post-title

İntiharın yoluxuculuğu və ya Verter sindromu

İl başlayandan ölkəni intihar dalğası bürüyüb. Hansı xəbər saytını açırsan, hansı qəzeti vərəqləyirsən, intihar xəbərlərinin əlindən tərpənmək olmur. KİV-lər də onları bir xeyli bəzəyərək təqdim edirlər, sağ olsunlar. Bu yazını yazarkən üç ən məşhur xəbər saytının xəbər lentinə göz atdım. Təkcə 06.01.2014 tarixində xəbər lentlərində 4 intihar hadisəsi (mənim gördüyüm qədəri ilə 4) verilmişdi, həm də cəlbedici başlıq və şəkillərlə. Üstəlik saytların birində bir yazan xanım intihar üçün seçimlər də təqdim edib, müxtəlif intihar üsullarından, onların dadından duzundan danışıb, bir xeyli fəlsəfi fikirlər bəyan edib.

 

Əlbəttə, başa düşürəm ki, jurnalistin işi camaatı baş verənlərdən agah etməkdir. Amma  yəqin ki, jurnalist etikası deyilən bir şey var və ya hər xəbəri necə çatdırmaqla bağlı dərs keçirlər jurnalistlərə. Sadəcə bizim jurnalistlərimiz o dərsdə olmayıblar. Yoxsa günlərlə dalbadal intihar xəbərlərini reytinq naminə belə təntənə ilə təqdim etməzdilər.

İntihar yoluxucudu. İntiharın yoluxuculuğu hadisəsi Verter sindromu adlanır. 1974-75-ci illərdə amerikan alimi David Philips XVIII əsrdə Götenin “Gənc Verterin əzabları” romanının məşhurlaşması ilə Avropada baş qaldıran intihar epidemiyasını araşdırıb. Əsərdə nakam məhəbbət yaşayan gəncin həyatı və ölümü təsvir olunub. Beləcə sizə də aydın olduğu kimi Verter sindromunun adı buradan gəlir. Philips 7 il ərzində 12585 intihar hadisəsi (əsasən də yeniyetmələrin intiharlarını) və qəzetlərin ilk səhifələrində və ya televiziyada əsas xəbərlər arasında verilən intihar hadisələri arasındakı əlaqəni araşdıraraq belə bir nəticəyə gəlib ki, hər hansı bir səsli-küylü intihar hadisəsindən sonra 7 gün ərzində intiharların sayı şiddətlə artır. Məşhurlaşan birinci intihar edən şəxs digərləri üçün “nümunə” olur: o, müəyyən peşə qrupuna aiddirsə, həmin peşə insanları arasında və ya onunla həmyaşıd olan insanlar arasında intiharların artması ehtimalı daha yüksəkdir. İntihar üslublarının seçimində də oxşarlıq müşahidə oluna bilər.

Verter sindromunu təsdiq edən bir çox hadisə var. Məsələn, 1980-ci illərdə Almaniyada hər seriyasında bir tələbənin özünü qatarın altına ataraq öldürdüyü “Tələbənin ölümü” serialının nümayişindən sonra 15-19 yaşlı gənclər arasında intihar hadisələrinin sayı 175% artıb. Həm də intiharlar məhz serialda göstərildiyi kimi özünü qatarın altına atmaqla reallaşdırılıb. Bu effekt bir ildən sonra serial yenidən televiziyada göstərildikdən sonra təkrarlanıb.

Merilin Monro, Curt Cobein kimi məşhurların intiharlarından sonra artan özünəqəsdlər də Verter sindromunu təsdiqləyir.

Keçən əsrin 80-ci illərində Avstriyada da insanların özünü metroda öldürmələri halları kəskin şəkildə çoxalıb. Buna görə 1987-ci ildə Vyana Krizis Mərkəzi Vyana metropolitenin işçiləri ilə birlikdə intihar xəbərlərinin mətbuatda artıq işıqlanmaması və ya olduqca az yer alması ilə bağlı razılıq əldə edirlər. Bir aydan sonra metroda intiharların sayı 3 dəfə azalır. O vaxtdan etibarən Avstriya mətbuatında belə faciəvi hadisələrin işıqlandırılması qadağan olunub.

Həmçinin hər hansı bir qətl hadisəsinin işıqlandırılması nəticəsində də intiharların sayı arta bilir. Məsələn, Səddam Hüseynin asılması prosesinin lent yazısı yayımlanandan sonra 15yaşlı hindistanlı qız intihar etdi. Daha sonra bu prosesi təcrübədən keçirmək istəyən amerikalı yeniyetmə oğlan intihar etdi və s.

Bütün bu faktlar KİV-lərin intiharların yoluxuculuğunda necə böyük rol oynamasının göstəricisidir. Xüsusən də bizimki kimi çətin həyat şərtləri olan ölkələrdə. İnsanlar mütəmadi olaraq iqtisadi, sosial, psixoloji böhranla üz-üzədirlər və onlarla oxşar situasiyanı yaşayan insanın seçdiyi çıxış yolu onlarda da intihar fikri oyada bilir. Kütləni tənzimləmək və ya idarə etmək qeyri-mümkündür. Ona görə də onu qıcıqlandırmamaq lazımdır.

Onu da qeyd etməliyəm ki, KİV-lərin intihar xəbərlərindən ən çox təsirlənən yeniyetmələrdir. Ona görə durmadan yeniyetmə intiharlarını qırmızı şriftlərlə təqdim etmək, intihar edənin anasını, babasını, qonşusunu danışdırmaq zənnimcə, jurnalist etikasına ziddir. Əlbəttə, məlumatlı, savadlı jurnalistin etikasına.

İntiharı təbliğ edənlər, intihar xəbərlərini bəh-bəhlə təqdim edənlər unutmamalıdırlar ki, məhz onlar kiminsə ölümünə səbəb ola bilərlər. Dərindən düşünsələr, yəqin, kiminsə həyatına bais olmaq istəməzlər... Yəqin ki...

Əfsanə Şahmuradova
Kultura.Az

Yuxarı