Deyib ki, yazı taxtasına tabaşirlə yeni yazı yazmaq üçün gərək lövhədəki əvvəlki yazıları silgiylə pozaq, ancaq bilik məsələsində belə deyil, əvvəlcə həyatdan yeni bilikləri qazanmalıyıq, onda köhnə münasibətlər, köhnə idollar, düşüncəmizdəki səhvlər də silinib gedəcək.
Son on illərdə mədəni xalqlar idollardan və obrazlardan xilas olmaq uğrunda çox çalışıblar, bir-birilə savaşandan sonra özləri öz düşüncələrinə savaş açıblar.
Bir müddət bundan əvvəl Azərbaycan və Ermənistan ədəbiyyatında Qarabağ mövzusunu izləməyə başladım. Mənə maraqlıydı, bu iki xalqın ədəbiyyatının da əlində avtomat var, yoxsa ədəbiyyat öz ədəbiyyatlığını qoruyub saxlaya bilib? Məsələn, Azərbaycanda Seymur Baycanın “Quqark”, Rasim Qaracanın “On bir gecə” və s. kitabları kimi yeni yanaşmalı kitabları qarşı tərəfdə də tapmaq istəyirdim.
Əlaqələr çox məhduddur, bu gün bir jurnalistin belə bir mövzunu araşdırmaq imkanları vasitəli tanışlıqlardan, o tanışların da tanışlarından asılıdır.
Xeyli kitabdan soraq ala bildim, ancaq müqayisə apara biləcək qədər yox. Belə məlum oldu ki, erməni ədəbiyyatında çoxlu türk, azərbaycanlı obrazları var. Ancaq bunlar ermənilərin xəyalındakı türk obrazlarına çəkilmiş misallar təsiri bağışlayır.
Dişlərini ağardaraq işgəncə verən erməni obrazı və dişlərini ağardaraq işgəncə verən türk obrazı, qulaq kəsib ipə düzən erməni və qulaq kəsib ipə düzən türk Azərbaycan ədəbiyyatında da, erməni ədəbiyyatında da obraza misal çəkmək üsuluyla qabağımıza çıxır.
Obraza misal çəkmək üsulu nədir? Bizim xəyalımızda cürbəcür hazır obrazlar var.
Yaxşı adam, pis adam, yaxşı kişi, pis kişi, yaxşı qadın, pis qadın kimi ən ümumi obrazlar da var, “amerikan”, “polis”, “şair”, “erməni” kimi xüsusi obrazlar da.
Obraz elə bir şeydir ki, yalnız sözlərdən ibarət bir təyinat verəndə, “üç dəfə həbsdə olmuş oğru” deyəndə heç bir nümunəsini görməsək belə, nəzərimizdə bir insan canlanır.
Biz hətta onun üz cizgilərini də təsəvvür edə bilirik. Obraz elə bir şeydir ki, eynəkli adamla söhbət etməmiş, onun bircə fikrindən də xəbərdar olmamış bizdə onun haqqında “İntellektual adamdır” obrazı yaranır.
Təkcə ona görə ki, eynək taxıb. Əsasına söykənib oturmuş ağ saçlı qoca nuraniliyi xatırladır və ya bəzi tərcüməçilər demişkən, nuraniliyi cağırır.
Məgər biz həmişə ağ paltar geyinib daşın üstündə əsasına söykənib oturan qocaları xeyirxah görmüşük? Xeyr, biz onları həyatda ümumiyyətlə görməmişik.
Biz onları nağıllarda, filmlərdə görmüşük. Ancaq bizdə onların xeyirxah obrazı var. Tamaşada “yekəqarın bazarkom”-u görən kimi bilirik söhbət nədən gedir, bu adam necə adamdır, çünki keçmiş təcrübəmiz, eşitdiyimiz real və uydurma söhbətlər nəticəsində sakitcə fikrimizə girmiş obraz tamaşanın bizdə təəssürat yaratmasına ani kömək edir.
Odur ki, adətən quldurları bir gözü bağlı, çapıqlı təsvir edirlər. Rus kişisi təsəvvürü yaratmaq üçün sənətin ən ucuz yolu rus qəhrəmanın adını İvan, başına qulaqlı papaq qoymaq, özünü içki düşkünü kimi təsvir etməkdir.
Obrazların da biz real insanlar kimi, həyatı var. Azərbaycanlıların xəyalında yaşayan vəhşi, qaniçən erməni obrazı və ermənilərin xəyalındakı vəhşi, qaniçən türk obrazı cəbhədə sakitlik olanda da savaşırlar, hər an mülki-mədəni yerlərdə obrazların savaşı gedir.
Uşaqlıq illərimdə həkim mənə eynək yazmışdı. Deyirdi ki, bunu daimi taxmalısan. Mənsə bəzən onu çıxarırdım.
Elə ki, eynəyi çıxarırdım və Bakıda, - məktəbin həyətində uşaqlarla oynayırdım, gəlib-keçən adamlar azərbaycanca sual verirdilər: “A bala, ət dükanı ha tərəfdədir?”, “Ay qız, bu neçə nömrəli məktəbdir?” Amma eynəyi taxan kimi keçən adamlar rusca dindirirməyə başlayırdılar.
Bilmirəm indi necədir, o vaxt belə bir ön mühakimə vardı: azərbaycanlı gözləri zəif də olsa, qız övladına eynək taxdırmaz, ancaq rus, rusdilli, erməni bundan çəkinməz.
“Eynəkli uşaq” obrazı sehrli çubuq kimi insanların mənə münasibətini bir anda dəyişdirirdi. Obraz belə bir şeydir. Bizim obrazlarımız hələ biz demək deyil.
Eynşteynə istinadən türklər demişkən, insanların önyarqılarını dağıtmaq bir atomu parçalamaqdan daha çətindir. Üstəlik, bu xalqlar önyarqıları dağıtmağa çalışmırlar, onları yaratmağa çalışırlar.
Nərmin Kamal
BBC Azeri