post-title

Ölkədən qaçmaq çıxış yoludurmu?

Ölkədə vəziyyət qeyri-müəyyəndi: siyasi gərginlik, kasıblıq, yoxsulluq, avtobus, maşın qəzaları, əsgər ölümləri, intiharlar, kriminalizm.

 
Mentalitet məsələsinə də gələndə görürsən ki, bütün pafoslu böyük-kiçik, halal-haram, ana haqqı, bala laylası, ata nəsihəti kimi söhbətlərə baxmayaraq, ortada tamam başqa mənzərədir. Çox xırda mətləblər üstündə insanlar bir-birinə düşmən kəsiliblər. Qızlar evə 15 dəqiqə gec gəlir deyə, valideynlər onların zəhlələrini o qədər tökür ki, biçarələr yaşamaqdan yorulub özlərini hündürmərtəbəli binaların balkonlarından yerə atırlar. Oğlanlar ya çayxanalarda vaxt öldürür, ya da qul kimi işləmək də olsa, gedib hansısa ölkədə daş daşımağa razı olurlar, təki başları dinc olsun. Evlilik, yas mərasimi adət-ənənəsi adı altında insanlar müflisləşir, xəcalətli vəziyyətdə qalırlar. Sevgililər bir sürü mental bürokratiya əngəllərinə ilişir, məhəbbət adlı şey burunlarından gəlir, bir-birinin gözündən düşürlər. Qocaların cavanlardan zəhləsi gedir, hamı bir-birinin ayağının altını qazır və s. və s…
 
 Qısası, böyük pafoslu söhbətlər əslində xəcalət mənbəyidir. Heç nə düz getmir, hamı bir birini əzməklə, çeynəməklə: əlinə fürsət düşən daha da betər istismarla məşğuldur. Həyatı insan kimi yaşamaq, sevinmək, fərəhlənmək, bir birini başa düşmək, anlamaq, rahat yaşamağa çalışmaq müşkül məsələyə çevrilib. Ən böyük əzabı isə müəyyən qədər bu məsələləri özləri üçün aydınlaşdıranlar çəkir, bir ovuc adam bir-birinə qanlı bıçaq kəsilən insanların müharibə meydanının ortasında qalıb. Nə dala getmək mümkündü, nə də qabağa. Bəlkə qaçmaq? Baş götürüb hansısa uzaq ölkədə xoşbəxt həyat qurmaq?..
 
Milan Kunderanın "Bilinməzlik” romanı elə bu haqdadır, ölkədən baş götürüb qaçanların həyatları haqqında. Mühacirət - müasir dünyanın ən ağrılı problemlərindən biri, bu haqda ən tutarlı əsərləri yazan müəllif isə Kunderadır. Kundera əsərində mühacirət həyatını ən xırda detallarına qədər açır.
 
Nicat tapmaq üçün gəldiyin ölkədə qəbul olunmursan, sən insanlara yadsan. Onlar sənin zarafatlarına gülmürlər, sən onların zarafatlarını başa düşmürsən. Hər şey yaddı, küçələr, yollar, evlər. Tanış qoxular, səslər, sifətlər, gülüşlər, hənirtilər yoxdu. Hamı və hər şey səndən üz döndərib, təklənmisən, ola bilər orqanizmini qidalandırırsan, amma ruhu qidalandıracaq heç nə yoxdu. Depressiya yaranır, ağır, ümidsiz bir depressiya, ortalıqda qalmış, cəbhəsi olmayan insanların depressiyası.
 
Kundera gedəcəyin ölkəyə adaptasiya olmaq üçün ən çoxu 16 yaşda bura gəlməyin vacib olduğunu yazır, yoxsa sonra bu iş çox çətin, hətta mümkünsüz olur. Xüsusilə də əgər sən öz doğma şəhərində ilk dəfə sevmisənsə. İlk məhəbbət yaşadığın şəhəri, küçələrini, yollarını, evlərini əlinin içi kimi yaxşı tanıdığın yeri qoyub getmək insanda sağalmaz yaralar yaradır…
 
Romanın adı da maraqlıdır (ingiliscə "İgnorance”, rusca "Nevedenie”), bilməmək, anlamamaq, görməmək – naməlumluq. Öz ölkəni artıq geridə qoymusan, ondan üz döndərmisən, bura isə səni qəbul etmir. Bilinməzlikdəsən...
 
Əsərin qəhrəmanları İrena və Yozef uzun illər əvvəl Çexoslavakiyadan qaçaraq xaricdə mühacirət həyatı yaşamağa başlayıblar. İrena Fransada, Yozef Danimarkada ömür sürür. 20 illik sürünə-sürünə, zar-zor yaşadıqları ölkəyə təzəcə adaptasiya olunmağa başladıqları vaxt doğma ölkələrində inqilab baş verir, sərhədlər aradan qalxır. İrena qayıtmaq istəməsə də, Fransada yaxınları, dost-tanışları üstünə gəlirlər ki: "ölkənizdə inqilab baş verib, sən doğma yurduna qayıtmalısan”. Rəfiqələrindən biri onu Çexoslavakiyaya getməyə məcbur edir. Yozef də qayıtmaq istəmir, ancaq yaxınlara baş çəkmək, doğmalarının məzarlarını ziyarət etmək məsuliyyəti onu geri dönməyə məcbur edir. Ancaq qayıtdıqları doğma ölkədə də artıq yaddırlar, illər bir zamanlar yaşadıqları şəhərin görkəmini dəyişib, xatirələr silinib. Üstəlik indi onları burada da qəbul etmirlər ki, "Siz aradan çıxdız, gedib xarici ölkədə kral kimi yaşadız, bizsə burada qalıb əziyyət çəkdik”.
 
Bir sözlə, ortada qalmış, oradan-ora, buradan-bura qovulanların həyat hekayəsi haqqındadı bu roman…
 
Özü də mühacir həyatı yaşamağa məhkum olmuş Kundera bu əsərində zərgər dəqiqliyi ilə emmiqrasiya problemlərindən yazır və qaçışın heç də çıxış yolu olmadığını çatdırmağa çalışır. Ölkədən bir dəfəlik qaçmaq istəyənlər bu maraqlı romanı oxusalar yaxşı olar, ən azından gələcəkdə başlarına nələrin gələcəyini, onları hansı problemlərin gözlədiyindən duyuq düşə bilərlər.
 
Qaçmaqdan başqa bir çıxış yolu da var, bu, mənim özüm üçün gəldiyim qənaətdi. Yaşadığımız mühitdə problemlər o qədərdir ki, başını qaldırıb baxanda depressiyaya düşməmək olmur. Çətinliklər, əngəllər insanı tənbəlləşdirir, bədbin edir. Ən yaxşısı bu haqda düşünməyərək, öz həyatını qurmağa adaptasiya olmaqdır. Yalnız daimi fəaliyyət, əmək insanı bu vəziyyətdən xilas edə bilər. İnsanın həmişə bir məqsədi, arzusu var və bunu tam olmasa da reallaşdırmaq mümkündür. Çətinliklər çoxdu, amma bunu bəhanə edərək də yaşamaq insanı özünəqapalı, yalnız nəfəs alıb-verən orqanizmə çevirir. Əmək isə insanı həmişə xoşbəxtliyə aparır, ən azından bədbəxt etmir. 
 
Bəlkə də heç vaxt ən yaxşı universitetlərdə oxuya bilməyəcəyik, amma universitetlər də insana həyat dərsi keçmir. Yaxşı kitablar, xarici dil bilgisi, əmək, fəaliyyət ən yaxşı universitetləri əvəz edə bilər.
 
İndiki şəraitdə hər kəs yalnız özünü xilas edə bilər…
 
Cavid Ramazanov
Yuxarı