post-title

Azərbaycanlıların hödükləşməsi, bunun səbəbləri və fəsadları

Bu yazıda günümüz Azərbaycanında mövcüd ictimai – sosial vəziyyətə, cəmiyyətdə gedən proseslərə və bunun müqabilində fərdlərdə, qruplarda baş verən dəyişikliyə nəzər salacayıq. Yazıda müxtəlif nəzəriyylərə istinad ediləcək və nəzəriyyələrin üzərindən cəmiyyətimizə nəzər yetirəcəyik. Mahiyyətcə sosiologiyaya aid olan bu məqalə - esse gələcəkdə edilməsi mümkün olan araşdırmalara güzgü tutur.

 

Mən  bu yazıda yeni terminologiyadan istfadə edərək vətəndaşlarımızın “hödükləşməsi” və bunun səbəblərini izah etməyə çalışacam. Bu yazının  özəyini neo- marksist baxış təşkil edəcək və zaman – zaman Qramşi,Burdieö və Adornonun fikirlərinə istinad ediləcək.  Yazı üç hissədən  - giriş, ümumi təsvir və nəticədən ibarət olacaq. Bu yazı özündə publisistik fikirləri ehtiva etsə də, mahiyətcə nəzəri yanaşmadır. Yazıda ifadə edilən fikirlər  mənim analitik baxışımı əks etdirsə də, obyektivlik üzərində qurulub. Buna görə də, oxucuların razılaşmadığı fikirlərlə bağlı etiraz, tənqidləri məntiqli əsaslandırma çərçivəsində qəbul edilir.

Giriş

Azərbaycan cəmiyyəti haqqında müstəqillikdən bəri yazılan yazılar əsasən publisistik baxışı əks etdirib. Zaman – zaman müxtəlif yazarlar, jurnalistlər, ictimai və siyası xadimlər əvvəlcə ənənəvi mediada son illərdə isə sosial mediada öz fikirlərini, baxışlarını özlərinə məxsus şəkildə ifadə ediblər. Bu insanların sırası müxtəllif illərdə genişləsə də ümümilikdə aşağı yuxarı eyni simalardan ibarət olub. Onların həyata baxışı, vəzifəsi, intellekt səviyyəsi öz fikirlərini ifadə edərkən də təsirsiz ötüşməyib. Nədənsə insanlarımızın ümümi təsvirini verərkən çox vaxt  hər şey insanların üzərinə atılır. Müəlliflər öz yazılarında insanlarımızı adət ənənələrə, maddi məsələlərə bağlılıqda ittiham etsələr də bunun səbəblərini ciddi şəkildə əsaslandıra bilməyiblər. Bu yazı yazılarkan  8 iqtidar və müxalifət yönümlu xəbər saytlarının,portalların və qəzetlərin onlinə səhifələrində köşə yazarlarının 60-a yaxın yazıları incələnib və istifadə etdikləri mövzülar kateqoriyalaşdırılıb. Bu kateqoriyalaşdırılmanın statistik analizi edildikdən sonra  ortaya çıxan mənzərə budur ki, tənqidlərin ümümi  səviyyəsini yazarların mütailəsi və həyata baxışı təşkil edir.

Bu yazılardan yola çıxaraq yazarlarımızın dilə gətirmədiklərini mən izah etməyə çalışacam. Son illərdə yazarlar  tərəfindən gündəlik danışığımıza keçən və azərbaycanlıları müəyyən kateqoriyalar bölən sözlər var. Buraya  “qara kurtkalılar” , “ tükəzban” , “ofis planktonları”  və s. bu kimi sözlər daxildir. Bu adlar insanlarımızı müəyyən kateqoriyalara bölüb təkamül və ya maddi səviyyəsinə görə müxtəlif yerlərə qoyur. Mənim fikirimcə isə günümüz insanını qruplara, siniflərə, təkamül,gəlir səviyyəsinə bölmək doğru deyil. Azərbaycanlılar  istisnasız ən intellktualından ən varlısına, ən ziyalısından ən kasıbına, kəndlisindən şəhərlisinə, qadınından kişisinə qədər  “ hödükləşmək”dədirlər

“ Hödük ” kəliməsi türk sözü olub “kütük”,”gödük” sözündən törəyir. Türk Dil Qurumu bu sözün mənasını  “görməmiş, qıt ” olaraq təqdim edir. Bu kəliməni  ilk dəfə görəndə artıq  bu yazının yazılması üçün  bir stimul olmuşdu. Bir cəmiyyəti bundan gözəl təsvir edən ikinci bir kəlimə yəqin ki çətin tapılar. Bu kəlimə illərdir uçurma doğru istiqamətlənmiş və istiqamətləndirilmiş bir cəmiyyətin ümumi mənzərəsini əks etdirir. Bu kəlimə cəmiyyətin sürətlə cılızlaşmasını və bunun müqabilində də gərəksiz istəklərin, təlabatların , zövqlərin əsirinə çevrilməsini göstərir. Hödükləşən azərbaycanlılar özləri belə fərqinə varmadan böyük bir dairənin içərsində günlük həyatlarına davam edib  günün üstünə gün əlavə edirlər. Hərdən başlarını qaldırıb ciddi, kədərli, fikirli, intellektual, yumorstik, hazırcavab görünməyə çalışsalar da bacarmırlar. Çünki onlar özlərinə aid bacarıq və bilikləri deyil, onlara təlqin edilən şeyləri təsvir etməyə çalışırlar. Onlar bundan xəbərdar olmadan dünyaya uşaq gətirir, onun böyüdür, məktəbə göndərir və beləcə həyat davam edir. Hödükləşmiş azərbaycanlılar ortaya mövqe qoymaq iqtidarında deyillər, çünki onların buna heç bir potensialı yoxdur.  Çünki hər şey onların xəbəri olmadan müəyyən edilir və onlar da bunu icra edirlər. Onların bəziləri zaman zaman oyunda yer dəyişsə də oynadıqları “meydan “ və ya  “sahə” eynidir.

Yazının buraya qədər olan hissəsində biz hödükləşmə, onun mənası və azərbaycanlalıların hödükləşmiş olduğunu göstərdik. Yəni istənilən hər hansı X bir azərbaycanlı hödükləşib. Təhsil dərəcəsindən, bacarıqından, intellektinden alsı olmayaraq bir insan necə hödükləşə bilər?  Axı niyə  görə biz bütün insanlarımızı eyni kateqoriyaya qoyub analiz edirik? Sadəcə müəyyən bir qrupu tənqid etsək olmazmı? Bu suallara cavabı yuxarıda qeyd etdiyimiz  “meydan” və ya  “sahə” nəzəriyyəsi ilə təsvir edəcəyik. Çünki hödükləşmiş azərbaycanlılar bu “sahə”nin tərkib hissəsidirlər.
Yazının bundan sonrakı hissəsi Ümumi təsvirdən ibarət olub daha çox nəzəri fikirləri əks etdirəcək. Bundan sonra isə nəzəriyyə və günümüz arasında bağı araşdırıb nəticəyə keçəcəyik.

Ümumi Təsvir

Nəzəri fikirlərə Pyer Burdiyeö ( Pierre Bourdieu) ilə davam edəcəyik. Pyer Burdiyeö (1930-202) 20-ci əsrin ən böyük fikir adamlarından biridir. Filosof,antropoloq olan Burdiyeönü dünya daha çox sosioloq olaraq qəbul edir. Strukturalizim məkətəbinin nümayəndəsi olan Burdiyeö “sahə” nəzəriyyəsi ilə başlatdığı diskursun ardınca “kapital” nəzəriyyəsini təkmilləşdirdi və bunun üzərindən isə “ habitus” məhvumu formalaşdı.

“Sahə” termini  əslində  hər hansı ayrı bir “dünyanı” təsvir edir. Burada əsas fikir bundan ibarətdir ki, hər bir “dünyanın” öz  məntiqi var. Və bu məntiqin tərkib hissəsini özünün geniş sferası, oyun qaydaları, görünən və görünməyən təsir mexanizimləri formalaşdırır. Bir az daha dəqiq ifadə etsək hər sahə əslində sahə daxilində yer alan vəzifə və mövqelər arasındakı qarşılıqlı və davamlı olan əlaqədən aslıdır (Robbins 2000). Və bu əlaqəni şərtləndirən əsas faktorlar isə onun gücü və kaptilanından asldır. Bir sahədə hər hansı bir şəxsin hər hansı bir vəzifəni icar etməsi onun gücünün və kapitalının azlığından və ya çoxluğundan ibarətdir. Bir sahədə hər hansı bir vəzifəni icra edən və ya bu vəzifəyə və ya rola  iddialı olan birinin o vəzifədəki davamiyyəti də məhz kapital və gücün necə əldə edilməsindən və qorunmasından aslıdır.Beləliklə bir sahənin strukturu sahədəki oyuncuların davamlı olaraq qarşılıqlı əlaqəsindən,  rolunu icra etmə mexanizmindən, ala biləcəkləri mümkn təsirə qarşı davamlılığından və ya iradəsizliyindən aslıdır. Sahənin ümumi təsvirini Burdiyeö ilk dəfə fransız məktəblərindəki ümumi iqtisadı – sosial durumu analiz edərkən versə də, bunun ən yaxşı örnəyi televiziya haqqında dərc olunmuş “Sur la télévision”  toplusunda təsvir olunub(Bourdieu 1999). Başlanğıcda onun bu əsərinin qısa xülasəsini təvirlərlə vermək istəsəm də, təsvirlərin yazının yerləşdirməsində texniki problem yaradacağını düşünürək  sözlü ifadə etməyə çalışacam.

Xəyalımızda iki müxtəlif sahəni ehtiva edən iki kvadrat fiqur canlandıraq. Yazınının bundna sonra anlaşılan olması üçün bu canlandırmanı şərti olaraq “Təsvir 1” adlandıraq.Solda yerləşən kvadratı şərti olaraq “televiziya” , sağda yerləşən kvadratı isə “iqtisadiyyat “ adlandıraq. Televiziya olaraq adlandırdığımız  sahədə Yuxarı və Aşağıda yerləşən oyunuçular var. Bu oyunçular aşağıdan yuxarıya doğru jurnalistlər, müxbirlər, redakorlar, baş redaktorlar, kanal rəhbərləri, media patronlarına qədər davam edir. Hər nə qədər aşağıda yerləşirsə o adamın avtonomluğu bir o qədər çox olur. Yəni həmin şəxs sahənin içində olduğu müddətdə digər sahədən gələn təsiri hiss etmir. Çünki o təsir daha çox yuxarı eşolanda yerləşən oyunçuları hədəf seçir. Belələkilə iqtisadiyyat televiziyanın oyun qaydalarını müəyyən edir və televiziya artıq bundan aslı hala gəlir. Sağdakı sahə iqtisadiyyatla soldakı sahə mediyanın təsirinin birləşdirən isə heteronomiyadır(Brown, Szeman et al. 2000) Yəni bu təsir davamlı olduqca aşağıdakı oyunçuların yuxarıya yüksəlmək arzusu və ehtirası yüksəlir və ortada sahə içində yeni oyun qaydaları formalaşır. Bundan başqa təsirə məruz qalan sahə öz növbəsində başqa bir sahəyə təsirsiz ötüşmür. Misal üçün İqtsadiyyatın təsirinə məruz qalmış televiziya Çeıpionlar Liqasının təşkil edilməsinə təsiri məlumdur.Buna görə də UEFA rəhbərliyi daha çox televiziya gəlirləri götürmək üçün hər zaman müxtəlif böyük sponsorlar axtarışına çıxırlar.Nəticədə isə hər kəsin  coşğu,zövq mənbəyi olaraq gördüyü idman növü kommersiya mənbəyinə çevrilir.Bura qədər olan hissədə “Sahə” nəzəriyyəsinə ümumi nəzər yetirdik. Bəs sual ortaya çıxır ki, bu nəzəriyyənin günümüz cəmiyyəti ilə bağlantısı nədir. Burdakı faktorlar nədən ibarətdir?  Azərbaycan cəmiyyətinin hödükləşməsi ilə bu fikir arasındakı əlaqə nədən ibarətdir?
Yuxarıda da qeyd edildiyi kimi, bir sahə digər sahəyə bir başa təsir edir və cəmiyyət bu sahələrin davamlı olaraq təsiri nəticəsində şəkillənir. Amma bizim cəmiyyətdə  bir “sahə” var ki digər sahələrə, başda cəmiyyətin özünə şiddətli şəkildə təsir edir və onun düzənini alt üst edir. Bu güc ,mütləqi hakim sinif olan hakimiyyət ,daha dəqiq dəsək quruplar arası böyük mübarizənin, intiriqanın  əsas məhvumunu təşkil edən “süper güc”dür. Yazının bundan sonrasında istifadə ediləcək “süper güc” şərti məna daşıyır və yazının mahiyyətini təsvir etmək üçün işlədiləcək.
Gəlin, yuxarıdakı təsvir etdiyimiz qarşılıqlı əlaqənı günümüz cəmiyyətinə uyğunlaşdıraq:

İndi isə fərqli bir qarşılıqlı əlaqəni canlandıraq.Burda da “Təsvir 1”də   olduğu kimi, iki böyük sahə var. Biri təsir edən digəri isə təsir olunan. Burdiyeö nəzəriyyəsindən fərqli olaraq bizim durumumuz daha qarışıq görünür.Mən burada bu  qarışıqlığı təhlil etməyə çalışacam. Burda əsas fikir nəzəriyyənin cəmiyyətə tətbiqinə yönələcək. Məhz bu təsvir hödükləşmənin mahiyyətini açıqlayacaq. Azərbaycanda “süper gücün” cəmiyyətə təsviri çox əcaib görünür. Çünki “süper güc” cəmiyyətdən ayrı olmaqla bərabər özləri də fərqli qruplara bölünür. Bu qrupların bacarıq və qabiliyyətlərinə sonra toxunacağımız üçün indi onların klassifikasıyasına keçmək bizi mövzudan uzaqlaşdırar. “Nazlı Pəncəliyevaya cavab” yazımda Qramşinin “mədəni hegemoniya” nəzəriyyəsinə toxunmuşdum(Ives 2004). Orada qeyd etmişdim ki, “...bu fikir axımın özəyini dominant qrupun cəmiyyətə təsiri və bu qrupun qayda və qanunlarının cəmiyyətin digər kəsimi tərəfindən asanlıqla qəbul edilməsidir”. Azərbaycanda cəmiyyət “süper gücün” bir başa olaraq təbliğ və təlqin ediyi fikirlərə, dəyərlərə, normalara qarşı  qorumasızdır. İstənilən intellektual bazası dolu olan biri belə rejimin təbliğatına qarşı davamiyyatını sona qədər saxlaya bilmir. Bu davamiyyət siyasi və ya əqidə mübarizəsi deyil. Bu davamiyyat, təlabatlar fetişiziminə qarşı insanın alt şüurunu məşğul edən və  daxili “məni” üzə çıxarmaq ehtirasına görə öz bəhrəsini vermir. Bizim cəmiyyətin yuxarı mərtbəsinə yüksələnlər və ya “yüksəldilmişlər” sonradan “super güc” ən alt mərtəbəsinə keçmək arzusudur. Bura keçməklə  hər hansı vəzifəyə sahib olmaq arzusundan  daha çox “tələbatlar fetişizimi”nə sahiblənmək kimi anlamalıyıq. “Hödükləşmiş” azərbaycanlıların da tək qayəsi bundan ibarətdir. Dəbdəbəli həyata çatmaq və burada bacara bildiyi qədər qərar tutmaq. Çünki onların gördükləri məhdud sayda insanın bu dəbdəbədən enininə boyuna yararlanmasıdır. Cəmiyyətdəki insanların  həmən həmən böyük əksəriyyətinin arzusu aşağıdan yuxarıya mümkün qədər tez yüksəlmək  ordan isə hakimi mütləq qrupun sıralarına qoşulmaqdır. Təbii ki bu yol məşəqqətli yoldur. Bu yolun uzunluğunu hər kəs gedə bilməz. Bu yolda “kor,kar,lal” olmaqdan başqa həm də gərək mənfi sifətləri özündən birləşdirəsən. Əslinə qalsa bu sifətləri özündən birləşdirən böyük gənclər nəsili yetişməkdədir.Sadəcə bu insanlar “super güc” daxili oyun qaydalarının “update” olunması zamanı ciddi şəkildə silkələnə bilər və aradan itə də bilərlər. Baxın – ASAİF və İrəli ətrafında gedən söhbətlərə. Gənclərin illərlə keçdiyi “məşəqqətli” yol üçcə günün içərsində duman oldu.

Göründüyü kimi cəmiyyətdə lüks həyata sahib olmaq, qlamur həyat tərzi kimi  fetişist ehtiyaclar aşılanır. Cəmiyyət o təmtəraqlı həyatdan bir təhər olduğu üçün cəmiyyət daxilində amansız mübarizə yaranır. Təbii ki, burada uğur qazanmaq elə də asan deyil. Buna görə də cəmiyyət  içində bu mübarizəni “asanlaşdırmaq” üçün yeni məhvumlar yaranır. Bu məhvumlar da yerlibazlıq, qohumbazlıq, “day-day”, “yeraz”, naxçıvanlı və bu kimi adlar altında kateqoriyalaşır. Bu kateqoriyalara aid olmayanların uğur qazanması ümumiyyətlə ehtimal belə olunmur və bir sahənin içində “mini sahələr” yaranır.  Bir cəmiyyət üçün də ən təhlükəli an burda başlayır.  Bu qruplar “super gücün” süfrəsindən tökülən “artıqlar” uğrunda amansız mübarizədədir. Cəmiyyətin “cəngəllik qanunları” ilə adlandırılması da məhz bu qrupların özlərini haqlı çıxarmaq üçün uydurduğu iyrənclikdən başqa bir şey deyil.

Budur biz “super gücə”, cəmiyyətin içindəki kiçik qruplara nəzər saldıq.Bəs yerdə qalanlar? Heç bir qrupa daxil olmayan bu fərdlər necə? Onların aqibəti nəcə olur? Bu insanlar əslində lənətlənmişlərkateqoriyasına daxil olan hödüklənmiş azərbaycanlılardır. Bu hödüklənmişlər digər qruplara daxil olan hödüklənmişlərə həsəd aparır,onlara bənzəməyə çalışır, niyə onlardan biri olmadığı üçün özünü sorğu suala tutur, Allahın onları niyə Azərbaycanda yartdığına üsyan edirlər. Amma “super güc”  onları da unutmayıb və onlar üçün də təsir mexanizimi formalaşdırıb. Bu isə milli adət - ənənələrin qorunması, namus – qeyrət məhvumu və Qarabağ təəssübkeşliyidir. Heç bir qrupa daxil olmayan cəmiyyətin fərdləri səhərdən axşama qədər sosial şəbəkələrdə səhv axtaran, Qarabağla yatıb Qarabağla duranlar, masonların bakırə qız qaını içməsini müzakirə edənlərdir. Bu qrupdakı insanlar uğurun əbədiyyətə qədər onlardan üz döndərdiyini qəbul edib fərqli hərəkət edən gəncləri təhqir etməklə özlərinə təskinlik tapırlar. Bu kateaoriyadakı hödüklənmişlər polisin, jek müdrunun qarşısında gizlənməyə deşik axtaran, amma uzun saçı,qulağında sırğası olan  gənci “petux” adlandıran  və ya qısa don geyinmiş hər hansı bir xanıma gecəsinin nə qədər olacağını soruşanlardır.

Bura qədər olan hissədə biz  “sahə” nəzəriyyəsinə və ölkəmizdəki “sahə”lərə nəzər yetirdik. Həm də qeyd etdik bütöv bir cəmiyyət özlüyündə fərqli “sahə”lərdən ibarətdir və bu sahələr bu və ya digər şəkildə bir-birinə təsirsiz ötüşmür. Bəs sahəni formalaşdıran fərd, “oyunçu”,”aktyor”un oyun qaydaları nələrdir?Bu qaydalar nəyin əsasında müəyyən edilir? Burdiyeö hər bir insanı “kapıtal” daşıyıcısı kimi görürdü. Əgər hər sahədə spesifiki oyun oynanılırsa ,demək  hər sahənin oyun qaydaları var. Bu oyun qaydalarını mükəmməl şəkildə icra etmək üçün gərəkli bacarığa – “kapitala” sahib olmalısan. Biz burada  Burdiyeönun məktəblilər bağlı apardığı araşdırmada gəldiyi nəticə belə idi ki, yüksək mədəni kapitala sahib olan ailələrin övladları təhsil göstəricilərinə görə daha yüksəkdə dayanırlar. Burdiyeö mədəni kapital məhvumunu xüsusi ilə qabardır. Gəılin mədəni kapitalı əhəmiyətli ədən fakorlara nəzər salaq və sonra da cəmiyyətimizdəki bu faktorların vəziyyətinin nə yerdə olduğunu müzakirə edək.

“Forme incorporée” insanın fərd olaraq özünə etdiyi yatırımın nəticəsidir. Yəni insanın oxuduğu kitablar, baxdığı filimlər, qazandığı biliklər, getdiyi sərgilər, istirak etdiyi debatlar nəticəsində ortaya bilikli bir insan çıxır.Yəni insan nə qədər çox öz üzərində işləyib özünü təkmilləşdirirsə bu insanın bir sonrakı təcrübələrinı daha da asanlaşdırır(Webb, Schirato et al. 2002).Fərz edin ki,tarix,incəsənət,memarlıq və bu kimi şeylər haqqında anlayışı olmayanı aparıb Luvra atırsınız. O əlbəttə ki,orada sıxılacaq. Çünki həyatında Lüvrda sərgilənənlər haqqında bilgi sahibi olmayıb. Bir göz qırpımımda insan heç bir biliyə yiyələnə bilməz.

Bura daxil olan azərbaycanlılar həqiqətən də azlıqdadır. Yəni insanlar intellektual bazası məhdud səviyyədə olmaqla bərabər bunu artıracaq imkana da sahib deyillər. İntellektual fikir əslində intellektual cəmiyyətdə daha rahat yayılır və özünə yer tutur. Bizim vəziyyətimizdə isə insanların beyni gərəksiz fikirlər və gündəlik dolanışıq qayğıları ilə məhdudlaşır. Və   bizim insanımızın əldə etdiyi bilik də əslində bu qayğıları yüngülləşdirməkdən başqa heç bir işə yaramır. Bundan başqa Burdiyeönün də dediyi kimi, bu bacarıqlar sadəcə zamanla və yatırımla olan işdir. Bizim insanımızın böyük əksəriyyəti bu zamandan məhrumdur.

“Forme objectivée” insanın sahib olduğu biliklərin üzərində formalaşır.Fərdin sahib olduğu rəsm əsərləri, əl işləri,antik əşyalar, qədim əl yazmalar və bu kimi şeylər insanın sahib olduğu biliklərin məhsuludur. Bir insan rəssamlıqdan anlamadığı halda ona bir tablo hədiyyə etəsniz o tablonun haraya asmağın  daha uyğun olduğunu belə müəyyənləşdirə bilməz(Shusterman 1999). Və ya siz  incəsənət haqqında fikir sahibi olmayan insana hədiyyə etdiyiniz sənət əsəri haqqında nə düşündüyünü soruşsanız gələn cavabların məntiqsizliyindən təəccüblənməməlisiniz. Burada ölkəmizə nəzər salaq. Son illərdə Avropada olan krizisdən sonra ölkələr qədim qəsrləri, malikənələri satışa çıxartdı. Təsəvvür edin ki, oliqarxlarımıza da kimsə “tırka” verir ki, bunlar satılır. Və fərz  edin ki, bir azərbaycanlı olıqarx elə bir malikənə alır. Sonra bu malikənadə yaşayan olmur. Olduğu kimi qalır yerində. İndi yənə də fərz edək ki, həmin oliqarxın harınlamış,eyş işrət sevən bir övladı var. Həmin bu oğul o qəsrd əlyəncə partisi versə, tarixi abidənənin taleyi qaranlıq görünür. Və yaxud da, təsəvvür toyda içkili vəziyyətdə xanəndədən “Ana” mahnısı oxumağı tələb edən “hödükləşmiş” azərbaycanlı İsfar Sarabskının “Jazz Centre” də olan konsertində süfrədə nə üçün kabab olmadığını soruşur.Təəccübləndiniz elə deyilmi?

Burada, son illər “super güc” daxilindəki qrupların dünyanın ən önəmli müzeylərinə etdiyi yardımlara, qəsrlərin təmirinə ayrılmış vəsaitlərə diqqət çəkmək istərdim. Bu yardımlar ölkənin təbliği adı altında səslənsə də, əslində “super gücün” özlərini Avropanın elit təbəqəsi ilə müqayisə etmək ehtiyacından yarandığını görmək elə də çətin deyil. Bu və ya digər şəkildə mədəni kapitala sahib olduqlarını düşünən bu qrupa məxsus insanlar ölkəmizdə özlərini hər kəsdən təcrid etdikləri üçün artıq özlərinin maraq və zövqlərini bölüşə biləcək adam tapmaqda çətinlik çəkirlər. Çünki həmin adamları özləri müəyyən edirlər. “Sahəni” izah edərkən qeyd etdim ki, normalda sahədəki oyunçular öz bacarıqlarını artıraraq oyuna daxil olur. Bunun əksi olaraq bizdə oyuna daxil olmaq istəyənlərin xüsusiyyətləri mənfi şkalada ölçüldüyü üçün o insanların yüksəldikdən sonrakı durumu çox üərkbulandırıcı və sünii olur.Buna görə də bizim “super güc” istiqaməti Avropaya yönəldir.

Digər bir misal son illər Azərbaycanda “super gücün” fərqli – fərqli üzvlərinin şeir yazması,musiqi bəstələməsi və ya incəsənət nümünələri yaratmaq marağıdır. Frankfurt Schule məktəbinin əsas simalarından biri olan Teodo Adornoya  görə  hər hansı incəsənət əsəri bir etirazın təməlini təşkil edir(Bottomore 2002). Əgər o etiraz şüurda ilişib qalıbsa və biruzə oluna bilmirsə demək nəticədə ortaya çıxan işdə bədbin tonlar, sarsıntılar özünü birüzə verəcək. Bu nəzəriyyənin doğru olduğunu da son illər “super güc” nümayəndələrinin işlərində görmək olar.

Mədəni kapitalın üçüncü formasını təşkil edən “forme institutionnalisée” təşkil edir. Bu da əldə edilən mədəni kapitalın diplom və rütbədə ehtiva olunması deməkdir. Bir cəmiyyətin əhəmiyyətini onun qurumlarının, institutlarının nüfuzu və güvənilirliyi daha da artırır. Bitirdiyin ali təhsil ocağından aldığın diploma görə sənin daha yaxşı işə kəçə bilmək imkanın nə qədər yüksəkdirsə, hər hansı bir dövlət qurumunun vətəndaşına göstərdiyi xidmətin dərəcəsinə görə həmin vətəndaşın cəmiyyətdəki rolu eynidir(Bourdieu, Calhoun et al. 1993). Sizin ciddi ali təhsil diplomunuz olmadığı zaman və ya bu diplomu universitetdən rüşvət verərək aldığınız halda sizin yenə də mədəni kapitaldan yoxsul olduğunuz faktı göz önündə qalır. Bizim cəmiyyətdə bütün qurumlar rüşvətə batdığından, doğru dürüst işləmədiyindən ortaya yeni çıxan ASAN Xidmətin nisbətən fərqli işləməsi insanlarımızı özündən keçirdir.Bu günə qədər xidmətin nə olduğunu anlamayan insanlar yetişməkdə olanda “monstr” bürrokratik aparatın fərqində deyillər.
Yuxarıda qeyd etdiyim  kimi, cəmiyyətdə insanlar müxtəlif qruplara daxil olaraq irəliləmək istəyir və bununla da tezliklə uğura sahib olmaq istəyir. Bundan başqa həm də quruma daxil olaraq irəliləmək isətəyən xüsusi bir kateqoriya var. Bu kateqoriya özlərini “litstey uşağı” adlandırır. Litsey haqqında deyilən hər hansı sözə əcayib şəkildə reaskiya verirlər.Çatışmazlıqdan əziyyət çəkən bir qrupun üzvləri özlərini ancaq bu şəkildə kateqoriyalaşdıra bilərdilər.

Nəticə

Nəticənin  müsbət notlarla başlayanmayacağı hissi edilə bilər. Çünki bu günə qədər azərbaycanlılar qısa dövrənin içində fırlanıb durublar.Və bu fırlanma onlara təbii bir şey olaraq gəlib hər zaman.Onlar bu dövrənin necə qurulduğunu, tarixini yaxşı bilsələr də bunun vacibliyinə özlərini inandırmış haldadırlar.Onlara görə bu dövrə davamlı olaraq dönməlidir. Çünki hödükləşmiş azərbaycanlılar düşünürlər ki, “bunlar yeyib doyublar,yerinə gələn daha çox yeyəcək”
Əslinə qalsa “bunlar yeyib doyublar” fikri ilə tamamilə raziyam.Onlar həqiqətən də yeyib doyublar. Sadəcə onların davamlı olaraq böyük  milyardlara yiyələnmək istəyi hödükləşmiş azərbaycanlıları daha rahat idarə etməkdən , “sahə”ləri davamlı olaraq nəzarətdə saxlamaqdan və oyundakı fiqurlara nəzarət etməkdən ibarətdir. Tarix boyu sahələr davamlı olaraq dəyişdiyi üçün cəmiyyətimizdəki mövcüd sahələr də dəyişəcək. Artıq bu proses sürətlənməkdədir. Bunun fərqində olan “super gücün” davamlı olaraq oyunçu dəyişdirmək təşəbbüsü diqqətdən qaçmır.Bizim kimi cəmiyyətlərdə oyunçu öz potensialı ilə oyuna atıla bilməz, nə də sistemi içdən dağıdacaq xulyaları ilə yaşaya bilməz. Bir növ o məşhur “ sürünmək üçün yarananlar, uça bilməz” məsli kimi. Cəmiyyətimiz daha bir müddət ona təlqin edilən bu fikirləri həzm edəcək. Bu fikirlərlə yaşayacaq. Bəs sonra nə olacaq deyə soruşsanız, Şəkil 2-də göstərilən sual işarəsi altında göstərilən sahəyə diqqət etmək lazımdır. Orada bizim təsir etdiyimiz sahələr göstərilməsə də,hər kəs özlüyündə “super gücün” təsirini bir başa ənsəsində hiss edərək başqa bir şeyə necə təsir göstərə biləcəyini düşünməyə cəhd edə bilər. Sizi əmin edirəm ki, bunu da bacarmaycaqsınız. Cavabı isə belədır: “ Sürünmək üçün yarananlar uça bilmədiyi kimi, hödükləşmiş azərbaycanlıların nəyisə dəyərləndirməsi mümkünsüzdür”.

Beləliklə cəmiyyət olaraq hödükləşməyimizi, səbəblərini, prosesi sizə təqdim elədik.Bundan sonrakı  həyatınımızın heç də ümüdverici olmadığını bilə bilə bu cür yaşamağa davam edərsək, demək biz əslində fetişisit təlabatlara can atdığımız kimi, bu cür həyat tərzini artıq cəmiyyət  olaraq qəbul etmişik.

Tural Amin     
Antverpen Universiteti
Sosial elmlər fakultəsi


 
Ədəbiyyat :
     
Bottomore, T. (2002). The Frankfurt School and Its Critics, Routledge.
            
Bourdieu, P. (1999). On Television, New Press.
            
Bourdieu, P., et al. (1993). Bourdieu: Critical Perspectives, University of Chicago Press.
            
Brown, N., et al. (2000). Pierre Bourdieu: Fieldwork in Culture, Rowman & Littlefield Publishers.
            
Ives, P. (2004). Gramsci's Politics of Language: Engaging the Bakhtin Circle and the Frankfurt School, University of Toronto Press.
            
Robbins, D. (2000). Bourdieu and Culture, SAGE Publications.
            
Shusterman, R. (1999). Bourdieu: A Critical Reader, Wiley.
            
Webb, J., et al. (2002). Understanding Bourdieu, SAGE Publications.
            
 

Yuxarı