post-title

“Studentlər” – bir xalqın formalaşma prosesi bir gəncin timsalında

Yusif Vəzirin əsas qəhrəmanı da, romanı da öz cismi və ruhu ilə paralel inkişaf edib, gərgin və rəngarəng mübarizə yolu keçib

 
Yaxın günlərdə yazar dostum Könül Səiddən xahiş etmişdim ki, oxuyub bitirdiyi “Adım anonim qalsın” kitabı ilə bağlı tənqid və təhlil xarakterli bir yazı hazırlasın. Onun isə cavabı belə oldu: “Henrix Heyne deyirdi ki, əsəri oxuyarkən tənqidçinin gözləri dolursa, onun səmimi tənqid edəcəyi şübhə doğurur”. Dəqiq sitat gətirdiyimə əmin deyiləm, amma onun bu sözlərindən sonra xahişimdə inad etmədim. 
 
Nə öz kiçik nəsr toplumu nəhəng “Studentlər” romanı ilə, nə də özümü Yusif Vəzirlə müqayisə etmək fikrində deyiləm. Bu, absurd olardı. Lakin çalışacam ki, mümkün qədər təəssüratımı yox, müşahidələrimi yazım. Oxuculardan da xahiş edirəm ki, yazımda tənqid-tərif, qınaq-dəstək görmədikdə məni bağışlasın.
 
Gəncliyində hekayələr müəllifi kimi tanınan Yusif Vəzir əksər kiçik nəsr əsərlərində olduğu kimi, “İki od arasında”, “Qızlar bulağı” və “Studentlər romanında da bir neçə vacib məsələyə diqqəti çəkib. Aydınlanma, maariflənmə, savadlanıb təhsildə yüksəlmə, mövhumatdan imtina, ailədə və cəmiyyətdə ziyalı kimliyin formalaşması və nəhayət, qəbilələ və klanlardan bütöv xalqa doğru bir prosesin tərənnümü. Yusif Vəzirin daha çox liberal və ya daha çox milliyətçi olması ilə bağlı baş sındırmadım, heç oxuculara da məsləhət görmürəm. Hətta dinlərə münasibətini və ateist, deist, yoxsa teist olmasını da qızğın müzakirə etməyin tərəfdarı deyiləm. Demək olar ki, bütün əsərlərində yazıçı xalq və cəmiyyətin formalaşması məsələsinə diqqəti çəkir, yaradıcılığının nüvəsində məhz bu problemi qoyur – kütlənin xalqa çevrilməsi yolunda üzləşdiyi çətinliklər və mənfi hallar. 
 
“Studentlər” romanını oxuyarkən, aydın görmək mümkündür: Yusif Vəzirin əsas qəhrəmanı da, romanı da öz cismi və ruhu ilə paralel inkişaf edib, müəlliflə bərabər gərgin və rəngarəng mübarizə yolu keçib. 
 
Çəmənzəminlinin bu romana xatirat qeydləri kimi başlaması və ya hansısa xatirələrin təsiri altında əsər yazması şəxsən məndə şübhə doğurmur. Əlbəttə ki, öz tələbəliyinin keçdiyi Ukrayna ona daha yaxın olub, gördüyü və eşitdiyi olaylar, düşdüyü situasiyalar onun təxəyyülünə təfəkkür qatıb.
 
Digər tərəfdən, bu əsərə müəllif tərəfdən ya məcburən (Sovet senzurasının təsiri ilə), ya da daxili təşəbbüsü ilə (köhnə əsərə qayıdıb tez-tez redaktələr edən hər bir yazıçıda olduğu kimi) bəzi əlavələr və düşəlişlər edilib. Nəticədə, əsərdə Müsavat Partiyası, kommunizm amili və beynəlmiləçilik məsələləri ilə bağlı fikirlər bəzən dalğavari xətt ilə, bəzən də ziddiyyətli şəkildə bir-birini izləyir. 
 
Məhz buna görə də, əsəri tam mənada fundamental və ideoloji bir əsər adlandırmaq yanlış olardı. Eyni zamanda, Rüstəmbəy obrazı müəllifə yaxındır və onu xatırladır deyə, onun fikirlərini də qəti olaraq yazar mövqeyi kimi dəyərləndirmək istəməzdim. Əsərlər iri və ya xırda olmasından asılı olmayaraq, müəyyən zaman kəsiyində ərsəyə gəlir və nəzərə almaq lazımdır ki, müəllif hansısa obrazı və xarakteri təsvir etməklə, onun dilindən danışmaqla eləcə təbliğat aparmaq yox, sadəcə bir faciəni canlandırmaq məqsədi də güdə bilər. 
 
Lakin istənilən halda, Rüstəmbəyin ömründən bir neçə ili əhatə edən romanda hadisələrin inkişafı, əsas qəhrəmanın ideyaları və şəxsiyyətinin tam formalaşması bir proses olaraq yazıçı tərəfindən bədii ustalıqla təsvir edilib. 
 
Günümüzdə saqqız kimi çeynənmiş “Azərbaycanı təmsil etmək” ifadəsi yada düşür: Ukraynada təhsil alan və müsəlman xalqın (XX əsrin əvvəlində Azərbaycanda xalq anlayışı hələ tam formalaşmamışdı) içindən çıxmış, ölkəsinə qayıtmadığı halda, onu təmsil etməyə və uzaqdan da olsa fayda verməyə çalışan bir gəncin timsalında xalqın formalaşma prosesi də təmsil olunub. Nə qədər mücərrəd görünsə də, belədir. Rüstəmbəy silah götürüb dağlara çıxan qaçaq deyil. Yaxud da başına izdiham yığaraq mitinqlər keçirən, ölkəsində siyasi iddialarla çıxış edən müxalifət lideri kimi önümüzə çıxmır. 
 
“Vətən” və “vətənpərvərlik” anlayışları Rüstəmbəy üçün sərhədsiz və ya laməkan anlam daşıyır. Yazıçı bu əsəri ilə tariximizin istənilən dövründə diasporçu gənclərə də, siyasi mühacirlərə də “təlimlər” keçir, hər zaman aktual ola biləcək problemlər üzərində süjetlər yaradır və həll yollarını axtarır, tapır, göstərir, oxucuları da düşünərək, onları ayrı versiyalar yürütməyə sövq edir. Bir növ, vətənpərvərlik məsələsi romanda mütləq şərt kimi qoyulmur, lakin oxucular üçün interaktiv bir mühit yaranır ki, hər kəs öz vicdanı səviyyəsində hadisələrə və obrazlara qiymət verməyə çalışır. Fikrimcə, təhkiyədə interaktiv mühit yaratmaq bacarığı hər yazıçı üçün üstünlükdür. Rüstəmbəy öz həmvətənləri ilə bərabər çalışır və ətrafına enerji aşılayaraq səfərbər edir – “Zemlyaneçistvo” birliyinin təşkilatlanmasında, kitabxana bazasının yaranmasında, Dövlət Dumasına seçkilərdə, Ukrayna Dumasında müsəlmanların maraqlarının təmin olunmasında, Qafqaz müsəlmanlarının milli mədəni muxtariyyət məsələsində...
 
Bəs istiqlaliyyət məsələsində? Bu barədə bir oxucu dostumla mübahisəmiz olmuşdu. Müstəqil dövlətimizin ilk diplomatlarından olmuş Yusif Vəzirin öz qəhrəmanının dilində qəti mövqe ortaya qoymaması mənim dostumu təəccübləndirib. Əminəm ki, əksər oxucular da dostumun təəccüb və şübhəsini bölüşür. Və yəqin ki, əksəriyyət bu mənzərəni müəllifə kənardan göstərilən təsir və təzyiqlə əlaqələndirir. Bəlkə də... Ola bilər... Amma: Nə yazıçı Yusif bəy, nə də qəhrəman Rüstəmbəy istiqlaliyyət məsələsində qəti mövqe ortaya qoymadığı kimi, “bizə müstəqillik lazım deyil” iddiası ilə də çıxış etmirlər. Romanda mövcud şərtlərə görə dəyərləndirmə aparılır. Həmçinin, yuxarıda qeyd etdiyim “inkişaf prosesi və formalaşma dövrü” məqamını bir daha xatırlayaq. “Studentlər” romanında xalqın gələcəyi gerçək ziyalı təbəqəsinin səyləri ilə bağlıdır. O, kompromis tərəfdarıdır, amma Qafqaz müsəlmanlarının və ya o dövrün diliylə desək “tatarlar”ın Rusiya müstəmləkəsi kimi qalmağını istəmir, ədalətli və tolerant cəmiyyət tələb edir.
 
Əsərin qəhrəmanı idealistdirmi? Əlbəttə ki, xalqların dostluğuna və həmrəyliyinə inanması baxımından, Rüstəmbəyi (və ya Yusif Vəziri) idealist beynəlmiləlçi hesab edənlər ola bilər. Və yaxud, millətin və xalqın formalaşması prosesi uzun vaxt aldığına görə, bu məsələdə də oxşar idealizm “diaqnoz”u qoyula bilər. Lakin əsərdə dəfələrlə vurğulanan “mövcud vəziyyət və hazırkı şərtlər” amili qəhrəmanın idealist olması fərziyyəsini şübhə altında qoyur. Qəhrəman fırıldaqçı möhtəkirlərin və “milliyyətçilik” adı ilə fırıldaqlar çevirən hoqqabazların nağıllarına inanmadığı kimi, beynəlmiləlçilik nağıllarına və imperialist qafalı insanların vədlərinə aldanmadığını oxucuya dəfərlə göstərir. Hətta bir neçə yerdə kommunist ideyalarının insanların beyninə və cəmiyyətlərə xəstəlik kimi siraət etməsini qeyd edir. O, sosial vədlər altında siyasi təhdidlərin ayaq açmasına diqqət çəkir. O, sadəcə öz kiçik ölkəsinin, doğma natamam xalqının böyük siyasi oyunlarda az xəsarət ilə, hətta mümkün qədər mənfəətlə çıxmasına can atır. Onun romantizmi də, idealizmi də realizmlə paralel tərənnüm olunur. Elə məhz buna görə, “Studentlər” romanı aktuallığını bu gün də qorumaqdadır.
 
Müəllif “xəstəlik” yanaşmasından əlavə, ziyalı təbəqənin və gerçək milli burjuaziyanın formalaşması ilə bağlı səsləndirdiyi fikirlərdə özünün fəhlə-kəndli inqilabına yad adam olduğunu isbat edir. Kənar güclərin oyuncağı olmaq da istəmir. O, Rusiya ziyalılarını Qafqazda da ziyalıların olduğuna və onlarla birgə hərəkət etməyin vacibliyinə inandırmaq uğrunda mübarizə aparır.
 
Əsərdə müharibələrə münasibət də birmənalı deyil, amma yetərincə aydın və əsaslı qoyulub. Müəllif və onun özünə şahdamarı qədər yaxın olan əsas qəhrəmanı müharibənin çirkin oyun olduğunu qabardır, amma pasifizm tərəfdarı da deyil. Qəhrəman sağlam, möhkəm, etibarlı və ən əsası, korrupsiyadan uzaq bir müdafiə sisteminin yaranmasını vacib sayır – ordu da, cəmiyyət də, dövlət də sağlam mexanizmlərlə idarə olunmalıdır. O, öz xalqının təhsilli olması ilə yanaşı, döyüşkən ruha və mütərəqqi, nizamlı bir orduya da sahib olması arzusundadır.
 
Məqaləmdə müəllifin təhsil və maariflənmə ilə bağlı fikirlərinə dəfələrlə toxundum. Əsas məsələ bu olduğu halda, təhsil və maariflənmə məsələsi ilə bağlı çox yazmaq fikrində deyiləm. Onsuz da, Rüstəmbəyin bütün məsələrə baxışlarının onurğa sütunu savad amili təşkil edir. Dünyaya açılmaqla yanaşı, ana dilini və öz ölkəsini öyrənməyi tövsiyə edir. Ona görə, savadsız və tərəqqiyə can atmayan xalq tarixə ixtiralarla yox, ən yaxşı halda yeni-yeni təriqətlərlə düşə bilər. 
 
Və burada qəhrəmanın din amilinə münasibəti, müəllifin din-iman, dindarlıq-ruhanilik anlayışlarını necə təhlil edib oxucunun qarşısında açmasından danışmaq lazımdır. Yuxarıda yazdığım kimi, qızğın müzakirələrin tərəfdarı deyiləm. Amma günümüzdə təhsildən və dünyəvi həyat tərzindən yararlana bilməyən, əvvəlcə əyyaş və avara, sonra isə qəfildən qatı dindar olan gənclərin sələfi olan bir obraz var – Səmədbəy. O, dünyəvi təhsili gərəksiz sayır. Dini ədəbiyyatdan başqa ədəbiyyat tanımaq istəmir. 
 
Halbuki, o da qardaşı Rüstəmbəy kimi dünyəvi təhsil ala, xalqı üçün gərəkli bir ziyalı ola bilərdi. İstənilən halda, bu yolu sonda özü seçib. Lakin başqa yolları qaranlıq və mənasız görür, ətrafını da buna inandırmağa çalışır. Bu, müasir dini qrupların “dəvət” adlanan aqressiyasını xatırladır. Rüstəmbəy isə dinə daha çox deist nöqteyi-nəzərindən yanaşır, daha doğrusu, din məsələlərinə aludə olaraq beynini yormaq istəmir. O, bu dünyada faydalı işlər görmək niyyətindədir. İbadət vacibliyini insanların uydurduğunu və dini ayinlərin də psixoloji təsir olduğunu hesab edir. O, mütərəqqi dinlərə və təriqətlərə yox, elmi yeniliklərə maraq göstərir.
 
Yazıçı Azərbaycan xalqının ümmət çərçivəsindən çıxmadığını, lakin heç ümmət kimi də formalaşa bilmədiyini və ruhaniyyat sisteminin daha çox mollaların maddi rifahına xidmət etdiyini ön plana çəkir. Cəfərə “Sən musurman, mən erməni” deyən Vartan isə öz kilsəsi tərəfindən daha çox formalaşmış, bir xristiyan erməni gənci kimi ortaya çıxarılıb. 
 
Yusif Vəzir erməni-müsəlman davası məsələsində öz millətinin haqlarını qorumaq üçün qəhrəmanına qətiyyət bəxş edib, lakin bu münaqişədə qarşılıqlı sülhün önəmi vurğulanır. O, hesab edir ki, millətin öndəgedənləri və başbilənləri geniş düşünməli, səmimi olmalıdır. Əsərdəki ideya budur: bir masaya oturmaq və narazılığı aradan qaldırmaqla, qırğın və müharibənin qarşısını almaq olar. Lakin hər iki tərəfdə eyni məsuliyyət olmalıdır.
 
Məsuliyyət məsələsi qadınlarla münasibətdə də qarşıya çıxır. Qafqazlı qəhrəmanın sevdiyi, qısqandığı qadınlar da sevilmək və qısqanılmaq arzusundadır. Lakin onların da mənəvi ehtiyacı, həyatlarındakı boşluğu istər Azərbaycan qadını olaraq, istər slavyan qadını olaraq müəllif tərəfindən eyni səviyyədə qabardılır. 
 
Qəhrəman sevməyi bacarır, lakin kimisə öz burulğanında bədbəxt etmək istəmir. Qadınların səadətini isə açıqfikirli, mütaliəli və ağıl ilə hisləri dost tutmaqda görür.
 
Məqaləmi bitirdim. O qədər uğurlu alındığına inanmıram. Səbəbini birinci abzasda qeyd eləmişdim. 
 
Rüfət Əhmədzadə
Kultura.az
Yuxarı