post-title

Adam kişi olar

Qadın-kişi mövzusu mənə o qədər də maraqlı deyil, çünki mən bu mövzu ilə bağlı danışmaq əvəzinə, doğru bildiyimi yaşamağı üstün tuturam. Amma Tural Amin Oyratinin son yazısı məni vadar etdi ki, bu mövzuda bir neçə kəlmə deyim.

 
Turalın yazısı biz qadınları bizə təməl haqlarımızı verən kişilərə qarşı borclu çıxarır.  Tural deyir ki: “Gördüyünüz kimi bu günə qədər sahib olduğunuz bütün bəşəri dəyərlərin altında kişilərimizin imzası var. Buraya qadın haqlarından tutmuş, təhsil imkanlarına qədər bir çox şeyi sadalamaq olar.” İlk öncə demək istəyirəm ki, elə daha öncə də bizim təməl haqlarımızı bizdən alan, təhsilin qapılarını üzümüzə bağlayan da kişilər idi. Din, mentalitet və s. adlar altında patriarxat cəmiyyət qurub, özlərini artıq sayan və qadını idarə etməyi özünə borc bilən də məhz kişilər idi.
 
Tanrı tərəfindən verilmiş həyata, bədənə, ruha, şüura belə nəzarət edib, idarə etməyi özlərinə vəzifə bilən də məhz kişilər idi.  İndi bir zamanlar bizim haqlarımızı bizdən alan, sonra bizi özünə layiq görməyib, rus və erməni qadınlarına üstünlük verən, sonda da bizi maarifləndirməyə cəhd edən, qızlar məktəbi açıb haqlarımızı bizə qaytaran kişilərə minnətdarmı olmalıyıq? Mənə məxsus olanları məndən alıb, mənə qaytardıqları üçün təşəkkürmü etməliyik? Nə haqla gəlib aldınız ki, verəndə də bizi borclu çıxarasınız? 
 
Bundan əlavə Tural buyurur ki, biz  bəylərimizin yanında olub, onların hədəf və məqsədlərini dəstəkləyək. Yenə yanılırsız, Tural bəy. Yenə bizi yanınızda, sizə dəstəkləyən birisi kimi görmək istəyirsiniz. Biz kiminsə yanında olmağı seçmirik, biz bizim yanımızda olanı seçirik. Artıq qadına əlavə (attachment) kimi baxmağı unudun. Biz müstəqil, kimsədən nə maddi, nə mənəvi asılı olmayan fərdlərik.  Bizim yanımızda olmaq istəyirsinizsə əziyyət çəkib bizə layiq olun ki, biz sizi seçək, yox, istəmirsinizsə buyurun qapı açıqdır, yaxşı yol. 
 
Biz təməl haqlarımızı sizin qoyduğunuz maneələrə baxmayaraq bərpa etdik. Artıq  həm savadda, həm dünyagörüşündə, həm müasirlikdə siz kişilərdən qat-qat öndəyik. İndi siz bizimlə ayaqlaşmaq üçün bizim səviyyəmizə çatmalısınız. Ona görə də biz sizə bizdən nə qədər geri qaldığınızı başa salıb, lazım gələndə də maarifləndirməliyik.  Və bu gün şikayət etməyə də haqqımız M.F. Axundovdan, C. Məmmədquluzadədən çoxdur, çünki  vaxtilə qadınlar məhz kişilərin ucbatından təməl insan haqlarına sahib deyildilərsə, bu gün kişilərin bizdən aşağıda olması bizim ucbatımızdan yox, öz tənbəlliklərindən və hələ də bizi idarə etmək xəyallarından qaynaqlanır. Amma demək istəyirəm ki,  yox, bəylər, bu dəfə artıq alınmayacaq. Biz artıq bu yolu keçmişik. Sizin nə məqsədlər güddüyünüzü də yaxşı bilirik.
 
Nə XIX-XX əsrlərdəki, nə də elə indiki kişi maarifçilərimizin bizi çadraya bürüyüb, haqlarımızı pozan kişilərimizdən heç bir fərqləri yoxdur. Əksinə, onları daima birləşdirən cəhət bizi idarə edib, bizə diktə etməkdir. Ulu babaları dağdan düşdü, savadsız olaraq yanında bizi savadsız görmək istədi, qıfılladı əl-ayağımızı, bizi özünə layiq etdi, sonra bəyənmədi getdi erməni, rus qadınlarının yanına, sonra bir neçə  kitab oxumuşu gəldi Cəlil Məmmədquluzadə, M. F. Axundov oldu, başladı yenə bizə necə olmağı diktə etməyə, indi də Seymur Baycan və onunun qismində elə bir neçəsi ulu babalarının əl işini bəyənməyib yenə bizə ağıl öyrədir. “Qaşlarınızı alın”, “təbiəti sevin”, “kitab oxuyun”, “yemək bişirməyi öyrənin” və s. kimi məsləhətlərlə başımıza ağa kəsiliblər.
 
Əziz Seymur və digərləri, qaş bizim, baş bizim, bədən bizim ağıl bizim. İstəyərik qaşımızı alarıq, istəyərik hörüb saçımıza birləşdirərik, istəyərik qısa ətək geyinərik, istəyərik hicab taxarıq, istəyərik papaq qoyarıq. İstəyərik ağlımızı yemək bişirməyə sərf edərik, istəyərik alim olmağa. Əsrlər boyu sizin yanınızda görmək istədiyiniz əlavəni (attachmenti) idarə etmək yetmədi? Biz sizin saqqalınızın formasına, cübbənizin uzunluğuna, qalstukunuzun rənglərinə qarışırıqmı? 
 
Bu günə qədər kişi olmağı adam olmaqdan üstün tutan kişilər, “Adam kişi olar” deyimini bizim türkcəmizdə yox, Türkiyə türkcəsində (çünki doğrusu məhz elədir) oxuyun, yəni anlamını “kişi adam olar” deyə başa düşün və nəhayət ağlınızı yığın başınıza adam olun. Biz ki sizdən fərqli olaraq əl-qolunuzu bağlayıb “kişiyə filan şey yaraşmaz”, “kişinin bu hərəkəti mentalitetə ziddir” deməmişik, evdə qıfıllamamışıq. Sizin yerlərdə sürünmənizin məsuliyyəti məhz sizin boynunuzdadır.  Ya bizə layiq olun ya özünüzə layiqini axtarın.
 
Nisə Hacıyeva
Kultura.az
Yuxarı