post-title

Bəşəriyyətin yetkinlik çağı

İnsan kimi Bəşəriyyətin də həyatında mərhələlər mövcuddur. İndi bəşəriyyət özünün yeniyetməlik dövrünü tərk edərək, kamillik dövrünə qədəm qoymaqdadır. Ona görə də tarix boyu Bəşəriyyətin ehtiyacını ödəyən tələblər onun indiki ehtiyaclarını ödəmir. Dünya miqyasında idarəetmə, qanunvericilik, elm və texnika, iqtisadiyyat, bütövlükdə maddi mədəniyyət inqilabi dəyişikliklərə məruz qalmaqdadır. Bəşəriyyətin kamillik mərələsinə şatmasının ilkin əlamətləri aşağıdakılardır:

 

• dünyanın bütün ölkələrində demokratiyanın tədricən bərqərar olması;
• insan haqlarının bütün dünyada tətbiq edilməsi;
• humanizmin qələbəsi və insanın bütün ictimai, sosial və iqtisadi proseslərin mərkəzinə keçməsi;
• millətləri, dinləri və mədəniyyətləri bir-birindən ayıran dini, milli, irqi, siyasi və s.sərhədlərin çökməsi və Bəşəri Birliyin yaranması.

Birinci və ikinci əlamətlər artıq öz işini görməkdə və daha çox ölkələri əhatə etməkdədir. Sonrakı əlamətlər üçün də ictimai, iqtisadi, sosial, psixoloji, mədəni zəmin yaranmaqdadır. Ayrı-ayrı ölkələrdə totalitarizmin, millətçiliyin, irqçiliyin, dini fanatizmin və digər xurafatları ara-sıra baş qaldırması baxmayaraq, Bəşəri Birliyin yaranması bürövlükdə dönməzdir. Əbdül-Bəha Abbas bu haqda yazırdı:
“Bəşər ailəsinin bütün üzvləri, istər millətlər olsun və ya hökumətlər, onlar getdikcə daha çox bir-biri ilə qarşılıqlı surətdə bağlanırlar. Ona görə ki, heç kim müstəqil və sərbəst qala bilməz və xüsusilə də ona görə ki, siyasi münasibətlər bütün xalqları və millətləri birləşdirməyə başlamışdır, ticarət, sənaye, kənd təsərrüfatı və mədəniyyət əlaqələri isə gündən-günə möhkəmlənməyə başlamışdır. Deməli, bütün Bəşəriyyətin Birliyinin həyata keçirilməsi indi mümkün olmuşdur...”.

Qədim dövrlərdə adamlar ayrı-ayrı ailə qrupları halında yaşamışlar, sonradan bu qruplar qə¬bilələrə çevrilmiş, daha sonralar şəhər- dövlətlər, xalqlar və nəhayət XIX-XX əsrlərdə müasir millətlər və dövlətlər yaranmışdır. Bəşəriyyətin Birliyi kamillik yolunda so¬nuncu sosial mərhələdir. Bəşəri Birlik hansısa qüdrətli qruplaşma tərəfindən yuxarıdan tətbiq edil¬məyəcəkdir. Hər yerdə insanlar “Dünya bir vətən və bütün insan¬ların onun vətəndaşı” olmasını dərk edənə kimi o insanlığın düşüncəsində tədricən inkişaf edəcəkdir. Şüurdakı bu dəyişikliklər cəmiyyətdə  görünməmiş dəyişikliklərə səbəb olacaqdır. Belə birliyin mənəvi əsası olsa da, dünya xalqlarının bu istiqamətdə atacağı bəzi konkret addımlar da məlumdur:

- Bütün dünya xalqlarının ədalətlə təmsil olunduğu, onların ümumi mənafeyini qorumaq, planetdə əmin-amanlığı və sülhü təmin etmək məqsədilə Dünya Parlamentinin  qurulması;

- Dünya vətəndaşlığının təsis edilməsi;

- Dünyanın təbii sərvətlərindən Bəşəriyyətin xeyrinə birgə istifadə edilməsi;

- Dünya xalqlarının öz aralarında əlaqə və ünsiyyətini və millətlərin inteqrasiyasını asanlaşdırmaq məqsədilə vahid yazı, ümumi pul, ölçü və çəki sisteminə keçilməsi;

- Dünyanın bütün məktəblərində uşaqlara ana dili ilə yanaşı Beynəlxalq dilin öyrədilməsi;

- Həm millətlər daxilində, həm də onlar arasındakı hədsiz varlanma və yoxsulluğun aradan qaldırılması.

Bəşəri Birlik insan sivilizasiyanın kamillik mərhələsidirsə, insanlığın bundan əldə edəcəyi nə olacaqdır? Əbdül-Bəha Abbas bu sualı da cavablandırmışdır:

“Əməkdaşlıq və birlik bərqərar olacaq və sonda müha¬ribənin tamamilə qarşısı alınacaq. Dünyanın beş qitəsi bir qitə kimi olacaq, çoxsaylı millətlər bir millətə çevriləcək. Ölkələr arasında münasibətlər – xalqların və icmaların qarışması, birləşməsi və dostluğu – elə bir səviyyəyə çatacaq ki, insan nəsli bir ailə və qohum kimi olacaq. Güclü və zəif, varlı və yoxsul, qarşı-qarşıya duran təriqət və  ədavət aparan millətlər  bir-birinə qarşı tam məhəbbətlə, dostluqla, ədalət və bərabərliklə rəftar edəcəklər, dünya elmlərlə və Allahın biliyilə dolacaq”.
                        
Azər Cəfərov

Kultura.az

 

Yuxarı