post-title

Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” romanı haqqında

Müsabiqə üçün yazı

 
- Biz Yeni mədəniyyətə yalnız 1905-ci ildən başlayırıq. Əsrlər boyu yatmışdıq. Bugün ayılmışıq. 
 - Heç bugün də ayılmamışıq, bizdə adam yoxdur, adam!
 
Bu cümlələr hansı əsərdəndir sualını hər hansı bir şəxsə versən hər kəs: əsər? Nə əsər, bu, hamının hər gün işlətdiyi cümlələrdir. 2000-ci illərdə yaşayırıq, amma yüz ildir ki, eyni cümlələri işlədirik, yüz ildir ki, bizdə adam yoxdur deyirik. Doğrudandamı bizdə adam yoxdur? Tamamilə yoxdur deyə bilmərik, çünki ən azından öz milləti  haqqında belə tənqidi fikirləri romanında canlandıra bilən Y.V.Çəmənzəminli kimi yazıçılarımız olub.  
 
Açığını deyim ki, məktəb vaxtlarında Yusif bəyin "Qan içində", "Qızlar bulağı" romanlarını oxusam da, "Studentlər" romanının adını belə eşitməmişdim. Özümün də student olmağıma baxmayaraq, bu əsər haqqında ilk dəfə elə bu müsabiqə sayəsində tanış oldum. Anladım ki, student olub "Studentlər"i oxumamaq özü də bir şey deyilmiş. İki kitabdan (birinci kitab iki hissə, ikinci kitab isə dörd hissədən) ibarət olan "Studentlər"in çox axıcı dili var, yorulmursan, oxuduqca oxumaq istəyirsən. O zamanlar Azərbaycan dilinin inkişafını türk dilində gördükləri üçün romanda tez-tez bugün türk xalqının işlətdiyi, türk dilinin olmazsa olmaz kəlimələri, əslində isə ərəb kəlimələrindən istifadə edilib: "tühaf, sıx-sıx (sık sık), zənnimcə, qaib oldu (kayb oldu), kəsdirə bilməmək və s.’’ 
Birinci kitab 1905 -ci il inqilabından sonrakı dövrü, ikinci kitab isə 1917-ci il inqilab dövrünü əhatə edir. Birinci kitabda hələ özlərini həyatda tapa bilməyən, yalandan da olsa guya inqilab üçün çox şey eləmək istəyən tələbələrin çoxunu ikinci kitabda artıq öz yerlərini tapmış, ancaq qazanc olan sahələrdə işlədiklərini, əzilmiş insan taleyi ilə heç də maraqlanmadıqlarını görürük. Bu studentlər içində sona qədər siyasi və həyati məqsədini qoruyan tək insan əlbəttə ki, baş qəhrəman Rüstəmbəydir. Baxmayaraq ki, dostları Rüstəmbəyi inqilabdan çəkinən, ortada qalan, nə bolşevik, nə də menşevik ola bilməyən, nə Turanı, nə də Müsavatı tam mənası ilə  dəstəkləyə bilməyən biri kimi görürdülər. Doğrudan da belə idi, Rüstəmbəy ortada qalmışdı. Amma bu ortalığın çox səbəbi var idi:
Vanya mеhriban səslə: 
– Rüstəmbəy, – dеdi, – mоnarxist оlmadığınızı bilirəm; biləks, çarlığa düşmənsiniz. Hürriyyəti səmimi оlaraq istəyirsiniz; kadеtlərin xətti-hərəkətləri xоşunuza gəlmir; оnların İstanbula göz dikmələri sizin sinirinizə bеlə tоxunur.. Dеməli, yоlunuz sоsialistlərlə birdir..., bоlşеviklərdən başqa həqiqi sоsialistlər varmı? 
Rüstəmbəy gülümsünərək: 
– Bunların hamısı dоğru, – dеdi. – Lakin mən məhkum millətə mənsub оlduğum üçün, fеdеrasiyadan başqa yоl tanımıram. Bоlşеviklər fеdеrasiyanı tanıyırlarsa, gеc-tеz оnlarla qоl-qоla gеdəcəyimə əmin оl. 
 
Rüstəmbəy solçu idi, özünün bəy nəslindən gəlməyinə baxmayaraq, sosyalizmin kəndliləri xilas edəcəyini düşünürdü. Amma eyni zamanda, küçələrdə mujiklərin hər yeri dağıdıb talan etməsinə də göz yuma bilmirdi. Azərbaycanı Sosializm içində azad bir dövlət kimi görmək istəyirdi ("Hər millət müqəddəratını özü həll etməli"), amma Kerenski dövlətinin buna heç vaxt imkan yaratmayacağını və azərbaycanlıların da azad olmaq üçün yetərincə elmə, biliyə sahib olmaq istəmədiklərini də bilirdi. 
Rüstəmbəy Bakıdan ümid gözlədiyi halda, Müsavat onu qane etmirdi. Çünki Müsavatın proqramında hələ də "torpağı kəndli bəydən satın alacaqmış" kimi prinsiplər var idi. 
 
Turan ideyaları ilə alışıb yanan Rüstəmbəy Qalitsiyadan Kiyevə gəldikdən sonra iki aylıq mütaliə sayəsində yenə ortada qalmağa başlamışdı: "Əvvəlcə xəyalını məşğul еdən Turan məfkurəsi indi sarsılmış, оnun düzgün və əməli оlmasından şübhə еtməyə başlamışdı. Azərbaycan məsələsini aydın təsəvvür еdə bilmirdi. Türkiyəyə ilhaq məsələsinə şiddətlə əlеyhdardı: kapitulyasyоnlarla bağlanıb yоxsulluq içində çırpınan, daim müharibələrə sürüklənən, mədəniyyətsiz, tеxnikasız Türkiyəyə dоğru mеyl еtmək оna qоrxunc görünürdü.’’ Niyə Rüstəmbəy şəxsi həyatını da insanlığa, bəşər taleyinin gözəlləşməyinə, Azərbaycanın bütöv bir dövlət olmasına qurban verdiyi halda, o ortada qalırdı, heç bir şeyi tam mənasında qəbul edə bilmirdi. O, hər ideyada ideallıq axtarırdı. Bəlkə də Rüstəmbəyin istədikləri  Cəfər, Qulu, Şirin kimilərin fonunda ideal görünürdü, əslində isə bu ideallıq deyil, bu, insan olmağı özünə borc bilən adi, yazılmamış qanunlar idi. 
 
Rüstəmbəy və qadınlar...
 
Əlbəttə ki, rus qadınlarını nəzərdə tuturam.  Çünki əsərdə sadəcə bir əsas azərbaycanlı qadın obrazı var. O da hər an yoldaşı tərəfindən aldadılan Qulamrzanın arvadı Sayad bacıdır.  O da bacı.. Nəzərinizə çatdırım ki, qadınlarımız demək olar ki, bütün dövrlərdə ana-bacı olublar. Sayad xanım təkcə Rüstəmbəy üçün yox, elə Qulamrza üçün də bacı idi. 
 
Görəsən, necə olub ki, gürcülərin, ermənilərin, rusların burnunun dibində yaşayan Azərbaycan qadınları bu qədər geri qala bilmişlər, bu qədər "bacı" ola bilmişlər. Nə qədər şablon olsa da deyəcəm ki, bunun ilk səbəbkarı kişilərimizdir. Bu, bir az da mərhum kinooperatorumuz Ələkbər Muradovdan eşitdiyim bir əhvalata bənzədi: Səttar Bəhulzadənin Moskvada sərgisi olanda orada bir rus sənətşünası belə bir cümlə işlədib: "Siz çox dahi bir xalqsınız ki, 30 il bu sənətkarı bizdən gizlədə bilmisiniz". Hə Azərbaycan kişisi də çox böyük qüvvədir ki, yüz illərdir, Azərbaycan qadınını bütün millətlərdən gizlədə bilib. Yaxşı gizlədib, deyəsən elə işi-gücü bundan ibarət olub. Elə gizlədib ki, qadınlarımız illərdir ki, özləri özlərini tapa bilmirlər. Kişisi müsəlman və eyni zamanda təhsilsiz olan millətin qadını əlbəttə ki, sözün əsl mənasında xanım adı qazana bilməyəcək. Hələ Qulamrza sağ olsun ki, arvadına əlifbanı öyrədir.
 
 İkinci səbəbkar isə əlbəttə ki, Sayad bacılarımızın özləridir. Azərbaycan qadını yoldaşı ilə həddindən artıq səmimidir, həddindən artıq dostdur. Ərinə o qədər yaxındır ki, Azərbaycan qadınının sirri, macərası, keçmişi yoxdur. Sirri olmayan qadın isə kişiyə ancaq bacı qədər yaxın ola bilir. Azərbaycan qadının ilk edəcəyi şey kişisindən bacara bildiyi qədər sirr saxlamağı öyrənməkdir. Bunsuz bizim qadınlar gözəl olsalar belə Zina qədər işvəkar, Tatyana qədər əyləncəli, cilvəli görünə bilməz, Musya qədər öz ölüm yalanı ilə kişini dalıyca ta məmləkətinə qədər sürüyə bilməz. Elə əsərdə Rüstəmbəy özü məclislərin birində bu acı həqiqətdən, rus qadınının möhtəşəmliyindən danışır. Bu cür fikirlərinə baxmayaraq, Rüstəmbəyin dostlarından fərqli olaraq, şəxsi həyatında qadın  varlığı mövcud deyildi. O belə həyatı ikili həyat adlandırırdı. Onun düşüncələrinə görə milli hərəkatı yaratmamış aşiq olmamalı, ailə qurmamalıdır. Sofya Sergeyevnanın dərdindən divanə olsa da, özünü sona qədər saxlamağı bacarır, Sofya xanımdan uzaqlaşmaq üçün onun sahiblik etdiyi evdə kirayənişinlikdən də imtina edir. Düzdür Sofya Sergeyevnanın yoldaşı var idi. Amma bəs Musya? İkinci kitabda Yusif bəy Rüstəmbəy və Musya sevgisi vasitəsilə bizə birincidən qaçış səbəbinin sadəcə bir bəhanə olduğunu açıqlayır. O Musyanı sevir, hətta onu gördüyündə özünü itirmək dərəcəsinə gəlir, ürəyi şiddətlə atmağa başlayır. Amma bu hisslərinin də qarşısını almağı bacarır. Çünki onun üçün birinci növbədə milli məsələdir. Aşiq olar və birdən milli məsələləri unudar: – Musya, Siz məni tühaf bir adam zənn еdirsiniz. Halbuki mən iki yоl ayrıcında qalmış bir zavallıyam – bir zamanda yоlun ikisi ilə də gеtmək mümkün dеyil.
 
Musya sona qədər öz eşqi uğrunda mübarizə aparsa da, Rüstəmbəy də sona qədər hisslərinin ağlı üzərində qələbə çalmasına imkan vermir. Hətta Musya özünü intihar etdiyi haqqında yalan məktub göndərsə də, Rüstəmbəy də çox böyük peşmanlıq hissi keçirib, onun məzarını ziyarət etmək niyyətilə yaşadığı məmləkətə getsə belə, Musyanı sağ-salamat gördükdən sonra onun yanında qalmır: ‘’Qatar tərpəndi. Rüstəmbəy pеşman çöhrə ilə baş əydi və ayrıldığına sеvindi...’’ 
 
Rüstəmbəy və Din
 
Əli ilə söhbətində Rüstəmbəyin düşüncələri: "Amеrikanın yеni dinə еhtiyacı yоxdur. Amеrikanın dini sənayе və ticarətdən ibarətdir. Amеrikada xalq о qədər işə məşğuldur ki, başlarını qaşımağa bеlə macalları yоxdur. Din axtarmaq işsizlik əlamətidir. Din və məzhəb icadı şərqlilərin inhisarındadır. Ömrümüzü о qədər işsizliklə, xəyal və mövhumatla kеçiririk ki".
 
 İndi bu söhbəti kimə desən başlayacaq nağıl danışmağa: "Düzdür, Rüstəmbəy dürüst, həqiqətsevər insandır, amma dinimiz haqqında düşüncələri yalnışdır.  Bəs o vaxt yazıçılarımızı məcbur edirmişlər müsəlman dinini pis qələmə versinlər". Bu fikirləri eşidəndə dəhşətə gəlməmək olmur. Yəni yazıçılarımız bu gənclik üçün özlərini oda atmışdılar? Bu gənclik üçün qurban olmuşdular? Rüstəmbəy təkcə islam dinini nəzərdə tutmur, bütün dinlər haqqında eyni fikirdədir. Ona görə də artıq tərgidin bu cür səbəbsiz yanaşmaları. Kişi öz dili ilə deyir ki: "Dinlər arasında fərqlilik görmürəm, dinlərin hamısı tərəqqiyə ziddir". 
 
"Studentlər"də məni cəlb edən cəhət əsəri oxuyarkən yazıçının "mən yazıçıyam" deməməsi idi. O sanki oxucusuna sənin yazıçın falan deyiləm, həmsöhbətinəm, oturmuşuq, hara tələsirsən bir az söhbət edək sonra gedərsən deyirdi. Bu cəhəti nəzərə alsaq əsərin səmimi yazıldığı qənaətinə gəlirəm. Bəlkə də buna görə Çəmənzəminli romanına çox cazibədar isim verməkdən qaçıb. Simvolik heç nə yoxdur. Adı nədirsə içi də odur. Sizə Amerika açmaq fikrim yoxdur deyir yazıçı bizə. Rüstəmbəyin həqiqi mübarizəsi Qulu, Cəfər, Şirin kimi studentlər üçün elə Amerika açmaq kimi bir şeydir. Yazıçının oxucusuna səmimi yanaşması insanı əsərin gündəlik oxucusuna çevirə bilir. Hər gün otuz səhifə oxu bəsdir sənə. Gündəlik qida. Bu nə Afrikadan gələn ananas deyil, nə də yapon suşisi. Adi gündəlik qidalardandır. Amma bunsuz yasaya bilməyəcəyimiz qidalardan… Düşünürəm ki, hər bir azərbaycanlı gəncin "Studentlər"i oxuyub 344 səhifə boyunca Rüstəmbəy kimi student olmağa çox böyük ehtiyacı var.
 
Cahan Azər
 
Kultura.az
Yuxarı