post-title

Fransız yazıçıdan gənc müəlliflərə ustad dərsi

Sözsüz, təbiət “əxlaqdan” məhrum edilib; sözsüz ki, meşələrdə vəhşi heyvanlar dolaşır, şəhərlərdəsə qəddar adamlarla rastlaşırıq, təbiət nizam deyil, nizamsızlıq yaradır. Yerin hansısa bir hissəsini onun ixtiyarına verin – təbiət onu cəngəlliyə çevirəcək. Yalnız insan bağ sala bilər. İxtiyarına uşaqları verin – təbiət onları heyvana döndərəcək. Yalnız Adəm oğlu onları insana çevirə bilər.

 
 
Andrea Morua
 
“Ədəbi portretlər” kitabından hissə 
 
Çexov nə vaxtsa söyləmişdi: “At oğrularını təsvir edərkən bu olayın şər yaydığını deməyimi istəyirsiniz. (...) Qoy, onları məhkəmə hakimləri mühakimə etsinlər, mənimsə işim onları olduğu kimi göstərməkdir”.
 
O, haqlıydı. Müəllifin əxlaq qiymətləndirmələri sənət əsərini, romanı və ya dramı yalnız korlaya bilər. Səbəbini anlamaq elə də çətin deyil. Oxucu və ya tamaşaçı sənət əsərində bir növ özünü hərəkət etmək və mühakimə yürütmək öhdəliyindən azad edə biləcək sığınacaq axtarır. Yəni ona aşkar əxlaq dərsi verilməməlidir.
 
Amma bu heç də sənət əsərinin gizli mənəvi öyüdlərdən xali olması demək deyil. Müəllifin olaylar və qəhrəmanlar vasitəsilə açdığı müəyyən dünya konsepsiyası var. Tolstoy “Hərb və sülh”də və ya “Anna Karenina”da bu cür həyat tərzinin əxlaqsız olduğunu söyləmir, əvəzində Pyer Bezuxov və Levin susmur. 
 
Çexovun özünün bizə yaxşı məlum olan mənəvi prinsipləri olub. O, bu prinsipləri məktublarında aşkar və pyeslərində dolayısıyla təsvir edir. Möhtəşəm bir romanı oxuduqdan və ya gözəl bir pyesə tamaşa etdikdən sonra sanki daha yaxşı olduğumuzu və bir qədər təmizləndiyimizi hiss edirik. Biz ehtiraslar sınağına tuşlanmışıq: zamanın yer üzündə hər şeyi hamarladığını dərk etdik, gündəlik, xırda bədbəxtliklərimiz böyük faciələrlə müqayisədə cılızdır. Biz digər insanlarda öz qardaşlarımızı tanımağı öyrənmişik. Mənəviyyat haqda fikirləşməyən bizlər daha əxlaqlı olmuşuq. Amma bunu müasir ədəbiyyata da sirayət etmək olarmı?
 
Sözsüz ki, müasir zamanda da əxlaq dərslərini qabartmadan oxucunu tərbiyələndirən və onu daha yaxşıya yönləndirməyə, gerçəkliyin hərtərəfli təsvirini yaratmağa qadir müəlliflər var. Lakin onlarla yanaşı, insanı alçaltmaqdan və zorakı, biabırçı səhnələr göstərməkdən xüsusi həzz alan çoxlu sayda yazıçılar da mövcuddur. Onlar fiziki sevgini təsvir edirlər, bunda pis heç nə görmürəm, amma nədənsə bu zaman onun daha yaxşı tərəfini təşkil edən hissləri qabartmırlar, bu, artıq ağ yalandır.
 
 
Ən pisisə onların mütləq bədbin fəlsəfə təlqin etməyə can atmalarıdır. “Dünya absurddur”, - onlar deyirlər. Bu, nə deməkdir ki? Dünya olduğu kimidir. O özlüyündə iradədən xaricdir. İnsanın rolusa həyatın ona təklif etdiyi faktları araşdırmaq və daha ədalətli dünya qurmaqdır. 
 
Sözsüz, təbiət “əxlaqdan” məhrum edilib; sözsüz ki, meşələrdə vəhşi heyvanlar dolaşır, şəhərlərdəsə qəddar adamlarla rastlaşırıq, təbiət nizam deyil, nizamsızlıq yaradır. Yerin hansısa bir hissəsini onun ixtiyarına verin – təbiət onu cəngəlliyə çevirəcək. Yalnız insan bağ sala bilər. İxtiyarına uşaqları verin – təbiət onları heyvana döndərəcək. Yalnız Adəm oğlu onları insana çevirə bilər. 
 
Zəmanəmizin “qara” müəlliflərini isə oxucuya daima onun vəhşi instinktlərini, komplekslərini, yalanlarını aşılamaqda, mövcud olan mənəvi keyfiyyətlər, xoşbəxtlik və cəsarəti arxa plana keçirməkdə günahlandırmaq olar. “İnsana onun köləliyi deyil, azadlığı haqda danışmaq lazımdır”, - Spinoza deyirdi. Axı siz adamın mümkün ümidini əlindən alsanız, onu hərəkətə qabil olmayan birisinə çevirəcəksiniz. Onu iradənin gücünə inandırın (bu, həqiqətə uyğundur) və o, bu məziyyəti işə salacaq. Amma bu “qara” müəlliflərin cavabı artıq hazırdır: “Biz gördüklərimizi təsvir edirik. Biz ölkəmizin yağı düşmənlər tərəfindən işğal olunduğu bir dövrdə anadan olmuşuq. Biz barbarlığın mədh edildiyi, insaniyyətdən uzaq bir dönəmdə doğulmuşuq. Biz zorakılığın hissləri boğduğu qəddar zamanda dünyaya gəlmişik. Bizim ədəbiyyat bəşəriyyət tarixində ən qaranlıq dövrün həqiqətlərini açıb-tökür”. Amma bu da hamısı deyil.
 
Bəli, biz həqiqətən də, mənfur yırtıcılar görmüşük. Ancaq onlarla yanaşı, cürətli və mehriban olan o qədər qəhrəmanlar var ki: ən insani ideallara necə də fədakar sadiqlikdi bu, insanın daha xoşbəxt və bərabərhüquqlu olması üçün artıq nə qədər iş görülüb. Və əgər siz bu haqda yazmasanız, əgər sizin palitranızda tutqun rənglərlə bahəm canlı və şən çalarlar olmayacaqsa, həyatın təhrif edilmiş təsvirini yaradacaqsınız və bununla da böyük pislik etmiş olacaqsınız. Xüsusən də cavan oxuculara. Çünki biz istəsək də, istəməsək də - həyat incəsənəti təqlid edir.
 
Və əgər cavan oxucu Balzakı və ya Stendalı oxuyarkən özünü böyük işlərə qadir hiss edirsə, “qara” romanın axırıncı səhifəsinə çatıb, mütləq ümidsizlik burulğanında batıb qalacaq və ən pisi özünün ən aşağı instinktlərinə tabe olacaq. Xeyr, Balzak və Stendal həyatın dəhşətlərini, riyakarlığı, satqınlığı və cinayətləri ört-basdır etmirdi. Lakin onlar köləliklə yanaşı onun möhtəşəmliyini də təsvir edirdilər. Onlar mənəviyyat qayğısını bir kənara tullayaraq, bizlərə zamanın hökmünə tabe olmayan əbədi dəyərləri təlqin edirdilər.
 
Homeri oxuyun, Platonu oxuyun, Monteni oxuyun, hərçənd onların əxlaq normaları bizimkiylə üst-üstə düşmür, çünki etiqadlar və mənəviyyat dəyişikliyə uğrayıb, ancaq eyni zamanda onların elə həmin dəyərləri: kişiliyi, sadiqliyi, dürüstlüyü tərif etdiklərini və elə həmin zəif nöqtələri: qorxaqlığı, əxlaqsızlığı, vicdansızlığı aşağıladıqlarını görəcəksiniz. Niyə? Çünki bu məziyyətlər istənilən sivilizasiyanın mövcudluğunun zəruri şərtləridir. 
 
Dövlət quruluşu hansı vəziyyətdə olursa-olsun, qonşunun dürüstlüyünə və təmizliyinə bel bağlaya bilməsə, möhkəmliyilə vidalaşmalıdır. Zorakılığın yol verildiyi, daha pisi, onun təbliğ edildiyi ölkə məhvə məhkumdur. 
Bariz nümunə - Hitler hakimiyyətinin iflasıdır. Mən müasir yazıçıların əxlaq moizəçisinə çevrilmələrini istəməzdim. Belə olan halda pis romanlar yazarlar. Onlar yalnız pis yazıçı deyil, həm də pis vətəndaş olardılar. Mən onlardan ötən zamanlarda Şekspirin, Balzakın və Tolstoyun yaratdıqlarıyla ləyaqətlə rəqabət apara biləcək, zəmanəmizi alicənab və hərtərəfli şəkildə təqdim edəcək təsvir gözləyirəm. Və bunda mümkün olmayan bir şey yoxdur...
 
Çevirdi: Kifayət Haqverdiyeva
 
Kulis.az
Yuxarı