post-title

Bərabərsizlik ədalətsizlikdir

İstehlak cəmiyyətinin məhsullarından biri də klişelər yaratmaqdır. Bu klişelərdən biri “insanlar bərabər ola bilməz, çünki təbii olaraq onların bacarıq və qabiliyyətləri fərqlidir” klişesidir. Bəli, elədir. Təbii ki, insanların bacarıq və qabiliyyətləri fərqlidir. Eləcə də bütün digər canlıların bacarıq və qabiliyyətləri fərqlidir.

 
 
Məsələn, meymunların da güclüsü, zəifi var, erkəyi, dişisi var; biri daha çox meyvə yığıb gətirir icmaya, o birisi daha az. Amma, nəyə görəsə, meymunlar bərabərdirlər. Eləcə də itlər, pişiklər, atlar və bütün digər canlılar. İnsanlar da, sivilizasiyadan əvvəl icma halında yaşayanda bərabər idilər. Bugün isə, insanlar qeyri-bərabərdirlər. Bu nə deməkdir? 
 
Birincisi, bu o deməkdir ki, “bərabərsizlilk təbiidir” anlayışı mifdir və bu mif özəl mülkiyyətin yaranması ilə başlayan mifdir. Özəl mülkiyyət isə, təbii deyil. Məsələn, təbiətdə özəl mülkiyyət, yaxud ümumiyyətlə mülkiyyət anlayışı yoxdur. Özəl mülkiyyət insan tərəfindən və yalnız cəmiyyətdə yaranır. Özəl mülkiyyətin ən yaxşı tərifini Jan Jak Russo verib: 
“Bir qarış torpağı çəpərləyib “Bura mənimdir!” deyən və bu sözünə inanacaq yetəri sayda sadəlövh adam tapan ilk insan mədəni cəmiyyətin əsasını qoymuşdur. Nizələri yığışdırıb, torpaqdakı tələləri qumla dolduran və öz yoldaşlarına “Öz simasını gizləmiş insanlara qulaq asmaqda ehtiyat edin! Əgər siz yer üzünün nemətlərinin hər birimizə aid olduğunu, yer üzünün isə heç birimizin olmadığını unudarsanız, məhv olacaqsınız” qışqıran şəxs insanları nə qədər cinayət, müharibə, qətliam və bədbəxtliklərdən xilas etmiş olardı!”
 
İkincisi, bu o deməkdir ki, var-dövlət bərabərsizliyinin yuxarı başında rəsmi olaraq 40 milyard ABŞ dollarına sahib olan biri (hələ biz qeyri-rəsmi qazanılan pullardan danışmırıq), aşağı başında isə küçədə yatan biri dayanırsa, bunu heç cürə bu iki adam arasındakı bilik və bacarıqların fərqi kimi təqdim etmək mümkün deyildir. Başqa sözlə, bugün ölkələr arasında, insanlar arasında və ölkələr daxilindəki gəlir və var-dövlət bərabərsizliyi dərəcəsinin çox kiçik bir hissəsi bilik və bacarıqların fərqliliyini əks etdirir. Yəni, bugün son 40 il ərzində sürətlə artmaqda davam edən gəlir və var-dövlət bərabərsizliyinin əsas səbəblərinin insanların təbiəti və insanın mahiyyəti ilə heç bir aidiyyatı yoxdur. Bunun səbəbləri, məsələn Tomas Pikettinin izah etdiyi kimi, azad bazarın şəffaf və rəqabətli olduğu şəraitdə kapitaldan (istiqraz gəlirləri, depozit faizləri, renta və digər birbaşa əlavə dəyər yaratmayan, lakin birbaşa özəl mülkiyyətlə əlaqəli fəaliyyətlər) törəyən gəlirin əmək (istehsalat) nəticəsində törəyən gəlirdən dəfələrlə çox olmasındadır. Başqa sözlə, azad bazarın şəffaf və rəqabətli fəaliyyəti nəticəsində kapital yaradan aktivlər üzərində özəl mülkiyyətə sahib olan fərdlər heç bir bilik və bacarıq nümayiş etdirmədən müstəsna varlana bilirlər. Yaxud məsələn, Marksın izah etdiyi kimi, nəzəriyyədə azad bazarda mütləq rəqabət uzun müddətdə hər kəsin eyni dərəcədə varlanmasına gətirib çıxarsa da, praktikada bunun əksi, monopoliyalaşma və oliqopoliyalaşma baş verir ki, istismar və rəqabət nəticəsində istehsal və xidmət (maliyyə) sahələri bir qrup şəxsin əlində cəmləşir və tezliklə onların gəlirləri, nəticə etibarilə də var-dövləti həndəsi silsilə ilə artmağa başlayır. Bunun da kökündə, aydındır ki, istehsal vasitələri üzərində mülkiyyət hüququ dayanır. Bəs dövlət bunun qarşısını ala bilərmi? Xeyr, çünki yüksək bərabərsizlik şəraitində dövlətin mövcudluğu, onun idarəetmə formasından asılı olmayaraq, əllərinə kifayət qədər kapital toplamış fərdlərin mərhəmətindən asılı vəziyyətə çevrilir. Bir çox hallarda isə, dövlət və varlılar eyni adamlardır. 
 
Başqa bir klişe “Bərabərsizlik özü-özlüyündə pis şey deyil. Hər kəs bərabər olsa, məsələn, müəllim də, süpürgəçi də eyni maaş alsa onda insanlar niyə müəllim olsunlar ki? Elə süpürgəçi olarlar da (yaxud, onda müəllimin gördüyü iş səmərəli olmayacaq)” klişesidir. Əvvəla, müəllim və süpürgəçinin maaşlarındakı fərqlərin onların bilik və bacarıqlarından qaynaqlanmadığını yuxarıda izah etdim. Ümumiyyətlə belə bir iddia sübutu mümkün olunmaz iddiadır, xüsusən də əgər bunu iddia edənlər dəyərin yalnız bazarda alıcılar tərəfindən müəyyən edildiyini iddia edirlərsə. Əksini sübut etmək isə, rahatdır. İkincisi, bərabərsizlik özü-özlüyündə pisdir. Aydındır ki, bərabərsizlik təkcə iqtisadçıların haqqında danışmaq hüququ olduğu bir anlayış deyil. Bərabərsizliyə həm də sosioloji, hüquqi, fəlsəfi-humanitar yanaşmalar var. Bərabərsizlik anlayış olaraq ədalətsizliklə birbaşa əlaqəlidir. Bərabərsizliyin müasir cəmiyyətlərdə cinayətkarlığın artması, təhsil və səhiyyənin deqradasiyası, təhlükəsizliyin azalması, insanlarda cəmiyyətə və bir-birlərinə inamın azalmasından tutmuş etnik konlfliktlərin yaranması, demokratik təsisatların zəifləməsi, hökumətin insanlar qarşısında hesabatlılığının azalması kimi hadisələrlə birbaşa əlaqəsi haqqında kifayət qədər ədəbiyyat var. Bərabərsizliklə yoxsulluq arasında birbaşa əlaqə olmasa da, yüksək bərabərsizliyin hökm sürdüyü cəmiyyətlərdə yüksək mütləq yoxsulluq müşaiyət olunmaqdadır. Bu, əgər dövlət formasını nəzərə almasaq, demək olar ki, istisnasız bir haldır. Yoxsulluğun yaxşı bir şey olduğunu isə iddia etmək çətindir. 
 
Lakin bərabərsizlik özü-özlüyündə səbəb deyil. Bərabərsizlik vəziyyətdir. Onu yaradan amillər var. Əgər biz bərabərsizliyin insanların bilik və bacarıqlarının fərqindən yaxud təbiətdən deyil, sosial-iqtisadi struktur əsasında yarandığını fərz etsək, başqa sözlə, əgər biz qəbul etsək ki, qədim Romada yaxud orta əsrlərdə insanlar arasında bərabərsizlik onların hansı zümrəyə (qul, ağa, zadəgan, döyüşçü, kilsə, tacir, vassal və s.) aid olmasından asılı idi, bu zaman onların yaşayış səviyyəsi də həmin dövrdəki sosial-iqtisadi sistemin həmin zümrəyə tanıdığı yaşayış səviyyəsi limitindən çox da fərqlənməməlidir. Belə bir cümlə təsəvvür edək: Orta əsrlər Fransasında fermer ona görə feodal lorddan yaxşı yaşaya bilmirdi ki, lordun bilik və bacarıqlarına sahib deyildi. Bu, absurd cümlədir. Ona görə ki, vassalın torpaqda neçə saat, hansı texnologiyalarla, hansı innovasiya ilə işləməsindən, nə qədər pozitiv və optimist olub-olmamasından asılı olmayaraq, torpaq lorda məxsus idi. Kapitalizmdə bərabərsizlik ilk baxışda fərqli səbəblərdən yaranırmış kimi görünsə də, azca düşünmək kifayət edir ki, bugünkü ifrat bərabərsizliyin səbəblərinin yenə də sosial-iqtisadi sistemdən qaynaqlandığını anlayaq. Bir tərəfdə istehsal vasitələrinə və pula sahib kapitalist, digər tərəfdə isə əllərindən başqa heç bir şeyə sahib olmayan işçinin dayandığı sistemdə də yuxarıdakı cümləyə oxşar iddialar etmək absurddur. Bəli, hansısa işçi fəhləlikdən şirkət direktoru vəzifəsinə yüksələ bilər. Necə ki, 500 il əvvəl hansısa vassal fermerlikdən cəngavərliyə yüksələ bilirdi. Aydındır ki, bu istisnadır və belə bir hadisənin ehtimalı istehsal vasitələri üzərində özəl mülkiyyət hüququ bərqərar olduğu istənilən sosial-iqtisadi quruluşda, çox aşağıdır. Məsələn, bugün artıq yaşadığı ölkədən asılı olmayaraq, milyonlarla insan nə qədər çox və məhsuldar işləsə də, özünü maddi mənada davamlı olaraq təmin edə, uşağının təhsil haqqısını və sağlamlıq xərclərini ödəyə bilmir və bütün bunlardan əlavə hər an işindən ola bilər. Bu, hətta dünyanın ən varlı ölkəsi olan Amerika Birləşmiş Ştatlarında da belədir. Artıq müharibədən sonra sosial rifah sistemi ilə tanınmış qərbi Avropa ölkələrində də eyni tendensiya mövcuddur. Çünki, kiminsə daha varlı yaşaması üçün, başqalarının daha kasıb yaşaması labüddür. Bunun əsas səbəbi kapitalist istehsal münasibətləri nəticəsində yaranmış bərabərisizlikdir. Artıq 40 ildir ki, ABŞ-da orta və aşağı təbəqənin gəlirləri artmır, yaranan gəlirlərin boyük əksəriyyəti isə ən varlı sinif tərəfindən mənimsənilir.  
 
Beləliklə, istər gender, sosial, irqi, hüquqi, istərsə də gəlir anlamında olsun, bərabərsizlik ədalətsizlikdən doğur və öz növbəsində ədalətsizliyə xidmət edir.  Çunki, bərabərsizlik ədalətsiz sosial-iqtisadi sistemin təlqin etdiyi qaydaların nəticəsidir. Ədalətsizlik üzərində qurulmuş cəmiyyətdə hüquq bərabərləyindən söhbət açmaq isə gülməlidir. Şübhəsiz ki, ədalətsiz qanunlar üzərində qurulan cəmiyyətdə hüquq da ədalətsizliyə xidmət edəcək. Russo demişkən, “mənəvi bərabərsizlik pozitiv hüquqa köklənirsə, o, fiziki bərabərsizliyə uyğun gəlməyən bütün hallarda təbii hüquqla toqquşacaq. Başqa sözlə, uşaqların böyüklərə, axmaqların ağıllılara əmrlər etməsi təbiətin qanunlarına nə qədər ziddirsə, bir qrup səlahiyyətə malik şəxslərin də əksəriyyətin öz ən vacib ehtiyaclarını belə ödəyə bilmədikləri vəziyyətdə var dövlət içində yaşamaları da təbiət qanunlarına bir o qədər ziddir.” 
 
Nicat Qarayev
 
Kultura.az
 
Yuxarı