post-title

Volter: Gənc qızların tərbiyəsi

Məhşur fransız maarifçisi və mütəffəkiri Volterin yaratdığı bu kiçik dialoq onun 1761-ci ildə işıq üzü görmüş «Qarışıq əsərlər» kitabında yer alıb. Volterin bu dialoqunu Kultura.az dərgisinin oxucularına təqdim edirik.

 
MELİNDA : İndicə Erastı buradan çıxan, sizi isə dərin xəyallara qərq olmuş vəziyyətdə gördüm. Erast gənc, qamətli, ağıllı, zəngin və nəzakətli oğlandır. Buna görə də sizin belə xəyalpərəstliyinizi başa düşür və bağışlayıram.
 
SOFRONİYA : Etiraf edim ki, o elə dediyiniz kimidir.
 
MELİNDA : Üstəlik, o sizi sevir.
 
SOFRONİYA : Bunu da etiraf edəcəm.
 
MELİNDA : Elə bilirəm siz də ona qarşı hisslərinizdə biganə deyilsiz.
 
SOFRONİYA : Sizinlə rəfiqə olduğum üçün sizə bu üçüncü etirafımı da etməkdən çəkinməyəcəm.
 
MELİNDA : O zaman, buna dördüncü etirafınızı da əlavə edin. Məncə bu yaxınlarda Erastla evlənəcəksiz.
 
SOFRONİYA : Yenə də eyni sadəlövhlüklə deyim ki, mən onunla heç vaxt evlənməyəcəm.
 
MELİNDA : Necə yəni! Bəlkə ananız belə bir uğurlu nigaha qarşı çıxır?
 
SOFRONİYA : Yox, anam mənə seçim azadlığı verib. Erastı sevsəm də, onunla ailə qurmaq fikrim yoxdur.
 
MELİNDA : Anlamadım, onda sizin özünüzə belə əzab verməyinizə nə səbəb ola bilər ki?
 
SOFRONİYA : Özümə əzab vermə qorxusu. Əlbəttə, Erast iti düşüncəlidir, amma çox təkəbbürlü və ətiacı adamdır. Düzdür, nəcibliyi var, amma gələcəkdə bunu mənə deyil, yeri gəlsə başqaları üçün də istifadə edə bilər. Mən öz gözəlliklərini satan, onları satın almaq istəyənlərə öz parıltılarını boş-boşuna nümayiş etdirən, dəbdəbəli görkəmləriylə şəhərin yarısını cuşa gətirən, məsələn, başqasını həyatını dağıdan və yaxud da təklikdə göz yaşlarını axıdan vicdanlı bir qadının acısından nümayişkəranə şəkildə həzz alanların rəqibinə çevirilmək istəmirəm. Erasta qarşı güclü meylim var, amma mən onun xəsiyyətinə artıq bələdəm; onun xəsiyyəti mənim ona qarşı olan həvəsimə çox ziddir. Mən xoşbəxt olmaq istəyirəm, ancaq buna onunla çata bilməyəcəm. Mən hörmət etdiyim Aristlə evlənəcəm və haçansa onu sevə biləcəyimə də ümid edirəm.
 
MELİNDA : Görürəm ki, yaşınıza görə çox ağıllı düşünürsünüz. Çox az qız tapılar ki, hansısa xoşagəlməz gələcəkləri indiki xoş günlərindən ləzzət almaqlarına mane olsun. Necə olur ki, öz hisləriniz üzərində belə hakim ola bilirsiz?
 
SOFRONİYA : Buna elə də çox səbəb yoxdur. Sadəcə, anamın mənə verdiyi tərbiyəyə borcluyam. O, məni düzgün təlim-tərbiyə almağım üçün heç vaxt monastıra göndərməyib. Çünkü mənim taleyim monastırda yaşamaq üçün nəzərdə tutulmayıb. Mən o gənc qızların halına acıyıram ki, anaları onları gənclik çağından, öz uşaqlarını körpəlikdən özgə dayələrə etibar edən analartək, dindar rahibələrə həvalə edirlər. Eşitdiyimə görə, gənclərin tərbiyə aldıqları belə monastr və buna bənzər bir çox kolleclərdə demək olar heç nə öyrənmək olmur, öyrəndiklərinizi də həyatınız boyu unutmağa çalışmalısız. Burada ömrünüzün elə ilk gözəl günləri cahillik içində basdırılaraq məhv edilir. Çox az hallarda bu həbsxanadan çıxa bilirsiz, çıxdığınızda da bunu yalnız, uzaqdan gəlib sizə eləcə darvazadan oğrun oğrun tamaşa edən hansısa tanımadığınız birinə ərə verilməniz üçün edirsiz. O necə adam olursa olsun, siz ona sanki bir xilaskar kimi baxırsız. Lap elə meymuna oxşasın, siz yenə özünüzü həddən artıq xoşbəxt sanırsız, onu tanımadan ona təslim olursuz, onu sevmədən onunla birgə həyat yaşayırsız. Bu, siz xəbəriniz olmadan razılaşdırılmış bir ticari sövdələşmədir və daha sonra, çox keçmədən hər iki tərəf buna peşman olur. 
 
Anam mənim özüm haqda düşünmə qabiliyyətimə və bir gün öz həyat yoldaşımı özüm seçə biləcəyimə layiq olduğumu qəbul edərək, həmişə mənə inanıb. Əgər bu həyatda yalnız pul qazanmaq üçün doğulmuş olsaydım, o zaman anam mənə cinsimə uyğun olaraq gərəkli kitablardan düzgün istafədə etməyimi öyrətmiş olardı. Amma bu həyata kübar cəmiyyətdə baş çıxarmaq üçün gəldiyimdən, o, bu cəmiyyətə aid nə varsa, hamısını mənə elə ilk günlərdən öyrətməyə başlayıb. O, mənim əqli düşüncəmi elə formalaşdırıb ki, həyatda dərrakalı düşüncənin belə qarşısına çıxa biləcək gözlənilməz maneələrdən ehtiyyat edə bilim. Anam məni adamın əxlaqını korlamadan könlünə xoş olan nə qədər gərəkli tamaşa varsa hamısına aparıb. Məhz belə tamaşalarda ehtiras təhlükəsi onun gözəlliyindən daha da çox yayılır, ədəb-ərkan hökmranlıq edir. Burada biz düşünməyi və özümüzü ifadə etməyi öyrənirik. Tamaşalarda faciə mənə həmişə alicənablıq, komediya isə ədəb məktəbi kimi gəlir və hətta özümdə cəsarət tapıb deyərdim ki, bizim yalnız əyləncə kimi baxdığımız bu təlim-tərbiyə dərsləri, mənim üçün kitablardan daha faydalı olub. Nəhayət, anam həmişə məni sərbəst düşünə bilən varlıq kimi qəbul edib, tay öncə quraşdırılan, lazımı anda kiməsə göstərməli, ehtiyac olmadıqda isə yenidən sandığa atılan əski kukla kimi yox.
 
Fransız dilindən çevirən Fuad Qulubəyli
 
Kultura.az
Yuxarı