrdən daha çox, heç bir sevinc, istək duymadıqları cinsi ilişkilərdə olmalarını da, toplumda sıx-sıx üzləşilən durumlardan saymaq olar. Cinsi istəklərlə bağlı olan əxlaqi normalar, bu istəklərin ödənilməsinin gedişində qarşılaşan hər iki tərəfə dərin sayğı göstərilməsinə əsaslanır, onlardan birində cinsi istəklərini ödəmək təlabatı yaranmayıbsa, onda bu əxlaqa görə, onu buna sürükləməyə çalışmaq yolverilməzdir. Bax elə buna görə də, fahişəlik başlıca əxlaqi normalara kökündən ziddir, ona görə də, zöhrəvi xəstəliklərin kökü kəsilsə də, lap elə fahişələrə sayğı bəslənməyə başlasa da, bütün bunlara baxmayaraq, toplumda fahişələyinin kökünün kəsilməsinə çalışmaq, insanların başlıca məqsədlərdən biri sayılmalııdr.

Havslok Ellis4 öz əsərlərində fahişəliyin araşdırılmasına böyük yer ayırmışdır. Ancaq, mənə qalarsa, onun fahişəliyi doğrultmaq üçün gətirdiyi arqumentlər doğru sayıla bilməz. O öz sözünə çox uzaqlardan başlayır, hələ sivilizasiyanın yeni yaranmağa başladığı çağlarda kütləvi sekslə bağlı ayinlərin keçirildiyini yazır, o çağlarda adi günlərdə ciddi kontrolda olan cinsi istəklərlə bağlı duyğuların bu ayinlərin keçirildiyi günlərdə özbaşına buraxıldığını bildirir. Onun düşüncəsinə görə, fahişəlik öz kökünü bu, əski çağlardakı kütləvi sekslə bağlı ayinlərdən götürmüdür, onun bu gün də yaşaması, elə o keçmiş ənənələrin bugünümüzə gəlib çıxması ilə bağlıdır. Onun deməsinə görə, evlilikdə özünü göstərən çox ciddi əxlaqi normalar kişinin öz xanımından istədiyi seksual həzzi almasına mane olduğundan, kişi də ictimai davranış normalarını pozmadan bu həzzi ala bilmək üçün fahişənin yanına getməli olur. Özlüyündə bu sözlər, yuxarıda baxışlarınıza çatdırdığımızı Lekkinin sözlərinin bir növ təkrarıdır, burada Lekkinin sözləri bir az çağdaş formaya uyğunlaşdırılaraq deyilmişdir. Ona qalsa, birdən Havslok Ellisin dediyi kimi, qadınlar üçün də seksual təlabatlarını ödəməklə bağlı yasaqlar götürülərsə, onda onlar da öz cinsi istəklərini bütünlüklə ödəyə bilmək üçün kişilər kimi, öz ərləri olmayan başqalarının yanına gedərdilər; bu isə, kişi ilə qadının öz cinsi istəkləri ilə bağlı impulslarına tam azadlıq verməsi demək olardı, belə olarsa, onda onlar nə üçün cinsi yaxınlıqdan qazanc güdən bir başqasının yanına  getsinlər, onların öz davranış azadlıqlarından yararlanaraq, biri-birinin cinsi istəklərini bütün dolğunluğu ilə ödəməyə çalışmaları daha yaxşı olmazdımı?

Mənim bildiyimə görə, seksual ilişkilərə azad düşüncə ilə yanaşa bilən qadınlar, əski əxlaqi qadağalardan qurtula bildikləri üçün, keçmiş çağların qadınlarına baxanda, indi evlilikdə olduqları kişilərlə öz cinsi ilişkilərindən  qat-qat artıq, daha doğrusu ürəkləri istədikləri kimi həzz almağı bacarırlar. Bir sıra əxlaqi normaların bugünümüz üçün yararsız sayılmağa başlaması da, fahişəliyin azalmasına gətirib çıxarmağa başlamışdır. Tutalım, keçmişlərdə, gənc oğlan öz cinsi istəklərini söndürmək üçün aradabir fahişələrin yanına getməli oldurdusa, indi o, hansısa gənc bir qıza isnişərək, onunla bu istəklərini ovuda bilər, özü də bu iki gəncin ilişkilərinin sonradan sevgi ilə sonuclanması şansları da vardır. İstər psixoloji, istərsə də fiziolji baxımdan götürsək, bu sayağı ilişkilər, pula satılan “sevgiylə” yanaşı qoyula bilməz; burada həm də, əxlaqın başlıca prinsipi də qorunur. Əxlaqçılar belə ilişkiləri düzgün saymır, bütün bunların insanları pis sonuclara gətirib çıxara biləcəyini deyirlər. Mənim düşüncəmə görə, gənc oğlanlarla qızlar arasındakı belə azad ilşkiləri bəyənməyə dəyər; belə ilişkilər gənc oğlanlarda qabalıqla, amansızlığı, gənc qızlarda isə özünüçəkmə ilə vasvasılığı aradan qaldırır. Belə azad ilşkilərə qarşı çıxanlar isə, kimliyindən asılı olmayaraq, fahişəlyin saxlanılması üçün çalışmış olurlar, fahişəlik isə dediyimiz kimi, aşırı əxlaqi normaların hökm sürdüyü toplumlarda, tarazlığın pozulmaması üçün ortaya çıxmışdır.

Yorumlar.
   
1Uilyam Eduard Xartpol(Lekki)(1838-1903)—ingilis tarixçisi, ictimai xadimi olmuşdur. Lekki özünün “Avropada rasionalizmin yaranmasının və onun təsirinin tarixi” adlı əsəri ilə çox tanınır. Lekkini bir tarixçi kimi olayların yox, ideyaların tarixi daha çox maraqlandırmışdır.

2Viktoriançılıq—1837-1901-ci illərdə İngiltərədə kraliça Viktoriyanın hakimiyyəti illərindəki əxlaqi normalara uyğun davranışlar başa düşülür. Bu çağlarda İngiltərə böyük savaşlara qatılmamış, iqtisadi baxımdan yüksək inkişaf yolu keçmişdir. Bu dönəmdə əxlaqi normalar çox ciddi olmuş, ciddi əxlaqi davranış(centlemenlik) dəbdə olmuşdur.
3 Psixoanalizdə Ziqmund Freydin irəli sürdüyü bir anlayış olub, doğulan uşaqların alt şüurunda öz valideyinlərinə qarşı cinsi istəklərin olmasını irəli sürür.

4Havslok Ellis(1859-1939)—seksologiya üzrə tanınmış həkim olmuşdur. Onun 7-cildlik “Cinslərin psixologiyası üzrə araşdırmalar” kitabı çox tanınmışdır.

Tərcümə etdi: Araz Gündüz

Kultura.az

 

Yuxarı