post-title

O əjdahadan hər yerdə var...

(Mark Zaxarovun “Əjdahanı öldürmək” filmi haqda)

 

Fridrix Nitsşenin “Xeyir və şərin o biri üzündə” əsərində deyilir: “Bədheybətlə mübarizə aparan adam ehtiyatlı olmalıdır, mübarizə prosesində özü də bədheybətə çevrilə bilər”. Qədim Azərbaycan əfsanəsində isə şəhərin suyunu kəsən, hər dəfə yeddi gözəl qız qurbanı alıb bir qədər su buraxan əjdahadan bəhs edilir. Şəhərin igidləri əjdahanı öldürməyə gedirlər, heç biri qayıtmır. Bir gün ən qoçaq bir oğlan əjdahanı öldürməyə gedir, savaşır, öldürür, sonra əjdahanın mağarasına girir, görür burda çox gözəl qılınc var. Qılınca tamahı düşür, onu götürür, gedir bulaqdan su içməyə. Əyiləndə baxır ki, suya əjdahanın əksi düşüb. Sən demə ondan qabaqkı bütün igidlər də əjdahanı öldürürmüş, ancaq qılınca nəfs salıb özləri əjdahaya çevrilirmiş.

İstedadlı rus-sovet rejissoru Mark Zaxarovun “Əjdahanı öldürmək” filmi elə bu mövzudadır. Hər kəsin içində şər - əjdaha var, onunla çarpışmaq insan həyatının əsas mənasıdır.

Kinosevərlər Zaxarovu “Həmin o Münhauzen”, “Adi möcüzə”, “Sviftin tikdiyi ev” kimi kino şedevrlərinin müəllifi olaraq yaxşı tanıyırlar. “Əjdahanı öldürmək” Zaxarovun son filmidir, maraqlıdır ki, rejissor bundan sonra daha kino çəkməyib, həyatını ancaq teatra həsr edib. Sanki bu filmlə Zaxarov içindəki kino çəkmək arzusunu, bu xeyirxah əjdaha duyğusunu da öldürüb. (Təəccüblənməyin, əjdaha Qərbdə nə qədər mənfi obrazdırsa, Şərqdə bir o qədər müsbət obrazdır. El arasında bizdə kimisə tərifləyəndə “əjdaha adamdır” deyilməsini yada salın).

Film başqa bir istedadın – sarkazm, siyasi satira və fantasmaqoriya janrında gözəl pyeslər yazmış sovet dramaturqu Yevgeni Şvartsın “Əjdaha” pyesinin motivləri əsasında çəkilib. Amma filmin sonluğu pyesdən tamamilə fərqlənir. Bu haqda sonra.

1988-ci il. Qorbaçov yenidənqurmasının yaratdığı azadlıq SSRİ və Almaniya Federativ Respublikasının birgə istehsalı olan “Əjdahanı öldürmək” filminin çəkilişini də mümkün edir. Filmdə totalitar rejimlərə, insan azadlığının boğulmasına aşkar işarələr var, yenidənqurma dövrü olmasa filmin çəkilişi də mümkün olmazdı. Aleksandr Abdulov, Vyaçeslav Tixonov, Yevgeni Leonov, Oleq Yankovski kimi dahi aktyorların baş rolları oynadığı bir film təsəvvür edin... Həm də bu cür komanda oyunu üzündən “Əjdahanı öldürmək” filmi SSRİ-nin dağılması ərəfəsində çox populyar bir filmə çevrilmişdi.

Filmin süjetini qısa olaraq belə yazmaq mümkündür. Əfsanəvi cəngavər Lanselot bir şəhərə gəlir. Bu şəhər əjdahanın hökmranlığı altındadır. Ancaq adamlar qul kimi yaşamaqla, əjdahanın iyrənc hərəkətləri ilə barışıblar. Onlar deyirlər ki, əjdaha şəhərdə qayda yaradıb, nə olsun tirandır, zülmkardır. Lanselot əjdahanı öldürür, ancaq şəhərin başçısı – özünü dəliliyə vuran burqomistr (filmə baxanlar Leonovun bu obrazının bizim Bakı icra hakimiyyətinin rəhbərinə necə heyrətamiz bənzədiyini görərlər) qələbəni özününküləşdirir, Lanselot şəhərdən getməli olur. Bu arada əjdahanın ölümündən sonra anarxiya başlamasını da xüsusi qeyd eləməliyik, çünki bu, SSRİ dağılanda, kommunizm əjdahası yıxılanda ərazidə baş verən anarxiyanı dəhşətli, mistik şəkildə öncədən görmək kimi bir şeydir.

Şvars pyesi 1944-cü ildə yazıb, bu baxımdan əjdaha obrazı müəyyən qədər Hitleri xatırladır. Ancaq Şvars görünməmiş cəsarətlə buna Stalinin də ştrixlərini qatıb, məsələn, əjdaha qəlyan çəkir. Ümumiyyətlə, həm pyesdə, həm filmdəki əjdaha bütün zamanlarda olmuş və yazıqlar olsun ki, hələ də bəzi bədbəxt, qorxaq xalqları əsarətdə saxlayan diktatorların obrazıdır. Hər kəs istəsə bu əjdahada öz diktatorundan nəsə tapa bilər. Lap geniş mənada isə, əjdaha insanın daxilindəki naqis hisslərin, pis əməllərin, şərin obrazıdır. Elə film və pyesin əsas fərqi də sonda əjdahanın başına nə gəlməsindədir. Pyesdə əjdaha ölür, Lanselot və dostları şəhər əhalisinin hər birinin içindəki əjdahanı öldürmək üçün fəaliyyətə başlayır. Ancaq Zaxarov məsələni bu cür qoymur, onun rejissor dünyagörüşündə hər kəsin xilası öz əlindədir. Filmin sonunda Lanselot camaata deyir ki, əjdaha sizin başınızda, beyninizdədir, onu hər biriniz özünüz öldürməlisiniz. Şəhərdən çıxarkən o, qarlı düzənlikdə uşaqlarla oynayan, əjdaha fiqurlu çərpələng uçurdan Əjdaha ilə yenidən qarşılaşır. Zaxarov sanki əjdahanın əbədi olduğuna işarə vurur.

İnsanlar niyə canlı, gözəl azadlığı yox, eybəcər qul həyatını seçirlər? Niyə azadlığın məsuliyyətindən qorxurlar? Şərin mənbəyi nədir? Zaxarov filmdə bu əbədi suallara cavab axtarır. Necə ki, bu suallar tarix boyunca Servantes, Şekspir, Höte, Dostoyevski, Markes və onlarla başqa dahiləri düşündürüb.

Sual hələ ki, açıqdır. Əjdaha sağdır. Bizim məşhur bir filmimizdə - “Bəyin oğurlanması” filmində səslənən sual isə o qədər də yerinə düşmür: “O əjdahadan bizdə niyə yoxdur?”. Bizim əjdahamız var. Təəssüf ki, Lanselot və Zaxarovumuz yoxdur.


P.S. Sonda bir maraqlı detal: sanki Rusiya və Azərbaycan rejimləri bu filmdə özlərinin ifşasını görürlər, o üzdən yerli telekanallar “Əjdahanı öldürmək” filmini demək olar göstərmir.

Zamin Hacı

Yuxarı