post-title

Cəfər Cabbarlının “Oqtay Eloğlu” pyesi haqqında məqalə

Müsabiqə üçün yazı

 
Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatının, teatrının yeni istiqamət almasında, müasir ədəbi dilimizin formalaşmasında mühüm rol  oynamışdır. C.Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin ən yaxşı nəticəsi "Aydın" və "Oqtay Eloğlu" pyesləri olmuşdur. Hər iki əsər 1921-1923-cü illərdə Azərbaycan Dövlət Teatrında müvəffəqiyyətlə tamaşaya qoyulmuş və teatrın repertuarında görkəmli yer tutmuşdur. İdeya və üslub cəhətdən bir-birinə yaxın olan bu əsərlərdə Cabbarlı pulun hökmranlıq etdiyi bir cəmiyyəti, bu cəmiyyətdə əzilən zəhmətkeşlərin faciəsini göstərmişdir. C.Cabbarlının “Oqtay Eloğlu” əsəri XX əsrin kulturoloji mühitini, xüsusən teatrımızın taleyini düzgün təsəvvür etmək üçün dəyərli  bədii mənbədir. "Oqtay Eloğlu" əsərini yazmaqda Cabbarlının məqsədi Azərbaycan Milli Teatrını yaratmaq ideyası idi. 
 
 “Oqtay Eloğlu “ 20-ci illərin mədəniyyət hadisəsi idi. O, teatr yaratmaq haqqında oynanılan ilk əsər idi. C.Cabbarlı novator sənətkar kimi, böyük bir səhnəni səhnəyə gətirdi. ”Teatr necə olmalıdır? ” sualına cavab verdi və bu dəfə tamaşaçı teatr haqqında düşünməli oldu.
 
 C.Cabbarlının yaratdığı Oqtay obrazı pul və hakimiyyət səltənətinin qurbanıdır. Oqtay xalqını dahilər, sənətkarlar, şəxsiyyətlər  yetişdirməyə çağırır. Lakin doğma səhnəni boş görən sarsılmış gənc aktyor təbiətinə məxsus çılğınlıqla üzünü teatra tutaraq “Səfil xalq, nə bağırırsan. Səndə sənətkar bir qadın yox, varsansa yarat, yaratmırsansa sus, uzan öl”- deyir. Oqtay Eloğlu pərəstiş etdiyi, varlığı qədər sevdiyi səhnəni yüksəltmək, milli teatr yaratmaq uğrunda dinclik bilmədən çalışır, faciəli sənət yolu keçir.
 
Hətta Səməd bəy Oqtaya anasının və bacısı Sevərin səfalət içərisində yaşadığını, Sevərin xəstə olduğunu , neft almağa pul olmadığı üçün qaranlıq otaqda yatırlar. Oqtay isə cavabında qocaman xalqın səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə bilməyəcəyini deyir.Oqtayın fikirincə ”Xalq və mən “ –bu iki söz bir yerə sığışdırılmaz. Ya mən olmalıyam, mənim üçün xalq olmalıdır. Ya o olmalıdır, mən olmamalıyam. Mən baxdım, ikinci yolu götürdüm.Və o gündən Oqtay bir şəxsiyyət olmaq üzrə yoxdur. O, el oğludur. O, böyük bir vahidin kiçik parçasıdır.
 
Şahqulu Oqtaya deyəndə ki, gəl oyunu saxlayaq. Oqtay razı olmur  xalqı aldatmaq oyuncağa çevirmək olmaz al bu üzüyümü apar ver söylə sabah parasını düzəldib verərik.
 
Səməd bəy Oqtaya pul, şan-şöhrət qazanmaq üçün rus səhnəsinə getməyi , təqdir olunmağı məsləhət görəndə Oqtay ona bir çinovnik ola bilmərəm deyir. Səməd bəy aldanırsan! Bunu bizimçün kim edəcəkmiş. Mən prinslərin saxladığı köpəklər kimi hazır nahara gəlmək istəmirəm. Başqalarında səhnə mədəniyyət, hər şey var. Bizdə yox. Yaşamaq istəyirsək, yaratmalıyıq. 20-ci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə, bilsin, mən bilmirəm.Yaşadığımız mübarizə meydanlarının müxtəlif qazmaları vardır. Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam. 
Əsərdə qoyulan problemlərdən biri də qadın aktrisanın olmamasıdır. Qadın rolları ya kişilər tərəfindən oynanılır, ya da Azərbaycan dilli aktrisalar olmadığı üçün rus dilli aktrisalara üstünlük verilirdi. Əsərdə təsvir olunan Tamara obrazı o qədər də  istedadlı olmasa da azərbaycan dilini bilən rus aktrisasıdır. Rejissor Şəkinski Oqtayın səhnəyə çıxmasına mane olmaq üçün Tamaranı öyrədir ki, oynamasın. Tamara əvvəl xəstə olduğunu bəhanə etsə də, camaatın tələbindən sonra həyatını sərxoş, yarımdəli bir adamın  əlinə tapşıra bilmədiyini, qorxduğunu deyir.
 
C.Cabbarlının sevə-sevə yaratdığı romantik qadın obrazı olan Firəngiz səhnəyə can atan ilk qaranquşdur. Firəngiz yeniyetmə yaşından Oqtayı, onun yaratdığı teatrı, səhnəni sevir. Müəllif ilk dəfə səhnəyə atılan Firəngizin timsalında azərbaycan qadının səhnəyə doğru yolunun çətinliklərindən, faciələrdən keçib gəldiyini göstərir. Firəngizin qardaşı Aslan bəy zahirən müasir görünsə də , əslində bütün əməlləri, Oqtaydan yönəltsə də , teatra gətirsə də, yalnız özünü düşünür. Firəngizi öz həyat planlarına qurban verir. Danyar bəyə ərə verir ki, onun nüfuzundan istifadə etsin. Aslan bəy Firəngizin məhəbbətini, səhnə ilə bağlı arzularını da məhv edir. Firəngiz isə  təsəllisini Oqtayın məhəbbətində, bu məhəbbətlə yaşamaqda görür.
 
Əsərdə təsvir olunan obrazlardan biri də Sevərdi. Sevər 5-6 yaşlarında olarkən qardaşı Oqtay qubernatoru təhqir etdiyinə görə Sibirə sürgün olunur. Oqtay gedərkən Sevəri və evlərini dayısına tapşırır. Dayısı da hər şeyi satıb Sevəri  bir-iki il saxlamış və dayısı öldükdən sonra Sevər küçədə qalmışdır. Firəngiz bir müddət ərindən gizlin ona baxmışdır. Sevər bir müddət qulluqçu işləmiş xəstələndiyinə görə qovulmuşdur. Həyatda qalmaq üçün dilənçilik etmiş, qardaşından xəbər eşitmək üçün yoldan keçənlərin söhbətinə qulaq asmışdı.
 
Şahqulu obrazı Azərbaycan səhnəsi ilə rus səhnəsini müqayisə edir. Ruslarda hər pərdədən sonra dəstə-dəstə qızlar, adamlar gəlib aktyorun əlini sıxır, tanış olurlar,tərifləyirlər. Bizdə isə yekəqarın kişilər Həştərxan pişiyi kimi gözlərinə baxır. Fındıq, fısqırıq, söyüş.Onlarda gözəl qızlar adamın başına çiçək səpirlər. Oqtay inanır ki vaxt gələcək salona baxınca munis çöhrələr, nəvazişkar, oynaq afətlər görəcək. Qaragözlü bir yavru görəcəyəm ki mini-mini əllərilə məni alqışlayacaq. Mənim də başıma çiçək səpəcəklər.
 
Əsərdə təsvir olunan Aslan bəyin dili ilə “ Teatr fəna bir şey deyil bir məktəb kimidir. Xalq oradan ibrət alır. Hətta məsciddən də müqəddəs bir yerdir.”Aslan bəy atasıyla söhbət edərkən “ Arvad da kişi kimi bir insandır.Biz analarımızı çarşaf içində cəhalətdə saxlamışıq. Başqa millətlər ...Bir də axı mən bacımı gizlətsəm, sabah qlava, qubernator və başqaları mənə də bir vəhşi deyərlər, gülərlər. Mən bir qapıdan girə bilmərəm.”
 
“Qaçaqlar” ın 8-ci pərdəsi oynanılır: Oqtay Karl, Firəngiz Amaliya rolunda.Firəngiz Oqtayın qarşısına çıxarkən o, özünü itirir. Karlın sözlərinin əvəzinə Firəngizə ittihamlar yağdırır. Süni həyatdan qaçmaq, həqiqəti tapmaq istəyir. Karlın bıçağı ilə onu öldürür. Hamı Oqtayı ittiham edir. Oqtay isə “ Mən onu öldürmədim, o , mənim bağrımdadır ”,-deyir. Onun sözlərindən aydın olur ki, bəşəriyyət üçün yeni həyat arzulayır. Elə həyat ki, hər şey sünilikdən uzaq olsun, göründüyü kimi deyil, olduğu kimi görünsün.
 
“Mən üzümü xalqa tutub, ona müraciət edirəm. Ona təslim oluram. Qoy o söyləsin: kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı, günahsız yavrumu?Əski mühitin bu gülünc heykəlmi? Və yaxud alman dahisi böyük Şiller özümü? ”
 
Oqtay Eloğlu filosof deyil, aktyor olsa da, nəinki həyatdakı yalanları, hətta səhnədəki de-korasiyaları qəbul edə bilmir, yalançı təsəvvür yaratmaqla barışmır və tələb edir ki, qoy divarlar öz rəngsiz simasında görünsün, təkid edir ki, həyat olduğu kimi rəngsiz və boyasız qəbul edilməlidir. Əslində müəllifin həqiqət axtarışları onun fəlsəfi düşüncələridir, insan və dünya haqqında çıxardıqları nəticələrdir. Baxmayaraq ki, Cəfər Cabbarlı sənətin və bədiiliyin gücünü yüksək qiymətləndirirdi, ədəbiyyata, poeziyaya böyük önəm verirdi, onun bütün əsərlərində bədiilik fəlsəfi nəticələrlə ümumiləşdirilir, ancaq insan – insan münasibətləri bədii həllini taparkən insan – dünya münasibətlərinə çevrilir, adi bir insan filosof kimi düşünür və nəticə çı-xarır: “Zavallı bəşəriyyət, neçin həqiqəti gizlədirsiniz?... Qoyun bu qara çirkin daşlar olduğu kimi...görünsünlər... O çirkin də olsa, həqiqət olduğu üçün gözəldir!,” – deyən  Oqtay Eloğlunun həqiqət axtarışları onun psixoloji halını əks etdirsə də, insanı düşünməyə vadar edir, bəlkə doğrudan da dünyanı və həyatı olduğu kimi görmək, real mövcudluğu qiymətləndirmək daha düzgündür.
 
Günay Mirzəyeva
 
Kultura.az
 
Yuxarı