post-title

Qadınmı, toyuqmu?

Bu yazı o yazılardandır ki,ortaya çıxana qədər dəfələrlə yazıb silmişəm.Yazıları gözləri ilə oxumayıb,beyinləri ilə də başa düşməyən bir kütlənin naməlum orqanları tərəfindən “asılmaq” qorxusu deyil səbəb.Bilmirəm nə dərəcədə incə ifadə edə biləcəm,əslində incə bir məsələyə toxunacam.

 
Düzdür, həyətdəki toyuqla “milli” qızlarımızı müqayisə etməkdə incəlikdən daha çox kobudluq əlaməti olsa da, saatlarla düşünməm nəticəsində bunu başqa cür ifadə edə bilməyəcəyimi anlayıb sözə başlayıram.
 
Bu günlərdə həyətimizdə adam görən kimi qabağına qaçıb qarşısında qəribə bir formada əyilən toyuqlardan anamın yanında şikayətlənəndə çox qəribə bir tərzdə şərh bildirdi: “Yazıq nə görüb ki, elə bilir o cür olur”. Deyəndə ki, bəs niyə qonşunun xoruzunu qovur? Cavab verdi ki, ”tərbiyəli toyuqdu da”. Anamın zarafatına gülsəm də, əslində, bir anlıq tez-tez rastlaşdığım mental beyin qurbanları qızlarımızla toyuğu beynimdə müqayisə edərkən gülüşümün sonu ağzımın əyilməyi ilə bitdi. Yox, çarpılmadım, hər halda nə toyuğun cəddi var, nə də inanmıram ki, o qızların ola, baxmayaraq ki, ömürlərini “peyğəmbər” kimi başa vurmağı qarşılarına məqsəd qoyublar. İstər istəməz bir anın içində beynimə yığılan fikirlər bütün üz ifadəmi dəyişdi. Cəmiyyət hər nə qədər mentalitetin buxovundan çıxmağa çalışan gəncləri gözümüzə soxmağa çalışsa da, damların altında hansı axına düşdüyünü anlamayan qızlar yetərincədi. Elə bizim həyətdəki toyuqlar kimi.
 
Yəqin ki, beyniniz qarışdı. Bu nə danışır, nə deməyə çalışır? - deyə suallar səsləndirirsiniz. Hətta kimlərsə daha sərt çıxaraq onlara əxlaqsızlıq təbliğ etdiyimi iddia edəcək. Bu yazını bir sual olaraq qəbul edin. Özümün də anlamağa çalışdığım bir sual. Yəni doğrudan mı sizə maraqlı deyil ki, bir toyuq ev sahibinin qarşısında əyiləcək qədər cinsi ehtiyac duyursa qonşunun xoruzunu niyə qovur?! Deyəsən, biraz gülməli sual oldu, lap olmayıbsa da, düz sözü ələ salmaq xasiyyətimizə əsaslanıb gülək buna. Sualı daha təbii qoysam, illərlə sevgili olduğu oğlana bir dəfə də zərif bir öpüş, sığal verməyib, evdə masturbasiya edən, sevgilisini də başqa yataqlara məhkum edən qızı buna sürükləyən səbəb nədir? Oğlanın yanında özünü illər əvvəl ərəb çöllərində sünnət olunmuşcasına heç bir ehtiras hiss etməyirmiş kimi aparan qızlar saxtakarlıq etmirlərmi? Nitsşe əxlaq saxtakarlıqdır deyəndə yəqin ki, sözün əsl mənasında uzaqgörənlik edib bizim milli qızlarımızı nəzərdə tutmuşdu.
 
Əgər sözügedən xanımlar öz “təmiz adlarını” gözə soxmaq üçün hər yerdə ətrafa sevgi saçan sevgililəri tənqidə başlamasaydılar, yəqin ki, bu yazı da yaranmazdı. Yəqin ki,mən də öz həyatları, öz prinsipləridi deyib sakit oturardım. Necə ki, cəmiyyətin də onlardan gözlədiyi elə budur. Ətrafında gördüyün cütlüklər xoşuna gəlmirsə, öz həyatları, öz prinsipləridi deyib sakitcə keçmək. Lakin dəfələrlə ağız büzüb, sevgilini öpməyi, qucaqlamağı, hətta bəzən cəmiyyət içində əl-ələ tutmağı belə əxlaqsızlıq kimi qiymətləndirib, tənqidi sözlər saçan qızların şahidi olmuşam. Amma onların anlamadığı bir şey var və mən bu mesajı onlara çatdırmağı özümə borc bilirəm. Tənqid atəşinə tutduğunuz tablonun adı “sevgilidi”, siz isə öz hamam otağınızda həyətimizdə əyilən toyuq təsiri bağışlayırsınız.
 
Jalə Sərhəd
Kultura.az
Yuxarı