post-title

Əti seçənlər

Bir neçə ay bundan qabaq Nobel mükafatçısı Uliyam Qoldinqin "Milçəklər Kralı" pritçasını oxumuşdum.

 
Qoldinqin “Milçəklər kralı” romanında hadisələr uzaq bir adada cərayan edir. Qoldinq kimsəsiz adaya düşən 4-7 yaş arasında olan uşaqların ac qalmamaq, adadan çıxış yolu tapıb çıxmaq cəhdlərini təsvir edir. 
 
Bütün bədii ədəbiyyat əsərlərində olduğu kimi burda da xeyir və şər mübarizə aparır. Qoldinq təsvir edir ki, kiçik bir qrup olan uşaqlar qısa zamanda iki yerə bölünürlər. Xeyir qüvvələri təmsil edən Ralf, onunla mübarizə aparan isə Cek olur.
 
Ralf adaya düşən uşaqlara od əldə etməyi, qaldıqları yeri təmiz saxlamağı, odun qorunmasının vacib olduğunu söyləyir. Amma Cek bununla razı olmur. O ilk olaraq ət əldə etməyin vacib olduğunu, qalan şeylərin isə ikinci dərəcəli olduğunu deyir.
 
Bu zaman dəstədə fikir ayrılığı yaranır. Odu seçənlər bir dəstə, əti seçənlər isə ikinci dəstə olur. Və nəticədə güclü dəstə ət dalıyca gedən ovçular dəstəsi olur. Ovçular dəstəsi nəyinki ət axtarırlar, hələ Ralfın dəstəsinə hücum edir, onların sığınacaqlarını dağıdır, onlara siz meyvə yediyiniz vaxt biz burda ət yeyirik deyillər. 
 
Qorxudan və ət yeməyin, odu qoruyub saxlamaqdan daha üstün olduğunu fikirləşən bir neçə nəfər də müəyyən zamandan sonra Ralfın dəstəsindən ayrılıb, Cekin dəstəsinə qoşulur. 
 
Bu əsəri oxuyanda mən ölkəmizin hazırkı durumunu necə də gözəl təsvir olunduğunu fikirləşirdim. Eyniylə bizdə hazırda olduğu kimi kiçik bir dəstə simvolik olaraq od əldə edilməsinin, odun qorunub saxlanılmasının vacib olduğunu danışsalar da bunsuz bizə nicat yoxdur yazsalar da, amma əksəriyyət bu və ya digər səbəbdən ət axtaranların yanındadılar. Onlar gələcəkləri bir tikə ət parçasına qurban verirlər. Hələ bununla kifayətlənməyib, əsərdə olduğu kimi odu qoruyanlara hücum edirlər, onları həbsə atıb, özləri bildikləri kimi işgəncələr verilər. Bütün cəhdləri ilə odun söndürlməsini çalışırlar.
 
Ən dəhşətlisi və ağrılısı isə, zaman-zaman dəstədən ayrılıb gedən adamlar olur. Bu adamlar sakit bir küncə çəkilib öz işlərini görsələr, heç kimə fikir verməsələr, bəlkə də bu dərəcədə olmaz, amma onlar o vəşhi dəstəyə qoşulub, fundamental dəyərlər uğrunda mübarizə aparanalara lağ etmələri, onları hər cəhtə aşağılamaları adama pis təsir edir.
 
Əsərin sonu barədə isə yazmaq istəmirəm. Bir dəfə oxumuşdum ki, Amerikalılar ən böyük tərbiyəsizliyi kinoların və kitabların sonunu danışan adamlar olduğunu hesab edirlər. Bu baxımdan ümid edirəm kitabı oxuyacaqsınız. Və yaxın zamanlarda Azərbaycan cəmiyyətinin də Raf kimi çətin olsa belə odu qoruyub saxlayıb, azadlığa çıxmağını şahidlik edəcəyik.
 
Elkin Xəlilov
Kultura.az
Yuxarı