post-title

Qadınlara və azlıqlara güzəşt var

Bizim qadınlar da gərək qərar versinlər ki, nə istəyirlər. Bunu aydın bildirməlidirlər. Ölkəni bürüyən xaosu sözün hərfi mənasında onlar doğublar. Bu Azərbaycan onların bətnindən çıxıb. Hər şey ailədən başlayır. İt xılı qədər yaltağı, rüşvətxoru Azərbaycan anaları tərbiyə etməyibmi? Deməli ailədə ciddi problemlər var. Ailələr dayanmadan, yaltaq və rüşvətxorlar ordusuna yeni əsgərlər qazandırırlar. Hər şey qadınların başındadır.

 
Azərbaycan qadını, onun azadlığı, qaşı, bakirəlik pərdəsi, təhsili, arı-namusu, örpəyi tək qadınların özlərinin yox, həm də bizim kişilərin əsas gündəm maddələrindəndir. Bəlkə də, daha çox kişilərin. Abutalıbovun bir meqapolisə rəhbərlik etməsi faktı qədər banal bir faktdan danışacam – bütün problemlərin bircə çözümü var, o da iqtisadi azadlıqdır. “İqtisadi azadlığı olan qadın” modeli bugünki kimi tək-tük, barmaqla göstərilən istisnalar müstəvisindən çıxıb kütləviləşməyincə, heç bir qadın-kişi söhbətinin mənası yoxdur. Baxın o zaman yengə, bakirəlik, qısa yubka, çadra söhbətləri qalacaqmı. Təhsilli, peşəkar, erudit, funksional bir qadın belə şeylərlə baş girləməz və belə qadına kələk gəlib, köləyə çevirmək olmaz. Bu qadının yetişdirəcəyi qızlar-oğlanlar da debil yox, ağlı başında adamlar olacaqlar. Ən azından ehtimal çox böyükdür. Qadınlı-kişili, məsuliyyət hissi duyan bütün ölkə vətəndaşları, qadınların təhsili və iqtisadi azadlığı yönündə ortaq iş aparmalıdırlar. 
 
O vaxta qədər də bu arvad, erkək mövzularına moratorium qoyulmalıdır. Çözümü bu qədər sadə olan bir məsələnin dedi-qodusunu bağırsaq kimi uzatmaqdansa, çözümü yaxınlaşdırın. Çətindir, amma lazımdır. İqtisadi azadlığı olan fərdlərin, zəngin və sosial məsuliyyətli orta təbəqənin olduğu ölkədə nə dini fanatizm cücərməz, nə də qadın-qız üzərindən seksist, aşağılayıcı spekulyasiyalar edilməz.
 
Bizim qadınlar da gərək qərar versinlər ki, nə istəyirlər. Bunu aydın bildirməlidirlər. Ölkəni bürüyən xaosu sözün hərfi mənasında onlar doğublar. Bu Azərbaycan onların bətnindən çıxıb. Hər şey ailədən başlayır. İt xılı qədər yaltağı, rüşvətxoru Azərbaycan anaları tərbiyə etməyibmi? Deməli ailədə ciddi problemlər var. Ailələr dayanmadan, yaltaq və rüşvətxorlar ordusuna yeni əsgərlər qazandırırlar. Hər şey qadınların başındadır. Kişinin kənarda auditoriyalar qarşısında alovli nitqlər irad etməsi başqa, evdə öz uşağı ilə məşğul olması başqadır. İkincisini bacarmırlar, onlarda alınmır. Sokratın arvadı demişkən “Baxmayın ki, sizin yanınızda Sokrat belə ağıllı-ağıllı danışır, evdə boş adamın biridir”. Uşaq tərbiyəsi ilə gərək qadın, ana məşğul olsun. Çox şərəfli və məsuliyyətli vəzifədir. Faktiki olaraq ölkənin, cəmiyyətin sükanı sənin əlindədir. Dolayısıyla, çox patriarxallıqdan danışmayın, bu ölkə rəsmən matriarxatla idarə olunur. Qadınlar mövcud dəyərlərin və qanəmici sistemin dayağı kimi görünürlər. İmiciniz bu cürdür, xanımlar. 
 
8 mart Beynəlxalq Qadınlar günü Beynəlxalq Uşaqlar günü kimi, Birləşmiş Millətlərin tanıdığı adi bir gündür. Bizdə 8 marta münasibət, sovetlərin “qadın insanın dostudur” ənənəsinin yaşadılmasıdır. Kişilərlə bərabərhüquqlu olduqlarına inanan qadınlar, bu gündə ətir, gül-çiçək, müxtəlif hədiyyələr qəbul edirlər. Onların xüsusi bir günü var və bundan narahat deyillər. Kişilərin dünyasında sizə bir gün verilib, kef edirsiniz, hə? Pozitiv diskriminasiyanın da əslində diskriminasiya olduğunu görmək sərf eləmir? “Qadın adam deyil” deməklə, “qadın ilin bu günü çox adamdır” demək arasında fərq görmürəm. İqtisadi azadlığı olan fərdlərin toplumunda heç bir diskriminasiyaya yer yoxdur. Yeni atalar sözü də var – diskriminasiyanın pozitivinə də lənət, neqativinə də. 
 
Belə axmaq diskriminasiyalardan birini Meydan TV-də gördüm. Emin Millini, bir yazımda media kapitanı adlandırmışdım, amma görünür tələsmişəm. Adam media nədir bilmirmiş. Bir media resursu Bakı ofisi üçün iş qəbulu üzrə elan verib: “Namizədlərin azlıq və / vəya qadın olmasına xüsusi üstünlük verilir“ yazırsa, onun peşəkarlığından ciddi şübhələnmək lazımdır.
 
İndi şən liberallar müdafiəni belə quracaqlar: “Qadınların və azlıqların hüquqlarının pozulduğu Azərbaycanda belə bir elanı başa düşmək olar. Onları stimullaşdırmaq üçün belə yazılıb”. 
 
Gedin tullanın. Avropalıdan böyük avropalı olmaq cəhdiniz çox pisdir. Belə bir elanı Avropanın heç bir yerində görə bilməzsiniz. Hətta azlıqların problemləri ilə bilavasitə işləyən LGBT-lər də belə bir elan verməzlər. Emin Milli isə verib. “Bunlar Avropadan bizə maviliyi gətirirlər” deyib özlərini əsdirənlərə qəşəng bir fürsətdir bu elan. Deməli ağlı başında, təcrübəli, savadlı bir heteroseksual ilə bir gay/qadın namizədin olsa, sən üstünlüyü gay`a ya da qadına verəcəksən ki, o gaydır, ya qadındır? Özü də bunu “xüsusi” kimi bir sifətlə də möhkəmlətmisən. Qadınlarla azlıqları yan-yana gətirməklə də nə demək istəmisən, bu da aydın deyil. Diskriminasiyaya məruz qalanları xüsusiləşdirməklə, başqa bir diskriminasiyaya yol vermisən. 
 
İşlədiyim yerdə öz işimi görürəmsə, heç kəslə davam yoxdursa, azlıq ya da qadın iş yoldaşlarım məni aşağılamırlarsa, üstünlüyə iddia etmirlərsə, kimsə əlinə rezin fallos götürüb onunla məni döymək istəmirsə, mən də maskulin ya da heteroseksual aqressiyamı göstərən deyiləm. Mənə nə var kim kiminlə yatır, kimin cinsiyyəti nədir. “Üstünlük” verilərək işə alınan cinsi azlıq, ya da qadın, iş yerində natural kişilərə təzyiq göstərməyə, onları dolamağa başlasa qarşısını ala bilməzsən, çünki onları “xüsusi” olaraq işə almısan. 
 
Erkin Qədirlinin “Xocalıda qətliam törədənləri zəhərləyib, cinayəti başqalarının üstünə ataq” provokasiyasından sonra, ingilis dilinə tərcümə edilib paylaşılmağa layiq bir elandır, amma əziyyətə gərək yoxdur! Gördüm ki, Meydan TV-nin ingilisdilli versiyasında da, bu elan ingiliscə var. Deməli Avropalı tərəfdaş və donorlar bu elanı görüblər. Mənə çox maraqlıdır, görüblərsə nə düşünüblər? Deməli kimlərsə hesab edir ki, Azərbaycanda artıq zamanı yetişib – azlıqlara və qadınlara üstünlük və xüsusi diqqət olmalıdır. Bu, sağlam yanaşma deyil və Meydan TV-yə  bunu xatırlatmaq lazımdır. Bunu Emin Milliyə “xüsusi” də demək olardı, amma ictimai qınağın faydası başqa olur. 
 
Belə bir diskotekanı İsa Şahmarlının intiharından sonra da gördük. “Hamımız maviyik” şüarı səsləndimi bilmirəm, amma hər şey ona doğru gedirdi. “Üzdəniraqların başı üzülməlidir” deyənlərlə “hamımız maviyik” qışqırmaq istəyənlər saçyolduya çıxmışdılar və mahiyyətcə fərqlənmirdilər.  
 
Bu toplumda heç kəs, başda natural kişilər, azad deyil. Ən çox əzilən, təhqirə məruz qalanlar da kişilərdir. Toyxanada oxuyan, məclis aparan, veriliş aparan homoların malik olduğu hörmət, bizim kişilərimizdə ola bilməz. İndi Azərbaycanda əksinə, azlıq olduğunu nümayiş etdirmək dəbdədir, məharət sayılır. Nə qoyub nə axtarırsınız. Bizim kişilərin gördüyü tərbiyə, sonra təhsil maşını və toplum - hamısında əclaflıq öyrəniblər. Qadınlara isə bir qədər güzəşt var. Ona görə qadının hüquq müdafiəçisi, jurnalisti daha cəsarətli olur, çünki pozitiv diskriminasiyadan yararlanır. 
 
Əli Əkbər
 
Kultura.Az
Yuxarı