post-title

Ermənistanlı aktivist və yazar Sevak Kirakosyanla müsahibə

Kultura.az saytı azərbaycanlı gənc Cavid Ağa ilə erməni gənc Sevak Kirakosyan arasındakı maraqlı söhbəti oxucularına təqdim edir.

 

C.A Sevak Kirakosyan kimdir?

S.K. Sevak insan haqqları, təbiət, həyat, sekulyarizm, sülh və hamı üçün bərabər imkanlar yaradılması üçün aktivistlik edən bir vətəndaşdır. Keçmişdə bir QHT-də 3 il işləmişəm. Seksualizm treyneriyəm. Seksualizm, qadın haqqları, din və başqa mövzular haqda məqalə, bukletler, esselər yazıram. Bir dəfə İrəvanda Ramazan haqqında bir məqaləmə görə ikinci yerə layiq görülmüşdüm. Bəzi yazılarım çap olunub, məsələn, "Homoseksuallıq və Xristianlıq", homofobiya haqda bir bukletim. İxtisas olaraq isə arxeoloqam və muzey elmi və abidələrin qorunması sahəsində peşəkaram.

C.A. Armenofobiya Türkiyə və Azərbaycanda geniş yayılmış bir mövhumdur. Şəxsi fikrimə görə, azərbaycanlılar ermənilərə türklərdən çox nifrət edir. Bəs Ermənistanda vəziyyət necədir? Azərbaycanda belə bir deyim var ki, sizdə analar uşaqlarını "türk sənin düşmənindir" deyərək böyüdürlər. Bu həqiqətən belədir, yoxsa sadəcə mifdir? Hökumətiniz də nifrət yayırmı?

S.K. Təəssüf ki, qismən haqlısan. "Türk" sözü hələ də bəzi yerlərdə söyüş kimi istifadə olunur və biz azərbaycanlıları da türk sayırıq. Bizimkilərin gözündə, Azərbaycan süni yaradılmış bir dövlətdir və Türkiyədən fərqsizdir.

Ermənistanda azərbaycanlılara nifrət var, xüsusilə Səfərov hadisəsinə görə - qatilin mükafatlandırılmasından sonra. Maraqlıdır ki, oxşar hadisə İrəvanda da illər öncə baş vermişdi, bir terrorist qəhrəman kimi qarşılanmışdı. Türk sərnişinlərin olduğu bir təyyarəni partlatmaq istəmiş, müvəffəqiyyətsiz olmuşdu, amma yenə də ona milli qəhrəman kimi davrandılar. Mən hər iki halı qınayıram.
Bununla belə düşünürəm ki, Azərbaycan hökuməti erməni nifrətini özünü yaşatmaq üçün daha çox istifadə edir, nəinki Ermənistan hökuməti. Mən həqiqətən çox istərdim Ermənistan, Azərbaycan və Türkiyə rejimləri getsin, yerində daha yaxşı hökumətlər quraq.

C.A. Sonrakı sualım daha maraqlı olacaq: Azərbaycan xəbər saytlarını oxuyursanmı? Azərbaycandakı hadisələri izləyirsənsə, əgər belədirsə, bütün ermənilər haqda da bunu demək olarmı? Məsələn, bizim media qurumları tez-tez xəbərlərdə Ermənistanın "çökən iqtisadiyyatı" və s. kimi mövzulardan bəhs edir.

S.K. Çox yox. Təkcə gay.az, o da hansısa dostum paylaşsa. O yazılardan əsasən cəmiyyətin azlıqlara münasibətini öyrənirəm. Amma bəzi ermənilər hadisələri yaxından izləyir. Erməni dostlarım Azərbaycanda etirazlar olan kimi bu xəbərləri paylaşırlar, mən də görəndə paylaşıram. Düzü, ümid edirəm ki, xalqlarımız şovinizm və nifrəti hər yerdə məğlub edəcək.

C.A. Düzü o sayt haqda sən deməsən, mən də bilmirdim. Azərbaycan/Türk dilini necə, bilirsiniz? Azərbaycanda belə bir məsələ var ki, guya bir çox ermənilər bizim dilimizi türklər kimi problemsiz başa düşür. Bu həqiqətən belədir?

S.K. Elə də yox. Bəzi ortaq sözlər var, amma dillərimiz çox fərqlidir. Bizimki Hind-Avropa mənşəlidir, Türk dili isə yox. Amma qonşu xalqlar kimi çox ortaq sözümüz var, türkcədən, ərəbcədən və ruscadan gələn sözlər var.

C.A. Yaxşı, amma mən şəxsən belə təxmin edirəm, qocalar, xüsusilə azərbaycanlı qonşularla böyüyənlər azərbaycancanı başa düşərlər. Mən Ermənistandakı hərəkatlar haqqında öyrənmək istərdim: Sülh hərəkatları var, aktiv çağırışlar var. Məsələn, nə vaxt bizdə belə çağırışlar olsa, hökumət yönümlü insanlar bu şəxsləri "özlərini və Qarabağı ermənilərə satmağa hazırlaşan şəxslər" kimi damğalayırlar.

S.K. Var. Koalisiyalar, hərəkatlar, aktiv vətəndaşlar var. Tekali prosesini eşitmisənsə, Ermənistan, Azərbaycan və Gürcüstandan nümayəndələr müəyyən vaxtlarda Gürcüstandakı Tekali kəndində sülh üçün toplaşırlar.

C.A. Görünür elə də populyar deyil. Davam edirəm: Erməni müxalifəti haqda nə düşünürsən? Onların sülh haqda fikirləri var?

S.K. Düzü, bu proses hələ təzədir. Sənin və mənim kimi şəxslər bunu populyar edə bilər. Sən çox pessimist danışırsan.
Bəli, var. Biz hamımız bilirik ki, Qarabağ problemi və qonşu dövlətlər arasındakı konflikt ancaq Rusiyaya yarayır, buna görə bizə və sizə daim silah satışı edir. Buna görə də biz millətçilikdən və rus neqativ və dağıdıcı təsirindən azad olmalıyıq. Müxalifət müharibə istəmir. Sadəcə bəzi millətçi qüvvələr istəyir. Təəssüf ki, millətçi hökumətimiz nifrət və millətçilik kartlarını öz istəyi üçün oynayır.

C.A. Pessimist deyiləm, mən də bir vaxtlar millətçi idim, əgər mən dəyişmişəmsə, hamı dəyişə bilər. Gəl azad sevgi haqqında danışaq (mən buna "azad sevgi" deməyi üstün tuturam, insanları "gey", "hetero" və s. kimi ayırmağı sevmirəm, amma bu bizim mövzumuz deyil). Görünür ölkələrimiz və xalqlarımız azad sevgi haqqında danışanda ortaq fikrə varırlar. Nə düşünürsən, problem nədir - din yoxsa mentalitet?

S.K. Mən də bir vaxtlar millətçi idim, cavan olanda. Təəssüf ki, universitetlərdəki "professorlar"ımız tələbələri nifrət və millətçiliklə doldurur. Xoşbəxtlikdən mən də dəyişmişəm.

Azad sevgi haqqında, düz deyirsən. Problemə cavab isə tək deyil və mürəkkəbdir. Homofobiya haqda çox araşdırmışam və yazmışam. Din bizdə və gürcü cəmiyyətində nifrəti ayaq üstə tutan və onu gücləndirən mövhumdur. Ən əsas problem isə məlumatsızlıqdır. Dinin qarşısı bir yerdə alınmalıdır, ona limitlər qoyulmalıdır ki, nifrəti yaya bilməsin. Buna görə dini çox tənqid edirəm və dostlarımla mübahisə edirəm. Mənim gey dostlarım mənim dinə baxışıma görə artıq mənə nifrət edir, mən onların gözündə kafirəm.
Praktika göstərir ki, din - yaxud daha doğru desək - irrasional inanc çox problemli şeydir, insanları zombiyə çevirə bilər. Xalqı dindar və küt kütləyə çevirə bilər. Bu görə mən müqəddəs olan hər şeyə meydan oxuyuram, qoy bu Tanrı, vətən ya da başqa şey olsun. Beləliklə düşünməyə davam edirəm.
 
C.A. Yəni sənin gey dostların həm də dindar idi? Mən elə bilirdim İncil onları lənətləyir. Maraqlıdır. Nəticə olaraq, səncə biz hökumətlərimizin bacarmadığı nəyi bacara bilərik?

S.K. Bəli elədir. Homoseksuallıq və Bibliya haqda bir kitab yazmışam. Bibliyada iki kişinin sevgisi, iki qadının sevgisi haqda yazılar var. Pis yazılar da var. Biz öz çevrəmizdə tolerantlıq və sevgini yaya bilməliyik.

Rejimlərimiz sülh və anlayış haqda maraqlanmır, çünki onlar saxtadır və onlara varlıqlarını qorumaq üçün nifrət və düşmən vacibdir.
Serj, Putin, Erdoğan, sizin prezident (adını unutdum) hamısı bunu deyir:
"Baxın, bu vəhşilərə baxın, əgər mən sizi qorumasam bu vəhşilər sizi yeyər. Mənə buna görə də inamınızı və pulunuzu verin, oğullarınızı və qızlarınızı verin, hər şeyinizi verin ki, sizi qoruya bilim".

Buna görə də Tekali prosesini dəstəkləməliyik. Gənclər görüşməli, əlaqə qurmalı, yazmalı, videolar hazırlamalı, fondlar yaratmalıdır. Facebookda bir türk dostumla fotom vardı. Onun haqqında uzun müzakirələr, rəylər oldu. Üstündə "İstanbul" yazılan bir köynək geydiyimə görə məni vətəni satmaqla günahlandırdılar. Bir dindar gey patriot dostum mənə dəyərlərim və inancım olmadığına görə nifrət etdiyini dedi.

Ermənistanda din mərkəzli homofobiya var. Rəsmi "Erməni" kilsəsi homoseksuallığa günah deyir.
İntihar edən azərbaycanlı uşaq haqqında xəbərim var. Sizin də müsəlman geyləriniz var. Sadəcə tanımırsınız. Hətta sənin müsəlman gey dostların var, amma sən tanımırsan. Bədənlərimiz bizimdir və totalitarlıq öz bədənimizlə nə edəcəyimizə qarışılanda başlanır. Buna görə də dövlətlərin bizə bədənimizə nə etməli olduğumuzu deməyinə imkan verməməliyik.

Söhbətləşdi: Cavid Ağa

Kultura.az

Yuxarı