post-title

Hikmət Hacızadə: “Səməd Vurğun çox səviyyəsiz şairdir”

Politoloq Hikmət Hacızadə ilə müsahibəni təqdim edirik.

 
 
– Azərbaycan gəncliyini bir cümləylə ifadə edə bilərsiniz?
 
– Mən onlara həsəd aparıram və paxıllığım tutur (gülür). Mən çox tez doğulmuşam, amma indi gənc olan adamların imkanları hədsizdir. Biz cavan olanda belə imkanlarımız yox idi. İnternet yox idi, xaricə gedə bilmirdik, kitablarımız kifayət qədər deyildi, kompüter yox, getməyə bir yer yox, yığışmaq mümkün deyil. Bunlar hamısı sovet hökumətinin reallıqları idi. İndi isə maşallah, çətin də olsa, öz üzərində çalışmaq, özünü inkişaf etdirmək üçün göylər qədər imkan var.
 
Sovet hökumətində bu qədər savadlı, bilikli, yaradıcı gənc yox idi. Hərçənd bəziləri başqa fikirdədir. Onlar deyirlər, bizim vaxtımızda belə deyildi, biz Dostoyevski oxumuşuq... Bunlar hamısı boş söhbətlərdir. Oxuyublar, amma nə Dostoyevskidən bir şey başa düşüblər, nə də onu həyatda reallaşdıra biliblər. Ya gecə-gündüz şahmat oynayırdılar, ya Dostoyevski oxuyurdular, ya da bütün günü Bethoven dinləyirdilər, həyat isə öz axarı ilə gedirdi və o vaxt əldə etdiyimiz biliklər insana heç nə vermirdi.
 
O boş-boş fikirləri yığmışdılar sovet gəncinin başına. Həyatımız çox sönük keçirdi. Amma indi maşallah, klip də çəkirlər, film də çəkirlər, mahnı da yazırlar. Roman yazırsan, yaz, kitab çıxarmaq istəyirsən, çıxar, məqalə yazmaq istəyirsən, yaz, çap etdir. Qabaq elə şeylər yox idi. Mənim dostum, böyük publisist Çingiz Sultansoy o vaxt gözəl məqalələr yazırdı. O, məqaləsini çapa vermək üçün 5-6 il çalışdı və nəhayət, dəqiq xatırlamasam da, “Ulduz”da və ya “Gənclik”də öz essesini çap etməyə müvəffəq oldu. Lakin indi hansı istedadlı gənc öz yazısını çap etdirmək istəsə, o, asanlıqla bunu edə bilər. Belə. Gənclərə paxıllığım tutur və onlarla fəxr edirəm.
 
– Azərbaycan gəncliyinin əsas problemi nədir,  sizcə?
 
– Ümumən cəmiyyətimiz keçid dövrü yaşayır. Patriarxal, avtoritar sistemdən liberal, bazar iqtisadiyyatı olan bir sistemə keçirik. Bu da asan proses deyil, əvvəlcə bizim cəmiyyətdə mövcud olmayan yeni davranış qaydaları, yeni biliklərə yiyələnmək lazımdır. Ata-ana sənə heç bir yaxşı məsləhət verə, kömək edə bilmir. Çünki onların təcrübəsi artıq yeni gəncliyin həyatına şamil olunmur. Valideynlər istəsə də, köməklik göstərə bilmirlər. Bundan başqa, gəncləri köhnə mədəniyyətimiz, köhnə ənənələrimiz rahat buraxmır. Bu və ya digər yollarla konservativ adamlar, valideyn, qohum-tanış, çevrə vasitəsilə tabular, ənənələr bizim həyatımıza təsir göstərir. Keçmiş əsrin bilik və davranış qaydaları yenə ürəyimizdə yaşayır. O da, əlbəttə ki, inkişafa maneçilik törədir. Cəsarətli olmaq lazımdır. Bilmək lazımdır ki, bu gün bizim hər hansı bir işə sərf etdiyimiz zəhmət kifayət deyil. Müsəlman dərk etməlidir ki, onun bugünkü zəhməti yetərli olmur. O, daim artan xətlə inkişaf etməlidir.
 
Bir gənc bizə məqalə təhvil verir. Baxıb deyirəm ki, məqalənin bu hissəsinin üzərində işləmək lazımdır. Düzəldib gətirir, sonra yenə bir səhv tapıb yenidən düzəliş etməsini istəyəndə müsəlman gənci bezib deyir: “Ə, yox ə, nə oldu əə, bezdim, eləmirəm!” Amma alman gənci səkkiz dəfə onu təzədən düzəldir, heç “uf” da demir. Bizim gənc isə emosiyalara qapılır, onun qan təzyiqi qalxır: “Eləmirəm, işləmirəm!” Zəhmətsevərlik, inadkarlıq yoxdur, emosiyalar, əsəb, tənbəllik isə çoxdur. Bax bunlar ən böyük problemlərdir.
 
Bundan başqa, bilin ki, hər bir peşə cəsarət tələb edir. Heç kim düşünməsin ki, o hansısa iş tapacaq və başını aşağı salıb o işi görəcək. Hər peşə sahibi risk etməyə məhkumdur. Çəkməçi belə hansısa risklərlə qarşılaşır, məsələn: ayaqqabıya bantik vurum, ya vurmayım? Dünyada cəsarət və risk tələb etməyən peşə sahəsi, həyat tərzi yoxdur. Qorxmayın, riskə gedin, vuruşun.
 
– Atalar və oğullar probleminin kökündə nə dayanır? Bu problemin həlli yolu varmı?
 
– Ümumi böyük bir problem  var ki, bu, təbiətin problemidir və heç kim bunu həll etmək iqtidarında deyil. O, qocadır, sən cavan, o, bir söz deyir, sən başqa söz. İnsan azadlığı və ailədə olan birliyin arasında ümumbəşəri bir problem var: hara gedirsən, get, İsveç, Almaniya, İngiltərə, Azərbaycan... Sən şəxsiyyətsən, amma ailəyə öz suverenliyini verməlisən, yoxsa o ailə ailə olmaz.
 
İkincisi isə əsrlər və nəsillər problemidir. Kimsə feodal quruluşunda böyüyüb, kimsə kapitalizmdə. Qabaq kəndə kino gələrdi-gəlməzdi, oturub gözləyərdilər. İndisə kinonu sənin övladın özü çəkir. Yaşlı nəsil başqa əsrdə yaşayır, gənclər başqa əsrdə. Gənclər indi “amerikalı” biridir,  qocalar isə ənənəvi, mühafizəkar bir insan...
 
– Öz ailənizdə münasibətlər necədir? Bu baxımdan bir probleminiz var? Məsələn, oğlunuzla münasibətlərinizdə…
 
– Oğlum artıq böyük oğlandır, şəxsiyyətdir. 30-a yaxın yaşı var, o, artıq bizdən asılı deyil. Biz ona təhsil verdik, davranış qaydalarını öyrətdik. Həm də qeyd etmək lazımdır ki, biz onunla fərqli əsrlərdən deyilik. Mən də rok dinləyirəm, o da, mütaliələrimiz də bir-birindən kəskin fərqlənmir. Mədəniyyət baxımından nəsillərimiz arasında böyük fərq yoxdur. Mən onun hər qərarına tolerant yanaşmışam. Mənim atam isə daim mənə etiraz edirdi. Uzun saçıma, dinlədiyim musiqiyə, otağımda asdığım şəkillərə qədər hər şeyə. Bu mənada, oğlumun bəxti gətirib. Bəlkə də, o, danışanda başqa cür danışacaq. Deyəcək, məni evdə incidirlər (gülür).
 
– Axırıncı dəfə teatrda nə vaxt olmusunuz? Ümumiyyətlə, teatrla aranız necədir?
 
– Yaxşı deyil. Çünki teatr kino və televiziya ilə rəqabət apara bilmir, xüsusən də bizdə. Teatr o vaxtlar ən qabaqcıl institut idi. Kimin nə ideyası var idi, cəmiyyətdə aktual nə  problem var idisə, teatrda öz əksini  tapırdı. Teatr o dövrün reallıqlarının aynası idi. İndi isə əfsuslar olsun ki, teatr həyatda gedən müasir prosesləri əks etdirmir, teatrın hansısa tamaşası izləyicilər arasında diskussiya doğurmur. Ola bilsin ki, aktyorlarımız da, rejissorlarımız da yaxşıdır, amma mən eşitməmişəm ki, teatr nümayişə hər hansı bir tamaşa qoysun və səhəri gün hamı onu müzakirə etsin. Teatrın estetikası da var idi bir zamanlar. Qadınlar geyinib-kecinib teatra gəlirdilər, foyedə zər-zibalarını nümayiş etdirirdilər.
 
– Sizcə, teatrın gənclər arasında o qədər də sevilməməsinin səbəbi təbliğatın  zəif olması və ya heç olmaması ilə əlaqələndirilə bilər?
 
– Ola bilər ki, aparılsın, amma Şekspirə nə qədər baxmaq olar? Teatrda senzuramı var, müasir dramaturqlarımızmı  yoxdur? Teatr əvvəllər bütün siyasi və sosial ideyaların toqquşduğu məkan idi. Şekspir də yazanda nağıl yazmırdı axı.
 
– Musiqi zövqünüzlə bağlı da bir az danışaq…
 
– Danışaq. Mən hər şeyi dinləyirəm. Mənim özümün musiqi təhsilim var. Bülbül adına məktəbdə oxumuşam rok qrupumuz olub məktəbdə və universitetdə.
 
– Adı nə idi qrupunuzun?
 
– Fizika fakültəsində idim və “Fizfak”ın caz-rok ansamblı” adlanırdı. O vaxt rok qrupu yaratmaq çox qabaqcıl bir şey idi. İndi bu hal çox müşahidə olunsa da, bizim vaxtımızda az-az rast gəlinən bir hal idi. Roku da, xalq musiqisini də çox sevirəm. Amma muğamat çətindir mənim üçün, çox qəlizdir. Muğamı dərk etmək üçün o sahədə təhsilin olmalıdır.
 
Klassikanı sevirəm, mənim gözəl kolleksiyalarım var. İstənilən janrı dinləyirəm, təki istedadlı olsun. Əsasən isə caz və rok. İndi hamı razılaşar ki, son 5-10 ildə Azərbaycan musiqisi cılızlaşıb. Yeni mahnılar, bəstələr yoxdu. Hanı bizim Ələkbər Tağıyevimiz? Seyid Rüstəmovlar hardadır? Müğənnilər var, amma yeni heç nə yoxdur. Köhnə mahnılar yeni formada təqdim olunsa da, onlar artıq maraq doğurmur. XX əsrin  əvvəllərində köhnə mahnıları yeni versiyada canlandıranda bu, təqdirəlayiq hərəkət idi, indisə nə şedevr edirsən et, o qaldı tarixdə. Əbülfət oxumuşdu, Qədir Rüstəmov oxudu. “Sona bülbüllər”i bilirik. İndi yeni bir şey lazımdır, amma o “yeni” yoxdur. Onun yerini ya Türkiyə, ya da Avropadan gələn mahnılar tutur. Düz deyirəm, düz demirəm? (gülür)
 
– Düz deyirsiniz. Dünyagörüşünüzün formalaşmasında rol oynayan kitablar, təsirindən uzun müddət çıxa bilmədiyiniz filmlər, yəqin ki, olub. Hansılardır onlar?
 
– Bəli, olub, çox olub. Məsələn, Tolstoy mənə çox təsir edib. Onun “Dirilmə” romanını oxuyandan sonra bir  semestr özümə gələ bilmədim. “Kazaklar”, “Hacı Murad”. Dostoyevskini o qədər də sevmirəm, çünki o, mürtəce yazıçı idi. O, demokratiya əleyhinə fəaliyyət göstərir, çarın mövqeyindən çıxış edirdi. Sonra XX əsrin böyük yazarları Folkner, Sartr, Kamyu, Heminquey, Steynbek… Çoxlarının adını çəkmək olar. Avropa-Amerikanın müasir yazarlarının  hamsını oxuyurdum və sözsüz ki, onların mənim üzərimdə təsirləri olub. Bundan başqa, bizim vaxtımızda Moskvada “İnostrannaya literatura” jurnalı var idi və onlar bütün dünyada nə şedevrlər var idisə, hamısını rus dilinə tərcümə edib, bu jurnalda dərc edirdilər. Biz də rus dilində oxuyurduq və bütün dünyadan xəbərdar olurduq.
 
O ki qaldı filmlərə, “Qu quşu yuvası üstündən bir uçuş” adlı filmin təsirindən hələ də çıxa bilməmişəm, çox möhtəşəm filmdir.
 
– Stolüstü kitabınız var?
 
– Yox, şkafüstü kitablarım var. O qədər kitab var ki, seçim edə  bilmirəm.
 
– Məhəbbət deyəndə ağlınıza ilk nə gəlir?
 
– “Leyli və Məcnun” gəlir. Onu mən burda açıb danışa bilmərəm. Bu barədə akademik kitablar yazılıb. Mən məhəbbət mütəxəssisi deyiləm, amma bu duyğu çox müqəddəs bir duyğudur.
 
 Mən uşaq deyiləm, xeyli yaşım var,
 
Bilirəm söz nədir, məhəbbət nədir?
 
Mənim könül adlı bir yoldaşım var,
 
Könülsüz bir həyat bir viranədir!..
 
Bu da Səməd Vurğunun bir axmaq şeiri...
 
– Səməd Vurğuna münasibətiniz necədir?
 
– Çox pis, çox pis. Səviyyəsiz bir şairdir.
 
– Hansı yazıçını oxumamaq eyibdir?
 
– Mümkün qədər çox oxumaq lazımdır. Təxminən 50-yə qədər ad var ki, sivil insan ola bilmək üçün onları mütləq oxumalısan. Klassikləri mütləq oxumaq lazımdır. Həm Azərbaycan, həm də orta əsr Avropa yazıçılarını. Məsələn, Homeri oxumaq mütləq lazımdır. Bu yaxında Servantesin “Don Kixot”unu oxumuşam. İki dənə qalın kitabı zorla dürtdüm özümə və sona qədər oxudum. Bir böyük Norveç yazıçısı Knut Hamsun var. Onun “Torpağın bərəkəti” adlı romanını oxuyuram. Əsər şedevrdir, hamıya tövsiyə edirəm. “İnostrannaya literatura” jurnalında konkret seçilmiş adlar və əsərlər var, onları oxuyun. Çox da deyil. 50-dən çox müəllif var ki, bu müəllifləri oxumaq mütləqdir.
 
– Rus dili Azərbaycan gəncinin mədəniyyətində nə dərəcədə rol oynayır?
 
– İndi rus dili yavaş-yavaş sıradan çıxır, buna görə də bizə rus dilinin yerini tutan bir dil lazımdır. Ən optimal variant olaraq ingilis dili görünür. Amma məişət səviyyəsində yox, akademik səviyyədə, mütaliə səviyyəsində, məqalə yazmaq səviyyəsində. Məsələn, Norveç, Danimarka kimi ölkələr. Onlar yeni kino və kitabları ingiliscə oxuyurlar, əsas əsərləri – Homeri, Şekspiri öz dillərinə tərcümə edirlər. Tarix belə gətirdi ki, pilot dili bizim üçün rus dili oldu, indi onun istifadədən çıxmasıyla əlaqədar yerini bir dil tutmalıdır. Tərcümə keşməkeşli bir prosesdi və ən optimal variant pilot dillərdən istifadə kimi görünür.
 
– Rayonla şəhər arasında mövcud olan uçurum hələ də var, yoxsa bu uçurum aradan qaldırılıb?
 
– Aradan qaldırılır. Amma hələ də mövcuddur. Bu, hər yerdə var – Fransada da Amerikada da, Bakının öz kəndlərində, rayonlarında da. Mərkəz, şəhərin kənarı və sairə.
 
– Həyatınızı iki hissəyə bölən hər hansı bir hadisə baş verib?
 
– Bəli, demək olar ki, mən burda “Fizfak”ı bitirdikdən sonra Moskvada aspirantura oxudum və orda tamamilə yeni bir planet gördüm. “Ağıllı adam necə olur? Dünya nədir? Həyat nədir? İşləmək nədir?” kimi suallara cavab tapdım.
 
– Həyatın mənasını harda axtarmaq lazımdır? Ümumiyyətlə, “Hər insanın bir missiyası var” ideyası ilə razısınızmı?
 
– “Var” deyə bilmərəm, amma olmalıdır. Bir qisim adamlar var ki, onların bu missiyadan xəbərləri yoxdur. Onlar yalnız gündəlik problemlər barədə düşünür, çörək arxasınca düşürlər.
 
– Sizcə, sizin missiyanız nədir və siz bu missiyanı tamamlayırsınızmı?
 
– Mən ziyalıyam, belə deyək, ziyanlı. Mən nəsə oxuyub bu bilikləri xalqa, ictimaiyyətə çatdırmalıyam. İndi yavaş-yavaş kitab yazırıq. Bunlar cəmiyyətin həyatında böyük rol oynayır. Mənim missiyam dünyadan gələn məlumatları bir araya gətirib xalqa çatdırmaqdır.
 
1937.az
 
Yuxarı