post-title

“Nereye bakıyor şu adamlar?”

Nağıllardakı sehrli güzgünü hamı xatırlayır. Sehrli güzgünün müasir versiyası – televizor isə təxminən qırx-əlli il əvvəl həyatımıza icazəsiz daxil olub və o gün bu gündür ki, evimizdəki ən vacib məişət əşyalarından biridir; türk abilərimiz (və də ablalarımız) demişkən evin “olmazsa olmaz”larındandır. Televizorsuz bir günümüz yox.

 
 
Özümüzü intellektual göstərmək üçün hər nə qədər boynumuza almaq istəməsək də, hamımız az da olsa televizora baxırıq. Nə qədər “kitab oxumaq televizora baxmaqdan daha yaxşı və daha xeyirlidir” deyilsə də, televizor əleyhinə, kitab lehinə təbliğat aparsalar da, televizora olan  maraq kitaba olan maraqdan daha çoxdur. Şəxsən mən mütəmadi xəbərlərə baxıram. Bu yaxında özümdə təzə vərdiş də kəşf etmişəm; sən demə, televizora baxdıqca aparıcıların buraxdığı cümlə səhvlərini öz-özlüyümdə düzəldirmişəm. Ana dilimizi mükəmməl bilməsəm də, hər halda, üzünə baxan kimi ali məktəbi pulla qurtardığı bilinən və ağzını açmağıyla bu faktı yüzdə-yüz təsdiqləyən aparıcıcığazların səhvlərini düzəltməyə savadım çatır. Əslində qınağın yarısı aparıcıların, yarısı da bizim görmədiyimiz, rus "starşiy brat"larımızın (və də "sestra"larımızın) sözü olmasın, “za kulisom” fəaliyyət göstərən redaktorcığazların payına düşür. Redaktə etdikləri mətndən onların da universiteti pulla qurtardığı bəllidir. Vaxtınızı çox almamaq şərtiylə bir neçə misal çəkim:
 
Kriminal verilişlərdən birində aparıcı: “Dünən Bakıda zoomağazadan papuqay oğurlanıb”. Ölkənin ən reytinqli kriminal verilişinin redaktoru və aparıcısı “papuqay”ın azərbaycanca “tutuquşu” olduğunu bilmirmi əcəba? Yenə həmin verilişin başqa buraxılışından anons: “Yataqxanada yanğın. İki nəfərin tüstüdən zəhərləndi”. Başqa kanalın xəbərlərindən: “Pəncərədən səs-küy səsi gəlirdi”. Yenə türk abilərin (və də ablaların) ətəyindən yapışım: Bu nə cümlələr ya?! Beşcə dəqiqə diqqətlə televizora baxın, yazdıqlarımdan betərlərini eşidəcəksiniz. Əlqərəz, biabırçılıqdır. Televizor orta məktəbi normal qiymətlərlə qurtaran adamlar üçün əsəb mənbəyidir.
 
Yazının adına gəlincə, bu, komediya janrında çəilmiş “yeşilçam” filmlərindən birinin adıdır. Hər dəfə aparıcıcığazların bu əttökən danışığını eşidəndə öz-özümdən “bu adamlar hara baxır?” deyə soruşuram və həmin dəqiqə bu filmin adı adıma düşür. Redaktədən sonra mətndə bu cür kobud səhvlər saxlayan redaktorcığazlara “redaktor” deməyə dilim gəlmədiyi üçün eləcə adam yazdım. Həqiqətən də maraqlıdır, nereye bakıyor şu adamlar?!
 
Həmid Piriyev
 
Kultura.az
 
Yuxarı