post-title

Şəxsiyyətin faciəli üsyanı

Yazı müsabiqə üçün təqdim edilib

 
 
C.Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin təkamülündə və təşəkkülündə müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, nasir, şair, jurnalist, tərcüməçi, kinossenarist, tənqidçi, teatrşünas, yaşın və yaradıcılığın nisbəti baxımından fenomenal təfəkkür sahibi, qüdrətli sənətkardır.
Onun zəngin və təkrarsız ədəbi irsi, nurlu və məzmunlu sənətkar ömrü, mübariz və parlaq şəxsiyyəti zaman-zaman ədəbi tənqidin, oxucu və tamaşaçı auditoriyasının diqqət mərkəzində zərif və unudulmaz izlər buraxmışdır. 
 
Klassik ədəbiyyatda feodal-patriarxal cəmiyyətin geriliyin və ədalətsizliyin əleyhinə, hakim siniflərin öz içərisindən çıxan gənclər mübarizəyə qalxırdısa, Cabbarlının etirazçı gəncləri zəhmətkeşlər, zəhmətkeş ziyalılar içərisindən çıxmışdır. Fəxrəddinlərə və Fərhadlara nisbətən Oqtayların etirazı daha cəsarətli idi. Burada əsas mübahisə forması nəsihət və “moizə” deyil, kəskin tənqid və ifşa idi. “Oqtay Eloğlu” əsərində mücərrəd etirazlar, mücərrəd cəsarət konkretləşir və burada Cəfər Cabbarlı mücərrədlikdən konkretliyə keçid alır.
 
Əsərdə Oqtayın həyat qayəsi aydın və konkretdir. O, mücərrəd arzular bəsləmir, keçilməz uçurumlar üzərindən atılmaq xəyalı ilə yaşamır. O, pərəstiş etdiyi xalqın səhnəsini yüksəltmək, milli teatr yaratmaq uğrunda dinclik bilmədən çalışır. Oqtay nə istədiyini bilir və bunun uğrunda həyata fokuslanır. O, səhnə xadimidir. Səhnəni bütün varlığı ilə sevən Oqtay ilk növbədə yaradıcı bir insandır. Yaradıcılıq onun əsas keyfiyyətidir. O, deyir : “Yaşamaq istəyirsək, yaratmalıyıq. XX əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə, bilsin, mən bilmirəm. Yaşadığımız mübarizə meydanlarının müxtəlif qazmaları vardır... Hər kəs bacardığını. Buradan kimsə geriyə qaça bilməz. Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam”.
 
Bir həqiqət var ki, mülkədar mühitində xalq teatrı yaratmaq olduqca çətin bir iş idi. Oqtay öz öhdəsinə götürdüyü vəzifənin ağırlığından, çətinliyindən qorxmayıb fədakarlıqla mübarizə cəbhəsinə atılır. 
 
O, xalqdan mükafat olaraq “altun taclar gözləmir”, onun gözlədiyi mükafat ancaq yaratmaq istədiyi teatrdır.  O, sabahkı müvəffəqiyyətlərini xəyalında canlandıraraq deyir : ” Mən bir mübarizəm, cəbhəm bu! Yolum, görürəm, çoх ağır. Qoy mənə gülsünlər. Anlamasınlar, söysünlər. Fəqət mən bu dərin uçurumları kеçəcək, kеçilməz dağları, sıldırım qayaları çеynəyib parçalayacaq və bu kəşməkəşlər arasından bir səhnə, yoхdan bir var yaradacağam. Mən bu yolun rəhbəri, mən bu cəbhənin komandanı, mən dörd divar arasında alınmış bu rəngarəng həyatın tanrısı olacağam. O zaman mən də salona baхınca, munis çöhrələr, nəvazişkar oynaq afətlər görəcəyəm ki, şuх gözlərilə məni oхşayır. Qaragözlü bir yavru görəcəyəm ki, mini-mini əllərilə məni alqışlayır. Mənim də başıma gənclərimiz, qızlarımız çiçək səpəcəklər. Mən də mədəni bir həyatım var, dеyə sеvinəcəyəm. Bunu mən görməzsəm, indi öyrətdiyim bu kiçik statist görəcək, məni хatırlayacaqdır. Mənə bu da bəsdir”.
 
Aslan bəy kimi mənfəətpərəst nümayəndələrin şəxsi mənafei Oqtayın ictimai məqsədlərilə toqquşur. Mənfi və müsbətin toqquşması məhz bu iki dünyagörüş qarşılaşdıqda baş verir.  Aslan bəy avam atası Hacı Zamanın yanında teatrı məktəb kimi bir yer adlandırıb, “ hətta məsciddən də müqəddəs bir yerdir” – desə də, əslində teatrı əxlaqsızlıq yuvası adlandırır. Bacısı Firəngizi teatrda Oqtayla danışan və səhnə ilə maraqlanan gördükdə qəzəblənir, səhnə xadimi olan namuslu bir aktyoru “bədbəxt”, “adı it dəftərində olmayan bir məxluq” adlandırır. Nə üçün? Çünki aslan bəy öz bacısından  da bir qazanc, mənsəb və şöhrət vasitəsi kimi istifadə edir. O, öz bacısı vasitəsilə Danyar bəy Qalaçıxanov ilə qohum olmaq istəyir.  Bu qohumluq vasitəsilə də, Danyar bəyin simasında özünə “ictimai işlərdə böyük bir dayaq”,  onun köməyi ilə upravaya üzv seçilməyə çalışır. 
 
Aslan bəy üçün həyatda müqəddəs heç bir şey yoxdur. Sevgi və namus, ailə və qohumluq ona ancaq şöhrət və mənsəb üçün lazımdır.  O, bacısına çadra örtdürmür. Ona görə yox ki, o, qadın azadlığı tərəfdarıdır, ona görə ki, bacısını camaatdan gizlətsə, sabah qlava, qubernator və başqaları ona vəhşi deyərlər, gülərlər. O öz ata-anasını, onların adətlərini, geyimlərini bəyənmir. Ona görə yox ki, həqiqətən elm oxuyub irəli getmişdir, onun yüksək zövqü vardır, ona görə ki, divan adamları yanında özünü həddindən artıq mədəni göstərmək istəyir, o anasına acıqlanır ki, “qlava-filan burdadır. Bu dikarka paltarları ilə bayıra çıxma, ayıbdır”.
 
Aslan bəyin bütün etikası, bütün əxlaq prinsipini-qlava və qubernatorun xoşuna gəlmək, upravada özünə bir vəzifə tapmaq, kübarlar məclisində,  ziyafətlərdə olmaq, avtomobilə minmək, daxilən boş və miskin olsa da, zahirən ictimai bir adam kimi gözə görünmək arzuları ilə təyin olunur. 
 
Aslan bəy Cabbarlının burjua tipləri içərisində yeni keyfiyyətli bir şəxsiyyətdir. O hələ dayağa, köməyə möhtacdır, amma sabah müəyyən bir vəzifə sahibi olduqdan sonra o yalnız öz milyonları ilə deyil, eyni zamanda bir dövlət adamı kimi zəhmətkeşlərin başına bəla kəsiləcəkdir. 
 
Oqtay həyatda Aslan bəy ilə üz-üzə gəlir. Şübhəsiz ki, mənəvi cəhətdən Oqtay Aslan bəydən güclüdür. İctimai mənafeyə xidmət edən Oqtaya Aslan bəyin şəxsi mənafeyi çox həqir və çirkin görünür. Oqtay “məqsədi mənsəb, diləyi para, işləri də özgələrdən meymunlar kimi kobudcasına alınmış bir moda” olan bu burjua ziyalısını “cansız, duyğusuz, varatnikli odun” parçasını kəskin surətdə tənqid edir, onun daxili boşluğunu, ikiüzlülüyünü, pul və mənsəb düşkünlüyünü nifrət və qəzəblə ifşa edir.
 
Qorxu və təhdid ilə Firəngizin saf məhəbbətini və yüksək arzularını boğub məhv edən və hətta Oqtayın özünü də pul gücünə satın almaq istəyən Aslan bəyə qarşı söylənən bu sözlər dərin bir nifrətin ifadəsidir. Aslan bəyin verdiyi pulları əlinə alan Oqtay əsəbi halda deyir: “Bəli! Budur səbəb, bu! Otuzillik dərsində həndəsədən başqa bir şеy öyrənməyən, dilsiz-ağızsız qoyunlar kimi həyata yuvarlanmış, cansız, duyğusuz, bir yığın əski parçalarına tapındıran, yüksək bir еşqi alçaq bir oyuncağa çеvirən, üç ildə iki söz dеməkdən utanan məsum bir yavrunu qrammafonlar kimi söylədən budur, bu! Düşünən bеyinlər, çarpınan ürəklər bunlara satılır... Fəqət mühit irəliləyir. Çəkməz çoх zaman ki, talеyi ilə oynadığınız bu zavallı хalq özü əməlpərvər gənclər, səmimi idеalçılar, böyük qəhrəmanlar, mübarizlər yеtirəcək, mühit size irəliləyəcək və gərəksiz əsgi parçaları kimi işıqlıqda qaranlıqlar, aydınlıqda kölgələr dеyə, diri ikən tariхin arхivlərinə atacaqdır”. 
Oqtay altun hökmranlığının, onun pozucu təsirini başa düşür. Hətta bu hökmranlığın əbədi olmadığını , onun ölümlə məhkumluğunu da dərk edir. 
Oqtay mülkədar cəmiyyəti ilə toqquşmada məğlub olur. Biz onun bir də on il sonra, sərxoş və bədbin bir halda görürük. Məlumdur ki, “qubernatoru təhqir etdiyi üçün” unu sürgün edirlər. Türküstanda hökumət əleyhinə çalışdığı üçün onu tutub Sibirə göndərirlər. Dörd-beş ildən sonra çıxır. Yenidən həbs edirlər, yenə buraxırlar. İnqilabdan sonra azadlıq alır, hətta böyük bir vəzifə təklif edirlər. “Mən bəşəriyyətə ayıq baxa bilmərəm, mən səfillər yurdunun padşahıyam” – deyə getmir.
 
Oqtayda intiqam motivi güclüdür. Aslan Oqtaydan kimdən intiqam alacağını soruşanda deyir: “Kimdən? Özümdən, öz еşqimdən, öz talеyimdən, öz idеalımdan, öz tanrımdan, həyatdan, mühitdən, gələcəkdən, həqiqətin yoхluğundan!”
 
Oqtay üçün səfillik vəziyyəti həqiqətsiz zəmanənin fövqünə qalxmaq, zəmanə hüdudlarından çıxmaq təşəbbüsüdür. Oqtay özü deyir ki, səfilliklə həqiqətin yoxluğundan intiqam alır. Səfillik fərdi həqiqətin cəmiyyətin saxta sosial həqiqətlərinə qarşı qoyulması, birincinin ikincini inkar etməsi deməkdir.
 
Oqtay hər şeyə şübhə ilə yanaşır, öz gözlərinə, qulaqlarına da inanmır. O, acı bir kinayə ilə : “Görünən hər şеy var dеmək dеyildir. Yoх, yoх, mən bir daha gözlərimə inanmıram, çoх zaman onlar aldadırlar. Bəlkə sən bir kölgəsən. Bəlkə güzgüdəki şəkillərdən birisən... Mən həqiqət sandığım çoх səslərin, çoх sözlərin sonradan bir yalan, bir əyləncə olduğunu görmüşəm. Aha! Yəqin sən qrammafonsan... Aha, bir zaman sənin paltarlarını tanıyardım. Özünü tanımıram. Artıq paltarla da kimsəni tanımaq istəmirəm”.
 
Oqtay olduğu kimi görünməyən, süni və saxta cəmiyyətə, dar ürəkli gülünc insancıqlara, bu insan görkəmli, əqrəb ürəkli həşərata ayıq baxa bilmir, onlara lənət və nifrət yağdırır. O, həqiqət axtarır, “həm də... əbədi bir həqiqət!” Meyxanaçı iıə söhbətində Oqtay simvolik olaraq bir əda ilə, divarları, daşları göstərərək nifrətinin əsas mənbəyi olan cəmiyyətinin zahiri, aldadıcı bəzəklərini rədd edir: “Süni, hər şеy süni! Sanki bu süni bəzək olmazsa, işlər kеçməz. Aхı nеçindir bu süni bəzəklər? Zavallı bəşəriyyət, nеçin həqiqəti gizlədirsiniz? Cırın onu! Baх, bеlə! Qoyun bu çirkin qara daşlar olduğu kimi, bütün dəhşətilə görünsünlər. Daşdır, qoy daş görünsün. Nеçin gizlədirsiniz? O, çirkin də olsa, həqiqət olduğu üçün gözəldir!”
 
Oqtay üçün artıq bu cəmiyyətdə istinad ediləcək bir qüvvə qalmamışdır. “Dostlar” da onu ancaq qazanc üçün axtarırlar, “hər tükü bir qızıldır”,- deyə dalınca düşür, səhnəyə gətirmək, adından, istedadından istifadə etmək istəyirlər.Halbuki bu həmin dostlardır ki, onun tək bircə bacısını da saxlamaq istəməyib, dilənçiliyə vadar edirlər. “ Səadətini tanrım qədər sevdiyim bu xalq səni də yaşatmadı”,- deyərkən Oqtay birinci həmin bu “əziz dostlara”, Səmədbəylərə müraciət edir.
Bir zamanlar Oqtay səhnəyə gəlmək istəyən gənc Firəngizə deyərdi ki, “sən bu həyatın görünüşlərinə aldanma! O bir həqiqət deyil, elə görünür. O bir oyuncaqdır!”. İndi isə o, eyni sözləri həyat haqqında, Oqtayları, Firəngizləri, sevgini, gözəlliyi, ən müqəddəs hisləri zorlayan bir cəmiyyət haqqında deyir. Firəngizin saf məhəbbəti Aslan bəyin quru və duyğusuz haqq-hesablarına qurban getmişdi. Firəngiz gözyaşı tökə-tökə öz məhəbbətini inkar etməyə, özünü fırıldaqçı Qalaçıxanovun bədbəxt və aciz köləsinə çevirməyə məcbur olmuşdu. Oqtay bütün bu dəhşətli komediyalara son qoymaq, Firəngizi yalan və saxtakarlıq cəmiyyətindən yüksəkdə görmək istəyirdi. O, deyirdi : “Sən ölməlisən! Mən mənəviyyatımda bir idеal olaraq yaradıb, gizlədiyim mini-mini bir məхluqu qara torpaqlarda sürünəcək qədər rəzil olan, bu həşərat içində görmək istəmirəm. Хatırlayırmısan, bir zaman süni həyatın nə olduğunu, həmin Karlın bıçağı ilə sənə öyrədirdim. Bеlə! Fəqət indi doğru bir həyatı öyrətməliyəm. Uzaq bu sünilikdən, uzaq! Bir həqiqət ol! Mənə də bu həqiqəti anlat! Mən onu aхtarıram, onu bilməliyəm, öyrənməliyəm. Baх, bеlə!”
 
Oqtayın Firəngizi öldürməsi onun cəmiyyətə qarşı üsyanının zirvə nöqtəsi idi. Sanki Oqtay bu hərəkəti ilə Aslanbəylərin əlində bir oyuncaq olan “real” Firəngizi “ideal” Firəngizə çevirmək istəyir. Çünki real Firəngiz kölədir, bədbəxtdir, azad deyildir. Oqtay isə onu azad və xoşbəxt görmək istəyir. Azad Firəngiz o zamankı şəraitdə ancaq bir “ideal” olaraq qalmaqda idi. 
 
Əsərin sonunda Oqtay Allaha etdiyi cinayətin səbəbini bu sözlərlə izah edir : “Yalan dеyirlər. Mən səni öldürmədim! Sən yaşayırsan! Sən buradasan! Mənim bağrımdasan! Ölən, bu səfilin quraşdırdığı bir yığın ət, bir yığın sümükdür! Sən yaratdığın F i r ə n g i z indi yoхdur, fəqət mən yaratdığım  Firəngiz əbədidir! Onu kimsə öldürməz, o solmaz, qocalmaz, usandırmaz, gеtdikcə gözəlləşər! Özün söylə, kimdir daha böyük sənətkar? Sən, ya mən?”
Yəni Firəngizi artıq heç kəs öz şəxsi mənafeinə, rütbə və mənsəbinə alət edə bilməz, heç kəs onu güclə istəmədiyi sözləri deməyə məcbur edə bilməz, heç kəs Firəngizi təhqir edib küçəyə ata bilməz.
 
Oqtay dəyişdirməyə aciz olduğu mühitin fövqündə durduğunu , mövcud qayda-qanunlara düşmən olduğunu ancaq bu “intiqam” şəklində nümayiş etdirir. Oqtayın aldığı “intiqam” azadlıq həvəsi ilə çırpınan bir şəxsiyyətin faciəli üsyanıdır.
 
Aytən Məmmədova
 
Kultura.az
Yuxarı