post-title

Senzura. Gizlətmək üçün danışmaq zamanı

Neft Akademiyasında qətliam törətmiş o heyvərə də indiki mətbuatın yetişdirməsi deyildimi? Hər gün, hər saat, illər boyu, fasiləsiz olaraq kriminal xəbərlərlə onun psixikasını “yeyənlər” nəinki qətlləri adiləşdirmiş, həm də ona “15 dəqiqəlik məşhurluğ”un yolunu təlqin etmişdilər: Öldür və informasiyaya çevril.

 
 
2001-ci ilin yayının söhbətidir. “7 Gün” qəzetində ən çox axtarılan 10 beynəlxalq cinayətkar haqda ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) siyahısını dərc etmişik. Çoxu müsəlmandır, başlarına 1 milyondan 5 milyon dollaradək pul qoyulub.
 
Bir neçə gün keçir, redaksiyaya 2 nəfər təşrif buyurub redaktorla görüşmək istəyir. Ata və oğuldur, ucqar rayonlardan birindən gəliblər. Sui-qəsdçilər kimi pıçıltıyla danışırlar, qəzeti açıb oradakı bəlli yazını göstərir və fotolardan birinə barmaqlarını tuşlayıb bir-birinin sözünü kəsərək deyirlər: “Bu, bizim qonşumuzdur”.
 
Qəhqəhəni qarşımdakılara təhqir sayaraq özümü birtəhər saxlayıram və onlara mənə yox, başqa ünvanlara müraciət etməklərini məsləhət bilirəm. Çətinliklə yola salıram, kor-peşman gedirlər.
 
O ata-oğul üçün canilərin tutulmasına vasitəçi olacaq şəxslərə vəd edilən məbləğ şüuraltında toplanıb qalmış illərin “Haradan pul qazanaq” sualının sublimasiyası idi, güman ki. Ya da ola bilsin, qonşu ilə illərin soyuq münasibətinin nəticəsi. Ancaq hadisəni xatırlamağımda fərqli səbəb var. Nəsə elə gəlir ki, onlar bir 10 il tez doğulmuşdular, bu gün redaksiyaları gəzsəydilər tamam başqa münasibət görərdilər.
 
Hansı münasibət? Redaktor bilə-bilə ki, qarşısındakı ya çarəsiz sadəlövhlər, ya da banal yalançılardır (və hər iki halda da bölüşdükləri informasiya yalandır), əlini-əlinə sürtüb “Əla, manşetlər var!” deyəcək, 2 işçini çağırıb birinə ata-oğul ilə müsahibəni, digərinə isə rayona gedib həmin “terrorçu” qonşu haqda yazmağı tapşıracaqdı. Bəs necə, başlıqlar da hazırdır: “Ən qorxulu terrorçu Azərbaycanda”, “Qəzetimiz ABŞ-ın düşmənini Azərbaycanda tapdı!”, “Ata-oğulun beynəlxalq terrorçu haqda şok açıqlamaları!” və s. və i. Bir sözlə, azından 2 həftəlik manşet yazıları. Nə olsun ki, ata-oğul gop basır, onların o fağır qonşusu isə and-aman etmək məcburiyyətindədir ki, “dəvə olmadığını” sübuta yetirsin. Nəticədə oxucular qrimsiz klounadanın seyrçisinə çevrilir, ata-oğul ələ salınır, potensial “terrorçu” infarkt həddinə çatdırılır, qəzet isə mövzunu istismar edib bitirdikdən sonra ya sadəcə “unudur”, ya da yüngülvari səhv etdiyini boynuna alıb məsələni qapayır. Yazılacaq yazılarda qətiyyən həqiqət payı yoxdur, ancaq tiraj naminə hamını - o ata-oğulu da, onların günahsız qonşusunu da, bütün oxucüları da ələ salmağa, dolamağa, təhqir etməyə dəyər, başa düşürsüzmü?
 
Yox? Onda geridə qalmısız ki...
 
***
 
Heyf ki, 21-ci əsr Azərbaycan KİV-i bütün yaramaz yolların ən yarıtmazını seçdi. Burada şayiə şayiənin belindədir, heç bir sosial, siyasi, mədəni, maarifçi yük daşımayan ən əcaib xəbərlər qəzetlərin və telekanalların sevimlisidir, neqativin tirajlanması peşəkarlıq və reportyorluq sayılır, hamısı da “Söz və məlumat azadlığı” bəhanəsi altında edilir. Guya ki, “Dəhşətli qəza baş verib: 2 nəfər xəsarət alıb” tipli psevdoməlumatı Levitanın səsi ilə təqdim etmək TV-kanalların sərbəstlik və operativlik göstəricisiymiş və hətta əvvəllər qəddar, yaramaz dövrlər vardı ki, bu cür “azad jurnalistika”ya mane olur, “əsl həqiqətlər”i oxucuya-seyrçiyə çatdırmağa qoymurdu. Məsələn, Sovet mətbuatı.
 
Nəticədə, cəmiyyət obskurantizmin içində boğulur, “Verter sindromu”nun qurbanına çevrilir, neqativ məlumatları əldə etmək üçün “jurnalistlər” o qədər enerji sərf edirlər ki, bu enerjidən dəfələrlə azı hesabına tamamilə fərqli, aktual, problematik, sual qoyan, maarifçi materiallar hazırlamaq olardı. Ancaq yox - məhz indiki patoloji vəziyyət norma kimi sırınır, bu nekrofiliyanı, “çirkli paltarlardan eşələnməyi” və şayiəbazlığı yeni dövr jurnalistikası kimi qələmə verirlər. Nəticə isə cəmiyyət üçün qorxulu da yox, dəhşətlidir.
 
Doğrudanmı, KİV üçün mövzular bitib, məhz şoudan, şayiədən danışılmalı və yazılmalı, kriminal və deviasiyalar təbliğ olunmalı, aktuallıq isə yüzüncü plana keçirilməliydi, başqa yol yoxdu və bu, qaçılmaz zərurətdi? Əlbəttə ki, yox. Sadəcə, hazırkı idarəçilik formasına məhz indiki mətbuat uyğun gəlir. Yəni, yaranmış vəziyyət sosial sifarişin yox, aşağıların yox, yuxarıların istəyinin məhsuludur. Bu yolla senzura formalaşır.
 
Bəli, yaranmış biabırçı vəziyyətin səbəbi senzuradır. O senzura ki, rəsmən yoxdur və addımbaşı onun rəsmən yoxluğu böyük uğur, demokratiyanın təntənəsi kimi qələmə verilir. O isə var, həmişəyaşardır və onun funksiyası SSRİ illərinin rəsmən olan senzurası ilə daban-dabana ziddir. Fərq də bundadır: baxır senzura kimin tərəfindən və hansı məqsədlə tətbiq olunur. Bundan asılı olaraq biz ya savadlı, mədəni, mütərəqqi, düşünə bilən cəmiyyətə sahib olacağıq, ya da indiki qapqara, depressiv, savadsız mühiti qazanacağıq.
 
***
 
İllərlə əvvəllərdə nitqin, dilin, savadın saxlanması və yayılmasının 2 əsas vasitəsi vardı: Kitablar və televiziya. İndi ikisi də qüvvədən düşüb. Kitablar oxunmur (üstəlik, hər kəsin “kitab” müəllifi olmaq imkanı yaranıb), TV-yə isə baxanlar çoxdur. Deməli, bu günkü reallıqları göstərməyən TV bu günkü dəyərsizliklərin göstəricisinə çevrilir.
 
Sanki hansısa anti-müsabiqə keçirilir və (müəyyən istisnalarla) maksimum savadsız, maksimum sırtıq və maksimum utanmaz qız-gədələri müsabiqədənkənar işə qəbul edirlər. Onlar da özündənrazı fizionomiyaları, mənadan məhrum qırıldatmaları, neoplazmla dolu danışıqları ilə seyrçiyə təlqin edirlər ki, TV, aparıcılıq, səviyyə - elə budur, onlardır, onlar kimi olmaqdır.Azəri telekanallarını dinləyəndə özünü avtovağzalda, yaxud bazarda hiss edirsən. Eyni leksikon, eyni nitq manerası, eyni sözlər.
 
TV-də hər şey yoxdur və heç nə var. Burada “Sosial mövzuda veriliş” deyəndə ev-məişət qırğınlarını nəzərdə tuturlar. Siyasi veriliş deyəndə adi azəriyə heç bir isti-soyuğu olmayan beynəlxalq siyasət anlaşılır. Elmi veriliş deyəndə falçılar, cindarlar, hər cür fırıldaqçılar ekrana çıxarılır. Mədəniyyət və incəsənət adı altında ekranı elə personajlar zəbt edir ki, Sovet dönəmində onları teleqüllənin 10 kilometrliyinə buraxmazdılar - ayıbdı.
 
Əyləncə isə “şou” kəlməsi ilə əvəzlənib. Və 90 faiz hallarda şou-proqram dedikdə bacardıqca çox eybəcərlik, intriqa, qeybət anlaşılır.
 
Bu, nədir? Dövlətin debilizasiya proqramının icrası. Ona görə də kimsə TV-tənqidlərin hədəfə dəyəcəyinə ümid bəsləməsin. TV-zəhər var və olacaq. Ona qarşı heç kəs antidot hazırlamaq, bütün bu parazitlərdən ekranı təmizləmək niyyətində deyil. Çünki, baş verənlər - bu günün Azərbaycanının məntiqindən çıxır.
 
Qəzetlərdə vəziyyət də telekanallardan fərqli deyil. Əksinə, indi TV-də gördüklərimiz əvvəlcə qəzetlərdə sınaqdan çıxarıldı və yalnız bundan sonra “mavi ekran”a köçürüldü.
 
***
 
Bütün bunlar “azad mətbuat”ın yox, senzuranın nəticəsidir. Sovet dövründə rəsmən senzura vardı və onun devizini bu cür xarakterizə etmək olardı: İnsanları mənfi əməllərdən çəkindirmək üçün bu əməllər haqda danışmamaq yetərlidir. Bu üsulla neqativin etalona, nümunəyə çevrilməsinin, adiləşməsinin qarşısı alınırdı. Çünki, bəllidir: mətbuat və TV qətllər törədə, intiharları epidemiyaya çevirə, teraktlar yarada, dəyrsizlikləri “yeni əxlaq” adı altında gerçəkləşdirə, müharibələrə yol aça bilər. Azmı olub bu cür? - 1989-cu il “Rumın inqilabı” məhz ekranda qalaq-qalaq insan cəsədlərinin göstərilməsi ilə gerçəkləşmədimi? Heç kəsin də vecinə olmadı ki, bu, güllə yarası alan yox, son aylarda xəstəxanalarda fərqli xəstəliklərdən vəfat edənlərin cəsədləridir. Ekran kadrları yalançı kəlmələrlə seyrçinin həm gözlərini, həm qulaqlarını aldatdı (Elə o hadisədən sonra da Gi Debor baş verənləri “Tamaşa cəmiyyəti” adlandırdı).
 
Yaxud, Neft Akademiyasında qətliam törətmiş o heyvərə də indiki mətbuatın yetişdirməsi deyildimi? Hər gün, hər saat, illər boyu, fasiləsiz olaraq kriminal xəbərlərlə onun psixikasını “yeyənlər” nəinki qətlləri adiləşdirmiş, həm də ona “15 dəqiqəlik məşhurluğ”un yolunu təlqin etmişdilər: Öldür və informasiyaya çevril.
 
Odur ki, Sovet senzurasından fərqli olaraq indiki qeyri-rəsmi (və daha güclü) senzuranı bu cür xarakterizə etmək olar: Real problemlərdən danışmamaq üçün, gəlin tamamilə başqa şeylərdən və çoxlu danışaq.
 
Bu isə Umberto Ekonun bir çıxışında söylədiyi kimi, həm “susmaq vasiləsilə senzura” dır (yəni, hakim zümrənin açıqlanmasını istəmədikləri haqda susulur), həm də “küy vasitəsilə senzura” (yəni, əvəzində neqativ, deviativ, əhəmiyyətsiz və saxta bilgilərdən güclü küy yaradılır). Nəticədə, hətta təsadüfən barəsində yazılmış və danışılmış əhəmiyyətli problemi də tezliklə unutdurmaq və gündəmdən çıxarmaq mümkündür. Kim bilir, indiyədək dövriyyəyə buraxılan nə qədər əhəmiyyətsiz məlumatın funksionallığı cəmisi 1 gün əvvəl baş vermiş əhəmiyyətli hadisəni unutdurmaqdan ibarət olub! Əlbəttə, saysız-hesabsız. Uzağa niyə gedək, İsmayıllı hadisələrinin gur vaxtında gündəmi Əkrəm Əylislinin “Daş yuxuları” zəbt etmədimi? Ancaq get-gedə bu “əvəzləyici manevr”ə də ehtiyac qalmayacaq, çünki, KİV-lər nədən danışıb nədən danışmamağın kəskin sərhədlərini artıq əzbərləyiblər.
 
Beləliklə, bizə şou-biz, kulinariya, idman, kriminal, təhrifli davranış xəbərləri kimi təqdim edilən küy örtük rolunu oynayır. Yəni, əslində normal cəmiyyətlərdə nəyə maksimum az yer verilməlidirsə, onlardan maksimum çox danışılmalıdır. Vaxtilə qəzet səhifələrinin “zirzəmiləri”ndə xırda şriftlə verilən informasiyalar bu səbəbdən indi baş səhifələrin “papağ”ını iri hərflərlə zəbt edib. Eyni məlumatlar TV-də əsas xəbərlərə çevrilir. Üstəlik, bu mənasız informasiyalar yer alan yazılar təlaş, həyəcan tempi, verilişlər isə aparıcıların vahiməli intonasiyaları ilə müşayiət olunur. Məqsəd aydındır: psevdoqalmaqalların küyü vasitəsilə susmaq istədikləri digər hadisələri gizlədirlər. Proses elə təşkil olunur ki, vacib məlumatlar haqda susduqları gözə çarpmasın və hiss olunmasın. Elə bunun da adını “informasiya azadlığı” qoyurlar.
 
Bəs necə? Başına fəlakət gələn, cinayət törədən, başqasını təhqir edən, dəyərsizliklərin təbliğinə girişən hər kəsin informasiyaya çevrilmək şansını reallaşdıran bu cür “Açıq cəmiyyət”i necə azad saymayasan? Əgər Balakəndə 85 yaşlı qoca özünü ağacdan asırsa, ömründə bir dəfə də barəsində danışılmamış bu şəxsin öləndən bir neçə saat sonra informasiyaya çevrilmək azadlığını necə danasan? Aparıcı isə incik səslə sanki heyfsilənir ki, ağacdan yalnız bir qoca özünü asıb, 2 qoca olsaydı daha maraqlı olardı. Hələ hər ikisi eyni budaqdan sallansaydı, bu, lap sensasiya olardı!
 
Və heç kəs də o yaşda intiharın hansı sosial səbəblərdən qaynaqlandığına diqqət yönəltməyəcək. Olmaz - senzura!
 
***
 
Biz mətbuatı, onunla birlikdə isə bütün cəmiyyəti məhv edən senzura şəraitində yaşayırıq. Həmin senzura lazımsız hər şeydən danışmağı stimullaşdıraraq əhəmiyyətli hər şeydən danışmağı qadağan edir.
 
Və çox az vaxt keçəcək, bu ikinciyə ehtiyac qalmayacaq da. Çünki, savadlı və ağıllı adamların ifrat defisiti yaranacaq. Debilizatorlar isə yalnız adına uyğun nəsil yetişdirə bilər - “D nəsli”..
 
Məmməd Süleymanov
 
Meydan.tv
Yuxarı