post-title

Biz nə tövr iş görməliyik?

Bəzən böyük bir mətni anlamaq üçün kiçik bir mətn bizim üçün açar rolunu oynayır. Məsələn, Dostoyevskinin romanlarını daha dərindən anlamaq, mövzularının hardan gəldiyini, öz obrazlarını necə müşahidə etdiyini bilmək üçün “Ölü evdən qeydlər” əsərini oxumaq lazımdır.

 
Üzeyir bəyin “Biz nə tövr iş görürük?” yazısı Yusif Vəzir Çəmənzəminlinin “Studentlər” əsərini  anlamaq üçün açar rolunu oynaya bilər. Üzeyir bəy öz yazısında çox sadə dillə və çox sadə misalla problemimizi bir xalq olaraq niyə geri qaldığımızı ortaya qoyur. Üzeyir bəyin yazısını fürsətdən istifadə edib tirajlayıram.  
 
 
Biz iş görmәk istәdikdә bir şeyi yadımızdan çıxardırıq. 
 
O şey nәdir?
O şey nәrdivandır!
Necә yәni nәrdivan? Nәrdivan nәdir?
 
Nәrdivan bir alәtdir ki, onun vasitәsilә adam tәdricən yuxarı çıxa bilәr. Hәr kәs nәrdivansız yuxarı çıxmaq istәsә, elә yıxılar ki, tәpәsi dağılar.
 
Bu belə! Bundan başqa, bir dә, biz hәmişә başımızdan yekә iş görürük. Amma bunun sәbәbi var.
 
Sәbәbi dә budur:
Qonşularımız siçan boyda işlәr gördükdә biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşәk boyda işlәr görmәyә üz qoydular, biz yenә yatmışdıq. Qonşularımızın eşşәk boyda olan işi irәlilәyib camış yekәlikdә oldu, amma biz yatmışdıq. Vә camış dönüb dәvә olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nә vaxt ki, qonşularımız fil boyda işlәr görmәyә başladılar.
 
Qәrәz, gözümüzü ovxalayıb dedik ki, nә var? Biz dә o boyda işlәr görә bilәrik vә başladıq fil boyda işlәr görmәyә.
Axırı nә oldu?
Axırı belә oldu:
 
Filin bir ayağını qayırmamış yoruluruq vә durub qaçırıq. Sonra utanırıq, deyirik, gәlin tәzәdәn başlayaq, ancaq burasını iqrar elәyirik ki, filә gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildәn balaca nәdir? Әlbәttә, dәvә. Qәrar qoyuruq ki, dәvә boyda qayıraq, başlayırıq. Amma yenә dәvәnin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenә yığılırıq deyirik ki, dәvә iridir, ondan balacasını başlayaq. Ondan balaca nәdir?
 
Camışdır. Başlayırıq camış boyda iş görmәyә, lakin camışa da gücümüz çatmır. Aşağı enirik (halbuki, qonşular fildәn yuxarı çıxırlar). Deyirik ki, eşşәk boyda iş görmәk, amma eşşәk dә bizә güc elәyir. Tuturuq keçini. Görürük yox, keçiyә dә tab gәtirә bilmirik. Onda mәslәhәti qoyuruq siçan üstünә.
 
Amma onda da görürsәn ki, içimizdәn bir pişik çıxdı vә siçanı yedi!...
 
Biz belә iş görürük.
 
 
Bizim ölkədə  müxtəlif təbəqəyə mənsub xeyli adam qaldıra bilməyəcəyi yükün altına girir. Nəticədə iş ya yarımçıq qalır, ya zərərə düşür, ya da gülüş obyektinə çevrilir. Əslində isə, sözün həqiqi mənasında, siçandan başlamaq lazımdır. Mən şəxsən öz payıma çayxanalarda danışan, amma əlini ağdan qaraya vurmayan, bir yazı yazıb adamlara bir filmi, kitabı tanıtdırmayan, yol göstərməyən, hansısa lazımlı mətni tərcümə etməyən adamlardan uzaqlaşmışam. Boş yerə enerji alırlar. Düzdür, faydalı şeylər danışırlar, çox yaxşı həmsöhbətdirlər. Lakin iş görmək istəmirlər. Oxuduqlarını paylaşmırlar. Ya tənbəllik edirlər, ya da qorxurlar. Bu gün hər hansı faydalı iş görmək imkanı varkən, bu işi görməyən adamları bağışlamaq olmaz. Əgər bir ağacı əkmək imkanı varkən, adam əlinə bel alıb ağacı torpağa qovuşdurmursa, bu bağışlanılmaz günahdır. 
 
Bir çox insanlar  şəraitlə vəziyyətlə dərindən tanış deyillər. Ona görə də kobud səhvlər buraxırlar. Çünki Azərbaycan tarixindən xəbərsizdirlər. Azərbaycan klassiklərini oxumayıblar. Xalqın necə yaranmasını, xalqın  zəif və güclü tərəflərini bilmirlər. Bir sözlə xalqı tanımırlar. Xalqı isə tanımaq üçün klassikləri, Yusif  Vəziri, Cəfər Cabbarlını, Haqverdiyevi, Üzeyir bəyi, Mirzə Cəlili, Abdulla Şaiqi oxumaq lazımdır. Özü də bütün bu adlarını sadaladıqlarımın və sadalamadıqlarımın əsərlərini oxumaq üçün maksimum bir il lazımdır. Xalqı tanımadıqlarına görə  adamlar xeyli zəhmət çəksələr də, uğur qazana bilmirlər. Erkin Qədirli nə qədər ki, Azərbaycan klassiklərini oxumayıb, bir siyasətçi kimi heç vaxt uğur qazana bilməyəcək. Əgər Erkin bəy Mirzə Cəlilin “Kamança” əsərini, Cəfər Cabbarlının “1905” əsərlərini oxusaydı, o cür gülməli, həm də ağlamalı bir fikir çıxarmazdı ortaya. 
 
Bir dəstə gənc var. Qıraqdan müşahidə edəndə iş görmək istədikləri hiss olunur. Lakin vəziyyətlə tanış olmadıqlarına, klassikləri oxumadıqlarına görə səhvlər buraxmaqdadırlar. Götürüb Oşonun, Buddanın kitablarını nəşr edirlər. Onların fəaliyyəti  təxminən belə  görünür: Elə bil ki, biz acından ölən bir ailəyik. Haradansa əlimizə beş manat pul düşür. Bir adamı göndəririk ki, gedib dükandan bir şeylər alsın, yeyək, ölməyək. Adam gedib beş manata üç-dörd çörək, pendir, şəkər tozu, çay almalıdır. O isə gedib beş manata “Bon Appetit”dən neçə yüz qramsa piroq alır. Nə dərəcədə doğrudur? Piroq yemək əlbəttə ki, bizim haqqımızdır, piroq da lazımdır, lakin vəziyyət tamam başqa ərzaqlar tələb edir. 
 
Təməldən başlamaq lazımdır. Yusif Vəzirin “Studentler” əsərində verilən mesajlardan biri də budur. İllər əvvəl bir yaşlı dostum deyirdi ki, Azərbaycan xalqını təzədən birinci sinfə göndərmək lazımdır. O vaxtlar başa düşmürdüm. Bir az da gülməli səslənirdi. Bu gün başa düşürəm ki, kifayət qədər ciddi fikirdir. Hər bir kəs özünü birinci sinfə göndərməlidir və heç kim bundan utanmamalıdır. Öyrənmək heç vaxt gec deyil. Əvvəla, nəyisə dəyişə biləcəyimizin mümkün olduğuna inanmağımız, pozitivə köklənməyimiz üçün birmənalı olaraq bir müddət qara rəngdən imtina etməliyik. Qara rəngli paltarlar almamalıyıq. Hər kəsin görə biləcəyi bir işdir. Ən azı mənzərə bir az dəyişər və biz küçədə ruhən yaxın olduğumuz adamları görə bilərik. Sayımızın nə qədər olduğunu öyrənərik. Tərəqqipərvər və mədəni insanlar yaxın qohum kimi bir-birlərinə dəstək verməlidirlər. Hətta bir-birlərini tanımasalar belə, müəyyən əlamətlərlə (geyim, davranış, musiqi zövqü) bir yolun yolçuları olduqlarını həmən anlamalıdırlar. Şəraitdən asılı olmayaraq bir-birlərinə yardım etməlidirlər. Bilməliyik ki, biz hara getsək də, əgər “haralısan” sualı verilsə, yaşadığımız, vətəndaşı olduğumuz ölkənin adını çəkəcəyik. Biri var yaşadığın ölkənin adını arxayınçılıqla çəkirsən, biri də var, utana-utana deyirsən ki, filan ölkənin vətəndaşıyam. Nə qədər xalqdan, ölkədən uzaqlaşmaq istəsən də, ölkədəki vəziyyətə, xalqına mənsub digər adamların davranışlarına görə cavabdehsən. Suallara cavab verməli olursan. Vəziyyətə aydınlıq gətirirsən. Səbəbləri göstərirsən.  Bu da hər dəfə enerji itirməyinə, bəzən isə mübahisə etməyə səbəb olur. Bir çox vətəndaşlarımız özlərini ölkədə turist kimi aparırlar. Guya ölkədə baş verənlərin bunlara heç dəxli yoxdur. Böyük çoxluq isə özünü vətəndaş kimi yox, kirayənişin kimi aparır. Bir çoxları ölkəyə motel kimi baxır. Elə bil, gecəni yatıb, sabah yoluna davam edəcək. Halbuki, insanlar başa düşməlidirlər ki, onların övladları da bu ölkədə yaşayacaq. Əgər onlar hər şeyi öz övladları üçün edirlərsə, o zaman bu adamlar öz sevimli övladlarının belə ağır şəraitdə yaşamalarına, yaşayacaqlarına  necə dözürlər. (bax: “Kölə böyüdən atalar və analar”)
 
Bəli, təməldən başlamaq vacibdir. Özü də bu prosesdə şəraitdən asılı olmayaraq hər bir kəsin görə biləcəyi iş var. Geyimi ki, dəyişməyə bizə mane olan yoxdur. Bu da mitinq deyil ki, bizə icazə verməsinlər. Yaxud müxtəlif səbəblərə görə sözümüzü deyə bilməyək. Qara paltar almırsan. Əgər hətta imkan varsa  kənddə-kəsəkdə yaşayan qohum-tanışa hədiyyə edirsən. Əvəzində həm paylaşırsan, həm də özündən başlayaraq prosesə öz töhfəni verirsən. İki ildən sonra isə kənddə yaşayan uzaq qohum da artıq əlvan paltar geyinə biləcək. Heç kim məsuliyyətdən kənara qaça bilməz, yalnız bəhanələr uydurmaqla zəhləmizi tökə bilər. Hər bir insan evində kiçik kitabxana düzəldə bilər. Hər bir rəhbər öz işçilərinin zövqünün formalaşmasına, bayağılıqdan uzaqlaşmasına təsir göstərə bilər. Əgər başqaları öz bayağılığını bizə yedirtmək istəsə, biz də öz mövqeyimizi göstərməliyik. Məsələn, taksidə gedərkən əgər sürücü şit bayağı bir musiqiyə qulaq asırsa və bizi də bu işgəncəyə məcbur edirsə, biz öz mövqeyimizi ortaya qoymalıyıq. Pul ödəyirik. Buna haqqımız var. Üstəlik, hələ həvəs varsa, sürücü ilə bir balaca da danışmaq da olar. Şahidi olduğum bir hadisəni sizə danışım. Bir dəfə Gəncədən tədbirdən gəlirdik. Sürücünün davranışı artıq yolun yarısında dəyişmişdi. Yolda oturub çörək yedik. Adam artıq başqa cür danışmağa başlamışdı. Axırda da Bakıya yaxınlaşanda dedi ki, müəllim nə olursa olsun, uşağı oxudacam. 
 
Hər bir insan ətrafındakı insanların zövqünün formalaşmasına təsir edə bilər. Xüsusən, müəllimlər və həkimlər, zabitlər və idarə rəhbərləri. Din xadimləri bu mənada çox böyük bir iş görə bilərlər. Onlar öz ətrafındakı insanları elmə kitaba doğru aparmalıdırlar. Çox vaxt yolun müqəddəsliyini  yolçuların davranışı və əməlləri sübuta yetirir. Davamçı yolu gözdən sala da bilər, öz əməlləri ilə öz yolunun doğruluğunu göstərə də bilər. Sözlə əməl birləşdikdə şəksiz olaraq insanlarda hörmət hissi oyadır. Məhz buna görə tam qətiyyətlə demək olar ki, elmə və mədəniyyətə dəstək verən, paylaşmağı öyrədən, insanları pozitivə kökləyən din xadimi tarixi bir missiyanı yerinə yetirmiş olacaq.
 
Bir çox insanlar danışıq qabiliyyətlərini itiriblər. Onlar öz istəklərini müxtəlif əl hərəkətləri və səslərlə bildirirlər. Çünki Azərbaycan efiri əsasən debil adamlarla doldurulub. Adamlar efirdən ağıllı bir söz eşitmirlər. Başıboş adamlar bütün günü efirdə mənasız-mənasız mövzuları müzakirə edirlər. Bu xalqı debilləşdirmək üçün xüsusi aparılan təbliğatdır. Başıboş adamları süni olaraq hörmətə mindirmək, doğru yol göstərə, bir faydalı söz deyə biləcək adamları isə hörmətdən salmaq – məqsəd budur. Ona görə idmançıların və müğənnilərin bəzilərinin təmtəraqlı həyatı, onların villaları, maşınları bizə doğru yol kimi göstərilir. Bununla onlar, yaxşı yaşamaq istəyən adam bu yolla getməlidir, mesajını verirlər. Əgər efir mənasız və savadsız adamlar tərəfindən zəbt olunubsa, ölkədə normal bir elm, ədəbiyyat jurnalı yoxdursa, universitetlərdə düz-əməlli təhsil verilmirsə, adamlar haradan danışmağı öyrənməlidirlər? Bir çox insanlar bağışla, üzr istəyirəm sözünü dilə gətirməyi özlərinə ar bilirlər. Düşünürlər ki, əgər bağışla, üzr istəyirəm desələr, nəsə guya şəxsiyyətləri alçalacaq. Bir çoxları isə bağışla, üzr istəyirəm sözlərini ümumiyyətlə unudublar. Eşşəkliyi həyat fəlsəfəsinə çevirənlər, öz dərisinin və qabırğasının qalınlığı ilə fəxr edən məxluqatlara vəzifəsindən və pulundan asılı olmayaraq müxtəlif incə jestlərlə onları adam yerinə qoymadığımızı nümayiş etdirməliyik. Ki, "Ey məxluqat, nə olsun ki, sən belə baxanda adama oxşayırsan, əslində sən adam deyilsən, get təzdən gəl".
 
Bəzən müəllim olmayanlara müəllim müraciətinin edilməsi bir çox adamları qıcıqlandırır. Sözün doğrusu bu hal əvvəllər məni də əsəbiləşdirirdi. Sonradan öyrəndim ki, bu cür hörmət əlaməti olan müraciətlər bir çox ölkələrdə var. Əslində, burda heç bir pis şey yoxdur. Bir balaca dərindən yanaşsaq, hətta adamların bir-birinə müəllim deyə müraciət etməsi yaxşı haldır. Bir şərtlə. Biz bu müraciəti eşitdikdə məsuliyyət hiss etməliyik. Sözə hörmət edərək öz davranışlarımızda ehtiyatlı olmalıyıq. Bununla biz müəllim müraciətinə layiq olduğumuzu  sözün həqiqi mənasında sübut edə bilərik. Nəticədə insanlar da bu müraciətdən yerində istifadə edərlər. 
 
Başqa bir misal. Bəzən kənardan bir adam bizim dostların əhatəsinə düşdükdə, öz aramızda bir-birimizə “bəy” deyə müraciət etməyimiz onların marağına səbəb olur. Bəziləri ya açıqda, ya da sonra sual verirlər, siz niyə bir-birinizə bəy deyirsiniz. Mən də başa salıram ki, bu müraciət formasıdır. Yaxşı ki, bu müraciət forması var. Olmasaydı, lap pis olardı. Təsəvvür edin ki, bəy, xanım müraciət forması yoxdur və biz bir-birimizə qaqaş, qaqa, ala, ay gədə, ay uşaq, xaloğlu, əmoğlu, ay oğraş, xalaqızı, ay qız, ağez, ay arvad deməyə məcburuq. Sadəcə, müraciətlər yerində işlədilməlidir. Doktora doktor demək vacibdir. Vəssalam. Sadəcə, doktor da bu sözün məsuliyyətini anlamalıdır. Ustaya usta demək lazımdır. Usta da bu sözdən həzz alacaq, biz də.   
 
Bizim adamlar bütünlüklə təmizlənməlidirlər. Kitablar vasitəsi ilə. Bəlkə də bu utopik görünür. Amma yox, elə də utopik görünmür. Bizim xalqa  çörək əvəzinə kitab yedirtmək lazımdır. Hamıya, ucdantutma. Nağıllarda deyildiyi kimi, məməyeyəndən pəpəyeyənə qədər... Duzun, çörəyin, yağın ev üçün nə qədər zəruri olduğunu başa düşdüyümüz kimi, bilməliyik ki, kitab da bu dərəcədə ev üçün ailə üçün  zəruridir. Çörək aldığımızı unutmuruq. Eləcə də kitab almağı unutmamalıyıq.
 
Hər bir kəs faydalı bir işlə məşğul olmalıdır. Öz əsas işindən əlavə faydalı bir işlə məşğul olsa, dünya dağılmaz. Əksinə, öz işindən həzz alar. Sovet dövründə kitab hədiyyə etmək ənənəsi vardı. Bu ənənəni bərpa etmək lazımdır. Bizim camaat bir az şahsevən camaatdır. Maaş verənin, xalq dilində desəm, çörəkverənin sözünə həssas yanaşır. Əgər işçilər bilsələr ki, kitab oxumaq müdirin xoşuna gəlir, oxuyanlar tapılacaq. Qoy bayramlarda, ad günlərində rəhbər adamlar öz işçilərinə həm də kitab hədiyyə etsinlər. Mütləq oxuyacaqlar. 
 
Daha bir ənənəni xatırlayıram. Adamların çoxu evlərdə dibçək gülləri saxlayırdılar. Bu ənənəni də bərpa etmək faydalı olar. Bizim camaat evləri hər cür zir-zibillə, ürəkbulandıran əşyalarla, lazımsız suvenirlərlə, bayağı bəzəklərlə doldururlarş Axırda evi yuvaya çevirirlər. Evdə gəzmirlər, sürünürlər. Adamın ürəyi sıxılır. Ev adamı basıb əzir. Bir-birimizə bayramlarda, əlamətdar günlərdə dibçək gülü hədiyyə etsək, nə qədər evlərdə mənzərə dəyişər. Onlar bu güllərə qulluq etməyə məcbur olacaqlar. Əgər qulluq etməsələr, hədiyyə etdiyimiz gülü qurutsalar, çox asan yolla anlayacağıq ki, o adamdan nə dost çıxar, nə iş yoldaşı, nə də həyat yoldaşı. Hədiyyə edilmiş bir gülü saxlaya bilməyən adama başqa həyati məsələlərdə heç cürə arxayın olmaq olmaz. Bir gülü bəsləməyən, bir gülə qulluq edə bilməyən qadın bəs çətin və xoş günlərdə ailənin müvazinətini necə saxlayacaq, övladlarını necə tərbiyə edəcək? Yox, əgər dibçək gülünə ağız büzüb, “mişka” istəsə, o zaman biləcəyik ki, bu adam elə ayıya layiqdir. Gedib öz tayını tapmalıdır. Nə qədər uzaq olsaq, bir o qədər yaxşıdır. Ola bilsin, yazdıqlarım  bəzi insanlara gülməli görünsün. Hər şeydən əvvəl, insanlar başa düşəcəklər ki, bu işlə özləri könüllü məşğul olurlar. Bu, Gül bayramı deyil ki, iştirak etməsən, işdən çıxarırlar. Burda məcburiyyət yoxdur. Burda həzz var. Tarix dəfələrlə sübut edib ki, insanlara bir işi məcburi gördürəndə, bəzən onlar əks reaksiya verirlər. Əvvəlcə başa salmaq lazımdır. Hərəmiz bir bəhanə ilə kənara çəkilmişik. Restoran kabinetlərində vətənin, millətin sağlığına içilən arağa, yeyilən kababa xərclənən pulların on faizi mədəniyyətə, kitaba, təhsilə xərclənsəydi, mənzərə xeyli fərqli olardı. Rusiyada yaşayan azərbaycanlılar ən mənasız əyləncələrə qucaq-qucaq pul xərcləyirlər, amma söhbət kitaba gələndə hərə bir tərəfə dağılır. O gün bir qohumum zəng edib deyir ki, filankəsin qiymətini öyrənə bilərsən? Durub adam başa sala bilməyəcəyəm ki, mən niyə filankəsin qiymətini öyrənməliyəm? Yola verdim. Adamın pulu var, nə deyə bilərəm. Sözün arxasında pul dayananda, söz adama bir az təsir edir. Qərəz, gedib bu adama desən ki, beş yüz dollar lazımdır, kitab nəşr etmək üçün, min əhvalat danışacaq. Bezəcəksən. Hətta istəyəcəksən ki, cibindəki beş-üç manatı çıxarıb bunun cibinə basasan, ürəyi sakitləşsin. Amma məclislərdə vətəndən şeirlər deyir, dünya siyasətindən danışır. Bütün söhbətlər də axırda bu şüarla bitir – bizi inkişaf etməyə qoymurlar. 
 
Hərə özünə bir maraqlı, faydalı iş, faydalı məşğuliyyət tapsa, boş və mənasız söhbətlərdən də avtomatik uzaqlaşacaqlar. Adamlar saatlarla çayxanalarda, maşın kapotunun üstündə domino oynayırlar. Evin qabağına bir ağac, bir gül əkmirlər. Adi bir günəbaxanla, balqabaqla həyəti necə gözəl bir hala salmaq olar. Əkməyə ərinirlər.  Bir gürcü restoranına getmişdim. Restoranının sahibi restoranın   həyətində gül-çiçəkdən elə bir gözəllik yaratmışdı ki, adam Allahın verdiyi nemətlərdən yedikcə yemək istəyirdi. Belə bir gözəlliyi yaratmaq ona həm də ucuz başa gəlmişdi. Həm özü həzz alır yaratdığı gözəllikdən, həm də müştərilər. Bizim ölkədə isə restoranların həyətində bayağı, adamın iştahını küsdürən heyvan heykəlləri qoyurlar. Az sonra bu heykəllər sıradan çıxır. Adam pələngə baxanda yazığı gəlir. Ötənlərdə rayonlarda bir restorana getmişdik. Restoranın həyətindəki pələng heykəlini görəndə ürəyim ağrıdı. Dostum ofisiantı çağırıb xeyli danladı. Dedi ki, bu pələngdə pələnglik qalmayıb. Bu pələng deyil, pişikdir artıq. Buna bir yavaşca təpik vursan, miyoldayar. Bu pələngin gözlərində bircə göz  yaşı çatışmır.... 
 
İndi öyrənmək üçün hər cür münbit şərait var. Nə qədər faydalı sənədli filmlərə baxmaq olar. Əvəzində adamların mövzuları dəyişər, daha maraqlı və daha ciddi mövzularda söhbət edə bilərlər.  Necə ki, sürünü müxtəlif həºəratlardan, xəstəliklərdən xilas etmək, qorumaq üçün dərmanlayırlar, biz də özümüz özümüzü eləcə dərmanlamalıyıq. Nəhayət ki, özümüzdə cəsarət və qeyrət tapıb  paxıllıqdan, israfçılıqdan, tənbəllikdən, avaraçılıqdan, bayağılıqdan utanmadan, heç bir sıxıntı keçirmədən uzaq olmağa çalışmalıyıq.  Özü özünü dəyişmiş adam  başqalarına da təsir etdikdə böyük həzz alacaqdır. Hər bir insan özü özünü bacardığı qədər kamilləşdirə bilər. Vasitələr çoxdur. Məsələn, əgər bir rəhbər, yaxud bir iş adamı bir rəsm əsəri alıb öz otağının divarından assa, bu əməl ölkədə rəssamların yaşayışına, rəssamlığın inkişafına xeyli müsbət təsir göstərmiş olar. Buna ki, mane olan yoxdur. Yaxşı, idarədəki iş otağınızın divarından  rəsm əsəri asa bilmədiyinizi başa düşdük. Bunu hətta qəbul edirik. Hətta müəyyən mənada sizlərə haqq da qazandıra bilərik. Olsun. Başa düşürük ki, idarədəki iş otağınızın divarından rəsm əsəri, təbiət mənzərəsi  asmaq bir az çətin söhbətdir. Öz evinizdə divara rəsm əsəri vurmaq axı mümkündür. Bəli, ölkədə vəziyyət ağırdır. Bu hər kəsə aydındır. Lakin bu ağır vəziyyətdə belə hər bir kəsin görə biləcəyi iş var. Bir çox insanlar prosesə maddi yardım etməyə qorxduqlarını arqument kimi səsləndirirlər. Halbuki, prosesə yardım etməyin yüz yolu var. Bir iş görənə necə həvəslə adam axtarırsınızsa, bizi de elə tapa bilərsiniz. Bir dəfə bir məmurdan şikayət etmişdim. İş ciddiləşmişdi. Gedib əsgər yoldaşımı üstümə gətirmişdi. Xahişə, minnətə. Halbuki mən özüm əsgər yoldaşımı axtarsaydım, tapa bilməzdim. 
 
İldə iki-üç dəfə ailə üzvləri, iş yoldaşları, dostlarla birlikdə hansısa bir mədəniyyət ocağını ziyarət etməyə, ayda bir kitab almağa, günə on səhifə kitab oxumağa, həftədə bir dəfə ciddi bir sənədli filmə baxmağa heç kim bizə mane olmur. İmkanlı insanlar heç bir ayrı-seçkilik qoymadan istedadlı və ağıllı uşaqların inkişafı üçün pul xərcləməlidirlər. Əgər hər bir insan imkan daxilində paylaşmaq mədəniyyətini öyrənsə, bu ən yaxın zamanda öz müsbət təsirini göstərəcək. Əvvəla, adamlar yaxşılığın olduğuna, dünyada yaxşı insanların da yaşadığına inanacaqlar. Tanrı qüvvəsi insana insan simasında nazil olur. Gözləmə ki, ehtiyacı olan bir ailəyə Tanrının özü şəxsən gəlib yardım edəcək. Bunu sən etməlisən, o adam da inanmalıdır ki, Tanrı ona yardım etdi. Darda qoymadı. Verən də razı qalacaq, alan da. Bu həm də insanların rahatlığına səbəb olacaq. Pis çıxmasın, evdə bir geyimdən üç-dörd ədəd olduqda özümü narahat hiss etməyə başlayıram. Nəyisə paylaşanda özümü rahat hiss edirəm. Dəxli yoxdur kimə verirəm. Əsas odur ki, paylaşmağı unutmuram.  Qazandığım puldan başqalarına da ötürməyi mənəvi bir borc hesab edirəm. Yediyim və geydiyim canıma yatır. Çox rahat oluram. Sözün həqiqi mənasında, başa düşə bilmirəm ki, adamlar milyonların, milyardların üstündə necə rahat yata bilirlər. Əslində isə həm özlərinin rahatlığını təmin etmək,  həm də ətrafındakıların vəziyyətini yaxşılığa doğru düzəltmək öz əllərindədir. 
 
Bu gün bir çox insanlar vətənin müqəddəsliyindən danışaraq vətəndə yaşayan insanlara zülm etməkdədirlər. Vətəndə yaşayana hörmət etməyib, vətəndə yaşayanı istismar etmək, vətəndə yaşayanı müxtəlif vasitələrlə aldatmaq, insanlarda yaxşılığa inamı, həyat eşqini öldürmək və üstəlik, utanmadan vətənin müqəddəsliyindən danışmaq, vətənin gözəlliyindən dəm vurmaq,  birmənalı olaraq, saxtakarlıqdır. Vətənini sevən adam vətəndə yaşayanları da sevməlidir. Vətəndə yaşayanlara əzab verib, vətənimi sevirəm deyənlərin heç vaxt səmimiyyətinə inanmaq olmaz.  Böyük insan, böyük yazıçı Taqorun təbirincə desəm – Vətən ancaq torpaq deyil, vətən həm də insanlardır. 
 
Seymur Baycan
Kultura.az
Yuxarı