post-title

Məmməd Süleymanov: “Sizin Tanrınız buna necə yol verir?”

Nitsşe özünün “Acıqlı müdriklik” əsərində yazırdı: “Mədəniyyət közərmiş xaosun üzərindəki nazik alma qabığıdır”. Bizim dövrümüz sanki bu kəlmələrin təntənəsi altında keçir.

 
 
Mədəni dəyərləri bəşər yüzillərlə toplayır, ancaq bir gündə itirə bilir. XX əsrin ən böyük sosial fəlakətlərindən birini – sosial dövlətin məhvini və onun gətirdiyi digər itkiləri – elmin, təhsilin, mədəniyyətin, humanizmin, ədalətin gözdən salınmasını yaşamış indiki nəsillər hazırda baş verənləri az qala məntiqi proses kimi qavradığı üçün nələrin itirildiyinin fərqində deyilik. Nəticədə məqsədlər taktikalarla, səbəblər bəhanələrlə qarışıq salınır, vaxtiylə Orteqa-i-Qassetin dəhşət içində yazdığı “Kütlələrin üsyanı” isə yaşamı da, insan qürurunu da gözdən salır.
 
Hazırda dünya səhnəsində oynanan tamaşaların bir çoxunu gələcək nəsillər (əgər onlara yenidən humanizmə və mədəniyyətə qayıtmaq nəsib olacaqsa!) saxta, pafoslu, epataj, rejissor və aktyor işini ürəkbulandıran, dekorasiyaları əcaib, oyunçuları isə isteriklər yığını olan çoxpərdəli aktlar kimi dəyərləndirəcək.
 
Gerçəkliyi anlamaq üçün ondan uzaqlaşmaq, kənar seyrçi olmaq gərəkdir. Bunun da ki, vaxta ehtiyacı var. Ancaq fəlakət ondadır ki, vədə gəlib çatanda olduqca çox dəyərlər aşınmaya məruz qalmış olacaq. Bu isə obyektiv qiyməti verə bilməyəcəyimizə dəlalət edir.
 
Baş verənlər həyatın böhranı deyil, həyata münasibətin böhranıdır. Bəşəriyyət əsas məğlubiyyətini mədəni cəbhədə alıb. Başlarda olan boşluq mədəniyyətin və incəsənətin qəsdən gözdən salınmasının, onların surroqatla əvəzlənməsinin nəticəsidir.  Bu isə əvvəl estetik, ardınca da etik dəyərlərin itirilməsidir. Və yekun Kamünün “Enmə”sindəki cümlə ilə ifadə oluna bilər: “Məhşər gününü gözləməyin. O, hər gün baş verir”.
 
Orteqa-i-Qasset baş verənləri kütlələrin ictimai məkana soxulması və sonunda alicənablığın, əsilzadə ruhunun itməsi ilə bağlayırdı. Yəni o gün ki, kütlələr seçilmişlər üçün olan teatrlara axışdı, musiqiləri dinlədi, kitabları oxudu, rəsmlərə baxdı, bax o gündən mədəniyyət kütlələrə tabe oldu, endi, ucuzlaşdı, kütləviləşdi.
 
Razılaşmaq çətindir. Bu, 1930-cu illərdə Valter Benyaminin yazdığı kimi, “siyasətin estetikləşdirilməsi”dir. Nasistlərdə, faşistlərdə, Hollivudda olduğu kimi. Əslində isə, bunun əksi baş verməliydi, yəni estetikanın, incəsənətin siyasiləşdirilməsi. (Buna müəyyən qədər Sovet dövlətində nail olundu)
 
Motiv və səbəblərdən asılı olmayaraq, yekunda bəşəriyyət kor dalana dirəndi. Ədəbiyyat daha suallar qoymur, incəsənəti performans sıxışdırıb, kino bayağı mass-kultdur.
 
XXI əsr vaxtilə Kamünün özünün “Qeyd kitabçaları”nda verdiyi sualı aktuallaşdırdı: “Ən mühüm sual: insanların əhatəsində necə yaşamalı?”
 
 
 
***
 
“Nobel” mükafatı laureatı, etoloq Konrad Lorents özünün çoxdan bestseller olmuş “Aqressiya” kitabında yazırdı: “Növdaxili aqressiyanı müasir mədəni, tarixi və texniki inkişaf şəraitində bəşəriyyəti gözləyən ən ciddi təhlükə saymağa hər cür əsas var”.
 
İkinci Dünya savaşında vermaxtda xidmət etmiş, Sovet ordusuna əsir düşüb Sibirdə bir neçə ilini keçirmiş alimin bütün gördüklərindən – dünyanı cənginə almış ən dəhşətli müharibənin epizodlarından sonra bu cür proqnoz verməyinin bircə adı var: “Daha da pis olacaq”. Əgər Lorentsin bir ziyalı kimi (intellektual yox) üstünlüyü də ondadır ki, “daha da pis”dən qaçmaq yollarını da sadalayırdı.  Ancaq görünən odur ki, onun reseptlərini qəbul etməyə insanlıq həvəs göstərmir.
 
Elə həmin kitabında Lorents yazırdı: “İnsan aqressiyası instinktivdir. İnsanlar özlərində ritual aqressiyanı – növün saxlanmasını təmin edən qadağa mexanizmlərini inkişaf etdirməyiblər. Bu səbəbdən insana ifrat təhlükəli heyvan kimi baxılır”.
 
Nə vaxtsa – təkamülün ilkin mərhələlərində bir bioloji varlıq kimi insan üçün də aqressivliyin əhəmiyyətli rolu vardı. Aqressivlik növlərə təbii seçmədə, yaşamaq uğrunda mübarizədə yardımçı olub, populyasiyanın təhlükəsizliyini qorumaq, ərazilərə yadları buraxmamaq funksiyalarını asanlaşdırıb. Ancaq 120 il əvvəl məşhur bioloq Timiryazevin yazdığı kimi: “Yaşamaq uğrunda mübarizə mədəni tarixin kandarında dayanır. İnsan həyatı yalnız bir mübarizəyə – yaşamaq uğrunda mübarizə ilə mübarizəyə həsr olunmalıdır”.
 
Bəs biz nəyin şahidiyik? Onun şahidiyik ki, sosial varlıq sayılan insan üçün yaşamaq uğrunda mübarizə heç də kandarda deyil, artıq evin içindədir, qonaq otağındadır, süfrənin başındadır. Və sosial varlıq sürətlə özünün sosiallığını güzəştə gedib yenidən sırf bioloji növə doğru trayektoriya götürüb. “İnsan insana canavardır”. Hobbsdan qalma prinsip ayaq açıb yeriyir.
 
Lorentsin “Aqressiya”nı yazdığı vaxtdan bəri çox şey pisliyə doğru dəyişib. Vəhşiləşmənin tormozlayıcı faktorları sayıla biləcək mədəniyyət, maarifçilik, Kantı riqqətə gətirmiş əxlaq qanunları ayaq altda sürünür. Onlar yerini obskurantizmə, qəsdən savadsızlaşdırma layihələrinə, mövhumat və xurafata verir.
 
Bizim dövrümüzün mənəvi avtoritetləri yoxdur. XX əsrin bütün dəhşətlərinə baxmayaraq, Qandisi, Şveytseri, Bertran Rasseli, Kamüsü, Sartrı... vardı. Onlar yazırdı, milyonlar oxuyurdu, onlar təbliğ edirdi, milyonlar inanırdı. İndi isə avtoritetləri şou-biz və mass-kult generalları əvəzləyib.
 
Lorentsin kitabından daha bir (və sonuncu) sitat: “Bu gün qanımızda şər irsiyyət kimi oturan zəhərli aqressivlik bizim əcdadlarımıza 10 minlərlə il boyu təsir etmiş növdaxili seçmənin nəticəsidir. Silahlanan, geyinən və sosial cəhətdən təşkil olunan insan növü xarici təhlükələri (aclıq, soyuq, vəhşi heyvanları) müəyyən dərəcədə məhdudlaşdırmağa nail olduğu və həmin təhlükələr bir seleksiya faktoru kimi əhəmiyyətli rolunu itirdiyi andan oyuna ziyankar növdaxili seçmə daxil olmalıydı”.
 
Və oldu da.  Oyundan çıxmaq niyyəti isə yoxdur. Çünki özünü “təbiətin əşrəfi” adlandırmağı sevən, zahiri təhlükələrlə haqq-hesabını çürüdüb qurtaran müasir insan bu aqressiyanı tormozlaya biləcək mexanizmləri – əxlaqı, mədəniyyəti, elmi, ritual aqressiya fəndlərini, (eynilə “Höcətin yola gətirilməsi” filmində Çelentanonun qəhrəmanı libidoya üstün gəlmək üçün odun doğrayanda ritual aqressiya fəndini işə salmışdı) mənəvi avtoritetləri saymazlıqdan gəlir.
 
Biz qlobal aqressiya dövrünün övladlarıyıq. Dörd yanda müharibələr və onların hər biri də ifrat vəhşiliklə müşayiət olunur:  Əfqanıstan, İraq, Kolumbiya, Livan, Suriya, Mali, MAR, Sudan, Liviya, Ukrayna... saymaqla bitməz ki. Bu da dərdin hamısı deyil. Televiziya və mətbuat vəhşilikləri tirajlayır, ölümü realiti-şouya çevirir, durmadan Armagedon təbliğ edir. Bu qaranlıqdan çıxış isə görünmür.
 
Bu günlərdə Suriya müharibəsindən qan donduran video tirajlandı. (Əslində, oradakı hadisə indi yox, il yarım əvvəl baş verib və videonun dövri olaraq “istifadəyə buraxılması” özü də sinizm nümunəsidir) Üç yaşlı oğlan uşağı Əsədə qarşı savaşanların bombasının şikarıdır, can verir və ölüm ayağında göz yaşları içində “Hamısını Tanrıya danışacağam, hamınızdan şikayət edəcəyəm” deyir. O hansı “yüksək ideya”dır ki, körpənin ölümünə və göz yaşlarına haqq qazandırır, deməzsiniz?!
 
Və bu epizod Kamünün “Taun”undakı digər qan donduran səhnəni yada salır: taundan ölən oğlan uşağının yatağı başında doktor Rienin keşiş Panlyuya ritorik sualını: “Sizin Tanrınız buna necə yol verə bilir?”
 
Cavab tələb olunmur, cavab sualdadır. Bunu əsərdəki keşiş anlaya bilir – tərbiyəsi, əxlaqı, analiz qabiliyyəti və məntiqi ona bu imkanı verirdi. Bəs bizim günlərimizin dindarları? Kamünün keşişi üçün taunla müharibə zamanı cavab tələb edən ağır suala çevrilmiş o sözlər bugünkü müharibələrin iştirakçılarına elə arxaik, mənasız və lazımsız görünür ki!
 
Və aqressiya. Müharibə bir çox alçaq məqsədə çatmaq üçün rejissorların nəzərində “qızıl yumurtlayan toyuğa” çevrilib. Halbuki aydındır: müharibələr həmişə istismarçı siniflər üçün böhranlardan, öz problemlərindən qurtulmaq və elementar sərvət toplamaq vasitəsi olub. Rejissorlar təşkil edir, xalqlar bir-birini qırır. Fərqi yoxdur hansı quruluşdur – quldarlıq, feodalizm, ya kapitalizm. Harada ki, əzən və əzilən siniflər var, müharibə əzənlərin vasitəsinə çevrilib.
 
1095-ci ildə start götürən ilk Səlib yürüşünə də kilsə Avropadakı böhranı çözmək, varlanmaq  və torpaqsız əsilzadələri (“quru bəylər”i) başından etmək üçün xeyir-dua verməmişdimi? Torpaqsız əsilzadələr Avropanın özündə savaş çıxarmasın deyə (Şərqdən fərqli olaraq, Avropada atanın mirası yalnız böyük oğula qalırdı, bölünmürdü. Odur ki, çox sayda titullu varidatsızlar yaranmışdı) onları Şərqə yollayıb yaxa qurtarmaq o yürüşlərin heç də sonuncu səbəbi deyildi. İndi isə kapitalizm qlobal böhranı çözə bilməyərək böhrandan yenə müharibələrlə çıxmağa çalışır. Sadəcə, indi bu, işğalçı qoşunlar vasitəsilə yox, iç savaşlar formasında aparılır.
 
Aqressiyanın miqyası isə artmağında davam edir. Qloballaşma yalnız şəri qloballaşdırıb. Və bütün bu sonsuz fəlakətlər məqsədyönlü mədəniyyətsizləşdirmə siyasətindən başlayıb.
 
 
 
***
 
Nobel nitqində Brodski deyirdi: “İncəsənət, o cümlədən, ədəbiyyat iradi və ya qeyri-iradi olaraq insanda fərdilik, unikallıq hissini inkişaf etdirir, insanı ictimai heyvandan şəxsiyyətə çevirir”. 
 
Bu da onun kəlmələridir: “Təcrübəyə görə yox, sırf nəzəri olaraq deyirəm: məncə, Dikkensi mütaliə etmiş adama hər hansı ideya yolunda başqalarına güllə atmaq daha çətindir, nəinki Dikkensi oxumamış adama...”
 
Görəsən, artıq gec deyil ki?!..
 
Məmməd Süleymanov
 
1937.az
Yuxarı