post-title

Annuşka - hekayə

Kultura.az rus yazıçısı, 1965-ci ildə Nobel Ədəbiyyat Mükafatına namizədlərdən biri Konstantin Poustovskinin "Annuşka" hekayəsini təqdim edir.

 
İkinci həftə idi ki, qara yel əsirdi. Ot çalanlar şikayətlənib deyirdilər ki, parkdak ot yanıb, məftil kimi kobudlaşıb, onu biçmək mümkün deyil, dəryazın ağzını tez-tez itiləmək lazım gəlir. 
 
İtilənən dəryazlar cingildəyir, bürkülü külək əsir, çöl yollarında sütun kimi toz göyə qalxırdı, yay ağır keçirdi. Yer çatlayırdı, göldəki su çəkilmişdi, gölün dibi danaların dırnağından batıq-batq olmuşdu. İstirahət evinin parkının otunu çalmaq üçün pul verib biçinçi tuturdular. Biçinçilər səy göstərir, hər bir kolu biçir, ancaq cökə ağacının altındakı balaca bir təpəyə dəymirdilər. Bu təpəyə ona görə dəymirdilər ki, üstünü sarı sünbüllər basmış təpə Anna adlı bir qızın qəbri idi.
 
İstirahət evinin gözətçisi qoca Semyonun bu qəbir haqqındakı dolaşıq söhbətlərindən məlum oldu ki, yüz il bundan əvvəl Voronej meşşanı İvan Nikitin bu yerlərdə yaşayırmış. Onun Zadon yolunda bir karvansarası var imiş, boş vaxtlarında o, özü qoşduğu mahnılarını qalın kontor dəftərinə yazarmış. Semyonun dediyinə görə İvan Savviç Annanın özünü asıb boğduğu budağı öz əli ilə mişarlayıb kəsmiş, bu yerə ağ rəng çəkmişdi. Bu hadisədən neçə illər keçməsinə baxmayaraq, rəng hələ də durur! İndinin özündə də bu budağın bitdiyi yerdə ağ rəng görünür. 
 
Anna Mülkədar Şlixtinqin aktyoru idi. Bu mülkədar məşhur, “Qaranquş kimi” qara hamar atlar saxlayırdı. Bu atlar üçün yulafı ona İvan Savviç verirdi.  
 
Bir dəfə İvan Savviç Şlixtinqdən borcunu almaq üçün onun yanına gəldi, mülkədar evində düzəldilən tamaşaya baxıb Annanı orada gördü. İvvan Savviçin Anna ilə nə barədə danışdığını heç kim bilmir. Ancaq bu məlumdur ki, o Şlixtinqin yanına gəlir, ondan xahiş edir ki, Annanın çox böyük istedadı olduğu üçün onu Moskvada, paytaxt teatrlarında oynamağa buraxsın. 
 
Hər cür xahiş etdi, adam kimi dil tökdü, yalvardı, allaha and verdi, yulafdan qalan borcunu güzəştə gedəcəyini vəd elədi, - bu borc isə neçə illərdən qalma idi, Şlixtinqə xalqın təşəkkürünü qazandıracağını vəd elədi. Ancaq Şlixtinq zarafatcıl, öz malikanəsində atıla-atıla yeriyən olmasına baxmayaraq quru, cılız adam, başqasına hörmət etməyən bir alman idi.
 
O, İvan Sevviçi öz kabinetində yumşaq kresloda oturdub özü də onunla üzbəüz əyləşdi, dizlərini möhkəm sıxıb nəvazişlə onun gözlərinin içinə baxaraq dedi:
 
 - Sən nahaq yerə elə güman edirsən ki, mən elə müflisləşmişəm ki, sənin yulaf puluna tamah salıb, Annadan əl çəkərəm. Pullarını al, Allah köməyin olsun, çıx get. Mənim sənin yulafına daha ehtiyacım yoxdur.
 
O, stolun yeşiyini açdı, - stol isə sədəf naxışlı idi, - İvvan Sevviçin qarşısına bir bağlı əskinas qoydu. “Mən – dedi, - atlarımın hamısını, mülkümü satmışam, Annanı da knyaz Orlova sataram, onun belə aktyorlardan xoşu gəlir. Özüm isə Riqaya gedib orada yaşayacağam. Sən havadar çıxmaqda gecikmisən. Özü də bu havadarlıq artıq şeydir, əgər işlərim tənəzzül etməsəydi, Annanı heç bir vəchlə satmaz, heç yerə getməyə qoymazdım. Mənimki məndə, səninki səndə. Sən burnunu nə mənim pul kisəmə, nə də işlərimə sox!” İvan Savviç ayağa qalxıb dedi: “Hə, belə görünür ki, sizin nə qəlbiniz, nə vicdanınız var, siz sarı alman köpəyisiniz!” Şlixtinqi elə durduğu yerdəcə vurub öldürməmək üçün tələsik çıxıb getdi. Elə o gecə Anna özünü cavan cökə ağacının budağından asıb öldürdü. 
 
İstirahət evinin parkının dövrəsinə sədd çəkilmişdi. Biçinçilər səddin üstündə oturub dincəlidilər, onları həmişə çöldən külək vururdu, külək biçinçilərin yaş köynəklərini, tərli alınlarını qurudurdu.
 
Əvvəlcə biçinçilər susdular, gözlərini qıyaraq küləyin dəymiş yulafı necə yerə necə yatırdığına tamaşa etdilər, sonra dinclərini alıb papiros çəkdilər, bu vaxt biçinçilərlə birlikdə işləyən Semyon dedi:
 
 - Mənim də qızımın adı Annadır. Ancaq indi zəmanə o zəmanə deyil!
Biçinçilərdən biri soruşdu:
 - Nə?
 
Onlar artıq bir neçə dəfə idi ki, Semyonun aktyor Anna və Semyonun qızı Anna haqqındakı söhbətlərini eşitmişdilər, ancaq heç vaxt onun  söhbətini kəsmirdilər, ya tənbəllik edirdilər, ya da ki, öz kəndli adətlərincə uzun, səlis əhvalatlardan xoşları gəldiyi üçün ona qulaq asırdılar. 
 
Semyon təkrar edirdi:
 - Deyirəm ki, indi zəmanə o zəmanə deyil! Zəmanə düzəlib. Sən bir qulaq ver!
 
Semyon danışmağa başlayırdı, biçinçilər sinələrini qaşıya-qaşıya, başlarını tərpədə-tərpədə ona qulaq asırdılar. Nə olsun ki, Semyonun oğlu yox idi, bəxti üzünə gülmüş, ona mehriban bir qız vermişdi. Bu doğurdan da belədir! Buna daha heç nə demək olmaz. 
 
Semyon susanda biçinçilərdən biri hökmən soruşardı:
 - Deyirsən ki, tezliklə sənə baş çəkməyə gələcək? 
 
Semyon özünü itirərək tələsik cavab verərdi:
 - Bəs necə! Yazır ki: “Pyotur günündən sonra gələcəyəm”. Təkcə bir o günü görəydim!
 - Görərsən, - deyə biçinçilər onu tənbəl-tənbəl sakitləşdirərdilər. 
 
Semyon ümidsizliklə deyirdi:
 - Barı görəydim. Bir şey var ki, çətinlikə nəfəs alıram. 
 
O əyilib çarığının bağını bağlamağa başlayardı. Semyon çətinliklə, fısıldaya-fısıldaya nəfəs alırdı. Biçinçilər bir-birinə dinməzcə baxırdılar, sonra kim idisə şən-şən deyirdi:
 - Davada olduğu kimi hücumdan qabaq papiros çəkdik, indi də gedək ot çalaq. Bəlkə Pyotr
gününəcən işimizi qurtardıq.
 
Müharibə vaxtı istirahət evi bağlandı. Otaqlar və park o dəqiqə boşaldı, hər yana sakitlik çökdü. Yolları ot basdı. Qara xallı qırmızı parabüzənlər dəstə-dəstə günün altında istədikləri kimi qızınırdı. Rəflərdəki kitabları, pərdələri və köhnə mebeli toz basmışdı. İstirahət edənlərin yaddan çıxardıb dolçalarda qoyduqları çiçək dəstələri qurumuşdu. Otaqlardan çoxdan qalmış çiçək suyunun pis iyi gəlirdi.
 
Semyon adamların olmamasına heç cürə alışa bilmirdi. O, müharibədən əvvəlki kimi hər gecə köhnə tüfəngi çiynində parkda dolaşır, öz-özünə dalaşır, təəccüb edirdi ki, oğlanlar bağçadakı tezyetişən albalıları daha silkələyib yerə tökmürlər; sonra başını yuxarı qaldırıb göydən keçən naməlum gecə təyyarələrinə fikir verir və başa düşmək istəyirdi ki, bu təyyarələr onlarındır, ya bizimdir?
 
Semyon qızı Annuşka ilə istirahət evinin üç kilometrliyindəki Privalovo kəndində olurdu, keşik çəkməyə ancaq axşamlar gəlirdi. İstirahət evi və park bütün günü boş olurdu. 
 
Sonra topların yaylım atəşi səsləri parka gəlib çatmağa başladı. Evdə yeni adamlar, hərbilər göründü. İsti və tozlu tanklar sürünüb parka gəldi, cökə və ağcaqayın ağaclarının gölgəsi altında gizləndi. Döyüşçülər blindaj qazmağa başladılar. Blindajı kolluqların sıx yerində qazdılar. Başları üzərindəki sıx kolluq və blindajın girəcəyini örtən yabanı moruq kolları, bütün bunlar xüsusilə döyüşçülərin ürəyindən idi və onlarda xatircəmlik yardırdı. 
 
Annuşka müharibə başlanan il yeddilliyi qurtarıb meşədəki, Usman çayının o tayındakı qunduz qoruğunda işləməyə başlamışdı. Almanlar yaxınlaşanda qunduzların hamısını volyerdən1  çaya buraxdılar. Ancaq qoca bir qunduz heç bir vəchlə çıxıb getmək istəmirdi. O, volyerdə qaldı, qoruğun işçiləri köçüb gedəndə onu yemləməyi Annuşkaya tapşırdılar. Qız Privalovdan qoruğa gələr, qoca qunduz üçün ağcaqovaq ağaclarının budaqlarından kəsər və gicitikan dərərdi. Qunduz hər dəfə Annuşkanı görəndə dal ayaqları üstünə qalxar, məftil barmaqlığı silkələyər və adam gördüyünə sevinərdi. 
 
Kolxozda iş çox idi – adamlar səhər gün çıxandan axşam gün batana kimi işləyirdilər, ancaq Annuşka qunduzu bir gün də olsa yemsiz qoymurdu. O, hər gün axşam üstü rütubətli, kol-kos basmış meşədən, Usman çayının üstündəki körpüdən keçib gedirdi; meşə elə sakitlik idi ki, elə bil bu yerlərdə heç adam yaşamırdı. Ancaq uzaqlarda, həmişə də eyni yerdə, Voronej yaxınlığında toplar guruldayırdı. Müharibənin lap yaxında olduğunu, ağır döyüşlər getdiyini, düşmənin onun çöllərinin, komasının ağzını kəsib dayandığını düşünərkən doğma torpağı Annuşkaya daha doğma, daha əziz görünürdü. 
 
Annauşka yol gedə-gedə qayğısızlıqdan yol qırağındakı qanovun içində yuva qurmuş sığırçın yuvasını, gah təpəlikdəki kasnı güllərini, gah ilıq qabıqlı cavan qayınları, gah da bir məktəblinin hörüyündən açılıb düşmüş köhnə, əzik lenti köhnə tanışları kimi salamlayır, lenti götürmürdü. 
 
Qışa bir az qlmış Privalovda məktəbin binasında hərbi xəstəxana açıldı. Annuşka hərbi xəstəxanada işləməyə başladı. Qız qoca qunduza görə narahat olurdu, ancaq Semyon qunduz üçün çoxlu ağcaqovaq budağı kəsib hazırladı, qunduz donquldana-donquldana uzanıb qış yuxusna getdi, indi daha hər gün onun yanına getmək lazım deyildi.
 
Bir dəfə hərbi xəstəxanaya Moskvadan artistlər gəldilər. Onlar məktəbdə konsert verdilər, sonra isə Annuşka da yaralıların da xahişi ilə bir neçə mahnı oxudu. Əynində yarımkürk olan ucaboylu, ağsaçlı artist bir qadın Annuşkanı öpdü və dedi ki, onun çox misilsiz, gözəl, nadir səsi var. Annuşka utandığından başını qaldıra bilmədi. Döyüşçülər bərk əl çalıb “bis” qışqırdılar. 
 
Ucaboylu artist qadın Annuşka ilə birlikdə Semyonun yanına, onun daxmasına yollandı və Semyonu dilə tutdu ki; Annuşkaya onunla Moskvaya, teatr məktəbində oxumağa getməyə icazə versin. Semyon özünü itirdi, heç bir şeyi ağıllı-başlı başa düşməyib elə hey təkrar edirdi: 
 - Yaxşısını siz şəhərlilər bilirsiniz. Mən Annuşkanı yaxşı həyatdan məhrum eləmərəm.
       
Artist qadın çıxıb gedəndən sonra Semyon taxtın üstündə xeyli müddət oturub, cırıq qulaqlı papağının qulağını dartıb çıxarırdı. Rəngi qaçmış Annuşka divara söykənib dayanmışdı, ürəyi çırpınırdı, göz yaşları isə ara vermədən yanaqları aşağı axırdı, o, göz yaşalarını heç cürə saxlaya bilmirdi. Qız Semyonun ağ saçlarına baxır və ona yazığı gəldiyindən və heç bir qərara gələ bilmədiyindən ağlayırdı. 
 
Nəhayət Semyon dedi:
 - Marfa ana öldü, o, zəif bir qadın idi. Sənə nə olub? Ondan möhkəmsən? Sən hələ ağıllı-başlı
adam deyilsən, uşaqsan. Orada əldən düşərsən. Orada, Moskvada həyat başqadır, əlləşib çalışmalı olacaqsan.
 
Annuşka pıçıltı ilə cavab verdi:
 - Atacan, necə istəyirsən, elə olsun.
 
Semyon cavab verdi:
 - Mənim istəyim nədir ki, sənin günün xoş keçsə, mənə də xoş olar. Yola düşüb get! Mən isə 
burada sənin qunduzun kimi eşələnərəm. 
 
O, ayağa qalxıb daxmadan çıxdı. Annuşka onun dalınca yüyürdü. Gecə zülmət qaranlıq və soyuq idi. Çöldən boran gəliridi. Semyon açıq qapının ağzında ayaq saxlayıb dedi:
 - Dalımca düşüb gəzmə.
 
Annuşka daxmaya qayıtdı, taxtın üstündə oturub gözlədi. Üst-başını qar basmış Semyon xeyli keçəndən sonra qayıdıb gəldi, o, sakitləşmiş, qocalmışdı. Semyon çəkinə-çəkinə Annuşkanın saçlarını oxşayıb yenə dedi: 
 - Yola düş get! Ancaq məni yaddan çıxardıb günaha batma!
 
Annuşka Semyonun başını qucaqladı, onun qardan islanmış saçlarını öpməyə başladı.
 
Bir gündən sonra Annuşka artistlərlə birlikdə yola düşdü. 
 
Müharibə isə çox uzndı, elə bil ki, heç qurtarmaq bilməyəcəkdi.
 
Annuşkanın şəhərə getməsinin üçüncü ili idi, may ayı sərin keçirdi və göyün üzü açıq idi. May günlərindən birində göyün üzü soyuqdan göyərəndə şad xəbər gəldi ki, biz qalib çıxdıq. Və müharibə qurtardı. 
 
Vaxt keçib gedirdi, Annuşka isə qayıdıb gəlmirdi, ancaq qısa məktublar yazırdı. İstirahət evini təzədən açdılar. Semyon əvvəllərdə olduğu kimi istirahət evinin parkında gözətçilik edir, istirahət edənlərə əvvəlki kimi Annuşka qızın ölümündən və şair qəlbli İvan Savviçdən danışmağı xoşlayırdı. Ancaq Semyon öz qızı Annuşka barədə istirahət edənlərə heç nə danışmırdı, qorxurdu ki, onun haqqında belə fikirləşərlər ki, boş boğaz qoca yalan danışır. Bu istirahət edənlər allah bilir nə cür adamlardır! Adamlar cürbəcür olur. Semyon özününkülərə, öz kolxozçularına da heç bir şey danışmırdı – Semyon danışmasa da, onlar bilirdilər ki, Annuşka Moskvadadır, yaxşı bir teatrın studiyasında təhsil alır.
 
Bir dəfə istirahət evinin direktoru Semyonu çağırıb ona tapşırdı ki, istirahət edənlərə aktyor annanın ölümündən heç bir şey danışmasın.     
 
Semyon incidi:
 - Niyə?! Mən yalan danışmıram ki. Bu əhvalatı hamı bilir, çoxdanın əhvalatıdır. 
 
Direktor dedi:
 - Dilini dinc qoysan yaxşıdır. İndi camaat əsəbidir. Gündüz sən onların qulağını doldurarsan, axşamlar isə onlar cökənin yanından keçməyə qorxarlar. Bəlkə onu kəsək, hə? 
 
Semyon dedi:
 - Kəsmək günahdır. Mən sussam daha yaxşı olar. İyun qurtardı, istilər sındı, Annuşka hələ də gəlib çıxmırdı. Gecələr düzənliyin göylərində ulduzlar sayrışırdı, kurqanın üstündə ocaq qalayıb taxıl döyürdülər. 
 
Semyon direktordan icazə alıb uzaq kəndə teleqraf idarəsinə getmək istədi ki, Annuşkaya teleqram yollasın. O toran qovuşanda, isti yatanda yola düşdü: gündüz yol getmək mümkün deyildi. Semyon ayaqlarını sürütləyə-sürütləyə yeriyirdi, tez-tez yolun qırağında oturur, ağır-ağır nəfəs alır, tozlu yovşanı barmaqlarının arasında əzir, iyləyirdi, ona elə gəlirdi ki, bundan halı yüngülləşir. O, axşama yaxın düzənliyin mavi rəngə boyandığına, başı buludlara dirənən qarlı dağların zirvəsini qürubun qızartısında alışıb yandığına və soyuyan torpağın üzərində sakit dayanıb, sərin gecənin düşməsini gözlədiyinə xeyli tamaşa elədi. 
 
Kəpənəklər uçurdu. Təpə üstündəki boz yel dəyirmanı tünd qızılı rəngə çalırdı.
 
Semyon: 
 - Eh, Annuşka, - deyib böyük çətinliklə yerindən qalıxdı, - bir buraları görəydin! Burada böyüdün, bütün çölü ayaq yalın gəzib əldən saldın, bəs indi haradasan? 
 
Yel dəyirmanı yoldan çox da aralı deyildi. Dəyirmanın kəndarı ağzında əyinində əsgər gimnastyorkası, yanında qoltuq ağacaları olan bir adam oturmuşdu. “Təzə dəyirmançıdır” – deyə Semyon düşündü və yel dəyirmanına tərəf getdi. O, istədi ki, təzə adamla oturub təmbəki çəksin, öz dərdindən söhbət açsın. Bir də bir halda ki, qızı Moskvadadır, orada oxuyur, atasına təsəlli verir, bu böyük dərddir; o ki, qaldı çoxdan bəri gəlməməyinə, məktub yazmamağına, nə olsun ki! Moskva böyük şəhərdir, Moskvanın işləri ilə kənd işlərini bir-birinə tay tutmaq olmaz. Orada yəqin adamlar bir neçə günlərlə yatmırlar, vaxt eləyə bilmirlər. Belə olmasa bu böyüklükdə dövləti necə idarə etmək olar, bu dövlətin ancaq taxıl zəmiləri min kilometrlərlə uzanıb gedir! 
 
Dəyirmanın yanındakı adam oturub maxorka çəkirdi. Göy tüstü birabaşa yuxarıya, dəyirmanın pərləri altına doğru uzanırdı. “Axırı xeyir olsun!” – deyə Semyon fikirləşdi, salam verib oturdu, maxorkasını çəkə-çəkə təzə dəyirmançıya göz yetirdi: bu adam görünür ki, yaxşı adamdır, cavandır, müharibədən lap təzəcə gəlib! 
 
Semyon dedi:
 - Gedirəm ki, qızıma teleqram vurum. 
 - Nə olub ki? – deyə dəyirmançı soruşdu.
 - Teleqram verməsəm olmaz. Sən bir qulaq as, gör nələr olub. 
 
Semyon tələsmədən nağıl etməyə başladı. Dəyirmançı gülümsəyə-gülümsəyə tənbəki çəkirdi.
 
Semyon isə ara vermədən danışırıdı. Daha Annuşkanın başına gələnləri danışmadı, qızının necə olduğunu yadına salırdı. Açıq sarı hörüklü, quzu kimi sakit bir qızdı. Yerişi yüngül idi. Elə olardı ki, addımlarının səsi eşidilməzdi. Camaat deyirdi ki: Gözəldir! Hə, məsələ bunda deyil, məsələ ondadır ki, mehriban işgüzar idi, atasına çox hörmət eləyirdi. Cəmisi iki nəfər olmaqlarına baxmayaraq çox yaxşı dolanırdılar. Amma indi dəyişilib nə cür adam olduğu məlum deyil. 
 
Dəyirmançı dedi:
 - Atacan, gərək sevinəsən, inciməyəsən. 
 
Semyon qorxdu:
 - Nə deyirsən! Məgər inciyirəm? Sevinmək öz yerində amma nigarançılıqdan ürəyimi yeyirəm. Bir neçə övladım olsa, fikir eləməzdim, ancaq tək bircə dənədir. Əgər o, hörmət bilməyən, ağıldan yüngül olsaydı, onda heç yanmazdım. Onda heç yazığım da gəlməzdi. Hə, sağlıqla qal! Qardaş, səhər açılınca gərək geriyə həyət-bacama qayıdım. 
 
Semyon xudahafizləşib getdi. Hava qaralırdı. Təzəcə çıxmış aypara uzaqdakı meşənin üzərindən asıla qalmışdı. Meşənin dalından quru duman qalxırdı. Sonra göyün üzü cənub tərəfdən qaraldı, bərk çaxan ildırımın səsi uzaqlara düşdü, göyün üzünü məşum alov culğadı. 
 
Semyon addımlarını yeyinlətdi. Yeyin yeridiyindən tez-tez ayaq saxlayır və bərk öskürürdü. Öskürəkdən başından və gözlərindən od çıxırdı. Gözləri yaş ilə dolurdu. 
 
Göyün üzü get-gedə lap qaralırdı, elə bil ki, yerin altından çuqun hasar çıxıb göyün qabağını tuturdu, ildırım isə göyün əsil sahibi kimi qabaqda, sağda, solda guruldayırdı. Ayın ziyası ilə ışıqlanan ağ toz düzənliklə Semyonun qarşısına yüyürürdü. Semyonun fikrində keçdi: “Gedib çata bilməyəcəyəm”!
 
Sümbüllər, otlar xışıldadı. Çöl elə bil ki, göy gurultusunda iki yerə bölünmüşdü. Uzaqdakı dərədə buxovlanmış at yazıq-yazıq kişnədi. 
 
Sonra göyün üzü orada-burada od tutub yanmağa başladı. Buludlardan buz kimi soyuq külək əsdi, selləmə qara yağış yağmağa başladı, dəhşətli gurultu saldı.
 
Səhər bir yük maşını islanmış, qızdırmalı Semyonu çöldən tapdı. Beləliklə Semyon teleqram göndərə bilmədi.
 
İstirahət evinin həkimi olan qadın Semyonu müainə edib başını buladı. O, gündə iki dəfə Semyonun yanına, daxmasına gəlirdi, ancaq Semyon bilirdi ki, həkimin gəlməsi əbəsdir, indi o, heç vəchlə sağalmayacaq. Qonşular da ona baxırdılar. Semyon daxmada uzanmışdı, ancaq daxmanın havası bürkülü idi, ona görə də o, dəhlizə keçdi. Qonşu qarı kandarın ağzına ot döşədi və Semyon açıq qapının ağzında yarımkürkün altında uzanıb hey yola baxıb, gözləyirdi və heç vəchlə dəhlizdən daxmaya keçmək istəmirdi. Gecələr hava gündüzə nisbətən yüngülləşirdi, çünki hərdən bir uzaq maşınların işıqları görünürdü və gecənin sakitliyində motorun uğultusu yaxşıca eşidilərdi. Semyon tərpənər, başını qaldırardı. İşıq bir başa gözlərnə düşər, dəhlizdən keçib gedərək divarda oynaşar, onun yanından ötüb uzaqlara, düzənə yayılardı.
 
Semyon gözlərini yumub qulaq asardı, çöldə gecələr hər cür səslər olur. Heç ayırd etmək olmur. Paravozun uzaqdan güclə eşidilən səsi gəliridi. “Bəlkə, sərnişin qatarıdır, gecikib, indi gəlib çıxıb”, - deyə Semyon fikirləşdi, gözünün qabağına gətirdi: budur o, vaqondan çıxdı, yük maşınına mindi, budur maşın meşəyə girdi, qarovul xəttinin yanında, körpüdən, qoruğun yanından keçdi, “yəqin gündüz də uzanıb gözləyir” – deyə Semyon düşündü. Budur kəndin qırağına çatdı. – Semyon yatağından azca qalxıb qulaq verirdi. Ancaq çöldə elə sakitlikdi ki, elə bil ulduzlar şappıltı ilə su dolu vedrəyə düşürdü. Vedrə Semyonun yanında idi və onun içində parç üzürdü. 
 
Semyona elə gəlirdi ki, alman Şlixtinq onun arxasında oturub gülə-gülə deyir: “Mənim, Semyon Yevseiç, indi sənin yulafına ehtiyacım yoxdur”. Semyon onun cavabında pıçıldadı: “Sənin vaxtın keçdi. Sənin barmağını əzdilər. İndi ixtiyarımız öz əlimizdədir, qoca köpək”. Şlixtinq səsini kəsir, haraya  isə yox olurdu, dəhlizdə isə istirahət edənlərdən məktəbli qız Lelya görünər, alnını qırışdırıb Semyona acı sulu dərman verər və onu daxmaya köçmək istəmədiyi üçün danlayardı. Semyon təəccüblə səhərin açıldığını və təpənin dalındakı düzəndə nəyinsə bərkdən guruldadığını görürdü. O fikirləşirdi: “Yəni kombayınlardır? Doğurdanmı taxıl yetişib, o isə hələ gəlib çıxmayıb?”
 
O, Lelyaya deyirdi: 
 - Mən Annuşkanı aldatmamışam. Söz vermişəm ki, o gəlib çıxana kimi sağ qalım, ancaq daha ömrüm qalmayıb. Çox çətinliklə nəfəs alıram. 
 - Semyon hey Lelyadan xahiş etmək istəyirdi ki, Annuşkaya teleqram göndərsin. Gecə o bu teleqramın sözlərini fikrində düzəldirdi: “Atan ömrünü sənə bağışladı, namusla, təmiz yaşa, qəbrimə baş çəkməyə gəl, torpağın altında da gözüm yolda qalacaq”. Ancaqbelə teleqramı qəbul etməzdilər. Teleqrafxanadakı adamlar tələsirlər, sayları daha həvəslə verirlər. Onların axmaq qoca ilə heç bir işləri yoxdur. Bu qədər ömür sürüb, amma bu sözü ağıllı-başlı başa sala bilmir. 
 
Gündüzlər Semyonun yanına müxtəlif adamlar: həkim qadın da, istirahət edənlər də, direktor da, qonşular da gəlirdi, ancaq Semyon gözlərini yumub özünü yuxuluğa vururdu, bu onun üçün çətin deyildi, çünki onsuz da zəif düşmüşdü.
 
İstilər azalırdı, payız yaxınlaşırdı. Bir gecə yağış yarpaqları daxmanın damını taqqıldatdı. Qaranlıq zülmət və ilıq bir gecə idi. Qaranlıq gecədən yağışın altında islanmış gicitikən iyi gəlirdi. Yağışın damcıları sınıq çuqun qaba dəyib taqqıldayırdı, bu qab həyətin ortasında atılıb qalmışdı. Semyon bu qabda toyuqlara dən verirdi. Semyon qulaq asdı istehza ilə gülümsündü: bu çuqun qabı Marfa şəhərdən alanda sevinmişdi, indi isə bu qab heç kəsə gərək deyil.
 
Yağış yağdığından nəfəs almaq asanlaşdı. Semyon mürgülədi. Nə qədər mürgü vurduğu məlum deyildi, birdən bir başa gözünə düşən ağ işqıdan ayıldı. Daxmanın yanında dayanmış maşının matoru uğuldayırdı. Semyon titrək əllərinə dirsəklənib qalxdı və “Annuşka sənsən?” – deyib qışqırdı, yatağına yıxılıb qaldı, Annuşka onun başını öpür, sümükləri çıxmış çiyinlərini, kələ-kötür yanaqlarını oxşayırdı. Onun əllərindən qəribə qoxu, yəqin ki, gecə otlarının iyi gəlirdi. 
 
Annuşka dedi:
 -Budur gəlmişəm, gəlmişəm, bəs sənə nə olub? Niyə belə olubsan?
 
Semyon mızıldandı: 
 -Heç bir şey, elə-belə yatıram. Bir balaca zəifləmişəm.
 
Kim isə daxmada işqı yandırdı: adamlar nə haqdasa danışırdılar, mübahisə edirdilər, sonra Semyonu daxmaya keçirib Annuşkanın sərdiyi təmiz döşəkağı saldığı taxtın üstünə qoydular.
 
Adamlar çıxıb getdilər. Annuşka Semyona tünd çay içirtdi, sonra isə səhər açılanacan atasının əlini əlindən buraxmayıb onun yanında oturdu, hey gülümsəyir, göz yaşlarını silirdi.
 
Semyon gözünü çəkmədən ona baxırdı. Gör nə gözəldir! Əynindəki paltar da şəhərli paltarıdır, nazikdir, belə paltarları ancaq bayramlarda geyirlər. Onun Annuşkası əvvəlki kimi mehriban, ürəyi təmiz qalıb. 
 
Sentyabrda Semyonu Anna qızın qəbrinin yanında basdırdılar. Təzə qəbrin dövrəsini çimlədilər, sonradan payızda qəbrin üstünə o qədər yarpaq töküldü ki, sarı gilli torpaq görünmədi. Semyonu Annuşkanın xahişinə görə parkda, öz sevimli yerində pasdırdılar. 
 
Hər səhər Annuşka qəbrin üstünə gəlirdi, istirahət edənlər onu görən kimi səslərini kəsir, bir-birini səsləmir və çalışırdılar ki, qızın yanından elə ötüb keçsinlər ki, onu narahat etməsinlər. Annuşka qəbrin yanındakı skamyanın üstündə oturub düzənliyə baxa-baxa fikrə dalırdı. 
 
Payız soyuqlarında açıq göyün üzündə quşlar cənuba uçurdular. Dəyib qurumuş meyvələrdə toxumlar xışıldayırdı. Külək günəş altında şəffaf görünən saralmış yarpaqları qabağına qatıb çəpəki aparırdı. Axşamlar düzənliyin soyuq göy buludular alırdı. 
 
Annuşka yola düşməmişdən qabaq qunduza baş çəkmək üçün qoruğa getdi. O, əvvəlki kimi öz tanışlarını, cüt ağcaqayınları, Usmani çayının üstündən salınmış körpüləri, şam ağaclarını zarafatla salamlayırdı. 
 
Qoca qunduz yenə əvvəlki volyerdə oturmuşdu. Annuşka onu səslədi. Qunduz ağır-ağır fısıldadı, dal ayaqları üstünə qalxıb məftil barmaqlığı bərk silkələməyə başladı, Annuşkanı tanıdı. 
 
Az sonra Annuşka çıxıb getdi. Gələn yay biçinçilər yenə parkda ot çalırdılar, amma bu səfər Semyon daha onların yanında deyildi; biçinçilər istirahət edənlərə iki Anna barədə, iki əhvalat danışırdılar. Bu əhvalatlardan biri çoxdan olmuşdu və bir o qədər də maraqlı deyildi; ikinci əhvalat isə hamının yadında idi. Biçinçilər təxminən bunu belə nağıl edirdilər:
 
“Semyon onu tək bir dağarcıqla yola saldı. Qız Moskvaya təkcə səsini apardı. Səsi cingiltili idi, görəsən dünyada belə səslər haradan yaranır. Qayıdıb gələndə isə qızı tanımaq olmadı. Gözəl-göyçək idi! Qızı sarıdan Semyonun bəxti gətirmişdi. Semyon qızını gözlədi, gözləri yollarda qaldı, onu görməkdən ümid əlini üzdü, xəstəliyi ağır, sağalmaz idi. Qızı isə gəlmirdi ki, gəlmirdi. Hə, əlbəttə ki, arvadlar söz-söhbət düzəltməyə başladılar, bax, bu da övladın, qızın vəfası. Budur, qoca onunla lovğalandı və lovğalanmağının da cəzasını çəkdi. İndi o boşboğaz yerində qaldı. “İndi qızının onun ilə nə işi! İndi ona krepdeşin və kakao ver”. Hə, özünüz bilirsiniz də arvadların dili necə iti olur. Onları utandırmasan çənələrini işə elə salarlar ki, onları topla da susdurmaq olmaz. Bəli, qız gəlib çıxdı. Özü də Semyona daxma dolusu hədiyyə gətirdi. Semyonun ömrünün axırına az qalmağına baxmayaraq qız onun üst-başını səliqəyə saldı, daxmasını ağartdı, gəlin kimi bəzədi. Arvadlar, söz yox ki, dillərini kəsdilər, indi Annuşkanı tərifləməyə, göylərə qaldırmağa başladılar. Annuşka küçəyə çıxan kimi bütün daxmalarda arvadlar mahnı oxuyur, onu tərifləyirdilər. Gör nə məntiqsiz camaatdırlar! Semyonun paxıllığını çəkməyə başladılar. Nəyin paxıllığını çəkirdilər! Kişinin ömrünə az qalıb, şam kimi sönür. Külək əsdimi, sönəcəkdi. Ancaq bu var ki, xoşbəxt ikən öldü. Özünüz fikirləşin, görün bu xoşbəxtlik adama necə bərk təsir edir, - Semyon hətta ayağa qalxıb yavaş-yavaş gəzməyə başladı. Çətin də olsa, Annuşkanın çiyininə söykənərək sürünə-sürünə bayıra çıxırdı. İstirahət edənlər, hər şeydən xəbər tutdular və Annuşkadan xahiş etməyə başladılar ki, onlara hörmət edib, istirahət evində onlar üçün oxusun. Annuşka xoş xasiyyətli adam idi və əlbbətdə ki, razılıq verdi. Budur, konsert oldu. Biz hamımız orada idik. Tamaşaçı idik. Bütün kənd gəlmişdi. Axı Annuşqa təkcə Semyonun qızı deyildi, o həm də bizim qızımızdır, kəndimizin qızıdır. Direktor Semyonun dalınca at göndərdi. Çox qənaətcil kişi idi, elə olurdu ki, nə qədər xahiş eləsən də ondan at almaq olmazdı, amma indi isə - buyurun! Özü Semyonun dalınca gəldi. Biz də gəldik, istirahət evi başdan-başa çırağban idi, ətraf da o qədər işıq yanırdıki. Hər yerdə payız yarpaqlarından çoxlu dəmətlər var idi. İstirahət edənlər elə bil bayrama yığışmışdılar, qadınların əynində nazik paltarlar var idi, ipək paltarlar xışıldayırdı, qəribə ətir qoxusu gəlirdi. Deyirdilər: “Sizin Annuşka bizim fəxrimizdir!” Hə-ə! Annuşka Semyon ilə zala girəndə onları elə qarşıladılar! Camaatın kimi belə qarşıladığını demək çətindir. Elə bil şahzadə qızı qarşılayırdılar. İndi, əlbəttə ki, şahzadə qızlar yoxdur, ancaq o bizim öz şahzadə qızımız idi. O, elə oxuyurdu ki, qulaq asanların qəlbinə işləyirdi. Səfeh Semyon isə oturub qulaq asır və göz yaşlarını belə silmirdi. Semyon deyirdi: “Çəkdiyim zəhmətin bəhrəsini görürəm”. Heyif ki, bir azca da yaşaya bilmədi, bir həftədən sonra öldü. Yatdı, bir daha yuxudan ayılmadı. Çıraq kimi keçdi. Onu basdıranda hava sakit, aydın və elə isti idi ki, kəpənəklər otlaqların üzərində fırlanır, oynaşırdı. Göyün üzündə hörümçəyin necə iplik əyirdiyi görünürdü. Payızın əvvəllərində isti günlər idi! Çaylar, göllər elə göy, hava elə aydın idi ki, elə bil heç yox idi. Bütün parkı quru yarpaqlar bürümüşdü, günəş işığına qərq olmuşdu. Rahat, asudə ölüm? Hə-ə.. Annuşka çıxıb getdi. Biz ona gələcəkdə xoşbəxt həyat arzuladıq; ayrı cürə ola da bilməzdi”.
 
Bu əhvalatı danışan biçinci sözünü qurtardı. Hamı da susdu. Ancaq qocaman cökə ağacının başında hündür budağa qonmuş sarıköynək quşu fit çalır və elə bil razılaşaraq deyirdi: “Belə də olacaq! Belə də olacaq!”
 
__________________
1 Volyer – heyvanxanada heyvanları və quşları saxlamaq üçünhər tərəfi qəfəslənmiş meydança.
 
Kultura.az
Yuxarı