post-title

Kimdir qəhrəman?

Bir-iki gün əvvəl axşam gəzintisindən sonra evə qayıdanbaş, “Tarqovı”da ortayaşlı bir kişiylə 20 yaşlarındakı bir gəncin tutaşmasına şahid oldum. Gənc camaatın ortasında var-gücüylə çığıra-bağıra, fit çala-çala gedirdi. Ortayaşlı adam onu saxlayıb ətrafdakılara hörmət eləməyə, mədəni olmağa çağırdı. Bu isə gəncin heç xoşuna gəlmədi, başladı qarşısındakına kobud sözlər deməyə, təhqir eləməyə. Hələ heyfislənərək bildirdi ki, adam dədəsi yaşındadır, yoxsa payını verərdi. Vəziyyət gərginləşdi, ortayaşlı adam əsəbləşib onun üstünə yeridi. Nəysə ki, qıraqdakılar vaxtında çatıb onları ayıra bildilər. Gənc yoluna davam elədi, 10-15 addım aralanandan sonra isə, heç nə olmamış kimi başladı yenə nümayişkaranə şəkildə çığırıb-bağırmağa, ucadan fit çalmağa.

 
 
Təbii, burda qeyri-adi heç nə yoxdu, bu tip qeyri-adekvat canlılar və onların anormal hərəkətləri Bakıda normadır. Onların özlərini niyə belə aparmaları da təxmini hamıya məlumdur: təhsilsizlik, mədəni səviyyənin olmaması, normal mühitdən uzaq düşmək və s. Bu kimi çoxsaylı səbəblər insanı bu kimi hərəkətlər etməyə tətikləyə bilər, amma onlardan ən maraqlısı “cəsarət nümayişi”dir. Olsun ki, bəziləri bunu şüurla edir, bəzilərində isə buna şüuraltı diqtə edir. Küçədə qışqıran, fit çalan, söyüş söyən, insanların istirahətinə mane olan, qızları incidən, söz atan, qəza törətmək vecinə olmadan maşınını, velosipedini yüksək sürətlə uşaqların, qadınların üstünə sürən insan həm də öz aləmində “cəsarət, igidlik, qəhrəmanlıq” nümayiş etdirdiyini zənn edir. O ətrafdakılara təxminən belə bir ismarıc göndərir: “Həri, mən zoram, mən yekəm, mən bomba oğlanam, mən igidəm, qəhrəmanam, “duxu” olan adam mənə bir söz desin...”.
 
Həqiqətən də insanlar onlardan uzaq durmağa çalışırlar, çünki onların hansısa formada “qəhrəmanlıq” göstərəcəklərini bilirlər, ona görə. 
 
İnsan nə qədər bəsitdirsə, onun hisslərlə bağlı qavrayışı və onları ifadə eləməyi də o qədər bəsitdir, o cümlədən cəsarət, igidlik kimi hissləri. 
 
Hələ “oğru aləmini”, kriminalizmi, həbsxana həyatını ilahiləşdirən bütöv bir insan ordusu var. Əlbəttə, heç kim cinayət törətməkdən siğortalanmayıb. Bir anlıq qəzəbdən, hissə qapılmaqdan, yaxud istəməyərəkdən də olsa, insan cinayət törədə, geriyə dönüşü olmayan hərəkət edə bilər. Bunun peşimançılığı onun bütün ömrünü zəhərə döndərə bilər. Bəs həbsxana həyatının tərifini göylərə qaldırmaq, haqqında mahnılar, şeirlər qoşmaq, kitablar yazmaq nə deməkdir? Bunu heç cür soyuq başla dərk eləmək olmur. Həbsxanada yaxşı nə ola bilər ki? Azadlığın əlindən alınması, 4 divar, əmrlə yatıb-durmaq, bitib-tükənməyən yeknəsəklik, cinsi həyatın, sevginin, rahatlığın olmaması - bütün bunlara düçar olmaq necə qəhrəmanlıq sayıla bilər ki? Amma sayanlar var, həm də kifayət qədər...
 
“Alatoran” yayınlarının nəşr etdirdiyi Bertran Rasselin “Mən nəyə inanıram” əsərində (Araz Gündüzün tərcüməsi) Rassel igidlik, qəhrəmanlıq kimi hissləri analiz edir və bu hisslərin də demokratik dəyişikliyə uğramasının labüdlüyündən bəhs edir. O buna misal kimi Sufrajistlər hərəkatını göstərir. Sufrajistlər hərəkatı qadınların seçki hüququnun tanınması uğrunda 1865-ci ildə İngiltərədə başlamış bir hərəkat olub. Qadınların uzun müddət qəhrəmancasına davam edən mübarizəsindən sonra 1918-ci ildə İngiltərədə onlara məhdud seçki hüququ tanındı. 1928-ci ildə isə hərəkatın məntiqi sonluğu kimi, bu ölkədə qadınlara geniş seçki hüquqları verildi... 
 
İgidlik lap qədim zamanlardan insanın sahib ola biləcəyi əsas keyfiyyətlərdən biri sayılıb. Amma dövrə uyğun olaraq, onun məğzi dəyişikliyə uğrayıb. Elə vaxtlar olub, əsgərlərin daha da cəsarətlənməsi üçün öldürülmüş düşmənin ətini yemək vacib sayılıb. Və yaxud keçmiş müharibələr zamanı igidlik göstərmək – maksimum zorakılıq, bacardıqca çox adam öldürmək, düşmənin uşaqlarını beşikdəcə boğmaq, qadınları zorlamaq mənasında dərk edilib. Ancaq zamandan-zamana, dövrdən-dövrə bu anlayışlar dəyişilib. İndi yəqin, heç kim igidlik, qəhrəmanlıq deyəndə, kiminsə ətinin yeyilməsini, xoşu gəlməyən adamın uşaqlarını öldürməyi, qadınlarını zorlamağı nəzərdə tutmur. İnsanlıq inkişaf etdikcə, insan şüuru da təkamül edib, onun müxtəlif hisslərlə bağlı qavrayışları dəyişikliyə uğrayıb və uğramaqda davam edir. 
 
Betran Rassel yazır: “Öz soydaşlarının insanların qarşısına çıxardıqları: yoxsulluq, alçaldılmaq, yağılıq kimi yaramazlıqlara qarşı dirənə bilmək üçün, savaşda olduğundan da artıq bir igidlik göstərmək gərəkir. Nə yazıq, ən qorxmaz döyüşçülərdə belə çox vaxt bu igidlik çatışmır. Bundan başqa da, qorxu ilə üz-üzə gələndə yaranan çaxnaşmada özünü itirməmək, soyuqqanlıqla bu durumdan çıxmağa yollar araya bilmək üçün də, çox böyük igidlik gərəkir. Burada isə insanın başlıca yarağı təhsildir. İnsanlarda bu sayağı özəlliklərin yetişməsi, həm də onların sağlamlığından, fiziki yetkinliyindən, gərəyincə yeyib-içə bilməyindən, ən başlıcası isə, onları yaşama bağlayan impulslarından törəyən gərəklərini ödəyə bilmək özgürlüyündən çox asılıdır...”
 
Küçədə hoqqabazlıq eləyən, insanlara qarşı kobud davranan, ya da qol gücünə kimisə nəyəsə məcbur edərək, qəhrəmanlıq elədiklərini zənn edənlər kənardan onlara zillənmiş istehzalı, təəssüf dolu baxışları görmək iqtidarında deyillər. Onlar başa düşmürlər ki, artıq onların dövranı keçib, belə hərəkətlər eləməklə onlar özlərini gözdən salırlar. 
 
İndiki dövrdə igidlik, qəhrəmanlıq kimi hisslər tamam başqa, mənəvi-psixoloji aspektə keçib. İndi savadlı, ayıq, məsuliyyətli vətəndaş olmaq, özünü inkişaf etdirmək, insan və heyvan hüquqlarını qorumaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq, sülh və tərəqqi üçün çalışmaqdır igidlik, cəsarət, qəhrəmanlıq. Elə təhsillə bağlı ən adi misal: indi Azərbaycanda valideynlər “mən institutda 3 uşaq oxutmuşam”, - deyib, özlərini qəhrəman kimi hiss edirlər. Kənardan da belə valideynlərin zəhməti dəyərləndirilir, hörmət bəslənilir. Halbuki 19-cu əsr, 20-ci əsrin əvvələrində “oxutmuram, əl çəkin” deyərək, uşaqlarını məktəbdən saxlayan əcdadlar bu mənzərəni görsəydilər, yəqin havalanardılar. O dövrlər qızları məktəbə göndərmək misli görünməmiş rüsvayçılıq sayılardı. İndi isə valideynlər qızlarını nəinki məktəbə, instituta, hətta xaricə oxumağa göndərirlər.
 
Hər dövrün özünəməxsus dəyərləri, tələbatları var. Fərqi yoxdu, kim nə işlə məşğuldu, öz aləmində nə fikirləşir, nəyə istinad edir - dövrə uyğunlaşmayan adamlar öz geridəqalmışlıqları və mühafizəkarlıqlarıyla inkişaf prosesinə ziyan vururlar, onu ləngidirlər. Təbii ki, nə qədər ləngitsələr də, prosesi heç vaxt dayandıra bilməzlər, bu mümkünsüzdür. Amma ləngitmək də bəs edir ki, kənardakı maariflənmiş qrup və sonra gələn nəsillər onlara görə xəcalət çəksinlər, rişxənd etsinlər və onları bütün bəlaların səbəbkarı kimi günahlandırsınlar.
 
Cavid Ramazanlı
 
 
Yuxarı