Riyakarların qaçqın sevgisi
Amma son zaman baş verən hadisələr məni xatırlamaq istəmədiyim uşaqlığıma qa…
Günlərdir dünya mediyasının manşet xəbərlər Türkiyə barədədir. Hətta Suriya məsələsi unudulub, hamı diqqətini Türkiyə və türk gəncliyinə yönəldib. İstəsək də, istəməsək də bu hadisə bizim medianın və sosial şəbəkələrin gündəminə çevrildi. İndi kimə baxsam, ən azı sosial şəbəkədə 3 paylaşımından biri Türkiyəylə bağlıdır...
Məlumatı olmayanlar üçün Türkiyədə baş verənlər barədə kiçik xatırlatma etmək istəyirəm. İstanbulun Taksim meydanında ağacların kəsilib yerində ticarət mərkəzi salınmasına bir qrup vətəndaş etiraz etdi. 3 gün meydanda yatdılar yaşıllığı qorumaq üçün. Üç gündən sonra dövlət dözmədi, insanların üzərinə hücum etdi və bununla da hadisələr başladı. Min adamlıq etirazçıya milyonlarla vətəndaş qoşuldu.
Türkiyədə baş verənlər türk vətəndaşlarının uğrudur. Artıq hökumət başa düşdü ki, bu ölkənin insanlarının hissiyatı ilə oynamaq olmaz. Bu gündə türk hökuməti xalqdan üzür istədi. Taksimdəki ağacların kəsilməyəcəyi haqda məhkəmə qərar qəbul edib. Amma vətəndaşlar bununla kifayətlənmir, meydanda sona kimi mübarizə aparmaqda israrlıdırlar. Bu da başa düşüləndir, illərdir təhqir olunan, qorxu altında yaşayan insanları bir üzürlə sakitləşdirmək olmaz...
Nəysə, mənim dərdim Türkiyə deyil. Türkiyədə baş verən vətəndaş oyanışına sevinsəm belə, amma onun bizim ölkəyə nəisə bir təsirinin olacağına inanmıram. Ən yaxşı halda, Türkiyədə hakimiyyət dəyişsə, diktator meyilli insanın brinin hakimiyyətdən getməsinə sevinmək olar.
Mənim dərdim, öz ölkəmdir, yaşadığım məmləkətdir. Bəyəm, bizdə olan problemlər Türkiyədən azdır? Əksinə qat-qat ondan çoxdur. Amam biz bunun fərqində belə deyilik. Fərqində olan insanlar isə, barmaqla sayıla biləcək qədərdir...
Bakı kimi yaşıl şəhəri bu hakimiyyət və onun yarıtmaz məmurları məhv etdi. Şəhərin yaşıl parkları mərmərə, daşa, betona çevrildi. Bəs biz nə etdik bu yaşıllıqlar qırılanda? Heç nə ən uzağı ANS-in "İç Xəbər"nə şikayət etdik, o da kefinə düşəndə gəldi çəkdi, düşməyəndə isə işində oldu.
İndi deyə bilərsiniz ki, Türkiyədə baş verənlər, ağaclara görə deyil, o, sadəcə odun yanması üçün istifadə olunan köz oldu. Bəlli, düzdür söhbət ağaca görə olmadı, ola da bilməz. Bu sadəcə insanların bir bəhanəsi idi. Bəs biz niyə o bəhanələrdən istifadə etmədik, niyə etmirik? Başqa vaxtı "Bir millət, iki dövlət" deyib duran biz deyilikmi?
Bu ölkədə bir gecədə yüzlərlə vətəndaşın evi şəhərin mərkəzində buldozerin qabağına verilib. Bu ölkədə əsgər ölümünə yox deyən gənclər terrorist adıyla həbs edilib. Bu ölkədə təhsil hüququnu istəyən gənc universitetdən qovulub. Bu ölkədə açıq yazı yazan jurnalist döyülüb, öldürülüb. Bu ölkədə, fərqli fikir söylən şəxslər mühacir həyatı yaşamağa məcbur olublar. Bu ölkədə haqsızlıqla mübarizə aparan insanlar "kars"a salınıb. Bu ölkədə komandir pulu vaxtında çatmadığı üçün öz əsgərini öldürüb. Bu ölkədə neft pulları şəxsi pullar kimi xərclənib. Bu ölkədə rüşvətxorluq həyat tərzinə çevrilib və sairə...
Bəyəm bu saydıqlarım bəhanə deyilmi? Bəhanədir, hətta başqa ölkələrdə ələ düşməyən bəhanədir. Amma biz bunlardan istifadə etmədik, edə bilmədik. Ən ali dəyərlərimizi bir tikə çörəyə qurban verdik.
Amma türklər bunu etmədi. Ən yüksək vəzifədə işləyənindən tutmuş, bazarda araba sürən, küçələrdə simit satan insanına qədər meydana tökülüşdülər. Haqlarını, hüquqlarını bir günlük yeməyə qurban vermədilər, yəqin heç verməyəcəklər də...
Görünən isə bu oldu ki, 20 ildir bizim beynimizə yeridilən "Bir millət, iki dövlət" fəlsəfəsi heçiymiş. Biz türklər kimi ola bilmirik, hələ ki, ola bilmirik...
Elkin Xəlilov
Kultura.az