post-title

“Studentlər” romanı haqqında rezensiya

Həyatını xalqın istiqlaliyyətinə və tərəqqisinə həsr edən Yusif Vəzir Çəmənzəminli Kiyevdə təhsil aldığı dövrdə gördüyü hadisələrdən bəhrələnərək 1913-cü ildə böyük ustalıqla “Studentlər” romanını qələmə almışdır.

 
Bu roman yazıçının həcmcə ən böyük romanıdır. Yazıçı romanın adını nə üçün “Tələbələr” deyil də, “Studentlər” adını qoymuşdur? Çünki həmin dövrdə “tələbə” sözü azərbaycan türkcəsinə daxil idi və yazıçı bunun sosial məna daşıdığını nəzərə alaraq bu sözü rusca ifadə etmiş və əsərdə özünün Rüstəmbəy adlı prototipini yaratmışdır. Əsərdə Oktyabr çevrilişi ərəfəsində Kiyevdə təhsil alan müxtəlif siyasi baxışlara və fərqli düşüncələrə malik olan tələbələrin ictimai-siyasi həyata atılmaq cəhdlərindən və bu istiqamətdə gördükləri işlərdən bəhs olunur. Əsər bu günümüzə çatana qədər bir çox dəyişikliklərə məruz qalmışdır. Belə ki, bu əsərin 1931, 1935 və 1936-cı illərdəki nəşrləri ilə 1968, 1976-ci il nəşrləri arasında ciddi fərqlər var idi. Belə ki, 1937-ci illərdə Vəzirov da daxil olmaqla 20-yə yaxın yazıçı Stalinin repressiya hədəflərinə çevrilmişdi.
 
Lakin o sovetlərə qədərki dövrdə dini istismarı tənqid edəcək qədər cəsarətli bir yazıçı olduğunu qeyd edərək özünü müdafiə etməyə çalışırdı. 1937-ci il 9 iyunda "Ədəbiyyat" qəzetində Çəmənzəminlini əks-inqilabçı olmaqda ittiham edən yeddi məqalə çap edildi. Onu "Studentlər" və "Qızlar bulağı" romanlarında mənfi obrazlar vasitəsilə əks-inqilabi fikirlər təbliğ etdiyinə görə  ittiham etmişdilər. Yazıçı bu çətin vəziyyətdən çıxış yolunu əlyazmalarının böyük bir hissəsini yandırmaqda görürdü. 1937-ci ildə isə o, Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılmışdır. 1968 və 1976-cı il nəşrlərində idеоlоji-siyasi mülahizələrə görə “təmizləmə” məqsədi ilə ixtisarlar aparılmışdır. Kiyev təhsil illərinin müşahidələrindən doğan “Studentlər” romanını Çəmənzəminlinin ictimai fikir meydanında söylədiyi öz sözü və mülahizələri idi. Bu roman onun öz yaradıcılığında hələ bu günə qədər əks-inqilabçı müsavat ideyalarına nə qədər sadiq qaldığını göstərir.
 
Təşkilatların və əqidələrin sayının çox olduğu bir dövrdə tələbələr bəzən fikir müxtəlifliyi qarşısında aciz qalır və doğru yolu tapmaqda çətinliklər çəkirlər. Bu yol onları başqa-başqa yerlərə aparır. Bəziləri min bir fəsadla üzləşir, bəziləri dini mübahisələr aparır, bəziləri ticarətlə məşğul olur, bəziləri də eşqbazlıq, fırıldaqçılıq kimi işlərlə məşğul olurlar. Tələbələr içərisində inqilab ruhlu, əməkçi kütləni düşünən, ictimai yaraların səbəbini başa düşənlər də var idi. Baxmayaraq ki, onlar arasında heç bir qohumluq əlaqəsi yox idi, lakin onları birləşdirən milli şüur var idi. O milli şüur ki, sonradan onları milli komitə ətrafında toplaşmağa gətirib çıxardı. Ətraflarında olan digər etnik qrupların təşkilatları onlar üçün bir stimul olmuş və onların mübarizə mənbəyinə çevrilmişdi.
 
Müxtəlif insan obrazları ilə zəngin olan bu əsərdə təhsil almaq məqsədi ilə vətənlərindən uzaq düşmüş azərbaycanlı tələbərin həyat tərzi, millətlərini layiqli bir şəkildə təmsil etmək üçün gördüyü işlər əks olunmuşdur. Əsərin baş qəhrəmanı Rüstəmbəy əvvəllər Turan nəzəriyyəsinə tənqidi olaraq yanaşmış sonradan az da olsa onun təsiri altına düşmüşdü. İndi Rüstəmbəyi xülya deyil, gerçək həyat maraqlandırırdı. Həssas və ziddiyyətli obraz olan Rüstəmbəyi indi Azərbaycan, onun xalqı, siyasi, ictimai və iqtisadi ehtiyac və tələbləri düşündürürdü. Rüstəmbəy təhsil almaq üçün Kiyevə gəlmiş və burada Sofiya xanımgildə kirayədə qalmışdır. Rüstəmbəyin Sofiya xanımla olan söhbəti zamanı, Qafqazlı kişilərin şücaətindən, onların qadınlara qarşı münasibətindən danışırdı.
 
Sofiya xanım isə onun bu söhbətlərindən təsirlənərək ona qarşı sevgi hisləri bəsləməyə başlamışdı… O sevgi ki, sonradan öz həyat yoldaşı Fedyaya xəyanət etməsinə gətirib çıxarmışdı. O səhvini başa düşərək başqa yerdə kirayə ev tutmuşdu. Onun fikrincə insanın amalı bir istiqamətdə olmalı və o istiqamətdə də irəliləməlidir. İllər sonra Rüstəmbəy Sofiya xanım ilə yolda qarşılaşır, bu zaman söhbət etməyə cəhd edir, Sofiya xanım isə bu söhbəti bacardığı qədər qısa kəsib, ondan uzaqlaşmaq istəyirdi. Rüstəmbəy isə eşq məsələlərində tərəddüdlü idi. Belə ki, o Musyaya qarşı olan münasibətlərini qüvvətləndirmək istəmirdi.
 
Keçən əsrin əvvəllərində Kiyevdə təhsil alan tələbələrdən Rüstəmbəy və Əli dini mübahisələr yürüdür, xalqının tarixi keçmişi onları daim düşündürür, Əhməd və Salman isə inqilabçı idealogiyasına sahib gənclərdirlər. Tacir balası olan və əsərdə xudbin bir obraz sayılan Qulu təhsilə maddi qazanc kimi baxır, Bəhram adlı tələbə isə təhsil ala bilmək üçün hər cür işlə məşğul olur, pul qarşılığında dostlarının yerinə imtahana girirdi. Əsərdə təsvir olunan Tapdıq obrazı adıtək bir tapıntı idi. Dostları onu şad günlərində deyil, yalnız dara düşərkən axtarıdılar. Tapdıq isə onlardan fərqli olaraq, onlara dar günlərində dayaq olmuş və onlara sığınacaq vermişdir. 
 
Əsərin əsas tiplərindən olan Tatyana isə Kiyev küçələrində qızıl bayraqlar və şüarlarla nümayişə çıxmış inqilabçılar dəstəsi ilə qarşılaşır. “Yaşasın azadlıq!” deyə bağıran bu dəstəyə istehza ilə baxaraq Rüstəmbəyə müraciət edir və düşmən fikirləri ifadə edir. 
 
Əsərin dırnaqarası qəhrəmanı olan Zaqorin isə çarlığın ləğv edilməsinə qarşı çıxır və “Xalq çarsız yaşaya bilməz! Hürriyyət elə çarlıqdır!” fikirlərini irəli sürürdü. Cəfər, Qulamrza, Fərəməz isə daha çox arvadlılıq, eşqbazlıqla məşğul olurdular… İnqilabdan sonra Fərəməz evlənmiş hələ də öz əməlindən əl çəkməmişdi. Yerdə qalanlar həyatlarını, öz ixtisaslarına həsr edərək yaşayır və başqa-başqa mühit və maraqların təsirində bir-birilə görüşməyə lüzum duymurlar. Əli hələ tələbə ikən baş verənlər qarşısında aciz qalaraq intihar edir.
 
İsgəndərdə isə əvvəlki Allahlıqdan əsər-əlamət qalmamışdı, Ocaqverdi isə əvvəlkitək dindar idi… Kaspar daşnaqlara qoşularaq xaricə getmiş, Cəfər ilə Cəlal isə qəza şəhərlərində yaşamağı üstün tutmuşdular. Məcid ilə Həsənin harada olduqları isə bəlli deyildi. Pərviz pambıq sahəsində mühim bir şura işçisidir, əksər vaxtı qəzalarda işləyir, şəhərə gəldikdə dostları ilə məclis quraraq Kiyev xatirələrini həsrətlə yad edirdilər. 
 
Hadisələrin cərəyan etdiyi dövrdəki tələbə həyatı ilə hal-hazırdakı tələbə həyatı xeyli fərqlənir. Həmin dövrdə toplaşmaq, söz azadlığı, təşkilat qurmaq yasaq edilir, hökümətə qarşı çıxışlar və çevrilişlər susdurulurdu. Bunun nəticəsi olaraq sürgünlərin və həbslərin sayı artır, təhsil yarımçıq qalır və tələbələrin həyatları puç olurdu. Bu gün tələbə həyatı bambaşqadır. Hal-hazırda  ölkəmizdə 30-dan çox ali təhsil müəsisəsi var ki, onlardan əksəriyyəti (BDU, ADNA, Qafqaz, Xəzər, ADA və d.)  böyük nüfuza malikdirlər. Gənclərimiz bu universitetlərlə yanaşı  Xaricdə Təhsil üzrə Dövlət Proqramının tələbələrimizə yaratdığı şansdan istifadə edərək dövlət hesabına xaricdə də təhsil ala bilirlər.
 
Bütün bu baş verər hadisələrə baxmayaraq, tələbə həyatı yaşanılmalıdır. Tələbəlik böyüməkdir, həyata atılmaq, həyatı öyrənməkdir. Yenicə qədəm qoyduğun bu yolda səni nələrin gözlədiyini bilmirsən. Bu yolda sevinc də, kədər, də, qalibiyyət də, məğlubiyyət də var. Bu yol yeni düşüncə qazandıran, ziyalı yetişdirən bir yoldur. Bu yolu elə keçməliyik ki, ayağımız bu yolda heç zaman büdrəməsin. Məqsədimizdən dönməməliyik bir amal uğrunda addımlamalıyıq. Çünki hər bir millətin gələcəyini onun gəncliyi müəyyən edir.
 
Mirzəyeva Günay
Kultura.az
Yuxarı