post-title

Lev Trotski: "Lev Tolstoy"

Tolstoy öz qəhrəmanlarının iç dünyasını da məişətləri kimi sakit, rəvan, qaradan uzaq baxışlarla təsvir edir. O, heç vaxt hisslərinin, fikirlərinin, dialoqunun daxili gedişatını ötüb keçmir. O, heç yerə tələsmir, o, heç vaxt gecikmir. Əllərində çoxlu sayda həyatların bağları saxlansa da, kələfin ucunu itirmir. O, ayıq-sayıq sahibkar təki beynində nəhəng təsərrüfatının bütün hissələrinin sərrast hesabatını aparır. Sanki yalnız müşahidəçidir, işi təbiətin özü görür.

 
 
Kultura.az Lev Trotskinin Lev Tolstoy haqqındakı məşhur essesini oxucularına təqdim edir
 
I
 
Səksən il ömür yaşamış Tolstoy indi başqa tarixi dünyanın yosun basmış iri qaya parçasıtək qarşımızda dayanıb...
Əla şəraitdir! Yalnız Marks deyil, həmçinin Henrix Heyne – onun adını Tolstoya yaxın sahəyə aidiyyəti olduğu üçün çəkdik, - bu gün bizimlə həmsöhbət rolunda çıxış edə bilər. Əvəzində Yasnaya Polyanadan olan dahi müasirimizdən bizi elə indinin özündə belə Əlahəzrət zamanın əbədi axarı ayırır.   
 
Rusiyada təhkimçilik hüququ ləğv ediləndə bu insanın otuz üç yaşı vardı. Onun uşaqlığı, cavanlığı ağa ab-havasında, zatı bilinənlərin arasında, varlı mülkədar evində, zadəganlara məxsus cökə xiyabanının sakit kölgəsində keçib. Tolstoy məhz bu ənənəni, onun romantikasını, şeiriyyətini, yaşam tərzini öz ruhuna dəfedilməz şəkildə hopdurub. O özünü dərk edəndən əsilzadə olub və bu gün də əsilzadə olaraq qalır. Yaradıcılığının sonunda, ruhu böhranlara qapılanda belə ən dərin guşələrdə bunu sezmək mümkündür. 
 
Knyaz Volkonskilərdən Tolstoylar nəslinə ötürülən ata-baba mülkündə “Müharibə və Sülh” romanının müəllifi divarlarından mişar asılmış, döşəmənin bir küncünə dəryaz və balta qoyulmuş çox sadə bir otaqda yaşayır. Amma elə həmin evin yuxarı mərtəbəsinin divarlarından sanki ənənənin durğun keşikçisi rolunu oynayan, bir neçə nəsli özündə əks etdirən portretlər asılıb. Bu, rəmzidir. Ev sahibinin qəlbində hər iki mərtəbəni tapa bilərik – sadəcə əks düzülüşdə: əgər şüurun üst qatında sadəlik fəlsəfəsi və xalqda ərimə özünə yuva qurubsa, hisslərin, ehtiras və iradənin kök atdığı alt qatdan bizə əcdadların sonu görünməyən sırası baxır.              
Tolstoy qəzəblə tövbə edərək, özününkülərin süni şəkildə cücərdilmiş rəğbətini ilahiləşdirən və onlara xas təbəqə xürafatını saxta gözəlliyin yaltaqlığı ilə əhatələyən hakim sinfin yalançı və mənasız incəsənətindən imtina edir. Amma nə fayda? Ədib sonuncu irihəcmli “Dirilmə” əsərində öz bədii diqqətinin mərkəzinə elə həmin varlı və əsilzadə rus mülkədarını qoyur, onu kübar bağları, vərdişləri və xatirələrindən ibarət qızıl hörümçək toru ilə əhatələyir, sanki yer üzündə bu “fani” və “xəyali” dünyadan əhəmiyyətlisi və əsrarəngizi yoxdur. 
 
Mülkədar malikanəsindən kəndli daxmasına dümdüz və qısa bir cığır gedir. Hələ Tolstoy-nəsihətçi bu cığırı xilas yolu seçməmiş Tolstoy-şair tez-tez, özü də sevgilə bu keçidə üz tuturdu. O, təhkimçilik hüququ ləğv edildikdən sonra belə kəndliyə “özününkü” kimi, öz maddi və mənəvi dünyasının ayrılmaz bir hissəsi kimi baxır. Yazıçının zərrə qədər şübhə yeri qoymayacaq “əsl işçi xalqa fiziki sevgisi”lə bahəm, onun eyni qədər həqiqi kollektiv əsilzadə zatı (yalnız aydınlaşmış bədii dahiliyilə) nəzərlərimizdən əskilmir.    
       
Mülkədar və kəndli – Tolstoyun yaradıcılıq mehrabına bütünlüklə yaxın buraxdığı iki sima. Lakin o heç vaxt – nə mənəvi böhranından əvvəl, nə də sonra mülkədarla kəndli arasında dayanan, ya da köhnə düzənin bu iki müqəddəs qütbü xaricində yer tutan bütün fiqurlara – alman idarəçisi, tacir, fransız mürəbbisi, həkim, “ziyalı” və ən nəhayət, yaxasından saat zənciri sallanan fabrik işçisinə olan ağa nifrətindən qurtulmur və heç buna cəhd də göstərmir. O, heç vaxt bu surətləri anlamağa, onların iç dünyalarına səyahət etməyə, inamlarını çözməyə ehtiyac duymur və belələri ədibin bədii nəzərləri qarşısından əhəmiyyətsiz bir komik qaraltı kimi keçir. Yazıçı yetmişlərin-səksənlərin inqilabçı obrazlarını yaratdığı məqamlarda belə (“Dirilmə”) ya yeni mühitdə öz köhnə zadəgan və kəndli obrazını müxtəlif rakurslarda göstərməklə keçinir, ya da daxili yumorla rənglənmiş eskizlərə üz tutur.
 
Altmışıncı illərin əvvəllərində Rusiya yeni Avropa ideyaları, və ən əsası yeni sosial münasibətlərin axınına məruz qaldığı bir dönəmdə Tolstoy, əvvəl də söylədiyimiz kimi, yüzilliyin üçdə birini geridə qoyub: o, psixoloji anlamda artıq tükənmiş bir insana çevrilib. Bəlkə də yerinə düşməz, amma unutmaq lazım deyil ki, Tolstoy yaxın tanışı Fetdən (Şenşin) fərqli olaraq, təhkimçilik hüququnun məddahı deyil. Mülkədar və incə lirik olan Fetin qəlbində təbiətə olan zərif sevgi xilaskar qamçı qarşısında ehtiramla uzlaşıb. Amma Tolstoy köhnə münasibətlərin yerini tutan yenilərə qarşı dərin nifrətini gizlətmir. “Mən xasiyyətlərin yumşalmasını görmürəm, - o, 1861-ci ildə yazırdı. – və sözlərə inanmağı düzgün hesab etmirəm. Yəni fabrik sahibilə işçi arasındakı münasibətlərin mülkədar-kəndli münasibətlərindən daha insani olduğunu düşünmürəm”. Hər şeydə və hər yerdə qələbəlik və qarışıqlıq, köhnə zadəganlığın tənəzzülə uğraması, kəndçiliyin dağılması, ümumi hərc-mərclikdən doğan zir-zibil, şəhər həyatının səs-küyü, kənddəki yeməkxana və papiros, əzəmətli xalq mahnısının əvəvzinə fabrik çastuşkası bir zadəgan və bir rəssam kimi ona iyrənc və yad idi. O, bu nəhəng prosesdən psixoloji şəkildə üz çevirir və qəti şəkildə bədiyyətindən uzaq tutur. Ədibin bütün ruhu ilə müdrik sadəliyinə aşiq olduğu və formalarının bədii bütövlüyünü aça bildiyi əlaqələrin tərəfində qala bilməsi üçün təhkimçilik quldarlığını müdafiə etməsinə ehtiyac yox idi. Orda həyat nəsildən nəslə, əsrdən əsrə öz möhtəşəm dəyişməzliyilə keçir. Orda hər şeyin üzərində müqəddəs zərurilik hökm sürür. Hər addım günəşdən, yağışdan, küləkdən, cücərən otdan asılıdır. Orda öz idrakından və ya qiyamçı şəxsi istəyindən heç nə yoxdur. Və deməli, şəxsi məsuliyyət də heçdir. Orda hər şey əvvəlcədən müəyyənləşdirilib, təmizə çıxarılıb və müqəddəsləşdirilib. Heç nəyə görə məsuliyyət daşımayan, özü heç nə fikirləşib tapmayan insan yalnız qulaq asaraq yaşayır – “yer hakimiyyətinin” şairi Uspenski söyləyir, - və fasiləsiz əməyə çevrilən aramsız itaətkarlığın özü həyatı yaradır, göründüyü kimi, heç bir nəticəyə gətirib çıxarmasa da, həmin sonuca məhz özündə malik olur... Və budur, möcüzə! Məhz
bu qul asılılığı – düşüncəsiz və seçimsiz, səhvsiz və tövbə əziyyətinə ehtiyac duymadan – qaba “çovdar sünbülü”nün himayəsində mövcudluğunun dahi əxlaqi “yüngüllüyünü” yaradır. Dastanvari nağılın kəndli qəhrəmanı Mikula Selyaninoviç özü haqda söyləyir: “məni ana torpaq sevir”. 
 
On illərlə rus ziyalılarının beynini yeyən rus xalqçılığının dini mifidir bu. Onun radikal meyllərini qulaqardına vuran Tolstoy həmişə özünə sadiqdir və xalqçılıqda yalnız onun zadəgan-mühafizəkar qanadının nümayəndəsi kimi çıxış edir. 
Tolstoy yenilikdən qaçır və rus həyatını öz bildiyi, anladığı və sevdiyi kimi təsvir etmək üçün keçmişə, on doqquzuncu əsrin lap əvvəlinə baş vurur. “Müharibə və sülh” (1867-1869) – onun yaradıcılığında ən bənzərsiz və ən mükəmməl əsərdir. 
Tolstoy həyatın simasız kütləviliyini və müqəddəs məsuliyyətsizliyini Avropa oxucusuna ən az yaxın ola biləcək, ən az anlaşıqlı obrazında – Karatayevdə cəmləşdirib. “Həyatı Karatayevin baxışlarında ayrılıqda heç bir məna kəsb etmir, yalnız daima hiss etdiyi bütövün bir hissəsi kimi qavranılır. Karatayev Pyerin anlaya bildiyi bağlılıq, dostluq, sevgidən məhrumdur, o, yalnız həyatın axarı ilə gələnləri, xüsusən də insanı sevir bə onlarla yaşayır... Pyer Karatayevin ona göstərdiyi bütün incəliklərə rəğmən, ayrılıqdan zərrə qədər də kədərlənməyəcəyini hiss edir”. Gegelsayağı ifadə eləsək, bu mərhələdə ruh hələ daxili şüura varmayıb və elə bu səbəbdən təbii mənəviyyat kimi çıxış edir. Karatayev epizodikliyinə baxmayaraq fəlsəfidir və az qala romanın bədii məhvərini təşkil edir. Və Tolstoyun milli qəhrəmana çevirdiyi Kutuzov əslində baş komandan libasını geymiş Karatayevdir. Sadəcə Napoleondan fərqli olaraq, istənilən şəxsi plandan, şöhrətpərəstlikdən xalidir. Özünün yarımşüuri mövqeyində idraka deyil, ondan yüksəyə arxalanır; bunlar fiziki şərtlərin qaranlıq instinkti və xalq ruhunun təlqinidir. Çar Aleksandr öz işıqlı dəqiqələrində əsgərlərindən heç nə ilə fərqlənmir, - yerin hökmranlığına hamı eyni qədər tabedir... Əsərin pafosu bu əxlaq vəhdətindədir.
 
Qismətinə zadəganlıq tarixi yazılmış bu köhnə Rusiya gözəl ad-sanlı keçmişi, xaç yürüşləri, cəngavər sevgisi və cəngavər yarışları, hətta meşə içində romantik qarətlər olmadan mahiyyətcə necə də yazıq görkəm alır; daxili gözəlliyi necə də dilənçi vəziyyətinə düşüb, onun kəndli kütlələrinin yarımheyvani məişəti necə də qəddarcasına qarət olunub!  
 
Amma bu dahi yuxarıdakı mənzərəni möcüzəli şəkildə dəyişdirə bilir! O, boz və çalarsız həyatın mərhəm gözəlliyini görə bilir. Ədib homersayağı sakitliyi və homersayağı uşaqsevərliyilə heç kəsi diqqətdən kənarda qoymur: Kutuzovu, mülkədar xidmətçilərini, qoşun atını, yeniyetmə qrafinyanı, kəndlini, çarı, əsgər bitini, mason-qocanı, - birini digərindən üstün tutmur, hamını eyni cərgədə saxlayır. O, addım-addım, zərrə-zərrə hüdudu olmayan, bütün hissələri möhkəm daxili bağlara məhkum olan bir mənzərə yaradır. Tolstoy həyatın cizgilərini cızdığı işində tələskənlikdən tam uzaqdır: adamın deməyə dili çönmür – o, nəhəng əsərini yeddi dəfə yenidən yazır... Bəlkə də bu azman yaradıcılıqda ən heyrətamizi yazıçının nə özünə, nə də oxucuya ayrı-ayrı obrazlara rəğbət bəsləməsinə imkan yaratmamasıdır. O öz qəhrəmanlarını heç vaxt sevmədiyi Turqenev sayağı parlaq işıqlandırmır, onlara əlverişli şərait axtarmır, heç nəyi pərdələmir. Narahat həqiqət ovçusu Pyer Bezuxovu romanın sonunda özündənrazı ailə başçısı və xoşbəxt mülkədar kimi təsvir edir; uşaq həssaslığı ilə fərqlənən Nataşa Rostovanı isə əllərində çirkli uşaq əskisi tutan dardüşüncəli dişiyə çevirir. Eyni zamanda ayrı-ayrı hissələrə ehtirassız diqqətcilliyin altından mahiyyətində iç zəruriliyi və harmoniya daşıyan vəhdətin apofeozu yüksəlir. Bəlkə də bu yaradıcılığın özünə estetik panteizm hopdurduğunu söyləmək ən doğrusu olardı. Sonuncusu üçün yaxşı-pis, böyük-kiçik deyilən bir şey yoxdur, çünki onun üçün həyat yalnız bütövlükdə, öz təzahürünün əbədi dövranında ulu və alidir. Amansız mühafizəkar əkinçi estetikası bu təbiətinə görə Tolstoy epopeyasını Tövrat və İliada ilə yaxınlaşdırır.
 
Yazıçının sonradan özünə daha yaxın saydığı psixoloji obrazlar və “gözəl surət”lər üçün tarixi keçmişdə (Birinci Pyotr və dekabristlər dönəmi nəzərdə tutulur) iki dəfə yer tapmaq cəhdi elə özünün bu zamanı kəskin rənglərlə boyayan yadelli təsirlərə düşmən mövqesilə alt-üst edilir. Amma Tolstoy zəmanəmizə yaxınlaşdığı məqamlarda belə (Anna Karenina - 1873) bu dönəmdə hökm sürən qarmaqarışıqlığa daxilən özgədir və öz bədii mühafizəkarlığında yenilməzdir. Beləcə, o öz istila zolağını kiçildərək bütöv rus həyatından yalnız salamat qalmış zadəgan vahəsini, ata-baba evini, şəcərə portretlərini, dəbdəbəli çökə xiyabanını seçir. Məhz onların kölgəsində formasını dəyişməyən doğuluş, sevgi və ölüm dövranı nəsildən nəslə ötürülür.        
                 
Tolstoy öz qəhrəmanlarının iç dünyasını da məişətləri kimi sakit, rəvan, qaradan uzaq baxışlarla təsvir edir. O, heç vaxt hisslərinin, fikirlərinin, dialoqunun daxili gedişatını ötüb keçmir. O, heç yerə tələsmir, o, heç vaxt gecikmir. Əllərində çoxlu sayda həyatların bağları saxlansa da, kələfin ucunu itirmir. O, ayıq-sayıq sahibkar təki beynində nəhəng təsərrüfatının bütün hissələrinin sərrast hesabatını aparır. Sanki yalnız müşahidəçidir, işi təbiətin özü görür. O, mehriban əkinçi donunda torpağa dən səpir və sünbülün öz-özünə çıxmasını gözləyir. Bu ki təbiət qanunları qarşısında sükutla baş əyən dahi Karatayevdir! O, heç vaxt qönçənin ləçəklərini zorla aralamaz: bir kənarda dayanıb günəşin istisindən təbii şəkildə açılan qönçəni izləməyə üstünlük verir. İri şəhərlərin təbiəti zorlayan və işgəncə verən, qıc olmuş barmaqları ilə palitrada günəş şüaları spektrində rast gəlinməyən rəngləri axtaran mədəniyyət estetikası ona özgə və nifrətəlayiqdir. Tolstoyun üslubu bütün ədəbi dühası kimi sakit, ləng, sahibyana-qayğıkeş, əliaçıq, əvəzində tərki-dünyalıqdan uzaq, əzələli, bir az yöndəmsiz, kələ-kötür, - bir sözlə, sadə və həmişə sonuclarına  görə müqayisəedilməzdir. (Bu üslub lirik, səliqəli, parlaq və öz gözəlliyini dərk edən Turqenevin dəst-xəttilə Dostoyevskinin kəskin, kobud dilindən eyni qədər fərqlənir.)
 
Şəhərli və ziyalı, çarəsiz bir küncə sıxılmış ruh sahibi, qəddarlıla mərhəməti eyni ehtirasla təcəssüm edən Dostoyevski yeni “təsadüfi rus ailələrinin” təsvirçisi kimi özünü zadəgan keçmişin kamil nəğməkarı qraf Tolstoya qarşı qoyur. “Əgər mən istedadlı rus romançısı olsaydım, - başqasının ağzından söyləyir, - qəhrəmanlarımı mütləq rus zadəganlarının arasından seçərdim, çünki yalnız bu mədəni insan obrazlarında gözəl düzən və gözəl təəssürat görünüşü yaratmaq mümkündür... Ələ saldığımı zənn etməyin, hərçənd özüm zadəgan deyiləm, əslində bu, sizlərə bəllidir... Səmimiyyətimə inanın, indiyədək gördüyümüz gözəl şeylərin hamısı burda cəmlənib. Heç olmasa burda indiyədək sahib ola bildiyimiz bir bitkinlik var. Bu gözəlliyin düzgünlüyü və dürüstlüyü ilə qeyd-şərtsiz razılaşdığımı söyləyə bilmərəm: amma ən azından heç olmasa burda namus və öhdəliyin yetkin formalarını görə bilirik. Rusiyada zadəganlıqdan savayı, nəinki bitkin, heç başlayan bir şey yoxdur... Bizim romançının vəziyyəti, - Tolstoyun adını çəkməsə də, dəqiq onu nəzərdə tutaraq davam edir, - bu halda çox müəyyəndir: o, tarixdən savayı heç nə yaza bilməzdi, belə ki, zəmanəmizdə artıq bu cür gözəl surətlər yoxdur, hətta qalıqları qalsa belə, indi hökm sürən fikirlərə görə, gözəlliyilə vidalaşıb”.
 
“Gözəl surətlər”lə birgə yalnız bədii yaradıcılığın bilavasitə obyekti deyil, həmçinin Tolstoya məxsus nəsihət fatalizmi və estetik panteizmin əsasları dağılır: yazıçı ruhunun müqəddəs Karatayevi məhvə uğrayır. Əvvəllər şübhəsiz bütövün bir hissəsi olan indi qalığa və elə bu səbəbdən suala çevrilib. Mənalı mənasızlaşıb.Və həmişəki kimi, mövcudluq öz köhnə anlamını itirdiyi bir məqamda Tolstoy, ümumiyyətlə, varlığın anlamı haqda suala dalır. Beləcə, dahi ruh böhranı baş verir (70-ci illərin ikinci yarısında) – özü də cavan yaşlarında deyil, 50 yaşlı insanın həyatında. Tolstoy Allaha qayıdır, İsanın nəzəriyyəsini qəbullanır, əmək, mədəniyyət, dövlətçilik bölgüsünü rədd edir, əkinçiliyi, sadələşməni, zorakılığa qarşı çıxmamağı təbliğ edir.
      
Daxili sınma nə qədər dərinləşirsə - əlli yaşlı ədib, özünün də etiraf etdiyi kimi, uzun müddət sui-qəsd haqqında düşünür, - nəticədə Tolstoyun mahiyyətcə çıxış nöqtəsinə qayıtması heyrət doğurur. Əkinçilik – məyər “Müharibə cə sülh” epopeyası bu əsasda inkişaf etmirmi? Sadələşmə, ən azı, ruhən xalq mühitinə dalma – məyər Kutuzovun gücü bunda deyilmi? Qəddarlığa zorakılıqla cavab verməmə - Karatayevin fatalist itaəti deyilmi? Bəs onda Tolstoyun böhranı hardan bəhrələnir? Gizlinin, təhtəlşüurun qabığı yırtaraq şüuur səviyyəsinə keçməsindən. Təbii mənəviyyat ifadə etdiyi “çılpaqlığı” ilə birgə yoxa çıxdığından ryh daxili dərkə can atır. Həyatın qeyri-iradiliyinin qarşı çıxdığı qeyri-şüuri harmoniya bundan belə ideyanın şüurlu gücü hesabına qorunub-saxlanmalıdır. Ədib özünün mühafizəkar mübarizəsində (əxlaqi və estetik özünüqorumasında) filosof-nəsihətçini köməyə çağırır.   
 
Ardı var...
 
Tərcümə: Kifayət Haqverdiyeva
 
Kultura.az
Yuxarı