post-title

Sizi sağanları sevirsiniz?

Bəziləri o qədər dindar və tanrısevər çıxıb ki, istibdada və ədalətsizliyə qarşı həmişə göz yumarlar, amma buna Qurandan hansısa sitat gətirməklə haqq qazandırarlar.

 
 
 
 
Məsələn, son illərdə xalqın içində bütün problemlərin müzakirəsi bu qızıl kəlamla qurtarır: "Hər xalqın rəhbəri o xalqın özünə laiqdir”. Belə baxanda, bu kəlamda da haqq var, amma gərək hər şeyi kəllə-mayallaq başa düşməyəsən. Xalq qorxaqdırsa, başının üstündəki hökumət də əzazil olacaq. Xalq yeniliklərə qarşı dözümsüzdürsə, hakimiyyəti daha çox əxlaqsız və vicdansız olacaq. Xalq başını çox aşağı saldıqca, boynuna minənlər daha çox harın olacaq.
 
Bu xalq-hakimiyyət tandemi bütün ölkələrdə keçərlidir. Elə ona görə də vacibdir ki, dinamiklik olsun, süni sabitliklə baş aldadılmasın.
 
Hakimiyyət totalitar xarakterli olanda məmurlar da "lopalitar” olur. O məmurların zavodları, fabrikləri ilə yanaşı, piarını aparacaq  KİV-lərə də ehtiyacı yaranır.
 
Axı məmur istəyir ki, onun haqqında mif yaratsınlar. Dövlət büdcəsindən yediyi milyonların fonunda hansısa qocanın cibinə 5-10 manat pul salar, ondan beşqat artığını isə mediadakı reklama xərcləyər.
 
Öz uşaqlarını nümunəvi vətənpərvər gənc kimi cəmiyyətə sırıyar. Öz qocalarını da el ağsaqqalları kimi məclislərin başında görmək istəyər.
 
Xalq istəməzmi? Bəli, bəli, xalq əgər hələ kütlə formasındadırsa və öz xalq adına layiq ola bilməyibsə... Bu kütlənin içində yetərincə insan var ki, qabağında dolmağa məmur axtarır.
 
Və yetərincə cəsur insanlar da var. Amma onların da yetərincə problemləri olmamış deyil... Bir gün danışırlar, iki gün yazırlar, üç gün söyülürlər, beş gün döyülürlər, illərlə məhrumiyyətlərə məruz qalırlar... Xalq vecinə almır. Hərə bir tərəfdən lağ edir. Qohum-əqraba da yaxın durmur ki, müxalif yazardır, adımızı batırır. Toylarda və məclislərdə söz verməzlər, amma istedadlı yazarın gözü qabağında yekərarın və içiboş şaircığazlara söz verər, onların qalstuklarını tumarlaya-tumarlaya mübariz insanlara da göz dağı verərlər.
 
Sonda isə mübariz yazar bezər: xəstəlik, problemlər, keditlər, arvad deyingənliyi... Axırda hansısa saytdan gələn təklifi dəyərləndirməli olar. Zarafat deyil, bu ölkədə pul olan istənilən bir qurumun arxasında hansısa yekə məmur durmalıdır. O cümlədən, KİV-lərin. Beləcə, getdik....
 
Onu yazma, bunu danışma, siyasətdən az yaz, sevgi statusları yaz,sayta cazibədar gözəlçələrin şəkillərini qoy, bir az seksdən yaz ki, oxucular axışıb gəlsin... Sonra da başla dindarlarla məzələnməyə. Dar məqamda isə milli-mənəvi dəyərlərdən yapış. Yazıçı əvvəl iyrənə-iyrənə bunları etməyə məcbur qalır, sonra isə yavaş-yavaş onda belə xarakter formalaşır: belə lazımdır, belə yaxşıdır, mən də güclü yazıçıyam, əvəzsiz jurnalistəm. Getdikcə, P və R samitlərinin arxasına E, Z, E, R, V, A, T, İ, V hərfləri də düzülür.
 
Və bu sonluğu 2-3 dəfə oxumaq məsləhəti ilə sağollaşıram:
 
Qoyun təfəkkürlü kütlə həmişə onu (daha dəqiq: pulunu)sağanlara pərəstiş edir. Məmurlara, biznesmenlərə, bankirlərə, millət vəkillərinə, fırıldaqçı jurnalistlərə, o cümlədən "xalturşik” yazıçılara.
 
Urra! Eşq olsun! Ciddi yazılar isə ağır və yorucudur. Eləcə də, indi bitirdiyiniz bu yazı... Gedin, bir az dincəlin!
 
Rüfət Əhmədzadə
 
Yuxarı