post-title

Həqiqət Səfehin Özüdür

Müsabiqə üçün yazı

 
 
Əgər iyirminci əsrin əvvəllərindəki Avropa ədəbiyyatına baxsaq əsasən orta əsr və burjua inqlablarından öncəki xatirələrdən ibarət əsərlərin üstünlük təşkil etdiyini görə bilərik. İyirminci əsrin əvvəllərində olan Avropa ədəbiyyatı bir növ köhnə xatirələri canlandıraraq yaşanan  və xatarlanan dövrün aralarındakı fərqləri göstərməyə çalışır, sanki bu yolla “cahillik” dövrünün geridə qaldığını bayram edirdi. Avropanın qələm ustadları elmin kilsəni üstələməsini, kitabın qılıncdan daha iti olmasının qürurunu yaşayırdı və buna yetərincə də haqları çatırdı.
 
Əgər iyirminci əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatına nəzər salsaq, əsasən də Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərinin Avropanın inqilabçı və qələbəlik ruhlu ədəbiyyatından ilham alaraq ölkəmizi orta əsrlər Avropasındakı “cahiliyyət”ə bənzər bir durumdan qurtarmaq həvəsiylə yazıldığını görə bilərik. Artıq Avropanın öhdəsindən gəldiyi və yalnız əsərlərində təsvir olunan dini xürafat, elmsizlik, mədəniyyətə etinasızlıq iyirminci əsrin əvvəllərində  Azərbaycanda hələ də mövcud idi və yazılan əsərlər bu problemlərə çözüm yollarının insanların şüurlarına yerləşdirməyə çalışırdı.
 
“Oqtay Eloğlu” əsərini oxuyarkən “İncəsənət qurban tələb edir.” deyimini xatırlamalı oldum. Yolu ilk salanlar isə həmişə qurban olmağa məhkumdurlar. Onlar göydələn binanın təməli üzərində yerləşən ilk mərtəbə kimidirlər. Tikildikcə böyüyən göydələnin artan ağırlığını üzərlərində daşıyırlar.
 
Hər şeyi, texniki və elmi inqilabları unudub iyirminci əsrin əvvəllərindəki Bakını təsəvvür edək. Dini xürafat, elmə qarşı biganəlik, köhnə ədəbiyyat, yəni aşıq ədəbiyyatı fonunda yeni ədəbiyyatı formalaşdırmağ, teatrı insanlara təqdim etmək tələbatının yarandığı bir dövr. Elə bir dövr ki, Azərbaycan ya Avropa dəyərlərini qəbul edəcək, ya da yaxın şərq ölkələrindəki kimi dini zəmində ixtilaflarla üz-üzə qalacaqdı. Bu dövrün gələcək üçün nə vəd etdiyini bilinmədiyi  bir vaxtda Oqtay özü üçün missiya formalaşdırır. Nəzərə alın ki, teatr truppasını yaratmaq üçün manelər çoxdur. Əsasən də qadınların başıaçıq gəzməsinə pis baxılır, kişilərin arvad paltarı geyinib səhnəyə çıxması qeytrətsizlik sayılır, rus əsilli, Azərbaycan dilini yaxşı bilməyən qadınları teatra dəvət etməyə məcburiyyəti yaranır və siz də Oqtayın özüsüz. Heç bir marağın olmadığı, əksinə həyati təhlükələr daşıyan teatr səhnəsinə heyət yığmaq üçün insanları müdrik iş gördüklərinə inandırmalı, onların nazlarıyla oynamalı, xalqın olmayan marağı qarşılığında azacıq səf belə buraxmadan iş ortaya qoymalısız. Əslində sizin etməyə çalışdığınız, cəmiyyətin dağıla bilməyəcəyinə əmin olduğu daşlaşmış dəyərləri məhv etməyə çalışmağ elə əvvəldən səfehlikdir. 
Oqtay səfeh təfəkkürə malikdir. O, gələcəkdə onu adam yerinə qoymayacaq, pula sataraq faciəsinin baiskarı olacaq Tamara və Şəkinski kimiləri öz əliylə yetişdirir. Onlar üçün qazanc mənbəyi olacaq kütlə yığır. Özü isə sevgi məfumundan yan qaça bilmir və sürgün olunur.
 
Oqtay sürgün edildikdə adı dillərə düşür. Axı bizim xalq başına ölüm, sürgün, bədbəxt hadisə gəlməyən insanlara dəyər vermir. Oqtay anlayır ki, illərdir cəhalətdən çıxarmağa çalışdığı xalqın onun yaratdığı teatrına, fəlsəfəsinə, oyun bacarığına marağı yoxdur. Bu xalqa fiziki, mənəvi cəhətdən məhv edilmiş qurban lazımdır. Xalq yolunda bədbəxt olmuş qurban. Lap qədim ayinlərdə olduğu kimi… 
 
Oqtay Sibir sürgünündən qayıtdıqdan sonra xalqın teatra artan marağının fonunda bu süniliyi daha aydın anlayır. İnsanlar teatra gəlir, lakin onların geyimləri, ədaları saxtadır. Oqtay dostlarından soyunmalarını tələb edərkən əslində bütün bu süniliklərini soyunmalarını tələb etmişdi. İndi Oqtay tək xalqının yox, bəşəriyyətin süniliyini kəşf etmişdi. Onun nə vaxtsa sevgisi olan Firəngiz belə bu süniliyin bir parçasıydı. İnsanlar geyimlərini nə qədər dəyişsə də təfəkkürləri dəyişməyəcəkdi. Çünki insanlar minlərlə parıltılı yalanın mərkəzində dayanan həqiqəti “səfehlik” adlandırıb ondan qaçırlar. İnsanlar üçün həqiqət yox, kütləvilik önəm daşıyır. Həqiqət isə heç vaxt çoxala bilmir. Onu Oqtay tək sürgün olunub təkliyə qapılanlar tapa bilir. Çünki onlar da həqiqət kimi tək olurlar. Dünyaya qədəm qoyduğun anın çılpaqlığı, hislərini açıq ifadə etmək, düşündüklərini demək səfehlikdir kütlə üçün. Sən daim öz nəslindən qalma yalanları deməlisən ki, kütlənin gözündə qalxasan. Bədənini paltarınla, fikirlərini və hislərini əsrlərdən gələn qadağalarla örtməlisən. Qəbirə qədər tabutun içində, kəfənə bürüyərək cansız, süküt içindəki bədənini də gizlədəcəksən bu sünilik içində. 
 
Çünki həqiqət darıxdırıcıdır. Həqiqət insanı qane etmir. Həqiqət yaşamağa qoymur. Həqiqət Firəngizin ürəyinə biçağı sancan səfehin elə özüdür.
 
Rahim Şaliyev
 
Kultura.az
 
Yuxarı