post-title

"Saray əyanlarının yaltaqlıq sənəti haqda esse"

Pol Anri Ditrih fon Holbax (1723 -1789). Əslən alman olmuş Baron fon Holbax 25 yaşında Fransaya köçür və fransız vətəndaşlığını qəbul edir. O, öz dövrünün ən parlaq marifçiləri, filosofları olmuş Russo, Buffon, Didro, Alamber kimi nəhənglərdən ruhlanaraq, Ensiklopediyanın tərtibatında fəal iştirak etmişdir. Qatı ateist olmuş Holbax bir çox fəlsəfi əsərlər də yaratmışdır. Baron fon Holbaxın 1790-cı ildə yazdığı bu kiçik, satira xarakterli essesi krallara, hökmdarlara ifrat yaltaqlıqlarıyla seçilmiş saray əyanlarını hədəfə götürmüşdür.

 
 
Bu əsər illər keçsə də, bu gün də öz aktuallığını itirməyib və indiki dövrümüzdə də bir çox siyasətçilər, dövlət məmurları öz şəxsi fikirləri olmadan, prezident, ölkə və ya siyasi partiya rəhbəri kimi onlardan ranq və vəzifəcə daha yuxarıda yer tutanlara yaltaqlanaraq, onların yanında qalmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Daha doğrusu, Baron Holbaxın bu essesində dövrümüzün müasir saray əyanlarını da çox aydın şəkildə görə bilərik.
 
Saray əyanı heç şübhəsiz insan növünün əmələ gətirdiyi ən maraqlı və ən təəccüblü məhsuludur. Bu məxluqat, özündə bütün təzadları birləşdirmiş amfibiya heyvanına bənzəyir. Bir danimarkalı filosof onu Babilistan hökmdarı Nabukodonosorun yuxusunda gördüyü bir çox materialdan ibarət heykəllə müqayisə etmişdi. O, saray əyanın başının şüşədən, saçlarının qızıldan, əllərinin qara qırdan, bədəninin gips suvaqdan, ürəyinin bir hissəsinin dəmirdən, digər hissəsinin isə palçıqdan, ayaqlarının samandan, qanının isə su və civədən ibarət olduğunu deyirdi.
 
Qəbul etməliyik ki, belə əcaib heyvanı müəyyən etmək olduqca çətin bir işdir. O, başqaları üçün tam yad olmağıyla yanaşı, özü özünü də güclə tanıyar. Bununla belə, məncə bütün şərtləri nəzərə alsaq, onu da insan növünə aid etməyimiz mümkündür. Ortada sadəcə bir fərq var; adi insanların bircə canı olduğu halda, saray əyanlarının, göründüyü kimi, qat-qat çox canları var. Doğurdan da, saray əyanı arada bir gah sırtıq olar, gah da alçaqlıq edər, ya azğın tamahkarlıq edər, ya da doymadan xəsislik edər, ifrat dərəcədə bədxərclik də edər, cəsarət də göstərər, rüsvayedici qorxaqlıq da, qaba təkkəbürlük də edər, arada bir təqdirəlayıq nəzakətlilk də nümayiş etdirər. Bir sözlə, sanki Proteus, Yanus və yaxud da yeddi sifətli Hindistan Allahıdır.
 
Nə edə bilirsə bilsin, amma ona elə gəlir ki, bütün Xalqlar məhz bu nadir heyvanlar üçün yaradılıb. Onların uzaqgörənliyi zövqlu və dadlı süfrələrinə yol açır. Hökmdar belə onlar üçün sadəcə bir iş adamlarıdır. O, öz vəzifəsini yerinə yetirdiyi zaman, işi yalnız onların ehtiyaclarını təmin etmək, fantaziyalarına cavab vermək haqda düşünməkdir. Dövlətin onlarsız keçinə bilmədiyi bu əhəmiyyətli adamlar xətrinə çalışmaqdan həddən artıq məmnunluq hissi keçirər. Hökmdar məhz onların marağına cavab verməkdən ötrü vergiləri qaldırmalı, sülh və ya savaş elan etməli, min hiyləgərlik edib öz xalqına əzəb verməli, onu soyub talamalıdır. Bunun əvəzində, qədir bilən saray əyanları Əlahəzrətin bu qayğılarını ona qulluq etməklə, ünvanına təriflər yağdırmaqla, qarşısında alçalmaqla ödəyərlər və bu zəruri mallarını padşah mərhəmətlərinə qarşı alver aparmaqda ən yüksək məharət göstərən, şübhəsiz saray üçün ən faydalı olanıdır.
 
Dəyişkən xasiyyətli filosoflar əslində saray əyanlarının bu peşəsinə alçaq, rüsvayedici, zəhərlədici kimi baxırlar. Nankor kütlə isə, Əlahəzrətin kefinin daima yerində olmasından ötrü özlərini cansıxıcı məşğuliyyətlərə həsr edən, özlərini onun şıltaqlıqlarına fəda edən, şərəflərini, vicdanlarını, dəyərlərini, abır-həyalarını və vicdan əzablarını davamlı olaraq ona qurban verən bu böyük səxavət sahiblərinə qarşı olan öhdəliklərinin tam miqyasını heç cür hiss etmir. Görəsən bu axmaqlar bütün bu qurbanların qiymətinin nə olduğunu heç anlamırlarmı? Onlar qabiliyyətli saray əyanı olmaq üçün bunun hansı qiymətə başa gəldiyi haqda heç düşünmürlərmi? Hansısa güclü ruha, dürüstlüyə nifrət edən və vicdanı ayaqlar altına atmağa adət etmiş şüurdan az da olsa qorunma hissinə sahib olan adi insanlar qəlblərində səs salan sağlam düşüncəni boğmaqda daima çətinlik çəkərlər. Belə arzuedilməz səsi qısıdaraq tam susdurmağa yenə də saray əyanı nail ola bilər. Belə nəcib səylər göstərməyə yalnız o qadirdir.
 
Əgər biz vəziyyəti bu baxımdan dəyərləndirsək, o zaman görərik ki, bütün incəsənət növləri arasında ən çətini elə yaltaqlıqdır. Bu ilahi sənət nümunəsi bəlkə də insan şüurunun əldə etdiyi ən möhtəşəm nəaliyyətidir. Təbiətcə bütün insanların qəlbində mənlik, özünə hörmət, təkəbbür və qürur hissləri məskunlaşıb və ona verilmiş bütün keyfiyyətlər arasında ən çətin ram edilənləri də məhz elə bunlardır. Ruh onu əzməyə çalışan bütün hər şeyə qarşı üsyan edir, hər dəfə bu həssas yerləri yaraladıqda, buna həmən kəskin cavab verir. Və əgər lazımi anda bu güclü hərəkətverici qüvvəyə qarşı mübarizə aparmasan, onu dəf etməsən, əzməsən, ona nəzarət etmək mümkünsüz hala çeviriləcək. Saray əyanı da buna məhz uşaqlıqdan çalışır və bizə belə coşquyla aşılanmış bütün dərslərdən şübhəsiz bu olduqca faydalı bir dərsdir. Belə vərdişlər təbiəti özünə tabe etdirmə bacarığına yiyələnmiş nadir kəslərdə müşahidə olunur və çox az canlı tapılar ki, ona belə güclü vergi verilsin. Məharətli saray əyanını digərlərindən fərqləndirən cəhət, məhz belə qəhrəmancasına apardığı bu səylərinin, döyüşlərinin və qazandığı qələbələrinin nəticəsində başa gələr və o elə bir duyğusuzluğa nail olur ki, bu onu böyük bir nüfuza, hörmətə və şan-şöhrətə aparıb çıxarar. Özü kimilər ona paxıllıq edər, qara camaat isə heyranlıq.
 
Qoy dinin cənnətə düşmək istəyənlərdən tələb etdiyi qurbanları bundan sonra yenə də göylərə qaldırsınlar! Qoy bizə insanların hörmətlə yanaşdıqları bütün nə varsa hər şeyə nifrət etməyə iddialı olan bu məğrur filosofların güclü ruhundan nəql etsinlər! Mömin və müdriklər öz eqolarına qalib gələ bilmədilər və deyəsən təkəbbür hiss möminlik fəlsəfəylə tam uyğunlaşır. Öz üzərində zəfər çalmaq və qəlbindəki hissləri üzərində tam qələbə qazanmaq imkanı yalnız və yalnız saray əyanına verilib. İdeal saray əyanı bütün insanlar arasında şübhəsiz ən çox təəccüb doğurandır. Gəlin möminlərin özlərini ilahi qüvvəyə fəda etmələri haqdakı söhbətlərə artıq son qoyaq. Əsl fədakarlıq saray əyanının öz ağasına etdiyidir. Görürsüz onun qarşısında necə əyilir. O, tam bir makinaya çevirilir, daha doğrusu o, artıq heçnədir, ağasından öz varlığını gözləyir, onun üz cizgilərindəki ifadələri təxmin etməyə çalışıraq, dərhal buna uyğun öz sifətini də dəyişir. O, yumuşaq mum kimidir, ağasının ona vermək istədiyi bütün formaları almağa hazırdır.
 
Bu fani dünyada adi adamların ruhunda mətinlik, onurğa sümüyündə, boynunda əyilməzlik var ki, bu uğursuz keyfiyyətlərin cəmləşməsi də onlara yaltaqlıq sənətində təkmilləşməyə mane olur və onların saraya doğru irəliləməsini tam mümkünsüz edir. İlan və sürünənlər sinifini aid heyvanlar uca dağ və qayaların zirvəsinə ucala bildikləri halda, ən qıvraq at heç vaxt o hündürlüyə qalxa bilmir. Saray həyatı Əlahəzrətin şıltaqlıqları, fantazıyaları qarşısında davam gətirə bilməyən, hətta onun lazım bildiyində dövlətin əminamanlığı naminə hansısa cinayətləri sövq etməyi və yaxud onları təsdiqləməyi bacarmayan bu məğrur və əyilməz şəxsiyyətlər üçün qətiyyən uyğun gəlmir.
 
Mahir saray əyanının heç vaxt şəxsi fikri olmamalıdır, onun mövqeyi yalnız ağasının və yaxud nazirin fikirlərinə uyğun gəlməlidir və bunu öncədən duyması üçün həmişə öz arifliyini yerindəcə işə salmalıdır. Bu da insan qəlbiniə dair dərin biliklərin və nöqsansız təcürbənin nümunəvi göstəricisidir. Uğurlu saray əyanı heç vaxt haqlı olmalı deyil, ağasından və ya ağasının payladığı mərhəmətlərdən daha ağıllı olmaq onun üçün tamamilə yasaqdır. O, qəti şəkildə bilməlidir ki, Əlahəzrət və vəzifəli şəxs heç vaxt yanıla bilməz. Düzgün tərbiyə görmüş saray əyanının mədəsi kifayyət qədər güclü olmalıdır ki, hökmdar tərəfindən edilən bütün təhqir və aşağılamaları həzm edə bilsin. Uşağlıq çağından öz sifət quruluşuna nəzarət etməyi elə öyrənməlidir ki, onun sifəti ürəyinin daxilindən gələn sirli hərəkətlərinə xəyanət etməsin və ya işdir birdən qəlbində təhqir hissi baş qaldırsa, qeyri-ixtiyari olaraq bundan əzab çəkdiyi üzündə aşkar edilməsin. Saray həyatında yaşaya bilməsi üçün sifətinin əzələləri üzərində tam nəzarət elə mükəmməl olmalıdır ki, ağız-burnunu büzmədən ən qanlı-tikanlı acıları belə qəbul edə bilsin. Vəziyyətə uyğun əhvalı dəyişən və yaxud da hər şeyə həssaslıqla yanaşan, qaşqabaqlı adam heç cür belə uğur qazana bilməz.
 
Doğurdan da o kəslərin ki əlində hakimiyyət olur, belələri kimisə acıladıqda həmin adamın bundan əziyyət çəkməsini və yaxud da şikayətlənməsini adətən çox pis qəbul edirlər. Saray əyanı ağasının qarşısında özünü bir növ tülkü oğurladığına görə şallaq cəzası alan gənc spartalı kimi aparmalıdır ; cəza prosesi zamanı uşaq, kürkünün altında gizlənmiş tülkünün onun qarnını didməsindən çəkdiyi ağrılarına baxmayaraq, heç çınqırtısını belə çıxartmamalıdır. Necə də möhtəşəm sənətkarlıqdır! Öz üzərində adam gör necə hökmranlıq etməlidir ki, belə dahiyana şəkildə maskalanmağı bacarsın. Bu da məhz əsl saray əyanının ilkin xüsusiyyətini təşkil edir.
 
O, dostluq adı altında dayanmadan öz rəqiblərinin başları altına yastıq qoymağı bacarmalı, ən çox nifrət etdiyi şəxslərin qarşısında məsum və mehriban bir sifət qurmalı, boğmağa hazır olduğu düşmənini nəvazişlə qucaqlamalı və nəhayyət, ən azğın yalanlarını elə uydurmalıdır ki, üzündə heç bir dəyişiklik hiss olunmasın.
Saray əyanının böyük ustalığı, onun əsas məqsədi ağasına yaxın ola biləcək qədər zəif damarını tutmaq və bununla da onun bütün şıltaq istəklərini və pis vərdişlərini öyrənməkdən ibarətdir. Yəni, mütləq onun qəlbinə açar tapmalıdır. Əlahəzrət qadınlarla əylənməyi xoşlayırsa, deməli onun üçün qadın təşkil etməlidir. İmanlı dindardısa, özü də dindar olmalı, ya da buna uyğun riyakarlıq etməlidir. Hər şeydən qorxan qəlbiqara xəsiyyətlidirsə, o zaman onun ətrafında olan kim varsa hamsına qarşı onda şübhələr oyatmalıdır. Tənbəldirsə, onunla heç vaxt iş barəsində danışmamalıdır. Bir sözlə, halına uyğun şəkildə ona qulluq göstərməli və ən əsası da onu davamlı olaraq tərifləməlidir. Əgər ağası axmağın biri olarsa, onda ona, hətta o buna layıq olmasa belə, eyni bayağı tərifləri deməkdə heçnə itirməz. Amma, işdir birdən ağlı başında və ya itibeyinli ola - bu da çox nadir hallarda olur - bax o zaman bir neçə fərqli fəndlər fikirləşməyə dəyər.
 
Saray əyanı ona kömək və ya onu narahat edə biləcək hamının qarşısında gülərüz, nəvazişli və nəzakətli olmağı öyrənməlidir. O, ancaq o kəslərə yuxarıdan aşağı baxmalıdır ki, onlara heç bir ehtiyacı olmasın. O, qarşılaşdığı hər adamın qiymətini əzbər bilməli, sarayın əsas xanımının otaq qulluqçusunu dərin ehtiramla salamlamalı, nazir qapıçısı və ya köməkçisiylə dostcasına söhbətləşməli, saray katibinin itinə sığal çəkməli və nə olursa olsun, bir anlığa belə diqqətini heç bir şeydən yayındırmamalıdır. Qısası, saray əyanının həyatı davamlı bir təlim-tədqiqat prosesidir.
 
Əsl saray əyanı özünü bir növ Arlekin kimi aparmalı, hamıyla dostluq etməyi bacarmalı, amma heç kimə bağlanmaq kimi zəiflik göstərməməlidir. Hətta dostluq və səmimiyyət üzərində zəfər çalmaqla, lazım gəldikdə bu hissləri də dəf etmək məcburiyyətində olmalıdır. Vəzifəli şəxsə qarşı bağlılıq münasibətlərinə heç vaxt son qoymamalıdır. Yalnız həmin şəxs öz vəzifəsini, səlahiyyətlərini itirdikdə, dərhal bu münasibətləri dayandırmalıdır. Çox vacib şərtlərdən biri də odur ki, işdir kimsə birdən ağanın və ya onun sevimlisinin gözündən düşsə, həmin adama dərhal və yerindəcə nifrət etmək gərəkdir.
 
İndi bundan sonra necə deyəsən ki, mükəmməl saray əyanının həyatı davamlı və uzun sürən əzablı məşquliyyətlərdən ibarət deyil. Bəs görəsən Xalqlar Əlahəzrətin qulluğunda dayanmaqdan ötrü özlərini həlak edən bu qrup adamın çəkdiyi bu əziyyətlərini qarşılamaq üçün kifayyət qədər pul ödəməyə hazırdırlarmı? Özlərini bütünlüklə ictimai xoşbəxtliyə qurban verən bu qəhrəmanların pulunu ödəmək üçün bütün xalqların xəzinələri bir yerə toplansa belə, yenə də güclə çatar. Olmazmı ki, öz vətəndaşlarının rifahı naminə məmuniyyətlə hər şeyə hazır olan bu adamlar bu dünyada heç olmasa daha yaxşı pul qazana bilsinlər, bu daha ədalətli olmazmı?
 
Öz qürurlarını, səviyyələrini, heysiyyətlərını necə səxavətlə qurban verdiklərini görəndə, deyirsən ki, əcaba rütbələrindən, doğuluşlarından təbii qürür hissi keçirən bu imtiyazlı varlıqlara necə ehtiram göstərməyəsən, necə pərəstiş etməyəsən! Bunlar, ağasının yanında hizmət edən ən axırıncı qulluqçunun gördüyü eyni vəzifələri öz Hökmdarının yanında yerinə yetirə bilmələrindən ötrü hər gün öz parlaq fədakarlıqlarını daha da çox bəsləyən deyillərmi? Bunlar Ona xatir bütün etdikləri arasında iyrənc heç bir şey görməzlər, vallah, nə deyim? Onlar Onun müqəddəs şəxsi qarşısında gördükləri ən alçaq işləriylə fəxr edərlər. Gecə-gündüz Ona faydalı olma xoşbəxtliyinə can atar, Onu gözlərindən uzaq buraxmazlar. Nazirlər Hökmdarı əyləndirdikdə, onlara güzəştə gedər, bambılıqlarını öz üzərinə götürər, düşük hərəkətlərinə həmən əl çalmağa qaçarlar. Bir sözlə, bacarıqlı saray əyanı öz vəzifə borcu ideyasına elə aludə olur ki, adi, ləyaqətli bir nökərin heç vaxt etməyə çalışmadığı hərəkətləri etmələrindən çox vaxt qeyri-adi fərəhlə danışar. İncilin ruhu təvazökarlıq və itaətdir. İnsan Oğlu bizə, kim ki özünü yuxardan aparsa, alçalacaq, demişdir. Bunun əksinə isə o qədər də əmin olmağa dəyməz. Saray adamları isə bu vəsiyyətə sözbəsöz əməl edərlər. Nə dərəcədə əyilmələrindən asılı olmayaraq, onların uzaqgörənliyi onları mükafatlandırırsa, əclaflıqları onlara gözəl idarə olunan Xalqlar tərəfindən şərəf, var-dövlət və hörmət gətirirsə, artıq qətiyyən heç nəyə təəccüb etməyə dəyməz.  
 
 
Fransız dilindən çevirən Fuad Qulubəyli
 
Kultura.az
 
 
Yuxarı