post-title

"Den Braunu qapalı bir bunkerdə çevirdim"

Bu ilin 14 may tarixində ABŞ-da "Da Vinçi Şifrəsi" əsərinin müəllifi, dünya miqyasında tanınmış amerikalı yazıçı Den Braunun "İnferno" (“Cəhənnəm”) adlı yeni romanı işiq üzü gördü. Fransız dilinə çevirilmiş bu kitabın Fransadakı təqdimatı may ayının 23-də Parisdə keçirildi. Den Braunun bu yeni romanını ingilis dilindən fransızcaya çevirmiş Dominik Defer qeyri-adi şərtlərdə keçmiş çevirmə prosesini Fransanın həftəlik "Le nouvel Observateur" dərgisinin oxucularıyla bölüşür.

 
 
Dominik Defer "Cəhənnəm"-i çevirmək məqsədiylə xanım Karol Delportla birgə İtaliyaya gedirlər və burada digər beş ölkədən gəlmiş həmkarlarıyla birgə təqribən iki ay ərzində Milan yaxınlığında yerləşən bir bunkerdə yaşayırlar.
 
Yanvar ayının sonunda mənə Den Braunun "Cəhənnəm" romanını fransız dilinə çevirməm üçün Londona gedəcəyimi dedilər. Mən dərhal bilgisayarımı və digər lazım olan əşyalarımı yığdım və hazırlıqlara başladım. Bundan başqa, "Harri Poter"-i fransızcaya çevirmiş tərcüməçi ilə də görüşərək, ondan bəzi məsləhətlər aldım. O, Joanna Roulinqın kitabını razılaşdırılmış kontrakta uyğun olaraq, Londonda yerləşən "Harri Poter" nəşriyyat evinin ofisində qapalı bir şəraitdə çevirməyə məcbur olmuşdu.
 
Amma yola düşməyimə iki həftə qalmış, öyrəndim ki, səfərimiz Londona deyil, İtaliyaya olacaq, daha dəqiq desək, Milana. Gəldik çıxdıq itib-batmış bir yerə, məhşur braziliyalı arxitektorun inşa etdiyi Mondadori nəşriyyat evinin binasına. Hələ səfərimdən iki gün öncə mənə məxfilik haqda kontrakt imzalatdırmışdılar. Milandakı iş otağımız 200 kvadrat metirlik yeraltı bir bunker idi. Mən burada romanı çevirmək üçün fevralın 15-dən aprelin 5-nə qədər, bazar günü də daxil olmaqla, hər gün səhər saat 9-dan axşam saat 21-ədək işləyirdim. Bu bunkerdə altı çevirmən qrupu çalışırdı : Fransa, İtaliya, Almaniya, İspaniya, Kataloniya və Braziliya. Hər ölkənin təmsilçilərinə üzərində ölkələrinin bayrağı sancılmış üç masadan ibarət bir sahə ayrılmışdı. Fransa masasında əvvəl mən tək işləyirdim, daha sonra mənə həmkarım Karol Delporte və redaktor Anna Pidu qoşuldular. Ortalama olaraq, bunkerdə hardasa 10-15 nəfər çevirmən idik.
 
Birinci gün Səhər saat 10:10-da xüsusi marşurut avtobusla gəldim iş yerinə. Mondadori şəhərciyinin girişində iki nəzarətçi durmuşdu. Giriş vəsiqəmi göstərməyim gərəkirdi. Bunkerin girişində isə bizim bütün giriş-çıxışlarımızı qeydə alan daha iki nəzarətçi var idi. Bunkerdəki ilk iş günümüzdə hətta iki əli silahlı gözətçi də görmüşdüm. İçəri girməmişdən öncə, bütün digər çevirmənlər kimi mən də mobil telefonumu nəzarətçilərə təhvil verdim, onlar isə onu xüsusi bir seyfə qoydular. Telefonlarımızı yalnız bayıra, misal üçün, siqaret çəkməyə çıxanda götürə bilirdik. Daha sonra isə, nəzarətçilərdən biri "Cəhənnəm"-in ingilis dilindəki mətnini mənə verdi. Mən öz şəxsi bilgisayarımda işləyirdim, amma o, belə deyək, "zərərsizləşdirilmişdi". Bəlkə də biraz ağır çıxdı, amma doğurdan da bilgisayarımdakı USB çıxışlarının yerinə ya skoç yapışdırmışdılar, ya da onları başqa alətlərlə tam qapatmışdılar. Üstəlik, təhlükəsizlik məqsədiylə şəxsi bilgisayarlarımız internetə də qoşulmamışdılar. Əvəzində isə, zalda internetə qoşulmuş iki başqa ümumi bilgisayar var idi. Mənim tələbimdən sonra daha iki bilgisayar gətirdilər. Həmçinin iki AZERTY düyməli klaviaturaların gətirilməsini də tələb etdim. Çünkü o biri iki bilgisayarın klaviaturaları QWERTY sistemilə işləyirdi. Şəxsi bilgisayarımın internetə qoşulmaması o anlama gəlirdi ki, internetdə axtarış etməm üçün gərək mən hər üç sözdən bir duraydım və masamdan beş metr aralıda yerləşən və internetə qoşulmuş ümumi bilgisayarın yanına gedəydim. Üstəlik, adam çox olduğundan, bəzən növbədə durub, boşalmasını gözləmək lazım olurdu. Sonra bilgisayarın qarşısına keçəndə və Google axtarış səhifəsini açdıqda, görürdün ki, Google İtaliya çıxır. Təzədən Google Fransanı yığmaq lazım olurdu. Misal üçün, on misralıq bir yazını yoxlamaq istəsən, gərək onu qələmlə blaknotuna köçürəydin. Belə ki, əlində Den Braunun mətni ilə bunkerin içində belə gəzişmək yasaq idi. Şəhərcikdə şəkil çəkmək və ya MP3 pleyeri ilə gəzmək də yasaqlanmışdı. Bir dəfə, Almanlar, bunkerin içində olmasa da şəhərciyin ərazisində şəkil çəkmişdilər, nəzarətçi həmən onlara yaxınlaşmışdı. Sözün qısası, Mondadoridə vəziyyət biraz gərgin idi və hamı əldən düşmüşdü.
 
Təbii ki, çevirmə prosesi intellektual bir proses olmaqla yanaşı, həm də fiziki bir əməkdir. Xüsusən də ilk qaralamanı tərtib etdikdə, gərək bilgisayarın qarşısında oturub, tappa-tarabla yazasan. Bəzən, indi, lap elə bu dəqiqə xəstələnəcəyimdən, ya da barmağımı sındıracağımdan qorxurdum. Yeni işə başladığım vaxt, əvvəl məddə-bağırsağımda problem yarandı, daha sonra, nahar fasiləsi vaxtı yeməkxanada barmağıma tilişkə batmışdı. Düşüb bir bir çevirmən həmkarlarımdan maqqaş axtarırdım. Sonda, Kataloniyalı gözəl bir xanım barmağımı çox incələklə doğram doğram edib, tilişkəni çıxartmışdı.
 
Mənim əsas prinsipim: altı həftə tab gətirmək istəyirsənsə, gərək özünü bütün xətalardan qoruyasan. Ona görə də işimi düzgün nizamlamalıydım.  Özümlə audio qulaqcıqlarımı gətirmişdim və bunkerdə internetə qoşulmadan Spotify ilə musiqi dinləyirdim. Səhərlər, mətni çevirərək, Keit Jarretə və Diana Krala qulaq asırdım. Portağaldan yeyib, koka-kola içirdim. Axşam saat altıdan sonra spirtli içkilərə icazə var idi. Mən də Qlenffidik viskisindən içirdim. Əslində başqa seçimimiz də yox idi, şəhərcikdə yalnız bu növ viski var idi. Yaxşı ki nəzarətçilər viskimizə buz salmağı da bizə çox görmürdülər.
 
Çevirmə marafonuna girişmədən öncə, həkimimlə məsləhətləşmişdim, o da mənə öz növbəsində, yorğunluğa və stresə qarşı sulbutiamin-arkalion və maqneziumdan ibarət bir kurs vitamin müalicəsi yazmışdı. Əsasən boynumdakı revmatizm və kürək ağrılarından ehtiyyat edirdim. Özümlə xüsusi olaraq BluTuz klaviaturası gətirmişdim, amma Mondadoridə bu heç də yaxşı qarşılanmadığından, ondan istifadə etməyə icazə vermədilər.
 
Xoşbəxtlikdən, mən 25 il işlətdiyim məsafədən idarə olunan elekrik klaviaturamı da özümlə gətirmişdim. Bu qədər səhifələrlə məhsuldar bir iş görmək istəyirsənsə, üzərindəki işarələri, oxları və s. axtarıb, vaxt itirməmək üçün gərək tanımadığın klaviaturadan bacardıqca çalışıb, uzaq durmalısan. Beləcə, yerimdə düz oturub, mənfi gözlüyümü taxıb, mobil bilgisayarımın ekranı qarşısında rahatca işləyirdim. Mobil bilgisayarımın klaviaturasının üstünə "amerikan" səhifələrini yığmışdım, mətni isə məsafədən idarə olunan elektrik klaviatura vasitəsiylə yığırdım. Bundan əlavə, alçaq olan masamın ayaqları altına kitablar düzməklə, onu boyuma uyğun biraz qaldırmışdım. Təəssüf ki, bəzi həmkarlarım mənim kimi uzaqgörən deyildilər. Bir neçə gərgin iş günündən sonra bel ağrıları artıq ilk qurbanlarını verməkdəydi. Xanım həmkarlarım bunkerdə bir-birilərini massaj etməklə məşqul idilər.
 
Bir neçə həftədən sonra, bəziləri o qədər yorulub əldən düşmüşdülər ki, heç yemək yeməyə belə iştahları yox idi, get-gedə öz-özlərinə qapanırdılar. Üçrəngli bayrağımızı taxdığım fransa masasında bizim prinsipimiz ondan ibarət idi ki, biz, fransızlar, işləməyi bacarırıq, amma "we know something about pleasure" (Biz hardasa əylənməyi də bacarırıq). Biz bura özümüzü həlak etməyə gəlməmişik ki. Heçkimə pisliyimiz dəyməyib, sadəcə yeraltı bunkerdə qapadılsaq da, nə hüquq-mühafizə orqanlarından, nə də Mondadori işçilərindən gizli işlərimiz yoxdur. Bizim fəlsəfəmiz yavaş yavaş öz bəhrəsini verməkdəydi. Əvvəlcə Almanlar mənim Qlenffidik içməyimə bərəlmiş gözləriylə baxsalar da, sonda onlar da italyan Qrappa arağını almağa məcbur qaldılar. İtalyanlar mənimlə viski içirdilər. Dəhlizin bir küncündə özümə iş masasından ibarət siqaret çəkmək üçün yer də ayırmışdım və burada sakitçə öz Malbromu tüstülədirdim. Bəzən bunkerdə gizlincə mürgüləməyə də macal tapırdım. Kresloda uzanıb, ayaqlarımı qaldırıb masanın üstünə qoyurdum. Bu mənim özümə məxsus məhsuldar iş üslubum idi. Möhkəm yorulanda isə, artıq başımızda heç bir düz-dürüst ideyalar qalmırdı və ağzımıza gələni yazırdıq.
 
Bunkerdə çox xoş bir abu-hava var idi. Hərdən bir zarafatlaşırdıq da. Bir dəfə, alman həmkarım mürgülədiyim yerdə məni qəfil oyatmışdı. O biri dəfə isə, dostum bunkerdə yuxuya getdiyində, mən kağızdan düzəltdiyim papağın üzərinə "Fransa səni izləyir" sözlərini yazıb, papağı onun ayaqlarına taxmışdım. Bir dəfə də, mənim İndiana Consun papağına oxşar papağımı gizlətmişdilər. Bütün bunlar bizim işləməyimizə, Den Braunun mətinindəki kiçik-uyğunsuzluqlarına düzəlişlər və yaxud   kişik-ixtisarlar, kiçik-əlavələr etməyimizə heç də mane olmurdu. Mən daha çox almanlarla dostlaşmışdım. Onlar nə baş verirdisə, hər yerdə konspirasiya görməyə meyilli idilər. Misal üçün, onlara elə gəlirdi ki, Mondadori işçiləri bizə mətnin tam bitmiş versiyasını qəsdən vermirdilər ki, guya bu yolla onlar romanın bayıra sıza bilməsinin qarşısını alırmışlar.
 
Bizim xüsusi qrup-arası şəbəkəmiz var idi və biz bütün işlərimizi orada yaddaşa vurub saxlayırdıq. Çünkü USB açarlarından istifadə etmək yasaq idi. Günün sonunda, bizim şəbəkəyə girişləri olan Mondadorinin informatik əməkdaşları bəzi həmkarlamıza : "Diqqətli olun, Bugün işinizi yaddaşda saxlamağı unutmusuz" deyib, beləcə iradlarını bildirirdilər.
 
Çevirmə tam başa çatdıqdan sonra informatik işçilər altı həftə ərzində  yığdığımız bütün mətni bilgisayarlarımızdan siləcəkdilər. Onlar bizə tərcümə etdiyimiz mətni şifrəsini bilmədiyimiz xüsusi kilidli USB haçarında verəcəkdilər və daha sonra çevirməmiz Fransanın Jan-Klod Latte nəşriyyat evinin maliyyə direktoru xanım Müryel Qandiyə göndəriləcəkdi. Konrakta uyğun olaraq, biz hətta USB-nin bizə verilməsini də görməyəcəkdik. Sadəcə etdiyimiz çevirmələri hər ölkə qrupuna ayırılmış üç bilgisayardan birində saxlayacaqdıq.
 
Baş verən bu prosesi güdüb nələrisə öyrənməyimiz axmaqlıq olardı. Heç bir çevirmənin marağında deyil ki, üstündə oturduğu budağı kəssin. Üstəlik, belə bir nəzarət sistemi heç də təhlükəsiz deyildi. Misal üçün, Mondadorinin informatik əməkdaşı, istəsəydi heç bir problem olmadan, Den Braunun bir neçə səhifəsini rahatça 20 000 avroya sata bilərdi.
 
Çevirən Fuad Qulubəyli
 
Kultura.Az
Yuxarı