post-title

Publisistin populistə çevrilməsi

Dünyada yüz milyonlarla insan futbola baxmaqla stres atır, istirahət edir, həyəcan yaşayır. Futbola aludə olmaq cinayət deyil, əksinə, müasir insanın həyat tərzinin ayrılmaz hissəsidir. Ümumən bu, çox normal bir şey kimi qəbul edilir. Amma təsəvvür edin, dostlarınızla kafedə oturub futbola baxırsız, bir nəfər içəri girib deyir ki, siz futbola baxdığınıza görə, “düşük və qeyri-ciddi” adamlarsız. Reaksiyanız necə olar?

 
 
Ən yaxşı halda deyərsiz ki, sənə nə var, sən kimsən, sən niyə bizim işimizə qarışırsan? Ən pis halda da söyərsiz, lap çox hirslənər, şiddətə də baş vurarsız. Çünki insanların seçimlərinə, həyat tərzinə “düşük və qeyri-ciddi” yarlığı yapışdıran adama ancaq belə reaksiya vermək olar. 
 
Kiminsə həyat tərzini, seçimini belə köntöy ifadələrlə xarakterizə etmək kobudluqdu. Amma təəssüf ki, belə adamlar var. Ən faciəlisi isə bu adam tanınmış yazıçı, publisist, ictimai çəkisi olan bir şəxs ola və tanınmış media orqanında bu üslubda yazı yaza bilir. Günel Mövludun “Futbol düşüklüyü” (bu linkdə oxuyun: 
http://www.azadliq.org/content/article/25436344.html ) yazısını oxuyanda başa düşülür ki, burada ucuz populizm, insanları provakasiyaya çəkmək istəyi var. Belə də oldu, yazı çıxar-çıxmaz sosial şəbəkələrdə partladı, insanlar qəzəbləndilər, müəllifi kobudluqda, savadsızlıqda, bayağılıqda ittiham etdilər və haqlıydılar da. 
 
Publisist sözünün mənası publik rəy, ictimai fikir yaradan şəxs mənasına gəlir. Publisistin fəaliyyət sahəsi geniş olduğundan, o yazdığı məsələləri dərindən bilməli, fərqli bir baxış açısı təqdim etməlidir. Azərbaycanın ən çox oxunan publisistlərindən biri olan Günel Mövlud “Futbol düşüklüyü” adlı yazısına bu cümlələrlə başlayır: “Mənə həmişə maraqlı gəlib və gəlir ki, necə ola bilər, 22 nəfər kişi saat yarım boyunca bir topu ora-bura qovalasın? Bu da azmış kimi, milyonlarla ailə başçısı, oğul-qız atası, partiya rəhbəri, yazıçı, şirkət meneceri, baş redaktor, nə bilim, ciddi-ciddi kişilər də oturub futbola baxırlar?”
 
Bu nə deməkdi? İndi bu arqumentdi? “22 nəfər kişinin saat yarım boyunca bir topu ora-bura qovalaması” fikrini mətbəxdə oturub külfəti üçün dovğa qazanı qarışdıran savadsız evdar qadın da deyir, publisist də. Fərq nə oldu ki? 
 
Günel yazısında futbolun boş, axmaq, saxta, ziyanlı olduğunu iddia edir. Sanki özü başda olmaqla hər bir insan məxluqu bəşəriyyətə, insanlığa fayda verir, bir tək futbolçuların heç bir faydası yoxdur, Günel də bundan möhkəm əsəbləşib. Bunun üçün Kristiano Ronaldodan və onun illik qazancından sitat gətirir. Onu da səhv edir. Hiss olunur ki, müəllifin ümumiyyətlə yazdığı mövzudan xəbəri yoxdur. Birincisi, Ronaldonun illik əməkhaqqı 122 milyon deyil, 22 milyon avrodur. İkincisi də Ronaldo xeyriyyəçiliklə məşğul olmaqla ad çıxarıb. O, fələstinli qaçqınlara, uşaqlara ən çox yardım edən şəxslərdən biridir, təkcə 2011-ci ildə Fələstinə 1.5 milyon dollar yardım edib. Ronaldo həmçinin Beynəlxalq “Uşaqları Qoruyaq” təşkilatının səfiridir və təşkilatın bir çox layihələrini maliyyələşdirir. Kristiano həmçinin fərdi yardımlar etməklə də məşğuldur. Bu Dünya Çempionatı zamanı o, maliyyə yardımıyla xəstə bir körpənin həyatını xilas etdi. 
 
Mən demirəm, Ronaldo mələkdir, ancaq adam bu işləri görür. Ola bilər, hətta bunu öz kefindən eləmir. Qərbdə ictimai qınaq deyilən bir şey var və varlı, məşhur şəxslərin xeyriyyəçilik edib-etməməsi tez-tez gündəmə gəlir. Ona görə də onlar yaxşı reputasiya qazanmaq üçün həm də xeyriyyəçiliklə məşğul olurlar. Düzdür, haqsız yerə çox pul qazanırlar, amma o pulu elə də asanlıqla həzm-rabedən keçirə bilmirlər. 
 
Günel futbolun iyrəncliklərinə misal kimi Maradonanın keçmiş Kuba lideri Fidel Kastro ilə dostluğunu göstərir və onu “şahsevənlik”də ittiham edir. Ədəbiyyatın ikonlarından biri Markes də Fidel Kastronu sevirdi, hər addımda onu tərifləyir, onunla dost olduğunu vurğulayırdı. Məntiqlə onda ədəbiyyat da iyrənc bir şeydi, Markes də “şahsevən”di. 
Maraqlıdır, Günel bu məsələdə belə həssasdırsa, onda niyə Markesin “Yüz illik tənhalıq” romanını dilimizə çevirib?.. 
 
Futbola baxmaq qeyri-ciddilikdirsə, onda dünyada fransızlardan, almanlardan, italyanlardan, ispanlardan qeyri-ciddi xalq yoxdu. Fransa Dünya Çempionatları oyunlarının adambaşına izlənmə sayına görə rekord qıran ölkələrdən biridir. Hələ 2006-cı ildə Fransa yığmasının yarımfinalındakı oyununa 22 milyondan çox adam baxıb, indi keçirilən DÇ-də də rekord bu ölkənindi, Fransanın qrup qarşılaşmalarından birini Fransada 15 milyondan çox adam izləyib. Körpələri, gözdən əlilləri, futbolla maraqlanmayanları çıxsaq, 15-22 milyon insanın bir qarşılaşmanı izləməsi 66 milyonluq ölkə üçün çox böyük rəqəmdi. Yəqin ki, o 15-22 milyon insanın içində kifayət qədər savadlı, peşəkar, dünyagörüşlü insanlar var. Hətta onların içərisində o qədər ciddi adamlar ola bilər ki, Günelə onların səviyyəsinə çatmaq üçün bir neçə min il işıq ili lazım olsun...
 
Həm də “təhsil, elm, kasıblıq bir tərəfdə qalıb, futbol kimi boş-boş şeylərə pul xərcləyirlər” üslubunda gurultulu cümlələri azaltmaq lazımdı. Yazdıqlarının əksəriyyəti bu üslubdadırsa, mövzu dəyişmirsə, bu, bir yazar üçün başucalıq gətirmir. Dövlət, hansısa şirkət xeyriyyə fondu deyil. Hər bir dövlətin, təşkilatın, şirkətin məşğul olmalı olduğu digər şeylər var, onların müxtəlif maraqları var. Ümumiyyətlə, adama deyərlər, sənin üçün təhsil, elm, xeyriyyəçilik bu qədər vacibdirsə, bəs özün neynəmisən? Təhsilə, elmə bu qədər dəyər verirsənsə, bəs özün niyə bu qədər savadsız yazılar yazırsan?..
 
Müasir futbolu tənqid eləmək nəinki lazımdı, hətta vacibdi (yeri gəlmişkən bu barədə mənim bu yaxınlarda bir yazım çıxıb, linki tıklamaqla oxuya bilərsiz: 
http://kultura.az/articles.php?item_id=20140619105629535&sec_id=60). Amma baxır hansı prizmadan tənqid edirsən, necə yanaşırsan. Daha futbol düşüklükdü, futbola baxan adamlar da qeyri-ciddi adamlardı demək olmaz. Adama gülərlər... 
 
Yəqin, bu mövzuda Günel əleyhinə yazanlar, arqumentlər gətirənlər olacaq. Ümumi xora qoşulub fürsət düşmüşkən, Güneli baltalayırmış kimi görünmək istəmirəm. Mən Güneli şairə, tərcüməçi, həm də bir insan kimi çox sevirəm, dəyərləndirirəm. Ancaq Günelin publisistikası savadsız, bayağı və provakativdi. Günel publisist yox, populistdi; bir gün məmədən, bir gün vaginadan, bir gün futboldan, “Azərbaycan kişisi, yox bir Azərbaycan çaqqalı” üslubunda qıcıqlandırıcı, provakativ məqalələr yazanda, insanların əsəbləri, hissləri ilə oynayanda, təbii ki, birisi çıxıb səni tənqid edəcək, birisi söyəcək, birisi hədələyəcək. 
Bunların fonunda “bu insanlar paxıldılar, mənə həsəd aparırlar” kimi cılız eqoizm və narsistlik nümayiş etdirəndə, insanlar daha da betər söyməyə, təhqir etməyə, hədələməyə başlayacaqlar. Ümumiyyətlə, özünəinamlı, işinə peşəkar yanaşan insanın, xüsusilə publisistin “insanlar mənə paxıllıq edirlər, ona görə məni söyürlər”, - demək lüksü olmamalıdır. 
 
Əslində, mənim bu yazını yazmağıma səbəb Günelin bu məqaləsini bir xeyli ağlı başında olan adamın bəh-bəhlə tərifləyərək paylaşması səbəb oldu. Onların arasında dəyərli kulturoloq, bəstəkar Elmir Mirzəyev də var idi. Doğurdan da, mənim üçün maraqlıdır: Elmir Mirzəyev kimi zövqü, intellekti, sağlam mövqeyi ilə seçilən adam belə bir yazını necə bəyənə bilir? Bəlkə, o, Günellə eyni çevrədən olduğuna görə, belə şey edir?! Yoxsa, o da başa düşmədiyi şeyləri asanlıqla tənqid edənlərdəndi? Ona qalsa, dünyada milyonlarla adam Elmir Mirzəyevin sənət sahəsi olan klassik musiqini başa düşmür və bəyənmir. Onda belə çıxmırmı ki, belə insanlar klassik musiqiyə rişxəndlə yanaşanda, “yekə kişidir, əlinə bir dənə çubuq götürüb oyun çıxarır”, - deyəndə haqlıdırlar? Futbol faydasızdırsa, onda bir çox incəsənət nümunələri, şedevr olsa da abstrakt, çətin başa düşülən rəsm əsərləri, musiqilər, ədəbi nümunələr də boş və mənasızdırlar... 
Kimsə belə incəsənət nümunələrindən zövq alır, stres atır, istirahət edir, kimsə də eyni hissləri futbola baxarkən yaşayır.   
 
İnsanın ağzına və ağlına gələni yazması, hörmətli insanların da belə yazıları paylaşması yaxşı hal deyil. Çünki bu, hər iki tərəfə  ziyan vurur. Ümumiyyətlə, ehtiyatlı olmaq lazımdı, insanlar hələ ki, belə yazılara qıcıqlanırlar, söyürlər, hədələyirlər. Amma vaxt gələr sadəcə gülə, lağa qoya, rişxənd edə bilərlər. Məncə, ikincisi çox daha pis tendensiyadı. İnsan gülünc olmaqdan, gülüş obyektinə çevrilməkdən çəkinməlidi...
 
Cavid Ramazanlı 
Kultura.az  
 
Yuxarı