post-title

“Avropa arzusu”nun qiyməti neçəyədir?

Birbaşa tekstlə. Ukrayna XİN-in keçmiş nazirinin Amerikaya və AB-yə “Qeyri-diplomatik məktubu”

 
 
2007-2009-cu illərdə Ukraynanın xarici işlər naziri vəzifəsini tutmuş Vladimir Oqrızko özünün “Ukrainskaya pravda” bloqundan ABŞ və AB rəhbərliyinə müraciət ünvanlamışdır. O, yazısını müraciət etdiyi adamların anlayacağı dildə yazmışdır. “MediaPort” belə hesab etdi ki, bu “məktubu” təkcə xaricilər oxumalı deyil və Vladimir Oqrızkonun “qaynar” bloqunu tərcümə edib yayınlamışdır.
 
ABŞ və AB – nin hələ fəaliyyət göstərməyə qabil ola bilən liderlərinə müraciət!
 
Artıq üç aya yaxındır ki, Ukrayna xalqı özünün azadlıq, demokratiya və şəxsi ləyaqət hüququnu qorumaq üçün mübarizə aparır. Bu gün mübarizə yenə də qan axıdılmasına gətirib çıxardı. Hakim rejim repressiyaları gücləndirir. Gərginlik son həddə çatıb. Xalqın qəzəbinin yeni, daha şiddətli partlayışı mümkündür. Nəticə isə gözlənilməz ola bilər.
 
Bu şəraitdə Rusiyanın siyasi təzyiqi, iqtisadi şantajı və Ukrayna xalqı ilə mübarizədə muzdlu döyüşçülərin birbaşa iştirakı baxımından AB və ABŞ-ın “qarışmama siyasəti” açıq-aydın satqınlıq kimi görünür. 
 
Sizin hökumətləriniz düzgün deklarasiyalar qəbul ediblər. Sizin siyasətçiləriniz çox gözəl bəyanatlar verirlər. Ancaq bizim hakimiyyət və Kreml üçün bütün bunlar – mənasız söz yığınıdır. Onlar ancaq real gücün və təsirin dilini başa düşürlər. 
 
Belə bir şəraitdə sizin fəaliyyətsizliyiniz onların əl-qolunu açır. Onlar kompromisə getməyə hazırlaşmırlar. Onlar ukraynalılara əzab verməyə davam edəcəklər.
 
Ancaq, bəlkə siz məhz buna can atırsınız?
 
Bəs nə üçün siz tələbələri döyməyə, diktatura qanunlarına səs verməyə, dinc nümayişçilərə atəş açmağa, Ukraynada Avropa dəyərlərini müdafiə edənlərə təzyiq göstərməyə və əzab verməyə əmr edənlərə qarşı minimum məqsədyönlü sanksiyalar tətbiq etmirsiniz?
 
Bəlkə sizin artıq başqa dəyərləriniz var?
 
Bəlkə siz Ukrayna üzərində protektoratı Moskvaya vermək üçün onlarla gizli anlaşmaya gəlmisiniz? Əgər belədirsə, siz bilməlisiniz: belə olmayacaq. Bunun əvəzində siz Avropada elə bir yeni təhlükə mənbəyi qazanacaqsınız ki, onunla müqayisədə keçmiş Yuqoslaviya önəmsiz bir xırdaçılıq kimi görünəcək. Siz ukraynalıların nəyə qadir olduğunu heç təsəvvürünüzə də gətirə bilməzsiniz!
 
Burada yalnız iki nəticə hasil ola bilər: Avropa arzusunun real çöküşü və sonucda sizin özünüzü də məhv etməyə qadir yeni, dəhşətli Şərqi-Asiya imperiyasının yaranması. 
 
Ayılın!
 
1932-1933-cü illərdə Rusiyanın törətdiyi genosid – Qolodomora görə Ukrayna xalqının qarşısındakı mənəvi məsuliyyətiniz haqqında düşünün – o zaman sizin əcdadlarınız baş verənləri tam anlamaqlarına rəğmən susmuşdular. İkinci dünya müharibəsi zamanı Ukrayna xalqının verdiyi milyonlarla qurbanlar haqqında düşünün – o zaman iki tiran iki dəfə Ukrayna torpağını yandırsa da, sizin siyasətçilər “çox qəribə bir tərzdə” kommunizmi mühakimə edib cəzalandırmağı unutmuşdular. 80-ci illərin sonlarında Şərqdən gələn təhlükəyə qarşı mübarizə aparmaq arzunuz olmadığından sizin siyasətçilərin bizi yeni Rusiya İmperiyası tərkibində saxlamaq çağırışları haqqında düşünün. 
 
Bu rolda özünüzü necə hiss edirsiniz?
 
Ukraynalılar bir daha susmayacaqlar. Sizin üçün nə qədər acı olsa da biz həqiqəti söyləyəcəyik.  Bəlkə bu sizin mürgüləyən vicdanınızı oyadar. Sizin fəaliyyətiniz, və yaxud fəaliyyətsizliyiniz bizə sübut edəcək ki,  ya sizin uğrunda mübarizə apara biləcəyiniz gerçək dəyərləriniz var, ya da bu başdan ayağa yalan və əxlaqsızlıq imiş. 
 
Bu gün “Avropa arzusu”nun qiyməti neçəyədir? Bəlkə biz bunu Kremldən soruşmalıyıq?
 
Bəlkə indi siz anlayarsınız ki, hərəkətə keçməyin zamanı gəlib!
 
Tərcümə etdi:
Fərhad Yalquzaq
 
Kultura.az
 
 
 
 
Yuxarı