post-title

"Studentlər" əsəri haqda məqalə

Məqalə müsabiqə üçün təqdim olunur.

 
 
“-Bildir əlimə Məkkəyə gedən bir-iki tatar keçmişdi. Bilirsiz kefim necə kök idi?! Eh! Nə vaxtlar vardı". Studentlər inqilab salıb aləmi dağıtdılar.
 
Kimlər idi bu studentlər? Əcəba onların dövründəki student bugünkü tələbədən çoxmu fərqlənirdi? Bəs necə oldu ki, bu əhalinin kiçik bir qismini təşkil edən gənclik inqilab etdi?
 
Məntiqlə düşünəndə 100 il öncə elm və texnikanın indiki qədər inkişaf etmədiyindən dolayı (məsələn, kimləsə əlaqə yaratmaq bir zəng, ya mesajla yox, həmin şəxsin evinə getməklə; hansısa mövzu haqda sualın varsa, o sözü yazıb axtarışa verməklə deyil, kitabxanaya gedib bu haqda məlumat olan kitabı tapıb oxumaqla gerçəkləşib), bu həyatı  boz və köhnədən qalmış hesab edirdim və sanki süjet xəttini əvvəldən bilirmiş kimi özündənrazı şəkildə oxumağa başladım. İlk zaman zənnim məni yanıltmadı. Rüstəmbəy adlı student Kiyevdə ev tutur, dostuyla görüşür, ev sahibləriylə tanış olur və s. Sonradan  get-gedə obrazlar artdı, bu obrazlardan bəziləri haqda məlumatın verilməməsi, bəzən gec verilməsi, bəzən obrazı "filan sözü deyən kəs" kimi yadda saxlamağım məni yordu. Daha sonra  buna anlamadığım siyasi və iqtisadi söhbətlər qoşuldu və bir növ "mən siyasətə qarışmıram" prinsipiylə bu söhbətləri yola verməyə çalışdım. Və nəhayət elə bir an yetişdi və  anladım ki, başa düşdüyüm qisim əsərdə ancaq bədii örtük rolunu oynayır, hansı ki, bu örtüyün  altında dərin ideologiya yatır. Özümü bir anlıq müasir gəncliyə bənzətdim: qarşısına çıxan və bilvasitə onunla əlaqəli siyasi iqtisadi söhbətlərdən yayındığı halda  birinin eşq macərası, yaxud dini məzhəblər mövzu olunca həvəslə söhbətə qoşulan yaxud tariximizi bilib-bilmədən "filan dövlət dostumuzdur, filan düşmənimizdir" deyib məlumatsızlığını ört-basdır edən gəncliyə… Kitabı bir kənara qoyub həmin dövrün tarixiylə bağlı bəzi məlumatlar topladım. Və bu məlumatları əsərdə cərəyan edən hadisələrlə sintez edib sizə çatdırmağa çalışacam.
 
Ümumilikdə əsərdə hadisələr inqilab fonunda cərəyan edir və studentlərin gündəlik həyatı, kənar fəaliyyətləri , təşkil etdikləri tədbirlər, siyasi, dini mənsubiyyətləri, həbslər, rus həyatı, sevgi macəraları və s. yerini almışdır.
 
Əsər  Qafqazdan  Ukraynaya oxumaq məqsədilə gəlmiş tələbələrin həyat və fəaliyyətlərindən bəhs edir. Studentlərin çox hissəsi bəy və tacir ailələrinə məxsus olsa da, aralarında Səlman kimi səyyar bərbər, Həsən kimi mirzə ailəsindən çıxanlar, Əli kimi ailəsiz qalan və Bəhram kimi ailəsindən heç bir kömək görməyənlər də vardı. Buna rəğmən, onlar ehtiyaclarını müxtəlif üsullarla səfirlikdə işləməklə, kiçik ticarətlə, mirzəliklə qarşılayırdılar. Bəhram adlı student hətta kilim təmizlər, yamayar, başqalarının yerinə imtahana girməklə də pul qazanardı. Bir sözlə bizim bu studentlər çox fərasətliydi.
 
Qafqaz studentləri Kiyevdə zemlyaçestvo yaratmışdılar. Zemlyaçestvonun özünün büdcəsi vardı və bu büdcə vaxtaşırı üzvlərdən pul yığmaqla formalaşırdı. Büdcədəki maliyyə vəsaitinin əsas hissəsi  zemlyçestvo kitabxanasına, digər hissəsi türkcə gecə kursu, nəşriyyat və məruzə heyəti, müsamirələrə sərf olunurdu.
 
Studentlərlə aramızda 100 il fərq olmasına rəğmən, onların gündəlik həyatları daha rəngərəng idi. Belə ki, gündüzü darülfun və yeməkxanada keçirən bu tələbələr gecələr bir-birlərini ziyarət edər, aldıqları xəbər və məlumatları bir-birləriylə bölüşər cəmiyyət və siyasət barədə söhbətlər edərdilər. Hətta zarafatlarından belə dünyagörüş yağırdı. Məsələn, studentlər yoldaşları İskəndəri "Allah" ləqəbiylə çağırırlar. İskəndər evləndikdən sonra "Allah da heç evlərmi?" sualına İskəndər belə cavab verir ki, "mən yunan Allahıyam, yunan Allahının əlindən hər kələkbazlıq gələr".
 
Studentlər oxuduqlarını, eşitdiklərini və yaşayıb gördüklərini analiz-sintez edib müxtəlif siyasi cərəyanlara tərəfdaşlıq edirlər və maddi durumlarından asılı olmayaraq, hamısı çar hökümətinin əleyhinədir. Həmin dövrdə çar höküməti əleyhinə müxtəlif qüvvələr fəaliyyət göstərirdi. Məsələn, bolşevik, menşevik, eser, demokrat… “çar hökümətini yıxdıqdan sonra ölkə necə və hansı yollarla idarə olunacaq?” sualına da bu qüvvələrin hərəsinin özünəməxsus cavabı vardı. Əsəri oxuyarkən mən anladım ki, bizdə müxalifət ancaq formal olaraq mövcuddur. Belə ki, məndən və əminəm çox vətəndaşdan Müsavatla AXCP-nin fərqi soruşulsa, idarə heyətindən başqa fərqli xüsusiyyət göstərə bilmərik. Günah da belə hesab edirəm elə idarə heyətlərindədir. Bu cür  əsaslandırıram ki, hansımız prezident olsaq, ölkəni yaxşı idarə etmək istərik, amma bunu hansı siyasət, hansı yollarla edərdik, xarici və daxili sabitliyi necə təmin edərdik, bu suallara bugünkü müxalifət cavab verməlidir, əgər cavabları səsləndiriləcək qədər qısa deyilsə, yaxud seçkiqabağı fikirlərini çatdırmağa az vaxt ayrılırsa, kitab yazmalıdırlar. İndi 100 il əvvəl deyil ki, rus da , ingilis də, alman da bizlə eyni dərddə olub bizə Marks, Engels, Lenin, Plexanov, Kautski kimi inqilabi kitablar yazsınlar. İndi Rüstəmbəyin sözü olmasın, hər xalq müqəddəratını özü həll etməlidir.
 
Əsərdə inqilab xətti təxmini belədir: Həsənin atasının Həsənin masasından risalələr tapmasından belə məlum olur ki, təbliğat hələ realni məktəblərdən başlanıb və məqsəd inqilaba hazır nəsil yetişdirmək olub. Studentlik dövründə artıq kitablara keçirlər və mümkün qədər çox adamı siyasi partiya ətrafında cəmləməyə çalışır. Kiçik inqilablar çar hökümətinin nisbətən güzəştə getmeyə vadar etsə də, 1917-ci ilin aprelində aclıq, qıtlıq, həyat səviyyəsinin aşağı olmasından cana doyan  xalq çar rejimini devirir. Avam və naşı rus mujikləri küçələrə axışıb hər şeyi məhv edirlər, neçə insanı güllələyirlər və s. Çar devrildi deyə sevinən Rüstəmbəy, anlayır ki, xalq inqilaba hazır xalq deyil. Həmişə yuxarı təbəqənin əlaltısı olan mujiklərin birdən azadlığa çıxması, illərlə zəncirli qalmış köpəyin qəfil açılmasını xatırladır. Müvəqqəti olaraq Kerenski hakimiyyətə gəlir, amma ölkədaxili vəziyyət düzəlmir, əksinə bu hərc-mərclikdən istifadə edərək, xarici ölkələr də qoşun yeridir.
 
Nəticədə bir hərbi yaxud proletar diktatora ehtiyac yaranır. Rüstəmbəyin isə istədiyi o idi ki, milləti digər türk xalqlarəyla birləşib vahid və müstəqil Turan yaratsın. Komitə çağırır, amma bu komitə üzvləri yəni bir neçə il sonrakı studentlər onlar qədər zirək olmur və bu Rüstəmbəydə naümidlik yaradır. Sentyabrda xalqlar qurultayı təşkil edir, Turan məfkurəsini ortaya atır amma yaxın duran olmur. Gec-tez Rüstəmbəyin özü də anlayır ki, mövhum Turanla real türk xalqları arasında nə qədər uçurum var və xəyalları suya düşür. Səbəb isə passiv gənclik, xalqların özünüinkişaf səviyyəsinin aşağı olması, mətbuat qıtlığı ümumilikdə cahillik idi. Bolşeviklərin Ukraynaya hücumu isə son nöqtəni qoyur.
 
Rüstəmbəy təbiət etibarilə ziddiyyətli adamdır. Öncələr dindar olmuş, sonra öyrəndiyi elmlə din arasında ziddiyyətdən dolayı digər dinləri öyrənir və hər birində müəyyən əksiklik tapır. Halbuki kitab oxurkən səhv yox, düzlər axtarılmalıdır. İnsan övladının oxuduğu, eşitdiyi gördüyü nə varsa, onun tərəqqisinə yönəlməlidir. İstər bu Quran olsun, istər Freyd, istər Tövrat, istər Ştraus, istər yaranışa dini gözlə bax, istər təkamüli hər iki halda həyat mübarizədir və bu mübarizədə güclülər qalib gəlir. Güclü olmaq isə tərəqqi nəticəsində mümkündür.
 
Əsərdə türk tələbələrinin Ukraynada fəaliyyətləri içərisində müsamirə xüsusi qeyd olunur. Musamirə müxtəlif Şərq xalqlarının adət və ənənələrinin təbliği məqsədilə təşkil olunur. Müsamirədə Qafqaz xalqlarının geyim, musiqi və rəqs sənətləri, dulusçuluq və mətbəx nümunələri, hərəmxanaları səhnəciklər şəklində nümayiş olunur. İkinci ili müsamirənin bir qədər gecikməyini bəhanə  edən Qulu, Teymurbəy kimi obrazlar zemlaçestvonu öz əllərində cəmləməyə çalışırlar. Əsərin ikinci hissəsində Qulu Rüstəmbəyin əl qoyduğu digər bir cəmləşməni- Xalqlar qurultayını öz tərəfinə keçirmək istəyir. Qulunun məqsədi əvvəl zemlyaçestvonun büdcəsini ələ keçirmək idi. Bu məqsədlə özünü vətənpərvər, milliyyətçi göstərir, bununla ətrafdakıların rəğbətini qazanmağa çalışırdı. Məhz bu ələalma qabliyyəti sayəsində bir tacir ona etibar edərək malını tapşırıb gedir və qayıdarkən malını müsadirə olunmuş görür, Qulu isə özünü elə aparır, sanki bu adamı birinci dəfədir görür. 1917-ci ildə Xalqlar Qurultayında isə büdcəsinin olmağını düşünərək  bu  toplumu da ələ almaq üçün dəridən-qabıqdan çıxır. Dində belə bir anlayış var qəlb gözü bağlı olmaq. Bu ifadəni heç bir digər ateist studentə deyil, məhz Quluya aid edərdim. Çünki onun varlığı, qəlbi heç bir mənəvi anlam kəsb etmir. Belələrinə nifrətdən çox acımaq lazımdır.
 
Əsərdə azərbaycanlı qadınların savadsızlığı kəskin qabardılıb, bu üzdən bu mövzuda bir qədər dayanmağa ehtiyac görürəm. Tələbələrin "millət qızı" Fatma xanımın görüşünə getdikləri səhnədə bir qədər sevindim ki, axırki bir nəfər də olsa, xanim azərbaycanlı student var və kitabın arxasında müvafiq qeydə baxarkən Fatma xanımın Ufalı olduğu məlum oldu. Azərbaycan xanımını isə Qulamrzanın zövcəsi Sayadın timsalında görürük. Təhsilsiz və bu üzdən aciz olan bu xanım əsərin sonuna doğru özünüinkişaf sayəsində ətrafındakı ali-siyasi mühitə uyğunlaşır. Bu üzdən o dövr üçün bu nigahı uğurlu hesab etmək olarsa da bu dövrdə özünü doğrultmur. Çünki Sayad xanım kitabın nə olduğunu bilmədən köçmüşdü, amma indiki dövrdə kitab nədir bilsələr də, xanımlarımız üçün mental  qəliblər daha önəmlidir və  sıxma-boğma ilə ruhlarını bu qəliblərə sığışdırmaqla məşğuldurlar.
 
Rüstəmbəy və Sofya xanımın münasibətinə gəlincə, bu mövzuda Rüstəmbəyi Qulamrzayla müqayisə etməyə ehtiyac duyuram. Belə ki, digər student Qulamrza da ev sahibinin xanımıyla yatır və bir gün çarpayının altında gizlənən ev sahibi üzə çıxaraq arvadına bir bıçaq vurur, Qulamrzaya da vurmaq istədikdə Qulamrza mətbəxə qaçıb dəhrəni götürüb ev sahibinə hücum çəkir və ev sahibi qorxub qaçır. Ev də, mülk də, arvad da Qulamrzaya qalır. Eyni hadisə Rüstəmbəyin başına gəlsəydi, Rüstəmbəy utancından şəhəri tərk edərdi. Yəni bu insan özündə günah hiss edirdi, çünki, bu  insanda vicdan vardı. Bir sözlə Rüstəmbəy nə qədər kobud səslənsə də, azadlıqla əxlaqsızlıq arasında sərhədi müəyyən etmişdi. Sonunda ürəyi ilə vicdanının mübarizəsində  vicdanı qalib gəlir və Rüstəmbəy o evi tərk edir. Deyəcəksiz elə vicdanlıydısa, ümumiyyətlə, Sofyayla münasibət qurmazdı. Amma bu lazım idi, yəni insan öz mənəvi  sərhədini müəyyən edənə qədər həyatda çox şeyi sınayır, eyni zamanda günahları da. Bir sözlə bu günahlar sonradan onları təkrar etməməkçün lazım olur, necə ki, Musya məsələsində lazım oldu. Musya Sofyadan fərqli olaraq, taleyin daha amansız, daha hiyləgər sınağı idi. Musya Rüstəmbəyi ələ almaqçün hər vasitəyə əl atır, hətta özünu ölümə vurur. Rüstəmbəy Musyayla son mənzildə vidalaşmağa gəldikdə Musyanı sağ görür, sevinir və çox keçmir ki, bu peşmançılıq hissiylə əvəzlənir. Musya isə öz aləmində Rüstəmbəyin  onu bir daha buraxmayacağını düşünur və yanılır. Musya bilməliydi ki, hədəylə qaytardığı cisim bir  ruha məxsusdur. Vay o hala ki, bu ruh bir inqilabçı studentin ruhu ola!
 
 
Manafova Şahanə 
 
Kultura.az
Yuxarı