post-title

Hamımız günahkarıq

“Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm. İslam Səfərli 59. qapını açıq qoyuram. Anama deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsınız. Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil. Əlvida”.

 

Bu status yazıb sağollaşmışdı İsa Şahmarlı. Ciddiyə alınmadı, növbəti zarafatıdır deyə düşündülər, amma bir neçə dəqiqədən sonra...
Xəbəri redaksiyada ilk eşidənlərdən oldum. İş yoldaşıma dedim, o da təəccüb içində zəng etdi. Yaxınları ölmədiyini, yaşadığını, amma həkimlərin gəlmədiyini dedilər. Növbəti telefon danışığında dünyasını dəyişdiyi məlum oldu.

İnternetdə, xüsusən sosial şəbəkələrdə hər şey bir anda baş verir. Bir anın içində bütün media İsa Şahmarlının ölümündən yazdı, sosial şəbəkələrin gündəmi dəyişdi. Bəziləri çox iyrənc başlıqlar qoydular. Heç bir etikaya sığmayan, sadəcə bir-iki oxucu yığacaq əxlaqsız başlıqlar…

Görəsən, bir əclaf məmur intihar etsəydi (hərçənd onlar bunu etmirlər), “Rüşvətxor məmur intihar etdi” yaza bilərdilərmi? Yox, məncə yaza bilməzdilər.

İsanın ölümündən öncə mətbuata verdiyi müsahibəni oxudum. Deyir: "homoseksual olduğumu biləndə qrup yoldaşlarım məni döydülər". Mənə ən pis təsir edən bu məsələ oldu. Məhz yazını da buna görə yazıram.

İsa homoseksual biri idi, çəkinmədən bunu etiraf etmişdi, hətta homoseksualların hüquqlarını da qoruyurdu. Mən burdan İsanın qrup yoldaşlarına səslənirəm: O, sizə nə etmişdi? Bəlkə sizin seçkidə səsinizi oğurlayan o idi? Bəlkə neftinizi şəxsi malı kimi satan o idi? Bəlkə dövlət büdcəsini öz cibi kimi xərcləyən o idi? Bəlkə cibinizə narkotik atan, günahsız insanlara hökm oxuyan, məhkəmələrdə yalançı şahidlik edən o idi? Bəlkə sizə yalan danışan, yolunuzu kəsən, sevgilinizi pul gücünə əlinizdən alan o idi? Bəlkə, bəlkə...
O nə etmişdi axı onu döyüb, təhqir edirdiniz? Həyatınızda bircə dəfə də olsun rüşvət alan, yekəqarın bir məmurun oğlunu döyüdünüzmü? Bircə dəfə də olsun “Sənin atan rüşvətxordur, o ədalətsiz işləyir” - dedinizmi? Yoxsa belə adam görəndə qaçıb ona yaxın olmaq istədiniz, yaltaqlandınız “Dostluq edim, gələcəkdə nəsə problemim olarsa kömək edər” - deyə fikirləşdiniz?!

Bəs bu zaman niyə onu təhqir edirdiniz, aşağılayırdınız, döyürdünüz? Nə gəldi əlinizə? Bir düşündünüzmü, axı etdikləriniz insani hərəkət deyil?

Bir insana onun dini baxışına, irqinə, cinsinə görə deyil, düşüncəsinə görə hörmət edərlər.

İsa intihar etdi!

Bununla etirazını bildirdi cəmiyyətə!

Amma siz etməyin!

Fərqi yoxdur, müxalifətçisiniz, iqtidarçısınız, homeseksualsınız, mentalitet aşiqsiniz, muğamsevərsiniz, liberalsınız, solçusunuz… bunu etməyin. İnanın bu çıxış yolu deyil. Çıxış yolu həmişə var. Meydanı şərəfsizlərə buraxmayın! Dünyada bu qədər oxunmamış kitab, baxılmamış film, dinlənməmiş musiqi varsa intihar etmək çıxış yolu deyil. Həyatda sizi sevən bircə nəvər varsa onun naminə yaşamağa və mübarizə aparmağa dəyər!

Elkin Xəlilov

Kultura.az

Yuxarı