post-title

Yurgen Habermas. Ziyalılar haqqında

Haberması “Almaniyanın ən höcət ziyalısı” adlandırırlar, lakin onun diskussiya ehtirası əksər ziyalıların şəxsi ambisiyalar naminə apardığı mübahisələrin fövqündə durur

 
1976-cı ildə Martin Haydegerin ölümü ilə o vaxta qədər adətən bir filosofun simasında təcəssümünü tapan fəlsəfi ənənə müasir Almaniyanın mənəvi həyatını tərk etdi. Haydegerdən əvvəl Karl Yaspers, Teodor Adorno, Maks Horkhaymer və Karl Lövit kimi mütəfəkkirlər fəlsəfi ideyalarla insan həyatının vəhdətinə çalışan ənənəni qoruyur və formalaşdırırdılar. Lakin onların həyatdan getməsi ilə bir şəxsin vücudunda cəmləşən fəlsəfi düşüncə ayrı-ayrı fərdlər arasında bölüşdürülməyə başladı. Universitetlər və araşdırma mərkəzləri fəlsəfi diskussiyalar və mübahisələr meydanına çevrildi. Belə təəssürat yaranırdı ki, fəlsəfə son nəticədə xəlvət bir guşəyə çəkilib və indi xiridarlarını yalnız işləri və araşdırmalarından özləri ləzzət alıb razı qalan, praktik və nəzəri mübadiləyə, ictimai rəyə istinada ehtiyac duymayan intellektuallar arasında tapır. Frankfurt məktəbinin sağ qalmış son nümayəndəsi, Adornonun ən istedadlı və yəqin ki, ən müstəqil şagirdi olan Yurgen Habermas 1969-cu ildə, Yaspers və Adornonun vəfatından az sonra bu problemi anlayıb mövcud şəraiti təhlil edərək, çıxış yolları axtarmağa başladı. Nəticədə o, aşkarlıq şəraitində ziyalıların və intellektualların rolunu müəyyənləşdirən bir nəzəriyyə irəli sürdü. Habermasın açıq və demokratik cəmiyyətlərdə ziyalıların rolu və mövqeyi barədə nəzəriyyəsi əslində onun ən mühüm və fundamental əsəri sayılan "Kommunikativ hərəkət nəzəriyyəsi" kitabına müqəddimədir. Lakin cəmiyyətdə ziyalıların rolu barədə Habermasın nəzəriyyəsini şərh etməzdən öncə, görkəmli bir alman ziyalısı, fikir və ideyaları Qərbi Avropa hüdudlarından kənarda da elmi dairələrin diqqətini çəkən bir mütəfəkkir kimi onun özünün rolundan söhbət açmaq yerinə düşər. Yurgen 
 
Habermas: nəzəriyyə ilə praktikanın vəhdəti 
 
Habermas uzun illərdir ki, müxtəlif nəzəriyyə və fərziyyələr irəli sürməklə, mövcud baxışları təhlil və tənqid etməklə fəlsəfi diskussiyalarda fəal iştirak edir, cari sosial və siyasi məsələlərə münasibətini bildirməklə ictimai rəyə təsir göstərməyə çalışır; dörd onilliyə yaxındır ki, həm pozitivizmin fəlsəfi mübahisələrində iştirak edir, həm də fransız filosoflarının baxışlarını tənqid edir; həm 1960-70-ci illərdə Qərbi Avropada tələbələrin etiraz çıxışlarını və onların nəticələrini tənqidi baxımdan nəzərdən keçirir, həm də üçüncü reyx dövründə yəhudi qırğınının misilsizliyi barədə tarixçilərin müzakirələrinə qoşulur. İki Almaniyanın birləşmə tərzinin tənqidi Habermasın diqqət mərkəzində olan mövzulardandır. Eyni zamanda o, son illərin modernizm və postmodernizm barədə diskussiyalarından da kənarda qalmır. O, bir tərəfdən Avropa ziyalılarını, xüsusən Almaniyanın solçu ziyalılarını bürüyən böhrandan söz açır, digər tərəfdən Avropa cəmiyyətlərində ifrat sağçıların günbəgün güclənməsi ilə bağlı narahatlığını bildirir. Habermas həm Frankfurt universitetində dərs deyir (hazırda təqaüdədir – M.M.), həm də Bosniya müsəlmanlarının qırğınına qarşı etiraz nümayişlərində iştirak edir. O, mədəni, ictimai və siyasi məsələlərə dair məqalələrini adətən "Şpigel" və "Di-Tsayt" həftəliklərində çap etdirir ki, bunların da hər ikisi Almaniyanın ən nüfuzlu və ən çox oxunan nəşrlərindəndir. Onun əsərləri içərisində həm "Metafizikadan sonra təfəkkür", həm də "Qanun və hüquqi demokratik dövlət" vardır; bunlardan birincisi klassik nəzəri fəlsəfəyə, ikincisi isə siyasi fəlsəfə problemlərinə həsr olunmuşdur. Haberması "Almaniyanın ən höcət ziyalısı" adlandırırlar, lakin onun diskussiya ehtirası əksər ziyalıların şəxsi ambisiyalar naminə apardığı mübahisələrin fövqündə durur. Habermasın mübahisə şövqü nəzəriyyə ilə praktikanın əlaqəsini göstərməyə yönəlmişdir. Burada söhbət köhnə əyyamlarda olduğu kimi fəlsəfi ideyaların insan həyatı ilə vəhdətindən gedir. Habermasın fəlsəfəsini Frankfurt məktəbinin "tənqidi nəzəriyyə"sində "ağlın tənqidi"nin düşdüyü çıxılmaz vəziyyətə cavab kimi qiymətləndirmək olar. Adorno və Horkhaymerə görə, "şişirdilmiş ağıl" insan fəaliyyətinin məhsuludur, buna görə də bütün tarix boyu daim hakimiyyətə yetişmək vasitəsi və fərdi əzmək aləti olmuşdur. Tarix fəlsəfəsindən çıxarılan bu mənfi qənaət həyatının son illərində Adornonu ümidsizlik və pessimizm girdabına yuvarlatmışdı. Habermasın sözləri ilə desək, onun pessimizmi Samuel Bekketin dramlarındakı səhnələri xatırladırdı. Qeyd etmək lazımdır ki, Habermas bu nəzəriyyəyə əks mövqedə dayanır. O, ağlın rolunu yalnız "fəaliyyət" və "hakimiyyət"lə məhdudlaşdırmır. Habermasn fikrincə, insanın təkrar istehsalı təkcə müəyyən fəaliyyət üçün baş vermir, həm də insanlar arasında "ünsiyyət və anlaşma"nı ehtiva edir; ünsiyyətin genişlənməsi və anlaşmanın dərinləşməsi cəmiyyətin sabitlik və sağlamlığına təminat verən iki mühüm amildir. Beləliklə, "instrumental ağıl"la yanaşı "kommunikativ ağıl" da meydana çıxır ki, bu, əsasən mədəni bir prosesdir və onun təməlində məfkurənin inkişafı durur. İnsanlar arasında anlaşma, Haberması görə, xüsusi ölçü və meyara malikdir ki, onun əsasında "repressiv ağlın" tənqidi mümkün olur və prinsipcə elə bu yolla "tənqidi nəzəriyyə" reallaşma imkanı qazanır. Habermas "tənqidi nəzəriyyə"nin hissi və emosional aspektlərini zəiflətməklə, diskussiya və dialoqun geniş səviyyədə yenidən bərqərar olması üçün zəmin yaradır. Bundan sonra onun bütün əsərləri və fikirləri "kommunikativ hərəkət" ideyası ətrafında dolaşır. Filosofun cəmiyyətdə ziyalıların rolu və mövqeyi barədə düşüncələri də bu baxımdan istisna təşkil etmir.
 
"Ziyalı" termininin tarixçəsi
 
Habermas cəmiyyətdə ziyalıların rolunu iki müstəqil, eyni zamanda bir-birinə bağlı olan sahədəki fəaliyyətlərdə görür: ziyalı bir tərəfdən öz həmkarları ilə məşğul olduğu sahənin problemlərinə dair diskussiya və mübahisələrə girir və bu yolla yeni nəzəriyyələrin, ideya və fərziyyələrin meydana gəlməsində iştirak edir; ikinci tərəfdən isə maarifçilik məqsədi ilə cəmiyyətdəki ümumi müzakirələrə qoşulur və cari məsələlər barədə mövqeyini bildirməklə, sosial problemlərin həlli üçün təkliflər verməklə, mövcud vəziyyətin yaxşılaşması və təkmilləşməsi prosesinə təsir göstərməyə çalışır. Beləliklə, filosofların, mütəfəkkirlərin və yazıçıların öhdəsinə yeni bir vəzifə qoyulur, yəni onların işi daha sırf nəzəriyyəçilik və fərdi intellektual fəaliyyətlə məhdudlaşmır; onlar öz ixtisaslarına aid olan və bəzən abstrakt səciyyə daşıyan mübahisələrlə yanaşı, cəmiyyətdəki cari hadisələrin təhlili və aşkar tənqidi ilə də məşğul olurlar. Bu baxış "ziyalı" istilahının meydana gəldiyi şəraitlə birbaşa bağlı olduğundan, həmin anlayışın tarixçəsinə qısa da olsa, nəzər salmaq yerinə düşər. "Ziyalı" sözü ilk dəfə Fransada Alfred Dreyfus adlı bir polkovnikin məhkəmə işi gedişində özünün bu günkü terminoloji mənasını kəsb etmişdir. 1898-ci ilin yanvar ayında məşhur fransız yazıçısı Emil Zolyanın Fransa prezidentinə ünvanlanmış "Mən ittiham edirəm" başlıqlı açıq məktubu qəzetlərin birində dərc olundu. Zolya bu məktubda Dreyfusu almanlara casusluqda günahlandırıb ömürlük həbs cəzasına məhkum etmiş tribunalın qərarına etirazını bildirir, məhkəməni qanunları pozmaqda ittiham edirdi. Zolyanın açıq məktubu çap olunandan bir gün sonra həmən qəzetdə yüz nəfər tanınmış alim və yazıçının imzası ilə polkovnik Dreyfusu mühakimə etmiş məhkəmənin qeyri-qanuni qərarına etiraz bildirən müraciət dərc olundu. "Ziyalıların manifesti" adı ilə məşhurlaşmış bu müraciət tezliklə bütün Avropaya yayıldı, Fransada ictimai rəyə güclü təsir göstərdi, ölkədaxili böhrana və Üçüncü Respublikanın əsaslarının laxlamasına gətirib çıxardı. Ziyalıların qəti mövqeyi və inadlı səyləri, ictimaiyyətin məsələnin əsl mahiyyətindən agah olması nəticəsində işə yenidən baxıldı, nahaq yerə ömürlük həbsə məhkum olunmuş günahsız insana bəraət verildi, gec də olsa, onun hüquqları və ləyaqəti bərpa edildi. "Dreyfusun işi"ndə Fransa ziyalılarının müvəffəqiyyəti əslində yenidən bonapartizm girdabına yuvarlanmaq təhlükəsi ilə üz-üzə qalmış Üçüncü Respublikanı xilas etdi, eyni zamanda Fransa ziyalılarına xüsusi mövqe qazandırdı, cəmiyyətdə və ictimai rəydə onların nüfuzunu qat-qat gücləndirdi. O vaxtlar Anatol Frans "ziyalı"ya tamamilə yeni səciyyə daşıyan bir tərif verdi. Bu tərifə əsasən, ziyalılar cəmiyyətdəki oxumuşların elə bir dəstəsidir ki, onlar heç bir siyasi məqama malik olmadan, öz ixtisasları üzrə fəaliyyət göstərməkdən əlavə, cəmiyyətin ümumi mənafeyi və rifahı ilə bağlı olan məsələlərə müdaxilə edir və mövqelərini bildirirlər. Ümumiyyətlə, həmin hadisə Fransa cəmiyyətində ziyalıların yerini müəyyənləşdirdi; Emil Zolyadan tutmuş Jan-Pol Sartra qədər fransız mədəniyyətinin görkəmli nümayəndələri ictimai fəaliyyət səhnəsində daim bu mövqedən səmərəli şəkildə istifadə etmişlər.
 
Ziyalıların ictimai rolu və mövqeyi
 
Habermas cəmiyyətdə ziyalıların rolu və mövqeyinə dair nəzəriyyəsini irəli sürərkən, nümunəvi şəxsiyyət kimi məşhur alman şairi və yazıçısı Henrix Heyneni (1797-1856) götürmüşdür; o Heyneni ki, azadlığa çatmaq və sosial ədalətsizlikləri aradan qaldırmaq uğrunda mübarizə, mütəfəkkirlərin və yazıçıların əsərlərinə hökumətin müdaxiləsinə müqavimət onun mənəvi həyatının böyük bir hissəsini təşkil etmişdi və məhz bu fəaliyyətinə görə uzun müdət vətəndən uzaqda yaşamağa məcbur olmuş, vətəndən uzaqda da dünyasını dəyişmişdi. Heynenin əsərləri XIX əsrin birinci yarısında Avropanın qarışıq ictimai-siyasi vəziyyətinin güzgüsü, 1848-ci il alman inqilabının aynasıdır. Heyneni ən çox narahat edən, üzən məsələ çox vaxt onun özünün və digər yazıçıların əsərlərinin nəşrinə qadağa qoyulması ilə nəticələnən senzura və nəzarət şəraiti idi. 1835-ci ildə Frankfurtun Nümayəndələr Məclisi "Gənc Almaniya" adı ilə tanınan qrupa daxil olan yazıçı və şairlərin, o cümlədən Heynenin əsərlərinin çapını qadağan edən qərar qəbul etdi. Hakim dairələr belə bir qərar çıxarmaqla istəyirdilər ki, Fransada olduğuna bənzər bir vəziyyətin yaranmasının qarşısını alsınlar və irəlicədən ziyalıların siyasət səhnəsində görünüb ictimai rəyə təsir göstərməsinə mane olsunlar. Əslində senzura məmurları ziyalılara ictimai rəyi siyasiləşdirməyə qadir olan potensial qüvvə kimi baxırdılar və buna görə də nəyin bahasına olursa-olsun, onların fikirlərinin cəmiyyətə nüfuz edib yayılmasına yol verməməyə çalışırdılar. Bu məqsədə çatmaq üçün onlar yazıçıların əsərlərini nəzarətdə saxlamağı və lazım gəldikdə, onların çapını qadağan etməyi ən yaxşı və ən səmərəli yol sayırdılar. Lakin nəzarət və təzyiq siyasətinin, senzuranın, kitabların nəşrinə icazə verilməməsinin nəticəsi belə olurdu ki, ictimai rəy bu əsərlərə və onların yaradıcılarına daha artıq diqqət yetirməyə başlayırdı. Heynenin başçılıq etdiyi "Gənc Almaniya" qrupu əvvəlki nəslə mənsub olan yazıçıların, o cümlədən İohan Volfhanq Hötenin ömrünün son illərindəki seyrçi mövqeyini tənqid edərək, yeni bir dövrün başlandığını bildirirdilər; bu dövrdə keçmişə və ədəbiyyatın sırf estetik aspektlərinə aludəçilik öz yerini mövcud şəraitin tənqidi və islahına yönəlmiş fəaliyyət və hərəkətə, günün problemləri ilə məşğul olmağa və sabahın quruculuğuna verir. Heyne yazırdı: "Höte belə hesab edirdi ki, Tanrı özünü bütün şeylərdə eyni dərəcədə təzahür etdirmir, buna görə də o, təkcə "bitkilərin halının dəyişməsi", "rənglər nəzəriyyəsi", anatomiya, səmanın və buludların müşahidəsi kimi məsələlərlə məşğul olurdu. Halbuki Tanrı ən güclü şəkildə hərəkətdə, davranışda və bir də zamanda təzahür edir.Tarixin səhifələri Tanrının pak nəfəsi ilə vərəqlənir və əslində bu, Onun əsas Sözü və Kitabıdır… Əməl sözün övladıdır, Hötenin gözəl sözləri isə övladsızdır, sonsuzdur"[1]. Heyne hesab edirdi ki, ictimai dəyişikliklərin hərəkətverici qüvvəsini dərk etmək sənətkarların və ziyalıların əxlaqi borcudur. Üstəlik o, həmin dəyişikliklər prosesinə təsir göstərməyi, cəmiyyətin sosial və siyasi strukturunun formalaşmasında iştirakı da həmin əxlaqi vəzifəyə daxil edirdi. Eyni zamanda ziyalılara xəbərdarlıq edirdi ki, onlar daim öz mövqelərini təhlil etməli və lazım gəldikdə, onda zəruri təshihlər etməyi də unutmamalıdırlar. Habermas Heynenin baxışlarını ziyalıların ictimai rolu barədə öz nəzəriyyəsinin təməl daşına çevirmişdir. Onun fikrincə, parlament quruluşunun formalaşıb bərqərar olması ilə ziyalılar da yeni rol kəsb edirlər. Artıq oların müraciət obyekti siyasi partiyaların və kütləvi informasiya vasitələrinin təsiri altında formalaşmış ictimaiyyətdir. Əlbəttə, siyasiləşmiş ictimai rəy yalnız qanunun aliliyi şəraitində demokratik prinsiplərin şüurlu şəkildə inkişafına təkan verən vasitəyə çevrilə bilər. Məhz belə bir şəraitdə ziyalılar Habermasın onlar üçün müəyyənləşdirdiyi mövqeyi tutmağa qadirdirlər. Təbii ki, Habermas məşhur alman sosioloqu Maks Veberin (1864-1920) ziyalıların ictimai rolu barədə onun və Heynenin fikirlərinə əks olan düşüncələri ilə tanışdır və özünün "Henrix Heyne və Almaniyada ziyalıların rolu" adlı məqaləsində [2] Veberə cavab verir. Veber ziyalıları siyasi işlərə qarşmaqdan çəkinməyə çağırırdı. O belə hesab edirdi ki, yazıçı və filosofların siyasətə diletantcasına müdaxiləsi maraqlı intellektual əyləncə və "gəzinti" xarakteri daşıyır, bu da ara-sıra, heç bir məsuliyyət hissi keçirmədən, siyasi məsələlərin mahiyyətinə və gerçək mənzərəsinə bələd olmadan baş verir. Peşəkar siyasətçiləri isə Veber realist, səlahiyyətli və üzərinə məsuliyyət götürməyə hazır olan şəxslər sayır və siyasi məsələlərin həllini onların ixtiyarına verir [3]. 
 
Burada belə bir sual meydana çıxır: görəsən, Veberin siyasi işlərə qarışmaqdan çəkindirdiyi ziyalıların mövqe və fəaliyyəti Heynenin göstərdiyi istiqamətlərə uyğun olmuşdurmu? Birinci Dünya müharibəsi illərində alman ziyalıları Heynenin şəxsiyyətini və onun "məsuliyyət götürmək" prinsipini özləri üçün nümunəyə çevirmişlərmi? Demək lazımdır ki, o dövrdə Almaniyada Heynenin nəzərdə tutduğu mənada ziyalı təbəqəsi mövcud deyildi. Üstəlik alman ictimai rəyi nəinki ziyalılara xüsusi rol ayırmırdı, hətta "ziyalı" istilahı daim mənfi çalarda işlədilirdi. Bütövlükdə ziyalı müxalifətçilikdən başqa rolu olmayan bir ünsür kimi xatırlanırdı. Cəsarətlə demək olar ki, 1933-cü ilə (yəni Hitlerin hakimiyyətə gəlişinə) qədər Almaniyada Heynenin nəzərdə tutduğu humanist demokratiyanı ictimai rəyə aşılamağa çalışan ziyalıların sayı barmaqla sayılacaq həddə olmuşdur. Hətta Henrix Mann və Alfred Döblin kimi şöhrətli yazıçı və ziyalılar da "ziyalı" sözünü müsbət anlamda işlətməyə cürət etməmişlər. Maraqlıdır ki, bu termini müsbət və faydalı mənada işlətmək istəyənlər də "ziyalı" sözünü dilə gətirməkdən çəkinmiş, "mütəfəkkir", "fikir adamı" kimi ifadələrdən yararlanmışlar. Solçular da bu yolla gedib "fiziki iş adamları"na uyğun olaraq, "zehni iş adamları" ifadəsini işlətmişlər. Bir sözlə, İkinci Dünya müharibəsinə qədər ziyalıların tənqidi əslində ziyalıların özləri tərəfindən və ziyalı təbəqəsi mövcud olmadan həyata keçirilirdi! Yalnız İkinci Dünya müharibəsindən sonra Almaniyada ziyalı təbəqəsi meydana gəldi, bu adı qəbul etdi, yazıçılar, şairlər, alimlər tədricən bir ziyalı və maarifçi kimi cəmiyyətə nisbətdə öz məsuliyyət və rolllarını dərk etməyə başladılar. Habermas "Henrix Heyne və Almaniyada ziyalıların rolu" adlı məqaləsində "Dreyfusun işi"ni xatırladaraq, "ziyalı" anlayışına tərif verir ki, bu da müəyyən cəhətlərdən Anatol Fransın yuxarıda qeyd olunmuş tərifi ilə üst-üstə düşür. Habermasın fikrincə, ziyalılar öz natiqlik qüdrətindən və bəzən mübaliğəli dəlillərdən istifadə etməklə pozulmuş hüquqların, boğulmuş həqiqətlərin müdafiəsinə qalxanda, vaxtı çatmış islahatları və yenilikləri dəstəkləyəndə, ilk növbədə nəinki bu məsələləri anlayan, hətta həmin işləri bilən və reaksiya verməyə hazır olan ictimai rəyə güvənirlər. (Burada onu da qeyd etmək lazımdır ki, Habermasın siyasi fəlsəfəsi "zorakılıqdan çəkinmə" prinsipinə söykənir, buna görə də o, vətəndaşların reaksiyası dedikdə, Konstitusiya çərçivəsində baş verən və hər cür zorakıdıqdan uzaq olan hərəkətləri nəzərdə tutur). Təbii ki, ziyalıların bu güvənci hüquqi dövlətin az-çox uğurlu fəaliyyətinə, həmçinin demokratik qurumların işinə inamı da ehtiva edir. Daha sonra Habermas ziyalılar üçün müəyyənləşdirdiyi funksiyalarda anlaşılmazlığa yer qoymamaq üçün iki mühüm cəhəti də vurğulayır. Birincisi budur ki, ziyalıların ictimaiyyətə, sosial-siyasi dəyişikliklər prosesinə təsir göstərmək sahəsindəki çalışmaları heç də bu işlərlə elmi və mədəni fəaliyyətin bir-birinə qarışmasına gətirib çıxarmamalıdır – elm və sənətin siyasət qarşısında müstəqilliyi qorunub saxlana bilər və saxlanmalıdır. İkinci məqam ziyalıların öz boyunlarına götürdükləri məsuliyyətin növünə və xarakterinə aiddir: ictimai rəyə təsir göstərmək vəzifəsi hər hansı siyasi təşkilata bağlılıqla, dövlət aparatında çalışmaqla və siyasi hakimiyyəti ələ almaq uğrunda mübarizə ilə eyniləşdirilməməlidir[4].
 
Qeydlər:
 
1. Geschichte der Deutschen Literatur. Fricke Gerhar und Schreiber Mataias. Auflage, 1974, -  s.201
2. Heinrich Heine und die Rolle des Intellektuellen in Deutschland. Habermas Jurgen. Merkur, Juni, 1986
3. Politische Scriften. Weber Max. Tubingen, 1958, -  s.534
4. Eine art Schadensabwicklung. Habermas Jurgen.Frankfurt am Main, 1987, -  s.35
 
 
Müəllif: Xosrov Nadiq
Azərbaycancaya tərcümə: Məsiağa Məhəmmədi
 
İlkin mənbə: 
http://mesiha.blogspot.com/2008/05/xosrov-naqid-yurgen-habermas-ziyalilar.html
 
 
 
Yuxarı