post-title

Əlahəzrət Kitab!

Dünən bir bəy öz "facebook" hesabında yazıb ki, Trotski, Kafka, Kamyu kimi yazarların kitablarını oxumayın: "Vallah, oxumayın, gedin ixtisasınızı əla öyrənin, bir kopooğlu sizə irad bildirə bilməyəcək gələcəkdə. Kitabda yazılanları gəzib özünüz kəşf edəcəksiniz. İstər sevgi barədə, istər qadınlar, istər kişilər, istər ağrı-acı, həyat barədə".

 
Mən bu statusu oxuyanda elə bildim başqa ölkədə yaşayıram, Azərbaycan haqda heç bir məlumatım yoxdur. Sanki Azərbaycanda bütün gənclər kitab oxuyurmuş, kitab mağazaları dolub-daşırmış, kitab təqdimatları olanda adam əlindən yer tapılmırmış, insanlar son qəpiklərini kitaba verirmişlər. Oxumaqdan adamlar kor olublar.
 
Bir vaxt deyirdilər ki, gənclər kitab oxumur, savadsızdırlar. Bir neçə yazarın və adamın fədakarlığı nəticəsində az da olsa, bu ölkədə kitab oxuyan gənclik yarandı. Bütün tənqidlərə, rişxənd dolu baxışlara rəğmən əllərində kitab gəzdirdilər. Ən son qəpiklərini kitab çapına, yeni əsərlərin yazılmasına xərclədilər.
 
İndi nə olub, düşmüsünüz bu bir neçə adamın üstünə?! Hakimiyyət bir tərəfdən kitab mağazalarını bağlayır, siz də bir tərəfdən deyirsiniz kitab oxumayın, bu, lazımsız bir şeydir və xeyri yoxdur!
 
Nə zaman görmüsünüz ki, yaxşı mütaliəsi olan insan öz ixtisasını bilməsin. Şəxsən mənim qarşıma belə birisi çıxmayıb, görməmişəm. Necə ola bilər ki, bir həkim Kamyunun "Taun" romanını oxusun, amma yaxşı həkim olmasın. Ola bilərmi bu? Yox, məncə, ola bilməz. "Taun"u oxuyan həkim ya peşəkar olmalıdır, ya da bu işi görməməlidir. Bunun başqa yolu yoxdur. 
 
Bir xeyli insan var ki, ixtisasları üzrə necə savadlı olduqlarını və ədəbiyyatı necə bildiklərini misal çəkə bilərəm. Məsələn, hazırda həbsdə olan siyasi məhbus N!DA-çı Zaur Qurbanlı... Bir hüquqşünas kimi kim şübhə edə bilər bu adamın savadına? Məncə, heç kim! Amma oxuduğu kitabların sayı hesabı yoxdur. Axırıncı dəfə anası Səkinə xanım ilə danışanda Zaurun yalnız kitab istədiyini dedi. Və ya jurnalist Şahvələd Çobanoğlu pis jurnalistdir? Bu insanın da yaxşı mənada kitab xəstəsi olduğunu deyə bilərik.
 
Azərbaycanlı alim Rafiq Əliyev pismi bilir öz ixtisasını? Bir dəfə Rafiq müəllimin evindən reportaj hazırlamışdılar, evin böyük bir hissəsi kitab rəfləri idi. 
 
Bu misalları uzada da bilərəm. 
 
İstənilən kitabı oxumaq, kitab mağazasına getmək, kitab almaq mədəniyyət göstəricisidir.
Bu mədəniyyətə sahib olaq!
Bu mədəniyyəti qoruyaq! 
 
Elkin Xəlilov
 
Kultura.az
Yuxarı