post-title

Köləlikdən necə xilas oldum?

On il – 16 yaşımdan 26 yaşıma qədər – sərasər siqaret çəkmişəm. Başlanğıcda elə hər kəs kimi safcasına, “məzə üçün”, ya da artıq “yetkin insan” olduğumu sübut etmək üçün çəkirdim. Ancaq sonradan vəziyyət dəyişdi.

 
 
10-cu sinifdə oxuyanda sinfimizdəki əksər oğlanlar siqaret çəkməyə başlamışdılar, mən də bir gün onlara qoşuldum. Beləliklə, siqaret mənimçün yeni bir macəraya, zövq mənbəyinə çevrildi. Elə bil özümə yeni bir yoldaş tapmışdım. O əsl dost idi, sədaqətliydi, pis vaxtlarımda mənə arxa-dayaq idi. Düzdür, bu dostluğu davam etdirmək üçün bir xeyli pul xərcləməli olurdum, ancaq bunun nə önəmi var, əsas məsələ hisslər deyilmi? İlk illər çox yaxşı keçdi, özüm üçün sümürürdüm. Amma elə bir zaman gəldi ki, siqaretin pis cəhətlərini görməyə başladım. Tez-tez təngnəfəs olurdum, əvvəlki kimi yaxşı futbol oynaya bilmirdim, bir neçə dəqiqədən sonra nəfəsim kəsilir, bir yerə çöküb qalırdım. Dişlərimdə problemlər yaranırdı, nəfəsim siqaret iyi verirdi. Hansısa qapalı yerdə olanda stres keçirir, siqaret barədə düşünməyə başlayırdım. Qəfildən gecə vaxtı və ya hansısa şəraitdə siqaretim bitərsə və həmin an tapılmayarsa, bu mənimçün əsl işgəncəydi. Ucuz siqaretlər iyrənc idi, məcbur olub bahalılarını çəkirdim. Buna görə də “dost”uma bütöv bir sərvət xərcləməli olurdum. Pulum tükənəndə, ya da siqaret tapılmayanda, məcbur qalıb kiməsə siqaretə görə ağız açırdım, buna görə də özüm öz gözümdən düşür, narahatlıq keçirirdim. 
 
Bütün bu problemlər məni bir neçə dəfə siqareti tərgitməyə vadar etdi. Amma bu fasilələr çox qısa müddət davam edirdi, yenə çəkməyə başlayırdım. Fikirləşirdim ki, nə vaxtsa bir dəfəlik tərgidərəm də, onsuz da istədiyim vaxt tərgidə bilirəm. Amma nədənsə zaman keçdikcə  siqaretə daha çox bağlanır, heç cür tərgidə bilmirdim. Siqaretlə bağlı qorxularım da artırdı: birdən impotent olaram, birdən xərçəngə tutularam, birdən cavan ölərəm kimi əzablı suallar boğazımdan tutub məni boğurdu. Siqareti atmaq üçün nə qədər söz verir, and içirdim, xeyri olmurdu. Mən artıq normal insan yox, stres keçirən, sağlamlığını itirməkdə olan, hər gün ilk siqareti yandıranda özünü ən axırıncı insan kimi hiss edən, özünəinamsız məxluq idim. “Dost” adı verdiyim siqaret məni əsir almış, köləyə çevirmişdi və ən maraqlısı odur ki, könüllü şəkildə özümü köləsinə çevirdiyim bu cansız, iyrənc bir şey üçün bir xeyli pul ödəyirdim... 
 
Son illərdə dəfələrlə siqareti tərgitməyə cəhd elədim, heç cür öhdəsindən gələ bilmədim. Bir-iki, dörd-beş gün, hətta bir həftə çəkmirdim, amma ya hansısa içki məclisində, ya əsəbiləşəndə, ya da çevrəmdəkilər siqaret çəkəndə mən də dözəmmir, “bir dənədən heç nə olmaz”, - deyib bir siqaret yandırır, elə bununla da yenidən onun caynağına keçirdim. Atdığım bütün addımlar kor dalana dirənirdi. İnsanıq axı, bataqlığın içində də olsaq, özümüzə təsəlli verməliyik. Mən də bütün siqaret çəkənlər kimi “Siqaret çəkmək pisdisə, sağlam bədənlə ölmək ondan da pisdir”, ya da “Siqaret çəkmək pisdi, içki içmək murdarlıqdı, sağlam ölmək isə axmaqlıqdı” üslubunda aforizmlər guppuldadırdım. İnsan ən çox yalanı özünə danışır, özünü aldadır, mən də bütün siqaret çəkənlər kimi siqaret məsələsində çoxlu yalanlar danışır, özümü aldadırdım: “Gündə 5 dənədən artıq çəkmirəm. Az çəkirəm. Keyfiyyətli siqaret çəkirəm. Nikotini, qətranı az olan siqaret çəkirəm. Siqaret çəksəm də, çoxlu gəzirəm, yüngülvari idman eləyirəm. Bu yaxınlarda atacam...” və s. və ilaxır. Həqiqət isə o idi ki, mən gün keçdikcə daha çox siqaret çəkirdim, içki içəndə isə ümumiyyətlə daha çox. 
 
Vəziyyət gün keçdikcə pisləşirdi. 40-50-60-70 yaşlarında siqaret çəkənləri görür, onların vaxtından tez qocalmalarına, nəfəs ala bilməmələrinə, hərəkətsiz, əzgin, yorğun olmalarına şahid olur, “mən də onlar kimimi olacam”, - deyib qanımı qaraldırdım. Siqaret bütün həyatımı, yaşantımı ələ keçirmişdi. Müxtəlif vasitələrə əl atır, and içir, söz verirdim, ama heç vəchlə xeyri olmurdu. 
 
Bir gün köhnə tanışımla görüşdüm. Bir məclisdəydik, mən siqaret çəkməyə başladım. Bir müddətdən sonra fərqinə vardım ki, tanışım siqaret çəkmir, halbuki əvvəl məndən beş betər sümürürdü. Bəlli oldu ki, siqareti tərgidib. Hələ tərgitməyi az deyilmiş kimi, idman da eləməyə başlayıb, sağlam həyat tərzi sürür. 
Siqaretlə söhbəti mən açmışdım, söhbət mənim üzərimə gələndə siqaretlə bağlı yuxarıda sadaladığım yalanları, təsəlliləri deməyə başladım. Tanışım mənim bütün arqumentlərimi gülə-gülə, soyuqqanlılıqla heçə çıxardı. Mat-məəttəl qalmışdım, çox dözülməz bir halıydı, çox ciddi şəkildə ifşa olunurdum. Axırda təslim oldum, soruşdum ki, necə oldu o, siqaretin öhdəsindən gəldi. Və tanışım mənə siqareti tərgitmək üçün “Allen Karr” metodundan istifadə eləməyi məsləhət gördü. Mən əvvəllər bu metodu özündə əks etdirən bir saatlıq videoya baxmışdım, cəmi bir-neçə gün təsiri olmuşdu. Önəmli olan isə, video yox (video az effektlidi), kitab imiş... 
 
O biri gün işdən çıxan kimi dərhal kitab mağazasına cumdum və Allen Karrın məşhur “Siqareti tərgitməyin asan yolu” kitabını aldım. Allen Karrın həmin kitabı bütün dünyada milyonlarla tirajla satılıb. Siqareti tərgitmək üçün ən ideal vasitələlərdən biri, bəlkə də birincisidir. Kitabın effektivliyi o qədər yüksəkdir ki, siqaret mafiyası onun yayılmasının qarşısını almaq üçün var gücüylə çalışır. 
 
Mən də öhdəsindən gəldim, kitabı oxudum və siqareti tərgitdim. Siqareti tərgitmək çox asan imiş. Artıq neçə aydır ki, siqaret çəkmirəm və bir şeydə qəti şəkildə əminəm: mən bir də heç vaxt siqaret çəkməyəcəm, bir də heç vaxt siqaretin əsiri olmayacam! 
 
Allen Karr müasir dövrün peyğəmbərlərindən biridir. Kitabı haqqında eşitmişdim, tanıdığım adamlar arasında da kitabı oxuyub siqaretdən canını qurtaranlar olmuşdu. Amma nədənsə elə bilirdim siqaretdən kitab oxuyaraq xilas olmaq mümkün deyil. İnsan bir çox məsələlərdə ağılsız məxluqdu, beyninə bir şeyi yerləşdirir, elə bilir ki, düşündüyü düzdü, bunu dəqiq bilir. Amma elə bir an gəlir, görürsən ki, yox, əslində heç də elə deyilmiş. 
 
Hər dövrün öz cahilliyi var. İnsanlıq tarix boyu böyük cahilliklərə yol verib, batil inanclara tapınıb. Siqaret çəkməyin insana həzz verməsi, stresdən xilas etməsi, konsentrasiya üçün ideal vasitə olması, bir dost, yoldaş olması barədəki əminlik də müasir dövrün batil inanclarından biridir. Yəqin, gələcək dövrlərin insanları bizim siqaretə görə sağlamlığımızı bada verməyimizi, könüllü şəkildə onun quluna çevrilməyimizi, müxtəlif xəstəliklər taparaq onun uğrunda həlak olmağımızı, hələ üstəlik onun üçün bu qədər pul xərclədiyimizi öyrənib dəhşətə gələcəklər. 
 
Allen Karr siqaret aludəçilərini xəstəliklərlə qorxutmağın düzgün olmadığı fikrindədir, ona görə də kitabında demək olar ki, bu məsələyə toxunmur. İnsanları xəstəliklərlə qorxutmur. Məsələyə tamam başqa aspektdən yanaşır və bu, həqiqətən də daha faydalıdır. 
 
Amma mən Allen Karr deyiləm, istəyirəm bəzi xırda məsələləri yazım. Siqaretdən ölənlərin sayı bəşər tarixindəki bütün müharibələrdə ölən insanların sayından dəfələrlə çoxdur. Siqaret çəkmək lotoreya kimidir, hər bir neçə nəfərdən birinin siqaretdən pis xəstəlik tapması böyük bir ehtimaldır. Müxtəlif narkotiklərdən, hətta heroin kimi ağır narkotikdən ölənlərin sayı siqaretdən ölənlərlə müqayisədə heç nədir. Siqaret mafiyası dünyanın ən güclü 3-4 mafiyasından biridir. Onlar trilyonlarla dollara nəzarət edirlər. Onların dövlətlərə böyük təzyiqi var və pulla istədiklərinə nail ola bilirlər. Siqareti məhdudlaşdırmaq barədəki qanun layihələri onların təzyiqilə qəbul olunmur. Hətta bəzi avtoritar, diktator rejimlər siqaret mafiyası ilə əlbir işləyir, birlikdə pul qazanırlar. Siqaretdən ölənlərin və xəstəlik tapanların statistikası məhz siqaret mafiyasının əli ilə çox vaxt gizlədilir, daha aşağı rəqəmlərlə göstərilir. Siqaret mafiyası reklama çoxlu pul xərcləyir, kinolarda, seriallarda, müxtəlif fotolarda siqaret çəkməyin “cool” bir şey olduğu təbliğ edilir. Xüsusilə yeniyetmələr, gənclər asanlıqla bu “cool” olmaq tələsinə düşürlər (Mən də bir vaxtlar düşmüşdüm). Siqaret qutularına bir baxın, onlar necə də gözəldirlər, necə əntiqə görünüşləri var, adam lap qutunu yemək istəyir...
 
Siqaretlə bağlı ən böyük aldanışlardan biri “nə vaxtsa tərgidərəm” fikridir. İnsanın yaşı ötdükcə, siqaretdən canını qutarması daha müşkül məsələyə çevrilir, çünki siqaret də bir narkotik növüdür, hətta daha pisdir. Siqaret çəkən insanın vaxt keçdikcə, daha çox nikotinə ehtiyacı yaranır və zamanla daha çox siqaret çəkir. 20-25 yaşında günə 5-10 siqaret çəkən şəxs, bir müddətdən sonra tərgidəcəyini düşündüyü halda, daha çox siqaret çəkməyə başlayır. 
 
Siqaret çəkmək insanın sağlamlığını əlindən alır, insanı vaxtsız qocaldır, insanı passiv, hərəkətsiz, depressiv bir məxluqa çevirir. Siqaret stres mənbəyidir. İnsan gün ərzində müxtəlif məsələlər barədə stres keçirdiyini zənn edir, əslində isə çox vaxt bu stres siqaretdən qaynaqlana bilir. Siqaret çəkən şəxsin “həzz”, “stresdən qurtulmaq”, “rahatlanmaq” dediyi şey əslində nikotin dozasının təmin olunmasıyla bədənin rahatlamasıdır. Bir müddət siqaretsiz qalmısan, nəhayət siqareti dənəsini yandırıb tüstüsünü içinə çəkirsən: “Bəh-bəh-bəh, necə böyük ləzzət, necə böyük kayf, necə böyük həzzdir”. Əlbəttə ki, sənə elə gəlir, bir müddət siqaretsiz qalmışdın, bədənindəki nikotin qurdunun təcili nikotinə ehtiyacı vardı, nəhayət ki, təmin olundu, sənə də elə gəldi ki, həzz almısan. Həzz alan nikotin qurdudu, sən yox. Narkotik aludəçisi də bədənini narkotik dozası ilə təmin edəndən sonra “həzz alır”, “stresdən qurtulur”, “rahatlanır”. Amma adətən narkotik aludəçilərinə yazıq insanlar kimi baxırlar, siqaret aludəçilərinə isə yox. 
 
Cavan adam (yaradıcı adam) siqaret çəkməli, içki içməlidir fikri 19-cu əsrdə, 20-ci əsrin ortalarında qaldı. İndi sivil, mədəni insan siqaret çəkməyən insandır. Ona görə də sivil və mədəni ölkələrdə siqaret çəkmək məhdudlaşdırılır, siqaret aludəçilərinin sayı azalır. Siqaret mafiyası da gözlərini Afrika və Asiya insanına dikib – Yeni Qurbanlar... 
 
Allen Karr metodu çox effektlidir və siqareti tərgitmək çox asandır. Amma təbii ki, istək də olmalıdır. Əgər siqaretdən həqiqətən xilas olmaq istəyirsinizsə, bu kitabı oxuyun. Milyonlarla insan bu metodla xilas olub, böyük ehtimalla siz də xilas olacaqsınız, sadəcə buna inanın və əməl edin. “Sağlam bədəndə sağlam ruh olar”, klişe ifadəyə çevrilsə də, insanlar mənadan çox sözlərə fikir versələr də, bu ifadə özündə çox dərin mətləblər daşıyır.
 
Şəxsən mən siqareti atandan sonra həyatımda möcüzələr baş verməyə başladı. İndi daha özünəinamlı, daha çox enerjili, hərəkətliyəm. Daha çox oxumağa və məhsuldar düşünməyə başlamışam. İndi gün ərzində daha çox və daha effektli iş görürəm. Hətta səhərlər durub qaçmağa başlamışam, həyatımda heç vaxt özümü indiki qədər gümrah, sağlam, özünəinamlı hiss etməmişəm. İndi siqaret çəkmədiyimə görə hədsiz xoşbəxtəm. Siqaretdən xilas olduğum aylar ərzində həyatımda cəmi iki pis hadisə baş verib. Müxtəlif vaxtlarda iki dəfə yuxuda görmüşəm ki, siqaret çəkirəm. Həmin vaxt o qədər pis olmuşdum ki, sözlə ifadə olunası deyil. Heç cür özümə gələ, özümü bağışlaya bilmirdim. Hövlnak yuxudan ayılanda isə başa düşdüm ki, mən siqaret çəkmirəm, bunu yuxuda gördüm. Bu sadəcə yuxu idi, kabus kimi bir yuxu...
 
Cavid Ramazanlı
 
 
Yuxarı