post-title

Vüqar Həşimovun xatirəsinə

Şər öz məqsədinə çatır, bizə isə xeyri yad etmək qalır.

 

Səmimiyyət, fədakarlıq və mübarizə ilə keçən 27 il. Vüqar ölümü ilə də bu fani dünyadakı həyatını mənalandırdı; şahmat dünyasının   Lermontovuna çevrildi, bizim zəmanəmizin də  qəhrəmanına.

Bu dünya yalnız üstün zəka ilə idrak edilə bilər. Şahmatı heç də həddən artıq şişirtmirik, oyundur, bir növ idmandır, hətta məşhur dünya çempionu Fişer bu oyunu əzbərçilik də adlandırmışdı, amma bu başqa etapın məsələsidir. Birmənalı olaraq bilinir ki, uşaqlıqdan şahmat oynamaq beyni, zəkanı, analiz və düşüncə qabiliyyətini inkişaf etdirir. Valideynlər uşaqlarını təpik atma, sillə vurma idmanlarındansa, şahmata yönləndirsələr, biz 10-15 il sonra daha gözəl mühitdə yaşayarıq, buna şübhəm yoxdur. Vüqar da bu zəka yolunun müdavimi idi. Vətənpərvərliyi, saflığı, mehribanlığı, təvazökarlığı da öz yerində. O zillət, o xəstəlik yaxasını buraxmasa da, bəxt və tale ona gülər üzünü göstərməsə də, Vüqarın üzündən təbəssüm əksik olmurdu. 2009-cu ildə əzmkarlıq və fədakarlıq edərək Azərbaycanı tarixində ilk dəfə Avropa çempionu etməsi ondan yaddaşımıza həkk olunmuş ən gözəl xatirələrdəndir.  Dərdlərdən, öz dərdləri bir tərəfə, onun başına açılan dərdlərdən qurtula bilsə idi, o daha çoxunu başaracaqdı.

 Hal-hazırda bizim cəmiyyətin bütün naqisliklərinin başında zəka, sonra isə əxlaq məsələsi durur. Hətta birinci olmadan ikinci  qeyri-mümkündür. Vüqar yaşamı ilə, əxlaq və zəkası ilə barmaqla göstərilə biləcək bir nümunəyə çevrildi. Təəssüf ki, bizim cəmiyyətdəki geri zəkalılıqdan və əxlaqsızlıqdan Vüqar da öz nəsibini aldı.  Xəstəliyə görə ara verdiyi böyük şahmata qayıdanda, ani sıçrayış edərək bir il içində özünü elit şahmat aləminin içində daxil edə bilmişdi. Amma şərin də mexanizmi  öz fəaliyyətinə başlamışdı.  Vüqarın 2010-da "Azadlıq radiosu"na veriyi müsahibədə məsələlərin nə qədər iyrənc formada olduğunu görmək olar: "Mən şahmata 7 ildən sonra qayıtdım. 2008-ci ildə şahmatda hazırlaşmağa başladım. O zaman Bakıda qran-pri keçirilirdi. Mən də o zaman Azərbaycanın üçüncü şahmatçısıydım. O yarışa dəvət aldım. Həmin yarışda qələbə qazandım. Qələbə qazanandan sonra ona qədər kömək vardısa, artıq yavaş-yavaş yox olmağa başladı. Neçə vaxtdır, 1-2 ildir, sıfır dərəcəsinə çatıb’’.  Bəli, belə. Müşkül məsələdir. Hər müşküldə bizə yol göstərə bilən Şopenhauer burda da dadımıza çatır: "Hər hansı bir bilik sahəsində seçkin bir istedad özünü hiss etdirən kimi bütün məzmunsuzlar yekdilliklə onun üstünü bağlamaq, onu hər cür imkan və fürsətdən məhrum etmək üçün baş qaldırır, sanki bu onların istedadsızlığına, kütlüyünə və qeyri-peşəkarlığına  xəyanətmişcəsinə əllərindən gələni əsirgəməyərək onun tanınmasına, görünməsinə, aydınlığa çıxmasına mane olmağa çalışırlar".

 Murdarlıq elə bir həddə gəlmişdi ki, bu məzmunsuz və kütbeyinlər yığını, "Vüqar bizdən üzr istəsin sonra milli komanda üçün oynamasına izin verək", - deyirdilər. Vüqar isə hər zaman öz azadlığını qoruyub saxlamışdı.  Çünki azadlıq olmayan yerdə zəka kütləşir, yox olur, o, isə irəliyə, daha irəliyə köklənmişdi.  İndi kim-kimdən üzr istəməlidir? Vüqar köçdü bu dünyadan və etdiyiniz mənasızlıqlar üstünüzə yapışıb qaldı.

Biz isə bütün bunları unutmayacağıq, Vüqarı, onun şəxsiyyətini, nailiyyətlərini unutmayacağıq, ona mane olmağa çalışanları da. Lermontov  Zəmanəmizin qəhrəmanı əsərində Peçorinin dilindən söylədiyi kimi: "Keçmişin gücünə mənim qədər həssas heç kəs ola bilməz. Şirin, ya da acı hər xatirə gəlib qəlbimə bıçaq kimi saplanır, hər zaman eyni hissləri oyandırır. Heç nəyi unudmaram, heç nəyi!’’

Aqşin İbişov

Kultura.az

 

Yuxarı