post-title

Romanın sonu onun harasındadır?

Milorad Paviçin essesi

 
 
Svetlana Turanın tərcüməsində Milorad Paviçin “Romanın əvvəli və sonu” essesini təqdim edirik.
 
Borxes öz ilk yüz oxucusunun üzünü görməyi arzulayırdı. Mənim istəyim fərqlidir. Bizim hamımız son yüz oxucumuzun üzünü görmək qorxusu ilə üzləşməmişikmi, ya çox patetik səslənməsin deyə, deyək ki, son yüz roman oxucumuzun?
 
Bu suala cavab vermək üçün gəlin öz-özümüzə sual edək: nə vaxt və harada, mətnin hansı hissəsində romanın oxunması başlanır və oxu prosesi nə vaxt və hansı məqamda bitir? Romanın əvvəli və sonunun, oxunun əvvəli və sonunun Yasmina Mixayloviçin “oxu və seks” anlayışı ilə əlaqəsi nədən ibarətdir? Romanın sonu olmalıdırmı? Ümumiyyətlə, romanın, bədii əsərin sonu nədir? O, mütləqmi bir dənə olmalıdır? Roman və ya pyesin neçə finalı ola bilər?
 
Öz kitablarım üzərində iş zamanı mən bu suallara cavab tapdım. “Dönüşü olan” və “dönüşü olmayan” incəsənətin mövcudluğunu çoxdan anlamışam. Elə incəsənət növləri var ki, onlar tamaşaçıya əsərə müxtəlif tərəflərdən yanaşmağa, müşahidə nöqtələrini və perspektivi tamaşaçının öz istədiyi kimi dəyişməyə imkan verir. Memarlıq, heykəltəraşlıq, rəssamlıq dönüşü olan incəsənət növləridir. Musiqi və ədəbiyyat kimi dönüşü olmayan incəsənət növləri birtərəfli hərəkətə malik yola bənzəyirlər, burada hər şey əvvəldən sona, doğuluşdan ölümə tərəf gedir. Mən həmişə ədəbiyyatı dönüşü olmayan incəsənət növündən dönüşü olana çevirmək istəmişəm. Ona görə də mənim kitablarımın klassik anlamda nə əvvəli var, nə də sonu.
 
Məsələn, 100 min sözdən ibarət roman-leksikon “Xəzər sözlüyü” müxtəlif dillərin əlifbalarına uyğun olaraq fərqli sonluqlarla bitir. “Xəzər sözlüyü”nün kiril əlifbası ilə çap olunmuş orijinal versiyası latın sitatı “sed venit ut illa impleam et confirmem, Mattheus” ilə bitir. Bu roman yunan dilinə tərcümədə: “Mən o dəqiqə anladım ki, məndə bir deyil, üç qorxu var” kimi sonlanır. İngilis, idış, ispan və daniya versiyaları bu cür bitir: “Sonra, oxucu qayıtdıqda bütün proses dəyişildi və Tibon tərcüməni səyahətdən aldığı təəssürata uyğun olaraq dəyişəsi oldu”. Latın əlifbası ilə nəşr olunmuş serb versiyası, Norsteds nəşriyyatı tərəfindən çap olunmuş isveç versiyası, holland, çex və alman versiyaları bu cümlə ilə sona çatır: “Bu baxış Koenin adını havada cızdı, fitili yandırdı və evə tərəf aparan yolu onun üçün işıqlandırdı”.
 
Kitabın macar versiyasının son cümləsi isə belədir: “O, sadəcə, istəyirdi ki, sənin diqqətin sənin öz mahiyyətinə yönəlsin”. İtalyan və katalon versiyaları isə belə bitir: “Həqiqətən də, Xəzər qabı hələ də xidmət edir, baxmayaraq ki, onun mövcudluğunun sonlanmasından bəri xeyli müddət keçib”.
 
Tokyo Zagen Sha tərəfindən nəşr edilmiş yapon versiyasında son cumlə budur: “Qız öz qızına– öz ölümünə həyat verdi; bu ölümdə onun gözəlliyi bölünərək zərdaba və çürümüş südə çevrildi, onun dibində isə qamış kötüyünü tutmuş ağız görünürdü”.
 
“Çayla çəkilmiş peyzaj” adlı ikinci romanım (onu krossvordla müqayisə etmək olar) “şaquli” xətt üzrə oxunduqda ön plana əsərin baş qəhrəmanlarını çıxarır. Amma həmin hissələri “üfüqi” xətt üzrə (adi üsulla) oxuduqda ön planda romanın süjeti və onun inkişafı olacaq. Gəlin belə olan halda əsərin əvvəlinin və sonunun necə olacağına nəzər yetirək.
 
İlk öncə, bu roman onu qadın, yoxsa kişinin oxumasından asılı olaraq fərqli şəkildə bitir. Əlbəttə ki, romanın fərqli sonlanması həm də onun “şaquli”, yoxsa “üfüqi” istiqamətdə oxunmasından asılıdır. “Üfüqi” istiqamətdə oxunan “Çayla çəkilmiş peyzaj” belə başlayır: “Qaytarılmamış olan heç bir şillə qəbrə aparılmamalıdır”. Belə olan halda roman: “Oxucu adı bir müddət Razin olan Anastasiy Sviların başına gələnləri yaddan çıxarmasın” cümləsi ilə bitir.
 
“Şaquli” istiqamətdə oxunan “Peyzaj”ın ilk cümləsi belə başlayır: “Bu Attestatı dostumuz, məktəb yoldaşımız və havadarımız, həmçinin Atanas Svilar adı ilə tanınmış arxitektor Atanas Fyodoroviç Razin üçün, bir dəfə dövrümüzün ən gözəl qadınlardan birinin kürəyinə öz adını dili ilə yazan...” Elə bu yolla oxunan romanın son cümləsi isə budur: “Mən kilsəyə qaçaraq girdim”.
 
Roman-sözlük və roman-krossvorddan sonra mən ədəbiyyatı “dönüşü olan”a çevirməkdən ötrü daha bir üsula əl atdım. Bu “Küləyin iç tərəfi” kitabı – roman-klepsidra idi. Bu romanın iki titul vərəqi var. Məşhur arxeoloq Draqoslav Sreyoviçin dediyi kimi onu “bir yarım dəfə” oxumaq məsləhətdir. Romanın sonu kitabın ortasında, bu mifoloji təhkiyənin bir-birinə vurulmuş qəhrəmanları – Hero ilə Leandrın görüş səhnəsindədir.
 
Kitab Leandr tərəfdən belə başlayır: “Gələcəyin bir dənə danılmaz müsbət cəhəti var: o heç vaxt bizim təsəvvür etdiyimizə bənzəmir...” Bu hissənin son cümləsi isə belədir: “Qalalar dəhşətli partlayışla havaya sovrulub özü ilə Leandrın içində məhv olduğu atəşi apardıqda saat birə beş dəqiqə işləmişdi”.
 
Əgər siz “Küləyin iç tərəfi”ni Hero tərəfdən oxuyursunuzsa, başlanğıc belə olacaqdır: “Ömrünün birinci hissəsində qadın bizə həyat verir, ikincisində isə o, ya özünü, ya da yanındakıları öldürür və basdırır”. Bu tərəfdən roman belə sonlanır: “Pərt olmuş leytenanta inansaq, heç üç gün də keçməmişdi ki, Heronun başı gecə vaxtı müdhiş kişi səsi ilə qışqırdı”.
 
Mənim az əvvəl çıxmış “Konstantinopolda son məhəbbət” əsərim Taro kartları ilə fal açmaq vəsaitidir. Roman Böyük Arkanların kart sayına uyğun olaraq 22 hissədən ibarətdir. Məlum olduğu kimi, Taro kartları ilə gələcəyi demək mümkündür, “Konstantinopolda son məhəbbət” romanının da Taro kartları kimi bir neçə mənası (açarı) vardır. Başqa sözlə, bu, fal açmaq üzrə vəsaitdir (lakin roman obrazların deyil, oxucuların gələcəyini deyir) və müxtəlif cür “istifadə oluna” bilər.
 
Kitabın hissələrinin başlıqlarını Taro kartlarının mənası ilə tutuşdurmaq olar. Kartla fal açarkən romanın hissə başlıqlarından istifadə etmək olar. Romanı kartlardan istifadə etmədən oxumaq olar. Həm də kitabda olan izahdan istifadə edərək kartları düzmək və kitabın hissələrini kartların göstərdiyi ardıcıllıqla oxumaq mümkündür.
 
Beləliklə, siz görürsünüz ki, mənim romanlarımın içindən bir deyil, bir-birindən çox aralı yerləşən bir neçə çıxışdan çıxmaq olar.
 
Mənim üçün roman və memarlıq nümunəsi arasında olan fərq getdikcə silinir və yəqin ki, mənim bu məqalə vasitəsilə demək istədiyim ən vacib məsələ budur. İndi isə gəlin dövrümüzdə daha aktual olan digər suala nəzər salaq. Romanın sonuna çatırammı? Romanın sonu haradadır? Əvvəldə? Bəlkə, keçmişdə? Görəsən biz tarixdən sonrakı dövrdə yaşayırıqmı? Bəlkə, finiş xəttini bunu özümüz hiss etmədən belə, keçmişik? Çoxdan bitmiş yarışda iştirak etmirik ki?
 
Məncə, belə mülahizə etmək hələ tezdir. Mən ənənəvi oxu tərzinin qürubuna yetişdiyimizi deməyə daha çox meyl edirəm. Bu, romanın krizisi deyil, bizim oxu üslubumuzun krizisidir. Bu birtərəfli hərəkəti olan romanın krizisidir. Romanın qrafiki təsviri də krizis çağındadır. Biz deyə bilərik ki, kitab krizis keçirir. Hiperədəbiyyat bizə göstərir ki, roman da şüur kimi bir neçə istiqamətə yönələ bilər. Hiperədəbiyyat romanı interaktiv edir.
 
Mən oxucunun oxu prosesindəki rol və məsuliyyətini artıraraq adi oxu üslubunu dəyişməyə çalışdım (unutmayaq ki, dünyada istedadlı oxucunun sayı istedadlı yazıçı və ədəbi tənqidçilərin sayından çoxdur). Mən oxuculara romanın əsas yerləri və süjeti barədə özlərinin qərar verməsi üçün şərait yaratdım: romanın harada başlamasını, harada bitməsini, hətta baş qəhrəmanların taleyini həll etməyi belə. Lakin oxu tərzini dəyişmək üçün mən yazı tərzini dəyişməli idim. Ona görə də bu dediklərim romanın yalnız forması haqda ola mülahizələr kimi deyil, həm də romanın mahiyyəti barədə mülahizələr kimi qəbul edilməlidir.
 
Axı iki min il ərzində romanın forması bir əndazəyə salınmış forma olub. Mən hesab edirəm ki, bunun sonu gəlib çatıb. Hər bir roman öz formasını seçməlidir, hər bir hekayə öz bədənini axtarmalı və tapmalıdır...
 
Kompüterlər bizə sübut edir ki, bu mümkündür. Lakin siz kompüteri sevmirsinizsə, o zaman memarlığın bizə nə öyrətdiyinə diqqət edin. Memarlıq həyatımızı dəyişir. Əgər ədəbiyyata memarlığa baxdığımız kimi nəzər salsaq, o zaman o da həyatımızı dəyişər. Roman evə çevrilə bilər. Heç olmasa hansısa müddətə. 
 
Kulis.az
Yuxarı