post-title

İctimaiyyət yox, publik sfera; ictimai rəy yox, publik rəy

Bizim “ictimai rəy” dediyimizə ingilislər public opinion, fransızlar l'opinion publique, almanlar öffentliche Meinung, türkiyəlilər kamu oyu, ruslar isə общественное мнение deyirlər. Doğru variant “ictimai rəy” yox, “publik rəy”dir. Publik rəyin terminoloji anlamı – ümumi və açıq rəy deməkdir.

 

Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Azərbaycanda və Osmanlıda “ictimai rəy”ə “əfkari-ümumiyyə”, yəni ümuminin fikri, ümumi fikir deyərdilər. Ancaq sonralar (və indi də) bizdə ona “ictimai rəy” deməyə başladılar. Əslində “oбщественное мнение”nin terminoloji tərcüməsi publik rəy olmalı idi, ictimai rəy yox. Ancaq təəssüf ki, onu rus dilindən lüğəvi mənası ilə tərcümə ediblər.

İKİ TERMİNİ BİR TERMİNLƏ İFADƏ ETMƏYİMİZ

Problemin kökü buradadır ki, bizim indi işlətdiyimiz cəmiyyət sözü ilə onunla eyniköklü ictimaiyyət sözü Qərb dillərində tamam başqa-başqa sözlərlə ifadə edilir. Yəni Qərb dillərində, eyni zamanda türk və rus dillərində də, işlənən iki fərqli termini biz təxminən eyni bir sözlə ifadə edirik, qarışıqlıq da buradan yaranır. Belə ki, qərblilər “cəmiyyət”i latın mənşəli, anlamı yoldaş demək olan, “socius”dan düzəlmiş sözlə ifadə etdikləri halda; “ictimaiyyət”i isə yenə latın mənşəli, anlamı ümumi və açıq demək olan, “publikus”dan düzəlmiş sözlə ifadə edirlər. Məsələn, alman dilində Gesellschaft və Öffentlichkeit kimi iki ayrı sözlə. Bizim işlətdiyimiz cəmiyyət və ictimaiyyət sözləri isə ərəb dilində eyniköklüdür, eyni babdan gəlir, mənaları da təxminən eynidir.
“İctimai” – əslində “socius” mənşəli “sosial”ın tərcüməsidir, “publikus” mənşəli “publik sfera”nın yox. Terminoloji baxımdan “ictimai” ilə “sosial” sinonimdirlər. Ancaq Azərbaycanda fərqli mənalarda işlədilirlər. Məsələn, universitetlərimizin çoxunda “ictimai və sosial elmlər” kafedrası adlı kafedra var.

NƏ ÜÇÜN “İCTİMAİ” YOX, “PUBLİK”? ÜÇ SƏBƏB:

BİRİNCİSİ. Tarixdən bildiyimiz ilk publik sfera antik Yunanıstanda, Afina şəhər dövlətində aqora meydanıdır. Kəlimə olaraq isə ilk dəfə Romada, M.T.Cicero (e.ə.106-e.ə.43) tərəfindən, latınca işlənmişdir. Vətəndaş cəmiyyətlərinin yaranması ilə də termin kimi ilk dəfə XVII yüz illiyin sonunda Avropada, qabaqca İngiltərə və Fransada, daha sonra XVIII yüz illiyin əvvəlində Almaniyada meydana gəlmişdir. (Yeri gəlmişkən, bunu da deyim: Baxmayaraq ki, publik sfera üç əsas Avropa ölkəsi arasında ən gec Almaniyada meydana gəlib, ancaq bu nəsnəni ilk dəfə sosioloji baxımdan araşdıran alman sosioloqu F.Tönnies; ardından publik sferanın ilk fəlsəfi araşdırmaçısı almandilli H.Arendt, nəhayət, publik sfera mövzusunda dünyada avtoritet sayılan, yaşayan alman filosofu J.Habermas olub). Bu sadalananların anlamı isə o deməkdir ki, publik sfera anlayışı da, nəsnəsi də, termini də Qərb mənşəlidir; onun ərəb kulturasına və ərəbcəyə heç bir dəxli yoxdur! Buna görə də, “publik”in ana dilimizdə terminoloji tərcüməsini tapanadək orijinalını işlətməliyik, ərəbcəsini yox.

Mən başa düşürəm ki, Azərbaycanda tərcümə dedikdə çoxluq bədii tərcüməni nəzərdə tutduğu üçün, terminoloji tərcümə təsəvvürü demək olar ki, olmadığı üçün, mənim dediklərimi vecinə də almayacaq və publik sfera əvəzinə “ictimaiyyət”, ən yaxşı halda da “ictimai sfera” deməyə davam edəcək. Yaxşı olardı ki, müstəmləkə Azərbaycan Sovet Respublikasının ictimaiyyəti ilə müstəqil Azərbaycan Respublikasının publik sferası eyni terminlə adlandırılmasın.

İKİNCİ SƏBƏB odur ki, “ictimai(yyət)” və “cəmiyyət” sözləri (ərəb dilində ayrı babdan düzəlmiş söz olmasına baxmayaraq, cümhuriyyət sözü də həmçinin) “publik sfera”nın tərcüməsi deyildir: ictimailik, cəmiyyyət, cümhuriyyət – insanların toplanması, yığışması, cəmliyi; publik sfera isə “dörd divar arası” şəxsi və gizli məkandan qıraqdakı fəza deməkdir. Buradan da açıq-aydındır ki, bu iki termin bir-birini əvəzləyə bilməz. Haçaqsa, hansısa bir savadsızın ortaya atdığı və indi ədəbi normaya çevrilmiş bir ümummilli yanlışa (qələti-məşhura) kimlərsə çox öyrəşiblər deyə, bunu davam etdirmək də olmaz.

ÜÇÜNCÜ VƏ ÜMUMİ SƏBƏB isə budur: hər bir ərəbcə termində dini-ideoloji bir kölgə olduğu üçün, terminoloji dəqiqlik və çağdaş elmə inteqrasiya edə bilməyimiz baxımından terminoloji dilimizin Qərbə uyğunlaşdırılması zəruridir. Buna görə də, azərbaycandilli maarifçilər, sekulyaristlər və avropaçılar ərəbcə terminlərdən qaçmalı, tekstlərini mümkün qədər “avropaca” terminlərlə qurmalıdırlar.

ƏZBƏR BİR ETİRAZA CAVABSIZLIĞIM

Bu yerdə kimsə mənə bu etiraz mətnini əzbərdən deyə bilər: “Noolsun “ictimai(yyət)”, “ictimai rəy” düzgün terminlər deyildir, ictimai olmur, qoy, lap mkrtç olsun, əsas odur ki, bu terminlər dilimizdə vətəndaşlıq hüququ qazanıblar, oturuşublar və istifadə də edilirlər; həmin terminlərin müvafiq anlayışlarını genişləndirmək və düzəltmək olar, terminlərin özləri isə qalmalıdır, dəyişdirilməməlidir”. Köhnəlib sürtüyü çıxmış bu tezisə cavab vermək üçün mənim on tezislik cavabım var. Ancaq onları burada sadalayacaq deyiləm, çünki onlar özüm üçün yeni və maraqlı deyillər artıq. Əvəzində, istər bu yazımda, istərsə də bundan sonrakı yazılarımda ictimai(yyət) ya da ictima sfera yox, publik sfera; ictimai rəy yox, publik rəy; ictimai sektor yox, publik sektor; ictimailəşdirmək yox, publik sferaya çıxarmaq yazacağam. Hər halda, özüm bilə-bilə terminləri səhv işlədə bilmərəm. Çünki bu yazıları mən təkcə bu gün üçün yazmıram.

PUBLİK SFERANIN VƏ RƏYİN TÜRKCƏ TƏRCÜMƏLƏRİ

Türkiyəlilər osmanlıca “ictimai ümumiyyə”ni, yəni publik sferanı “kamu alanı” kimi, “əfkari-ümumiyyə”ni, yəni publik rəyi isə “kamu oyu” kimi türkcələşdiriblər.

Burada (h)oy – səs, rəy, fikir, mövqe; kamu isə bizim “Qamu bimarinə canan, dəvayi-dərd edər ehsan” (M. Füzuli) misrasından da tanıdığımız “qamu” sözüdür, müasir Azərbaycan dilində “hamı” kimi yaşayır. Misradakı anlamdan da göründüyü kimi, qamu bütün, hamısı, tamamı deməkdir. Türk Dil Kurumu “qamu”nu (“hamı”nı) “publik”in tərcüməsi kimi irəli sürmüşdür. Bizdə də hamılıqda deyilmək, hamının içində olmaq, hamı tərəfindən, hamının arasında kimi ifadələrdən aydın olur ki, “hamı” müəyyən qədər ümumiliyi, elcarı olmağı, meydan anlamında açıqlığı bildirir. Bu anlamda türkiyəlilər “əfkari-ümumiyyə”ni kamu oyu (hamının mövqeyi) kimi yaxşı türkcələşdiriblər. Sadəcə, bir problem var ki, “hamı” dedikdə, vətəndaşların sanki hamısı nəzərdə tutulur. Halbuki, publik terminində söhbət ümumidən gedir, hamıdan yox. Ümumi sözü hamını və totallığı yox, əksəriyyəti, çoxluğu ifadə edir. “Publik rəy” terminində də irəli sürülən – fikrin açıqlığı və ümumiliyidir, heç də hamını, tamlığı, bütövlüyü əhatə etməsi deyildir. Buna görə də, “kamu oyu” (hamının fikri) terminoloji baxımdan, məncə, tam yerində və korrekt deyildir.

PUBLİK RƏY KİMİN RƏYİDİR? CƏMİYYƏTİN?

Publik sfera terminini biz də “cəmiyyət”in qohumu olan “ictimai” ilə ifadə edəndə bayaqkı o “hamını əhatə etmə totallığı” yaranır. Ümumini ictimai kimi verəndə, yəni ümumiyyəti cəmiyyət kimi göstərəndə olduqca yanlış və aldadıcı bir təsəvvür meydana gəlir.
Məntiqdə belə bir bölgü var: fərdi (sinqulyar), cüzi (partikulyar) və külli (universal). İctimai – cəmiyyətə aidiyyəti və yaxud mənsubiyyəti bildirir.
İctimai rəy nə fərdi, tək bir adama, nə də külli, cəmiyyətin hamısına aid mövqeyi deyil, sadəcə və sadəcə cüzi, yəni cəmiyyətin bir qrupuna aid mövqeyi ifadə edir. Bu qrup hər zaman bir nəfərdən çox, bütün cəmiyyətdən, yəni hamıdan azdır. Ümumilik, partikulyarlıq budur.

Ümumi və açıq rəyə, yəni publik rəyə “ictimai rəy” (ya da “ictimaiyyət”) adı verəndə insanlarımız bunu bütün cəmiyyətin rəyi və mövqeyi kimi başa düşürlər. Cəmiyyət dedikdə isə bütün Azərbaycan xalqı başa düşülür! Beləliklə, ümimi demək istərkən, hamıya, oradan da bütün xalqa keçid belə yaranır. Bir sözlə, Azərbaycan mediasında adamların təkcə nə dedikləri yox, hətta nə demək istədikləri də bəzən bəlli olmur. Aydındır ki, cəmiyyət xalq demək olmadığı kimi, ümumi və açıq rəy olan publik rəy də cəmiyyətin hamısının mövqeyini ifadə etmir.

TERMİNOLOJİ QARMAQARIŞIQLIĞIN HAKİMİYYƏT ÜÇÜN FAYDASI, MÜXALİFƏTÇİLƏR ÜÇÜN ZİYANI

Azərbaycanda publik rəyin ictimai rəy adlandırılmasından və səhv başa düşülməsindən avtoritar-despotik mövcud siyasi hakimiyyət fayda götürür. Məsələn, Əkrəm Əylisli və Ramil Səfərov hadisələrində biz bunun tipik nümunələrini gördük. Tarixən və səhvən ictimai rəy adı daşıyan, mövcud siyasi hakimiyyət tərəfindən quraşdırılmış saxta publik rəy bütün cəmiyyətin, oradan da bütün xalqın fikri kimi təqdim edildi və edilir, gələcəkdə də edilmə təhlükəsi böyükdür.

Yeri gəlmişkən, “ictimai qınaq” da növbəti yanlış terminlərimizdən biridir. Əslində “publik qınaq” olmalıdır. Çünki cəmiyyət adam deyil ki, qınasın, qınayan publikadır. Televiziyada, ya da mitinqdə çıxış edənə qulaq asan da xalq deyildir, yenə publikadır.

PR (publik relations) budur: bəlli bir yönümdə publik rəy formalaşdırmaq üçün publik sferaya sistemli təsir strategiyası, planı və fəaliyyəti. PR mexanizması, müxtəlif növ manipulyativ suqqestiyalar və s. bizim “Elin gözü tərəzidir”, “Od olmasa, tüstüsü çıxmaz”, “Hamı haqsız ola bilməz” kimi batil etiqadlarımızı puça çıxartdı.

Özümdən bir misal. Xəzər universitetində dərsimin bəzən darıxdırıcı hissələrini izah edəndə, bəzi tələbələrin yuxulamağa, sıxılmağa, başını stola qoymağa başladıqlarını görüb, sosial psixologiyadan bildiyim suqqestiya metodlarından birini işə salırdım (artıq bu sirri açmaq olar), təxminən belə bir cümlə qururdum: “Fəlsəfə haqqında olduqca məşhur bir cümlə var, hər yerdə deyirlər, hamı bilir...” elə bunu demiş, baxırdım ki, əsnəyən tələbələrin hamısı cümləmin sonunu gözləmədən artıq başlarını qaldırıblar, diriliblər, yuxuları çoxdan qaçıb. Nə üçün belə oldu? Çünki mən anonsumda dedim ki, deyəcəyim cümlə olduqca məşhur cümlədir və beləliklə mən, onların hər birini təkləməklə hədələmiş oldum, çünki heç kim məşhuru bilməyib, tanımayıb təklənmək istəmir. Halbuki, çox vaxt o cümlənin davamının müəllifi özüm idim və bəlkə də elə həmin anda dərsdə ağlıma gəlmişdi. İndi internet səhifələrində tez-tez gördüyünüz “Bu video internetdə rekordlar qırır” elanı da belə bir qorxutmadır, hədədir, PR-dır.

İctimai rəyə publik rəy deyən müxalif düşərgədəkilər də publik rəyi cəmiyyətin, oradan da bütün xalqın mövqeyi kimi başa düşür. Və beləcə, mətbuatda ya da sosial şəbəkələrdəki hakim mövqeyi bütün cəmiyyətin, oradan da bütün xalqın mövqeyi hesab edir. Ancaq mitinqə, səsverməyə, hansısa çağırışa adam gəlməyəndə, ianə toplanışı nəticə verməyəndə, qəzetləri satılmayanda və s. bunu təəccüblə qarşılayırlar. Sosial psixologiyada bu təzadın xeyli səbəbləri sadalanır. Biri də mənim bu yazımda dediyim həmin bu terminoloji yanlışdan irəli gələn təsəvvür yanlışıdır.

İCTİMAİ RƏY İCTİMAİ ŞÜUR KİMİ BAŞA DÜŞÜLÜR

Digər yandan, publik rəyə ictimai rəy dedikdə, ictimai rəy marksizmin ictimai şüur (sosial şüur) anlayışı ilə də qarışır. İctimai şüur – əxlaqi, dini, hüquqi, iqtisadi, siyasi, estetik qəliblərin və ideyaların, fəlsəfi təsəvvürlərin, habelə, sənət, elm, ictimai məramlar, adət və ənənələr və s. ifadə edir. İctimai şüur cəmiyyətin daha dərin, daha çətin dəyişən, daha qalıcı mövqeyidir. Məsələn, son illərdə dillərdə dastana çevrilmiş “milli mentalitet” həm də ictimai şüura daxildir. İctimai şüurun dəyişməsi uzun illər alır və yavaş gedir. Çünki ictimai şüurda əsasən nəsil amili rol oynayır. Yəni Azərbaycan mediatik dilində səhvən ictimai rəy adı verilən publik rəy ictimai şüur demək deyildir. Onlar arasında əlaqə belədir: İctimai şüur özünü publik rəydə üzə çıxardır, publik rəyin formalaşmasında ictimai şüur təsiredicidir.

PUBLİK RƏY LİDERLƏRİ

Publik rəyin qurulmasında jurnalistlər, yazıçılar, yazarlar və s. rol oynayırlar. Publisistika fəaliyyəti budur. Publisist – publik sferada rəy formalaşdıran şəxsdir. Onlardan ən parlaq olanlara elmi ədəbiyyatda “rəy liderləri” deyilir, yəni publik fəzada hansısa mövzuda başqalarının mövqeyini formalaşdıran, çoxluğu istiqamətləndirən şəxslər. Rəy liderliyi modern dövrdə daha aktual idi. İndiki qlobal postmodern şəraitdə (hamının danışmaq haqqı və imkanı qazandığı mərkəzsizlik şəraitində) rəy liderlərinin rolu azalmışdır.
Azərbaycan kulturasında ənənəvi rəy liderləri “atalar” adı ilə adlandırılan, sözlərini “atalar sözləri” kimi əzbərlədiyimiz anonim əcdadlarımızdır. Bunların sözləri o qədər geniş yayılmış və dərinə işləmişdir ki, onlara artıq ictimai-milli şüur liderləri deyilməlidir. Onların sözlərindən belə başa düşmək olur ki, bu ataların çoxu çox böyük ehtimalla üləma, mollalar, bir sözlə islam şəriətçiləridirlər. Lakin bu rəy liderlərinin anonim olması işləri korlayır, çünki konkret tənqidə gəlmirlər. Və bu, rəy atalarımızın sözlərinin tənqid və rədd edilməsi şəriətçiləri və mentalitetçiləri hirsləndirir.

Azərbaycanın publik sferasında rəy liderləri uzun əsrlər üləma, mollalar, bir sözlə islam şəriətçiləri olublar. Onlar məscidlərdə, yas yerlərində əsrlər boyu daim danışıblar, hələ də danışırlar, təbliğat aparırlar. İlk dəfə bu ənənəni yeni publik sferası – teatrı və “Əkinçi” qəzeti ilə dağıdan H. B. Zərdabi olub. O, publik sferamıza ilk dəfə olaraq yeni rəy liderlərini – M.F.Axundovu, özünü və başqalarını gətirməklə, onu islami monopoliyadan çıxarıb. Bu, Azərbaycanda ilk demokratik inqilab idi! Daha sonra, M.Cəlilin “Molla Nəsrəddin”i də yeni böyük publik sfera idi və bu publik sferaya M.Ə.Sabir kimi yeni publik rəy liderləri qoşuldu. Adları çəkilən bu şəxslər o dövrdə nəinki publik rəyi formalaşdırırdılar, onlar Azərbaycan tarixində yeni dəyərlər elitası kimi hətta tarixi ictimai-milli şüura təsir edə bildilər.

Ağalar MƏMMƏDOV
(Almaniya)

Kultura.az

Yuxarı