post-title

Türkiyə - cəhalətə doğru iri addımlarla…

Bir neçə gün əvvəl Türkiyə seçimləriylə bağlı TRT kanalının təşkil etdiyi cümhurbaşqanılığına namizədlərin propaqanda verlişlərinin videolarını izlədim. Düzünü deyim, özüm 5 il Türkiyədə yaşamış və oxumuş bir insan olaraq bu videolardan sonra çox məyus oldum.

 
Ağlımdan fərqli-fərqli fkirlər keçdi. Bu fikirləri sizinlə paylaşmaq istəyirəm.
 
Orada yaşadığım vaxt, xüsusilə də tələbəlik dönəmi çoxlu solçu, devrimçi, feodal ənənələrə qarşı mübarizə aparanlar gördüm. Elə müəllim heyətində də ulusalçı, solçu, sağçı millətçi və daha nələr, kimlər vardı. Elə bilirdim, Türkiyə çox rəngarəng cəmiyyətə sahibdir. Elə bilirdim, bu hərakatların hamısının aydını, publisiti, yazarı əqidəli iş adamları və. s var. Amma Ərdoğan hər dəfə seçimləri qazananda, Türkiyə cəmiyyətini öz məlum, məşum ideyalarının əsiri etdikçə, türklər Ərdoğanın şeirləri və ya “one minute” pafosu arxasınca qaçanda anladım ki, Türkiyədə əslində bir təbəqə, bir rəng var. Onun da adı “dinçi”, “cemaatçı”, ya da “osmanlıçı”dı.
 
Necə istəyirsiniz, adlandırın, amma rənglər yoxdur artıq Türkiyədə. Türkiyədə artıq sadəcə Ərdoğan var, ona itaət edənlər var, onunla barışanlar var, onun gücü qarşısında öz gücsüzlüyünü qəbul edənlər var...
 
Cümhurbaşqanlığına namizədlərin seçim videolarındakı çıxışlarına baxdıqca düşünürəm: necə oldu ki, Ərdoğan bu qədər rəngi tək rəngdə, tək fikirdə birləşdirdi? Əkmələddin İhsanoğlu nitqində deyir: “Mən Yozqatlı Hacı filankəs əfəndinin evində doğulmuşam və Hacı filankəsin torunuyam. İsmim Ekmeləddin - yani dini ən yaxşı bilən adam deməkdir. Bu ismi milli marşımızın sözlərini yazan rəhmətlik Mehmet Akif Ersoy hələ mən doğmadan öncə qoyub. Ailəmlə Misirdə, yəni Osmanlı torpaqlarında yaşayırdım. Sonra Misir ayrı dövlət oldu, amma əslində öncələri orası da Konya, Sivas kimi Osmanlı torpaqlarıydı. Misirdə küçədə belə türkcə danışa bilmirdik, amma evimizdə danışırdıq. Beləliklə, öz kimliyimizi saxladıq. Babamı (atamı-red.) tez itirmişəm, amma mənə yetimlik maaşı vermədilər”.
 
Gəlin, bu söhbətləri analiz edək. Ərdoğan həmişə “əcdadım” deyə-deyə xalqı “əcdad”, “osmanlı” xəstəliyinə yoluxdurub. Həmişə də öz babalarının namaz qılan, Hacı əfəndilər olduğunu deyir. Dindar ailədə böyüdüyünü bildirir. Ərdoğanın bu obrazı Türkiyədə artıq siyasətdə uğur qazanmaq istəyənlərin örnək obrazı olub. Adam deyir, adım Əkmələddindir, yəni dini ən yaxşı bilən adam, özü də mənə bu adı Mehmet Akif Ersoy verib.
 
Yəni artıq Türkiyədə gərək hamı özünə islami ad qoya, özü də bu ad gərək hansısa dindar-islami bir şəxs tərəfindən qoyula. Adam Ərdoğanın millətçilik oynunu da unutmur. Deyir ki, türkcə danışmaq Misirdə çətin olsa da, amma biz dilimizi qoruduq. Namizəd Ərdoğanın həp topluma oynadığı məzlum siyasətçi oyununu da unutmur. Deyir ki, mənə yetim maaşı bağlanmadı, çox zorluklar çəkdim, yetim böyüdüm və s...
 
Ərdoğanın türk toplumunun imperial keçmişini istifadə edərək, “osmanlı”, “əcdad” və s. söhbətləri də unutmamışdır çıxışında. Ən vacib durum budur ki, Ərdoğanın oynuna gələn Türk siyasəti artıq Fələstinə sevginin İsrailə isə nifrətin, lənətin yarışmasıyla qurulub...
 
Mənim üçün ən maraqlı məsələ Əkmələddin İhsanoğlunun çatı namizəd, yəni Ərdoğana qarşı olan insanların namizədi olmasıdı. Düşünün, dindar və osmanlıcı Ərdoğanın opponenti elə Ərdoğan gədər dindar və imperial düşüncəlidir. Türkiyənin sekulyar düşünənlərinin solçusunun, sağçısının, devrimçisinin, evrimçisinin namizədi budurmu? Yoxsa artıq Türkiyədə sadəcə bir cəmiyyət var, o da dincilərdi? Harda qaldı sabahdan axşama kimi imperializmə, feodal geriliyə qarşı mübarizə aparan solçular? Harda qaldı Atatürkü dilindən düşürməyib, layikliyi öz həyat tərzi edən aydınlar? Hardadır Gəzi parkında dünyaya meydan oxuyan devrimci gənclər? Necə oldu, hamınız Ərdoğanın oyununa gəldiniz? Bəlkə elə siz əslində danışdığnız, bağırdığnız qədər yox idiniz, sadəcə Ərdoğan kimi birisi olmadığı üçün səsiniz çıxırdı, rənginiz görünürdü?
 
Sekulyarlığı qorumaq sadəcə ordununmu işidir? Yəni bu ölkədə ordu bu durumlarda ortaya çıxıb, Atatürkün layik sistemini qorumazsa, aydınlar, savadlı kəsim bir şey edə bilməzmi?
 
Edə bilməz, çünki, seçkidən öncə Əkmələddin İhsanoğlunun namizəd göstərilməsi bunu göstərdi. Ümidiniz dincilərdən səs alaraq nəsə əldə etməkdirsə, onda, türklər demişkən, yazıklar olsun türk sekulyarlarına!
 
Sovet İttifaqı dağıldıqdan sonra yeni yaranan Türkdilli cümhuriyyətlərin hamısında belə bir fikir vardı ki, onların Avropaya, mədəniyyətə, demokratiyaya doğru inkişafı Türkiyəni örnək alaraq baş tutacaq. Amma 25 illik sovetlərin dağılmasından sonra tam tərsi baş verdi, türkdilli ölkələr Türkiyə səviyyəsinə çatmaqdansa, Türkiyə onların səviyyəsinə endi. Ərdoğanı Orta Asya liderlərindən heç nə ayırmır, getdikcə onların səviyyəsinə enir Ərdoğan. Orta Asiya lideri jurnalistin qızıl dişinə qarışır, Ərdoğan da futbolçunun bədənindəki tatuaja irad tutur. Orta Asiya ölkələrində getdikcə demokratiya tamamilə yox olub, prezidentlər ömürlük olmaq istəyirsə, Ərdoğan da tədricən bütün ölkədə hər şeyi ələ almaq istəyir...
 
Amma bir fərq var axı. Türkiyənin azad seçki, müstəqillik, layik cümhuriyyət keçmişi var. Hardadır neçə illərin potensialı? Bəlkə, o potensial heç yox imiş? Türkiyənin o mədəni səviyyəsi bəlkə heç yox imiş? O demokratiya təfəkkürü yox imiş? Bunların hamısı sadəcə Ərdoğan kimi birinin meydanda olmaması imiş?
 
Türkiyə artıq Türkdilli ölkələrin proqressiv düşünən kəsimi üçün örnək ölkə olmaqdan cıxıb. Əksinə, özü getdikcə 3-cü dünya ölkələrinə xas bütün xüsusiyətlərə qayıdaraq, ətrafında demokratyaya can atan cəmiyyətlər, xalqlara mənfi təsir edən ölkə obrazını sahiblənir.
 
Fikrimi belə tamamlamaq istəyirəm. Seçkiləri Ərdoğan uddu, amma uduzsaydı da, Türkiyənin intelektual kəsimi anlamalıdır ki, Türkiyə sadəcə Ərdoğandan canını qurtarmalı deyil. Həm də Ərdoğanın yaratdıgı obraz və təfəkkürdən canını qurtarmalıdır.
 
O obrazdan ki, hətta muxalifətin vahid namizədində özünü biruzə verdi.
 
Elvin Buntürk
Kultura.az
Yuxarı