Rüstəm Ayaks: İvan İliçin həyatı
Tolstoy əcaib kişidi. Ədəbiyyatla bağlı səhifələrdə tez-tez paylaşılan bir foto…
(Bertran Rasselin 1950-ci ildə Ədəbiyyat üzrə Nobel ödülü almış kitabından parçalar.)
V Başlıq. Xristian etikası
Vestermarkın1 belə bir sözü vardır: “Ailə evliliyin yox, evlilik ailənin nəticəsidir”. Xristianlıqdan qabaqkı çağlarda yaşayan insanlar üçün belə bir deyim olduqca anlamsız görünərdi, ancaq xristianlığın ortaya çıxması ilə bu deyimin arxalandığı məntiqə çox böyük önəm verməyə başlamışdılar. İş burasındadır, xristianlığın yaranması, evliliklə bağlı büsbütün ayrı bir yanaşmanı da ortaya çıxarmışdı: xristianlığın yarandığı ilk çağlarda, evliliyin heç də doğub törəmək üçün deyil, zinanın qarşısını almaq üçün gərək olduğunu düşünürdülər(Bu mühakimələr, Müqəddəs Pavelin sözlərində daha qabarıq gözə çarpmaqdadır).
Müqəddəs Pavelin evlənməklə bağlı olan baxışları, özləri üçün xristian icması qurmuş korinflilərə yazdığı, “Korinflilərə birinci ismarış” adlı məktubunda bütün aydınlığı ilə açıqlanmışdır. Bu icmada, özlərinin ögey anaları ilə cinsi ilişkilərə girmək adəti ortaya çıxdığından, apostol Pavel onları bu işdən çəkindirməyi özünə borc bilərək, belə bir məktub göndərmişdi. Burada o, öz baxışlarını belə açıqlayır:
Mənə göndərdiyiniz soruya cavab olaraq bunu deyə bilərəm: insan üçün ən yaxşısı qadınla yaxınlıq eləməməkdir. Ancaq zinadan qaçmaq üçün, hər bir kişinin öz qadını, hər bir qadının da öz əri olmağı gərəkir. Ər öz qadını ilə yaxşı keçinməli, qadın da ərinə sayğı ilə yanaşmalıdır. Qadın öz bədəninin ağası deyil, onun bədəninin ağası əridir; elə bunun kimi də, kişi öz bədəninin ağası deyil, onun bədəninin ağası xanımıdır. Ər-arvadlıqda olduqca, biri-birinizdən ayrı yaşamayın, ancaq orucluq günlərində, bir də uzun çəkən ibadət zamanı ayrıla bilərsiniz, bunlar bitincə, iblisin sizləri yolunuzdan azdıra bilməməsi üçün, yenə də biri-birinizin yanında olun. Mənim bu dediklərim buyuruq deyildir, məsləhətdir. Mənə qalsa, bütün insanların cinsi ilişkilərdən uzaq olmasını istəyərəm; ancaq Tanrı hərəyə bir cür özəllik verdiyindən, insanların hərəsi bir cür qılıqda olur. Evli olmayan, ya da dul qalan, qadınlarla kişilərin, məndən örnək götürüb, cinsi yaxınlıqdan çəkinməsini istərdim. Yox birdən, onlar özlərini saxlaya bilmirlərsə, onda qoy evlənsinlər; yanıqlı qalmaqdansa evlənmək daha yaxşıdır.
Göründüyü kimi, Müqəddəs Pavel burada doğub törəməkdən söz salmır: evliliyin bioloji tərəflərinə önəm vermir. Ancaq onun bu baxışlarına təbii yanaşmaq gərəkdir, axı ilkin xristianların düşüncəsinə görə, tezliklə İsa Məsihin ikinci qayıdışı baş verəcək, dünyanın sonu gəlib çatacaqdı: bu zaman isə, qoyunlarla keçilər timsalında ayrılan insanlar üçün ən başlıcası, günahsız sayılacaq qoyunların sırasında ola bilmək idi. Korinflilərə yazdığı bu ismarışında, Müqəddəs Pavel evlilikdə olararkən baş verən cinsi ilişkilərin də, insan ruhunun qiyamət günündəki qurtuluşuna əngəllər yaradacağını deyirdi. Ancaq yenə, necə olsa da, evli olanların ruhlarını qurtara bilməsi üçün hansısa yollar vardır; zinaya uymaq isə, ölümcül, bağışlanmaz bir suç olduğundan, ona bulaşanların yeri, günahı bağışlanmayacaq keçilərin arasında olacaqdır. Ötən çağlarda bir həkimdən, tütün çəkməyi necə atmaq olar deyə soruşanda, o mənə hər dəfə tütün çəkmək istəyəndə turş iris sormağı məsələhət görmüşdü. Müqəddəs Pavelin zinadan çəkinmək üçün verdiyi məsləhət də elə o həkimin sözünə oxşayır.
Nədənsə Müqəddəs Pavel, evlənmənin də zina kimi insanlara həzz verə biləcəyini anlamaq istəmir; o, ancaq özünün istəmcə gücsüz olan xristian qardaşlarının heş olmasa evlənməklə də olsa, günaha batmaqdan qorunmalarını istəyir. Evliliyin özlüyündə çox yaxşı bir nəsnə olması onun ağlına batmır, insan üçün, evləndiyi qadının çox gözəl bir ürək dostu ola biləcəyi də onun üçün önəmli deyildir,–bu konu ilə bağlı, onun beynində zinadan başqa bir düşüncəyə yer yoxdur, elə onun bütün əxlaqi mühakimələri də cinslər arasında baş verə biləcək bu suçun qarşısını almaq üstündə qurulmuşdur. Məncə, onun bu mühakimələri belə bir mühakiməyə çox oxşayır: adamların pirojna oğurlamasının qarşısını almaq üçün onlara vaxtı-vaxtında çörək vermək gərəkdir.
Apostol Pavelin bizə ürəyi yanmadığı üçün, özünü sındırıb, zinanı niyə suç saydığını da açıqlamır. Bizə o qalır, bu tapmacanı öz bildiyimiz kimi yozmağa çalışaq, örnək üçün belə düşünmək olar: o, artıq Musanın qoyduğu qanunları pozaraq, daha donuz əti yeyə bildiyindən, indi özünün də mömin yəhudilər kimi çox yüksək əxlaqi dəyərlərə bağlı olduğunu gözə çarpdırmaqla, xristian qanunlarının da elə yəhudi qanunları qədər ciddi olduğunu anlatmaq istəmişdir. Belə çıxır, yüzilliklər boyu, yəhudilər üçün donuz əti yeməyə qoyulmuş yasaq onlarda bu əti yeməyə güclü bir istək yaratmış, bu istək isə onlara, elə zinayla bağlı istək qədər dadlı görünmüş, bu isə apostol Pavelin asketizmlə bağlı hökmlər verməsinə gətirib çıxarmışdır.
Evlənməkdən qıraqda olan bütün cinsi ilişkiləri qarğayıb, ən ağır suç saymaq xristianlığın ortaya atdığı yeni bir qadağa idi. Bibliyanın yəhudilərlə bağlı, Əski Andlaşma(Əhdi-Ətiq) bölümündə, elə bütün başqa əski çağ sivilizasiyalarının qanun kitablarında olduğu kimi, evlilikdən qıraqda olan cinsi ilişkilər yasaqlanır, ancaq burada ərli qadınlarla olan cinsi yaxınlıqdan söz gedir. Əski Andlaşmanı diqqətlə oxuyan hər bir kəs bunu özü üçün ayırd eləyə bilər. Örnək üçün, Avraam öz xanımı Sara ilə Misirə gedəndə, qorxusundan onu öz bacısı kimi tanıdır, buna inanan firon Saranı öz hərəmxanasına götürür; ancaq işin nə yerdə olduğunu biləndə Avraama, onu aldatdığı üçün bərk acıqlanır,–axı firon Saranın ərli qadın olduğunu bunu bilmədiyi üçün suç işlətməli olmuşdu. Əski çağların toplumlarında qanun belə idi. Bu qanuna görə, ərli olmayan qadının kişilərlə cinsi yaxınlığı suç sayılır, kişilər isə belə cinsi yaxınlığa görə suçlu saymırdı, ancaq birdən kişilər ərli qadınlarla yaxınlıq eləsələr bu artıq bağışlanmaz suç sayılırdı,–bunun da niyəsi bəllidir, axı bu, başqasının mülkiyyət hüququna toxunulan addım atılması demək idi.
Xristian etikası baxımından evlilikdən qıraqda olan bütün cinsi ilişkilər əxlaqsızlıq sayılır, apostol Pavelin dediklərinə baxanda belə çıxır, istər evlilikdə, istərsə də evlilikdən qıraqda olan cinsi ilişkilər ancaq təəsüf doğurmalıdır. Ancaq belə bir baxış, sözsüz, canlıların varlığını düzənləyən bioloji qanunlara qarşı çıxmaqdır, elə ona görə də, bütün sağlam düşüncəli insanlar belə bir baxışı qorxunc bir yanlışlıq sayırlar. Bu prinsipin xristian etikasının başlıca ehkamına çevrilməsi, yüzilliklər boyunca xristianlığın insanların yaşamını yönətmək üçün başlıca gücünə çevrilmiş, o bu gücü ilə insanları psixi sarsıntılara, sağlam olmayan yaşama sürükləyə bilmişdir.
Xristianlığın ilk çağlarında apostol Pavelin baxışları, onunla çağdaş olan insanların ağlına elə batmışdı, onlar evlənməməyi müqəddəsliyin ən önəmli özəlliklərindən bir saymağa başlamışdılar, bu adamlar çoxlu monax birlikləri yaradaraq kimsəsiz səhralara gedir, orada onların düşüncəsinə soxulub şəhvət duyğuları yaradan İblislə döyüşürdülər.
Elə bu çağlarda da kilsə ruhaniləri arasında vannaya girməkdən çəkinmək öyrəncəsi də yaranmağa başladı, onların düşüncəsinə görə, vannaya girəndən sonra insan bədənində cinsi ilişkiyə, deməli elə suç işləməyə həvəs oyanır. Xristianlar arasında çox pinti, kirli bir görkəmdə olmaq bəyənilməyə başladı, beləliklə də müqəddəsliyin bu ürəkbulandırıcı qoxusu hər yerə yayılmağa başladı. Bununla bağlı olaraq, apostol Pavel yazırdı: “Bədənin, geyimin təmiz olması, ruhun təmiz olmamasından soraq verir”. Bax elə o çağlardan başlayaraq, xristianlar arasında bitləri Tanrının inciləri adlandırmağa, bit-sirkə basmış adamları isə düşünüb-daşınmadan müqəddəs saymağa başlamışdılar. Gəlin bu konu ilə bağlı bir sıra tarixi örnəklərə baxaq.
Zahid Müqəddəs Avraam, zahidliyə başlamasından keçən əlli ildə nə əl-üzünü, nə də ayaqlarını yuyurdu. Onun ömür yolunu yazıya alan kimsələrin deməsinə görə, buna görə də o, olduqca gözəl bir insan idi, “onun üzü ruhunun güzgüsü idi”. Müqəddəs Ammon heç vaxt əynini soyunmazdı. Xristianlıqda öz bakirəliyini qoruyub saxlaması ilə ad çıxarmış Silviya, altmış yaşına çatanda, keçirdiyi bu sağlam olmayan yaşama görə xəstələnəndə belə yuyunmaqdan boyun qaçırmış, ancaq barmaqlarını suda yaxalamaqla yetinmişdi. Müqəddəs Evpraksiya yüz otuz monax qadınların olduğu monastra getmişdi, burada monax qadınlar vannaya girməz, ayaqlarını yumaqdan çəkinərdilər. Səhrada yaşayan bir zahid səhra ilə ona sarı gələn kirdən-pasdan qap-qara qaralmış, saçları ilə bədənini örtmüş çılpaq bir qadını görəndə, elə bilmişdi İblis onu sınağa çəkmək istəyir. Ancaq sən demə bu qırx il boyunca öz suçlarından arınmaq üçün səhrada yaşayan, öz çağının ən gözəl qadınlarından biri olmuş Müqəddəs Misirli Mariya imiş.
Düzdür, monaxların özlərinin təmizliyinin qayğısına qalmaq istəmələri də olmuşdu, ancaq bu istəyə qapılanlar qınaqla üzləşməli olmuşdular. Bir monastrın baş rahibi olan Aleksandr ata yazırdı: “Bizim atalarımız heç əl-üzlərini də yumazdılar, biz isə vannaya girib yuyunmaqla əylənirik”. Deyilənə görə, səhradakı bir monastrda içməli su korluğu şəkirmişlər; buranın çox mömin olan baş rahibi Feodosiya atanın duaları ilə, yerdən bir bulaq qaynayıb çıxır. Cuyun belə bol olduğunu görən monaxlar baş rahibdən onlar üçün hamam tikdirməsini istəyirlər. Ancaq monaxlar yeni tikilən hamamda bircə dəfə çimən kimi, bulaq quruyur. Nə qədər dua eləyir, dilək diləyir, oruc tutur, göz yaşı tökürlərsə də heç nə çıxmır. Üstündən bir il keçir. Günlərin birində baş rahib bulağın qurumasının niyəsinin hamam olduğunu anlayıb onu sökür, hamamı uçuran kimi bulaq yenidən qaynamağa başlayır2
Göründüyü kimi, hamılıqla qəbul olunmuş belə baxışlara görə də, cinslərarası ilişkilər getdikcə daha kobud, amansız bir biçim almağa başlamışdır. Bu mənə Amerika Birləşik Dövlətlərində, spirtli içkilərə yasaq qoyulduğu dönəmi andırır. O çağlarda da, insanlar arasında sevib-sevilmək halları unudulmağa başlamış, evlilikdə yaxşı davranışların yerini qabalıq tutmağa başlamışdı. Gəlin, bayaq baxdığımız örnəyin ardına göz gəzdirək.
Xristian rahiblərinin göstərdiyi bu örnəklər insanlar arasında namuslu olmaq ideyasının yerini bərkitməsinə yardımçı oldu. Ancaq bununla yanaşı olaraq, bu örnəklər insanların evliliyə yanaşmasında yanlış baxışların yaranmasına da gətirib çıxardı. Kilsə atalarının sayıbilinməz yazıları içində, evliliyin yaxşılığına deyilən bir neçə yazı parçası tapmaq olar, ancaq onlar evliliyə qarşı ən acı, ən qaba, iyrənc sözlər deməkdən heç vaxt çəkinməmişlər. Təbiətin özü tərəfindən yaradılmış, canlılar arasında ölümün gətirdiyi əskilməni aradan qaldırmaq işinə yarayan bu proses, Linneyin də göstərdiyi kimi, bütün canlılar arasında, desən elə çiçəklər də vardır, ancaq ruhanilər üçün bu cinsi yaxınlıq, Adəmin cənnətdən qovulmasından sonra işləməyə başladığı bir suç kimi dəyərləndirilməklə, insanlar üçün əskiklik sayılmaqdadır. Onlar üçün, evliliyə aparan incə sevgi duyğusu da, evliliyin yaratdığı müqəddəs ailə ocağı da önəmsiz dəyərlərdir. Onlar evlilikdə hansısa insani əskikliyin olduğunu göstərmək üçün, özlərinin cinsi yaxınlıqlardan çəkinmələrini insanlara bir örnək olaraq aşılamağa çalışırdılar. Sözsüz, onlar evliliklə bağlı olan doğub-törəmənin insanı yox olmaqdan qoruduğunu yaxşı bilirdilər, buna görə də, evliliyi doğruldurdular, ancaq bütün bu durumlarda da evliliyi insanın ruhca sarsılmaları sırasına yazır, müqəddəsliyə çatmaq istəyən insanların tək yolunun evlilikdən qaçmaq olduğunu deyirdilər. Bunu, Müqəddəas İronim obrazlı olaraq belə demişdi: “Müqəddəs olmaq üçün gərək ailənin bakirəliyini balta ilə kəsib atasan”; onun deməsinə görə, ailənin ancaq bir dəyəri var, onunla istər kişilər, istərsə də qadınlar arasında, kimlərin özünü evlilikdən qoruyub, bakirə saxlaya bilməsi üstünlüyünə çata bilməsi bəlli olur.
Burada ən ilginc olanı isə, cinsi istəklərdən ayrılmağı çox böyük bir insani üztünlük sayaraq, evlilikdən əl çəkilməsidir. Biz belə davranışların ailə xoşbəxtliyini korlaya biləcəyindən artıq yazmışdıq; beləliklə də, insanların müqəddəs olmağa çalışması, ailə üçün ən böyük qorxuya çevrilirdi. Belə bir çılğın dini istək, istər ərdə, istərsə də onun qadınında baş qaldırırdısa, onda xoşbəxt evliliyin qara günləri başlayırdı. Ər, yaxud arvad cinsi yaxınlıqdan əl çəkirdisə, evlilik formal olaraq saxlansa da, ancaq onlar arasında biri-birinə yadlaşma başlayırdı.
Kilsənin adlı-sanlı ruhanilərinin yazdığı kitabları oxuyanlar, xristian dininin müqəddəslərinin yaşamı ilə bağlı bilgiləri olanlar, belə örnəklərin sayagəlməz olduğunu bilirlər. Onlardan bir neçəsinə baxaq. Müqəddəs Nil öz xanımı ilə xoşbəxtlik içində yaşayırdı, onların iki uşaqları da var idi; birdən necə oldusa o çox bərk asketizmə qapıldı, bundan sonra isə o, xanımını–onun göz yaşlarına baxmayaraq–dilə tutub biri-birindən ayrı yaşamalarına razı sala bimişdi. Müqəddəs Ammon öz adaxlısı ilə toy gecəsi ilk görüşündəcə ona evliliyin iyrəncliyindən elə odlu-alovlu danışa bilmişdi, gənc xanım onların ayrılıqda yaşamalarına razılıq vermişdi. Müqəddəs Melaniya, çox uzun bir sürədə, ara vermədən, ərini onunla cinsi yaxınlıq eləməkdən çəkindirməyə çalışmışdı, sonunda əri onunla razılaşmışdı. Müqəddəs Avraam toy gecəsi gəlinə yaxınlaşmadan baş götürüb qaçmışdı. Deyilənə görə, Müqəddəs Aleksiy də toy gecəsi gəlini qoyub qaçmışdı; üstündən uzun illər keçəndən sonra o, Yerusəlimə, atasının evinə qayıdıb, atıb getdiyi xanımının indiyə kimi göz yaşları içində onu gözlədiyini görür. Onu tanımadıqlarından, atası evində yaşamağa icazə alıb, ölənə kimi doğmalarına tanışlıq vermədən burada yaşayır2.
Apostol Pavelin, Fivalı rahiblərin önəm vermədikləri, evliliyin bioloji tərəfi, katolik kilsəsinin baxışlarından yayınmamışdı. Apostol Pavelin evliliyə, şəhvətsevərlikdən az-çox qaça bilmək üçün bir arac kimi baxdığı aydındır. Ancaq evliliyə bu sayağı yanaşmasından, onun heç də doğumun tənzimlənməsinə qarşı olduğu çıxmır; yeri gəlsə, onun qadınlarda bir-birinin ardınca gələn boyluluğa qarşı çıxdığını da düşünmək olar. Ancaq katolik kilsəsi belə düşünmür.
Katolik kilsəsinin baxışlarına görə evlilik iki məqsəd güdür: 1) Apostol Pavelin dediyi kimi özünü zinadan çəkindirməkdir, 2) Evlilik uşaq doğub törətmək üçündür. Buradakı ikinci məqsəd, əks cinslər arasındakı əxlaqi normaları apostol Pavelin çağlarında olduğundan da çətin bir duruma salır. Belə bir məqsədin qarşıya qoyulmasından, cinsi ilişkilərin ancaq evlilikdə qanuni olması çıxmır, buradan həm də, bu ilişkilərdə qadının boylu olmaması da suç sayılır. Katolik kilsəsinin baxışlarına görə, cinsi ilişkilər ancaq doğub-törəməyə qulluq eləyəndə doğru sayıla bilər.
Bununla da, ərlə arvad arasında qabalıq yaradan davranışlar ortaya çıxmağa başlayır: qadın cinsi ilişkiyə girmək istəmirsə, uşaq doğmaq onun sağlamlığı üçün qorxuludursa, uşaq psixi pozğunluqla, yaxud xəstə doğula bilərsə, ailə yoxsulluq içində olduğundan uşaqları dolandıra bilmirsə, bütün bunlara baxmayaraq, kişi öz xanımından onunla cinsi yaxınlıq eləməyi tələb eləyə bilər, çünki o, xristian əxlaqına görə düzgün sayılan bir iş görmək, dünyaya yeni uşaq gətirmək istəyir.
Katolik kilsəsinin təlimi bu soruda iki müdəəaya əsaslanır: birincisi, dediyimiz kimi, apostol Pavelin irəli sürdüyü asketizmlə bağlıdır; ikincisi isə, nə qədər çox uşaq doğularsa, bir o qədər xilas olunası ruhların olacağı düşüncəsi ilə bağlıdır. Ancaq burada nədənsə, yeni yaranacaq ruhların qarğana biləcək ruhlar da ola biləcəyi unudulur. Buradakı ilginc durumlardan biri də, katoliklərin öz siyasi üstünlüklərindən yararlanaraq, protestantların hamiləliyin qarşısını almaq üçün əl atdıqları vasitələrin qarşısını almağa çalışmasıdır. Durumun anlaşılmazlığı göz qabağındadır: bir yandan, protestantlar kafir sayılır, ancaq onların gələcəkdə elə özləri kimi kafir olacaq uşaqlarının doğulmasının qarşısının alınması əngəllənir. Bütün bunların hansısa yaxşı bir niyyətlə edildiyi inandırıcı deyil, görünür, bizim kimi kilsədən uzaqda olan insanlar üçün burada anlaya bilmədiyimiz hansısa gizlinlər vardır.
Bütün bunlara baxmayaraq, evlilik yalnız doğub törəmək üçündür müddəası, katolik kilsəsinin təlimində başlıca yer tutmur. Kilsə, doğub törəməyə qulluq eləməyən cinsi yaxınlığın suç olmasını deməkdən o yana keçə bilmir, bununla yanaşı, evlilikdən uşaq doğulmayan durumda boşanmağı da yasaqlayır. Evli olanlardan birinin sağlamlığı yerində olmadığına görə uşaq doğula bilmirsə, ancaq sağlam olan o birisi öz uşağının olmasını ürəkdən istəyirsə, kilsə burada onlara heç nə ilə kömək eləyə bilmir. Buradan belə çıxır, evlilikdə uşaq doğulması kilsə üçün heç də başlıca soru deyilmiş, kilsə üçün evliliikdə ən önəmli olan, elə Müqəddəs Pavelin dediyi zinadan qaçmaq imiş. Kilsə başçılarının önəm verdiyi, necə olursa olsun, cinsi yaxınlıqdan qaçmaqla bağlı olan asketizmi qorumaqdır, onları üçün evlilik, heç olmasa zinadan qaçmağın çox da əlverişli olmayan yollarından biri olduğuna görə dəyərli sayılır.
Evliliyi insani əskiklik saydığını ört-basdır eləmək üçün katolik kilsəsi evliliyi müqəddəs saydığını bildirir. Bu müddəanın doğruluğu boşanmanın yasaq olunmasından da görünməkdədir. Evli olanlardan hansısa birinin, evlilikdə necə davranmasından, psixi baxımdan sağlam olmamasından, sifilisə yoluxmasından, içki düşkünü olmasından, başqa birisi ilə sevgi yaşamasından asılı olmayaraq, onlar boşana bilməzlər, çünki evlilik müqəddəsdir. Düzdür, hansısa durumlarda evli olanların ayrıca yaşamalarına yol verilir, ancaq boşanma da, yenidən evlənmə də, bütünlüklə yasaqdır. Bu yasaq çoxlu bədbəxtçiliklər törətsə də, inaclı kimsələrə, Tanrının istəmi belə olduğu üçün bütün bunlara üzüyolalıqla dözmək aşılanır.
Katolik kilsəsinin suç işləməklə bağlı mövqeyi necə kəskin olsa da, ancaq burada dözümlülük üçün də yollar qoyulmuşdur. Kilsə böyükləri, adi insanların öz təbiətlərinə görə heç vaxt kilsə təlimlərinə bütünlüklə uyğun yaşaya bilməyəcəklərini çox yaxşı bilirdilər, ona görə də, ruhanilər həmişə onların suçlarını bağışlatmağa hazır olur, bu insanlardan isə suç işlətdiklərini etiraf etməkdən başqa, həm də tövbə eləməyi də tələb eləyirdilər. Belə praktik yanaşma isə kilsənin hakimiyyətini gücləndirirdi, axı kilsənin zina da daxil olmaqla bütün suçları bağışlaya bilməsi, elədikləri suçlara görə sonsuzlara kimi çəkəcəkləri cəzadan qurtulmaq istəyən insanları kilsəyə bərk-bərk bağlayırdı.
Bu sorularla bağlı protestantların baxışları nəzəri baxımdan bir az yumşaq görünsə də, ancaq özlüyündə daha da amansızdır. Lüter: “Yanıqlı qalmaqdansa evlənmək yaxşıdır” sözünü çox bəyənmişdi deyə, günlərin birində bir rahibəyə vurulmuşdu. O, ömrü boyu evlənməyəcəyinə and içsə də, bu rahibə ilə evlənməyi kəsdirmişdi, beləliklə də, onunla evlənməzsə, zina eləyib, daha ağır suç işlədəcəyindən çəkinmişdi.
Buna görə də, protestant ruhaniləri, katoliklərdən fərqli olaraq, evlənməmək əhdindən əl çəkdilər, sonra çox böyük enerji ilə başladıqları bu işin ardı kimi, bir az da uzağa gedərək, bəlli durumlarda boşanmaya da yol qoydular. Ancaq bununla yanaşı olaraq, zina eləmək protestantlarda katoliklərə baxanda qat-qat artıq böyük suç, bağışlanmaz əxlaqi yaramazlıq sayılmağa başladı. Katoliklər belə suçların bağışlanması üçün yollar qoyub, tövbəni mümkün sayırdılarsa, prtotestantlar belə suçların heç vaxt etiraf olunmaqla, tövbə yolu ilə bağışlana bilməyəcəyini ortaya atıb, bu suç yiyələrini büsbütün ümidsiz bir duruma salmış oldular. Bu durumun ən gözəçarpan örnəklərini bugünkü Amerikada görmək olar, burada boşanmaq çox asan başa gəlsə də, ancaq zina eləyənlər, katolik ölkələrindən fərqli olaraq, çox amansızlıqla gözdən salınıb aşağılanırlar.
Xristian etik sisteminin, istər katolisizm, istərsə də protestantizm üzrə, yenidən gözdən keçirilib dəyişdrilməsinə gərək duyulduğu aydındır, özü də burada bacardıqca qərəzli ideyalardan qaçmağa çalışılmalıdır, yoxsa xristian təliminin yaşamımıza istər-istəməz göstərdiyi təsirlər bizim hamımıza öz mənfi təsirini göstərəcəkdir. Uşaqlıqdan dönə-dönə təkrarlanan, duyğuların gücü ilə aşılanan hökmlər, insanların çoxunun beynində özünə çox dərin yer eləməklə, alt şüura işləyib orada saxlanır. Baxmayaraq, bir çoxları özlərinin dini inancdan azad olduğunu düşünürlər, özlüyündə isə onların davranışlarını alt şüurlarında qalan kilsə təliminin hökmləri yönləndirir.
Gəlin açıq ürəklə özümüzdən soruşaq, kilsənin zinanı lənətləməsinin əsil səbəbi nədir? Bizim düşüncəmizə görə, onun bu addımı düzgün sayıla bilərmi? Birdən biz bunu düzgün saymırıqsa, onda bizim doğru sandığımız başqa bir yol da varmı?
Xristianlığın lap ilkin çağlarından başlayaraq, kilsələr cinsi ilişkilərdə nə isə bir insani əskiklik görməyə başlamışdılar, ancaq onu adlamağın yolunu da tapmış, bunun üçün, cinsi ilişkilərə girə bilmək üçün, ortaya bəlli tələblər qoymuşdular. Cinsi ilişkilərə bu sayağı yanaşma, sözsüz olaraq yanlış sayılmalıdır, kitabımızın bundan öncəki başlığında da göstərdiyimiz kimi, seksə belə pis yanaşılması, bu ideyaları irəli sürən insanların özlərinin bədənləri ilə ruhlarındakı çatışmazlıqlar, xəstəliklər ilə bağlı olmuşdur.
Hansısa bir düşüncənin insanlar arasında geniş yayılması heç də həmişə onun düzgünlüyünün göstəricisi sayıla bilməz, biz hamılıqla düzgün sayılan neçə-neçə belə gülünc rəylərlə üzləşirik, bunların hamısı kütlənin anlamazlığından törəyən anlamsız düşüncələrdir. Örnək üçün, Pel adasında geriçilik içində yaşayan yerli adamların düşüncəsinə görə, onlar burunlarında üzük gəzdirsələr bununla sonsuzlara kimi ağgünlük qazanırlar. Ancaq avropalıların inamına görə, sonsuzlara kimi ağgünlü olmaq üçün insanın başının suda isladaraq, hansısa anlaşılmaz sözləri ucadan demək yetərlidir.(Burada xaç suyuna salınma ayini anılır. A.G.) Siz bir işə baxın, uzaq bir adada yaşayan geridəqalmış yerlilərin inamı mövhumat sayılır, avropalıların ondan geridə qalmayan inamları isə müqəddəs bir dini gerçəklik sayılır.
İyeremiya Bentam3 insanların davranışlarını yönəldən qaynaqları ayırd eləmək üçün, belə bir üçsütunlu cədvəl hazırlamışdı, buradakı sütunlarda ardıcıl olraq, hansısa yönəldici bir qaynağın bəyənilən, bəyənilməyən, bir də qulaq ardına vurulan anlamları yazılırdı. Örnək üçün, bir sütunda qarınqululuq kimi dəyərləndirilən özəllik, o biri iki sütunda, dadlı yeməyi bəyənmək, hamılıqla bir masada yemək yeməyə sevinmək kimi dəyərləndirilmişdir. Yaxud bir sütunda ictimai ruh kimi dəyərləndirilən özəllik, o birində öcəşkənlik kimi dəyərləndirilir.
Əxlaqi sorular üzrə aydın bilgilər almaq istəyən hər kəsə bu örnək üzrə araşdırma aparmağı gənəşərdim, beləliklə də onlar, hər bir qınaq bildirən sözə qarşı əks anlam daşıyan bir sözün də olduğunu biləcək, həm də, nə bəyənilmə, nə də qınayıcı anlamlar daşımayan sözlərlə mühakimə yürütməyə də alışacaqlar. Örnək üçün, zina ilə fahişəlik çox kəskinliklə pislənilən olaylar olduğundan, bu sözləri eşidənlərin az qala hamısı onları götür-qoy eləmədən qarğadığından, bu sözlərin gerçək anlamları əslində qaranlıq qalır. Ancaq başqa elə sözlər də vardır, bizim alışdığımız əxlaq prinsiplərini sarsıtmaq istəyən yazarlar onları işlətməyi daha çox sevirlər; onlar zinaya sevişmək üçün baş verən çəkişmələr deyir, ya da qanunun soyuqluq yaradan bağları ilə qandallanmamış sevgi adlandırırlar. Bu sözlərin ikisi də öcəşkənlik yaratmağa çalışmaq üçündür. Biz bu konuları aşırı duyğulara qapılmadan çözmək istəyiriksə, gərək bu yanaşmaların ikisindən də boyun qaçıraq. Ancaq ən pisi odur, qulaqların alışdığı deyimlərdən boyun qaçırmaq bizim alışdığımız yazı üslubunu da gücdən salır. Bizim nəyisə öymək, yaxud qınamaq üçün işlətməyi sevdiyimiz sözlərin çoxu artıq oxucunu ilgiləndirə biləcək emosiyalarla boyandığından, yazar özünə əziyyət vermədən də artıq qulaqların öyrəşdiyi bu sözlərin köməyi ilə oxucunu ürəyi istədiyi yönə çəkib apara bilir.
Ancaq biz araşdırdığımız konulara ağıla arxalanan yanaşma yolu axtarırıqsa, gərək öz incələmələrimizi neytral sözlərlə anlatmağa çalışaq, örnək üçün, zina yerinə, evlilikdən qıraq cinsi ilişkilər deyə bilərik. Ancaq belə bir tələbin qoyulmasında da aşırlığa varmaq olmaz, axı burada insanlarda çox güclü emosiyalar doğuran konudan danışılırsa, danışığımızda emosiya daşıyıcısı olan sözlərdən yararlanmamaq, konunu gərəyincə açıqlamağımızı əngəlləyə bilər. Cinslərarası ilişkilərlə bağlı olan baxışlar çox vaxt biri-birinə bütünlüklə əks olan qütblərdə dayanır, bu sayağı kökündən fərqlənən baxışlar baş verən olayların iştirakçılarının da, onu qısqancıqla izləyənlərin də arasında olur. Beləliklə də, eyni bir olayı kimsə sevişmə üstündə çəkişmə, bir başqası isə zina sayır. Biz isə gərək, bayaq dediyimiz kimi, emosiya ilə boyanmış sözlərdən yararlananda sayıqlığımızı itirməyək, bacardıqca daha çox neytral, elmi anlayışlardan yararlanmağa çalışaq.
Xristian əxlaqı namus məsələsini qabartmaqla qadınların toplumda aşağılanmasına gətirib çıxarmışdır. Burada qaunları yaradan kişilər olduğuna görə, qadınların yoldan çıxması başlıca söz konusuna çevrilmişdir; birdən qanunvericilik qadınların əlində olsaydı, hər şey tərsinə olacaqdı. Yaranmış durumda baş verən zinada, kişini yoldan çıxaranın qadın olduğu sanıldığına görə, onun kişiləri başdan çıxarma imkanlarının qarşısını almağa çalışmışlar; bunun sonucu olaraq, özünü yaxşı aparmayan qadınlara nifrət artıqca, böyük sayğılara layiq olan qadınlar da getdikcə daha çox dar çərçivələrə salınaraq yaşamağa sürüklənmişdir. Qadınların durumunda yaxşılığa doğru dönüş ancaq son illərdə başlamış, Roma imperiyası dönəmində qadınlar üçün olan azadlıqları, onlar ancaq bu son illərdə yenidən qazanmağa başlamışlar. Bildiyimiz kimi, xristian dini ortalığa çıxana kimi, oçağacan ortalıqda olan patriarxal toplumda qadını kölə eləmək üçün çoxlu addımlar atılmışdır. Ancaq imperator Konstantinin4 dönəmində qadının azadlığını daha güclü bir faktorla, onu günah işləməkdən qorumaq adı ilə məhdudlaşdırılmağa başlamışdır. Kilsə başçıları da bütün əsərlərində qadınları suçlamağa çalışmışlar.
Qadın cəhənnəmin giriş qapısı olduğu kimi, həm də bütün bədbəxt insanların da anasıdır. O yalnız elə qadın doğulduğu üçün utanıb yerə girməlidir. Bütün yamanlıqlar onun araçılığı ilə dünyaya gəlməyə yol tapdığından, qadın gərək gecə-gündüz tövbə ilə gününü keçirsin. O gərək əynindəki dona da baxıb utansın, axı bu geyim də onun ilkin suçunun ucbatından yaranmışdır. Qadının ən çox utanmalı olduğu nəsnə isə onun gözəlliyi olmalııdr, axı gözəllik insanları yoldan çıxarmaq üçün iblisin əlində ən güclü bir araca çevrilir.
Fiziki gözəllik bütün çağlarda kilsə böyüklərinin qınağına tuş gəlmişdir; ancaq burada da bir istisna olmuşdur: örnək üçün orta yüzillikdə yepiskopların baş daşındakı rəsmlərində onları gözəl göstərməyə çalışmışlar. Ancaq, bununla yanaşı olaraq, qadınların öz gözəlliklərinə görə sıxışdırılması ara verməmişdir. Örnək üçün, VI yüzillikdə ucqar kilsələrin birində ayinlərdə qadınların predmetlərə yalın əllə toxunması yasaqlanmışdı, bunu onların bədənlərinin başdan-ayağa kimi təmiz olmamasına yozurdular. (Lecky Ü. E. H. History of European Morals. Vol. II. P. 357-358.)
Bütün bunlara görə də, qadınların vərəsəliklə, mülkiyyətlə bağlı hüquqları da əlindən alınmışdı. Yalnız Böyük Fransız inqilabının azaddüşüncəli insanlarının çalışmalarından sonra qızlar da ailədə vərəsəlik hüququ qazana bilmişdilər.
Yorumlar.
1.Eduard Vestermark(1862-1939)—fin sosioloqu, antropoloqu, filosofudur, 1890-1906 illərdə Helsinki universitetində, 1907-1930-cu illərdə London universitetində dərs demişdir. Onun “Evlənmənin tarixi” kitabı çox tanınmışıdr. Bu kitabda o, ən aşağı quruluşlu toplumlarda belə ailənin təkkəbinliyə əsaslandığını sübut eləmişdir.
2.Lekki Uilyam Eduard(1838-1903)—irland tarixçisidir, onun əsərləri başlıca olaraq XVIII yüzilliklərin İngiltərə ilə İrlandiya tarixlərinə həsr olunmuşdur. Rasselin sitat gətirdiyi kitab, Lekkinin “Avropa əxlaqının tarixi” kitabındandır.
3.İyeremiya Bentam(1748-1832)—İngilis filosofu və hüquqşünasıdır. Bentamın irəli sürdüyü ideyaya görə, əxlaqla qanunların başılıca prinsipi onların çoxluğun işinə yaramasıdır: “daha çox insanı daha da xoşbəxt eləməyə çalışmaqdır”. Bentam qanunvericiliyin prinsip və funksiyalarına məntiqi və sağlam düşüncəyə arxalanaraq yanaşmağı irəli sürürdü. Onun ideyalarının və fəaliyyətlərinin İngiltərədə inzibati, vətəndaş və cinayət hüququ sahəsində aparılan islahatlara böyük təsiri olmuşdur. Bentama görə, hüquqşünaslığın başlıca məqsədi qanuniliklə ədalətliliyi birləşdirməkdir.
4.Görünür Rassel burada Bizans imperatoru Böyük Konstantindən(280-337) söz açır, onun hakimiyyəti dönəmində, xristianlıq, bütsevərliklə yanaşı olaraq dövlət dininə çevrilmişdi.
Tərcümə: Araz Gündüz
Ardı var...