post-title

Cəmiyyətin struktursuzluğu və ya rus dillilərin qürubu

Ya vəlvələdən, ya zəlzələdən ölkəmizdə proseslər elə cərəyan edir ki, gündəmi izləməkdə və fikir bildirməkdə gecikə bilərsiniz. Halbuki Yer kürəsində yaşayan milyardlarla insanın Azərbaycanının mövcudluğundan heç xəbəri də yoxdur. Amma Azərbaycanlılar yerlə göylə vuruşur, özlərinin bəşəriyyətə vacib olduqlarına iddia edirlər. Halbuki "məlum və mənfur qonşular"dan başqa bizimlə maraqlanan yoxdur. Elə bizim də istinad nöqtəmiz onlardır. Bu, bizim ölkə xaricindəki vəziyyətimizin bir-iki cümlədə təsviridir.

 
 
Ölkə xaricində hər kəsin istinad nöqtəsi bəllidir. İçəridəki vəziyyət daha acınacaqlıdır. Müxtəlif qrup və alt qruplara bölünən cəmiyyətimizdə xüsusi bir kateqoriyanı da rus dillilər təşkil edir. Bir müddət əvvəl yenidən gündəmə gələn rus sektoru, yoxsa azərbaycan sektoru müzakirələri konteksində maraqlı fikirlər ortaya çıxdı. Cəmiyyətin əks qütblərində dayanan tərəflər öz haqqlı tərəflərini inadla müdafiə etməyə çalışdılar. Zaman zaman aqressivləşən tərəflər əslində göstərdilər ki, yerlərdə sürünən təhsil sisteminin yetişdirdiyi insanlar arasında elə də böyük fərq yoxdur. Nə də olsa, hər iki tərəf azərbaycanlıdır və cəmiyyət olaraq sivilizasiya prosesini tamamlaya bilməmişik. Bundan öncəki silsilə yazılarda azərbaycan sektorunun nümayəndələrinin xüsusiyyətlərinə toxunmuşdum. Bu yazı daha çox rus dillilər, onların işlətdiyi arqumentlər və bu arqumentlərin istinad mənbələrinə nəzər yetirməkdən ibarətdir. Burada məqsədimiz nə hər hansı tərəfin səhvini üzünə vurmaq, nə də ki azərbaycandillilərin üstünlüklərini göstərməkdir. Digər tərəfdən qeyd etmək istərdim ki, yazıda adlandırılacaq rus dillilər sadəcə və sadəcə ana dili azərbaycan olan, milliyəti azərbaycanlı olub, amma özünü başqa kateqoriyada görənlərdir. Ölkəmizdə yaşayan Rus xalqının nümayəndələrinin burada istifadə ediləcək arqumentlərə aidiyyatı yoxdur. Yazının bundan sonrakı hissəsində linqvistik və sosioloji nəzəriyyələrə əsaslanaraq davam edəcəyik.
 
Giriş
 
Amerikalı alimlər Eward Sapir (linqvist) və Benjamin Whorf (antropoloq) 1929-cu ildə o zamana qədər düşünülməyən bir nəzəriyyə ilə çıxış etdilər. E.Sapir tərəfindən başlanıb B.Whorf tərəfindən təkmilləşdirilən “Sapir-Whorf” nəzəriyyəsinin əsas mahiyyəti bundan ibarət idi: hər hansı bir şəxsin dili onun dünyaya baxışını müəyyən edir; dilin strukturu sadəcə fikirləri ifadə etmək üçün deyil, eyni zamanda da ətrafı dərk etmək üçün əsas vasitədir. Benjamin Whorf özünün  "Science and Linguistics" adlı essesində yazırdı: “Hər bir dilin əsas strukturunu təşkil edən linqvistik sistem fikirləri ifadə etmək üçün istifadə edilən yaradıcı vasitə deyil, bu sistem əslində fikirlərin əks etdirən formadır”. Beləliklə burdan çıxan  nəticə belədir ki, bizim düşüncələrimiz və təcrübələrimiz və dünyaya baxışımız istifadə etdiyimiz dildən aslıdır. Fərqli dilləri danışan insanlar fərqli dünyalarda “yaşayır”, çünki hər dilin qrammatik quruluşu bunu formalaşdırır.
Buradan  dilin strukturu və qrammatika qanunlarının xüsusi ilə qabardıldığını görürük. Dilin əslində dünyaya baxışı formalaşdırdığını; məhz dilin sayəsində dünyaya daha fərqli baxmağın mümkün olduğunu düşünənlər elə zənn edirlər ki, bu vasitə ilə cəmiyyətin digər təbəqələrindən seçilə və daha ciddi mövqedə qərarlaşa bilərlər. Gəlinən bu nəticə də bizim cəmiyyətimizdəki rus dillilərə şamil edilə bilər. Rus dillilər istifadə etdikləri dilin cəmiyyətin digər nümayəndələrindən daha yaxşı düşünməyə, daha yaxşı nəticələr eldə etməyə imkan yaratdığına inanırlar. Halbuki onlara təskiniklik verə biləcək bu nəzəriyyə (hansı ki, özlərinin də xəbəri yoxdur) də qüsürlarına görə tənqidə açıqdır. Sapir – Whorf nəzəriyyəsi tənqidçilərə görə dil, düşüncəni müəyyən bir çərçivəyə salır və alternativləri düşünməyə imkan vermir. Son araşdırmalar da göstərir ki, düşünmək elə də bu nəzəriyyənin iddia etdiyi kimi dildən aslı deyil. İdeoloji prinsiplər üzərində qurulan bu nəzəriyyənin məhdudluğunu bizim kontekstimizdə də görmək olar. Rus dillilərin iddialarına görə daha dərin düşünmək qabilliyyətləri göründüyü kimi, dildən aslı deyil. Bəli, dil dünyaya baxışın formalaşmasında rol oynayır, amma bu bünövrəni təşkil etmir.  Məşhur isveçrə psixoloqu Jan Piajenin də dediyi kimi uşağın koqnitiv inkişafı zamanı dil sonrakı mərhələni təşkil edir. Yəni, uşaq dili bilmədən də, pişiyin pişik olduğunu anlayır. Uşağın pişiyi “cat”, “kat”, “kedi”, “кошка” adlandırması da sonrakı prosesdir.  Digər tərəfdən də ortaya belə sual çıxır: Əgər  dilin strukturu düşünmə mexanizmini formalaşdırırsa, bəs dilin strukturunu ortaya çıxaran faktorlar nələrdir? Bu nəzəriyyə ortaya qoyulan problemləri həll etmək potensialına malik olmadığı üçün davamlı olaraq tənqidi fikirlərlə qarşı – qarşıya qalıb. Təbii ki, burada tənqidi nəzəriyyələrə ətraflı toxunmaq niyyətindən uzaq olduğumuz üçün yazının geri qalan hissəsini dilin cəmiyyətlə bağlılığı, mədəni kapitalın formalaşmasındakı rolu və dilin istehlak cəmiyyətinin bir parçası olduğuna toxunub, problemi fərqli çalarlarda diqqətinizə çatdıracayıq.
 
1. Dil və Cəmiyyətin strukturu  
 
Dilin cəmiyyətin strukturuna təsiri və bu strukturdakı mövqeyi göz ardı edilməməlidir. Yuxarıdakı nəzəriyyənin əksinə olaraq bu kontekstdə ortaya qoyulan nəzəriyyələr öz fundamentallığına görə daha diqqət çəkir.  Bütün zamanların ən böyük sosioloqlarından biri, təkcə elmi ilə deyil, siyasi mövqeyi və ictimai məsələlərə göstərdiyi həssalıqla 20-ci əsrin böyük fikir adamlarından biri hesab edilən Emil Durkheym və bacısı oğlu sosioloq Marsel Maussla birlikdə ərsəyə gətirdikləri “Classifications primitives” (1903) əsərində göstərirdi ki, düşüncə mexanizimininin formalaşması sosial təmələ malikdir. Durkheymə görə sosial struktur insanları eyni kateqoriyadan olan fərdlərlə bir araya gətirib onların dilinin və bu vəsilə ilə düşüncələrinin  formalaşmasına istiqamət verir. Burjua düşəncə tərzinin üstünlük təşkil etdiyi bir mühitdə ortaya çıxan bu nəzəriyyə müəyyən bir kateqoriyanı ön plana çıxarır. Bu iddia bizim kontekstimizdə rus dillilərin sevinməsi üçün müəyyən bir əsas təşkil edə bilər. Nə də olmasa onlar özləri üçün ayrı bir dünya yaradıb orda yaşayır, öz ritualları, öz qanun və dəyərləri olan bəlli bir həyat tərzi formalaşdırıblar. Özlərinə görə mövcud sərhədlər daxilində çox intellektual, dərin düşünən və ya ən azı ortaya fikir qoya bilən insanlardır. Amma hər zaman olduğu kimi burada da unutduqları bəzi nüanslar var. 
 
Birincisi, dilin və onun müqabilində düşüncənin formalaşması eyni dili danışan cəmiyyətin nümayəndələrinə aiddir. Yəni ki, rus dillilərin əhalinin böyük hissəsinin azərbaycan dilində danışdığı bir cəmiyyətdə daha mükəmməl düşüncə tərzinə sahib olmaqlarını iddia etmələri əsassızdır. Qapalı döngünün içərisində özlərindən başqa istinad nöqtəsi olmayan bu insan toplusunun cəmiyyətin aparıcı qüvvəsi olma iddiasını ən azı qərarlaşdığı vəziyyətə görə qiymətləndirməlidir. İkincisi, antropoloq Mary Douglasın təbirincə cəmiyyəti insan bədəni ilə müqayisə etsək, müəyyən qrupların yerləşdiyi bədən üzvləri də fərqli olur. Alimin də dediyi kimi,  insan bədəni cəmiyyətin təzahürüdür. Günümüz cəmiyyətində strukturdakı bölünmə, qruplar, alt qruplar bu və ya digər şəkildə məlumdur. Müəyyən tayfa və yerlibazlıq təfəkkürünün nəzarətində olan cəmiyyətin “bədəni” (oxu, struktur) müvafiq olaraq başdan başlayaraq həmin qruplar tərəfindən idarə olunur. Baş, göz, ürək, əl kimi əsas orqanlar həmin qruplara aiddir. Yoxsa cəmiyyətə nəzarət əldən itər. Qurşaqdan aşağı hissənin bəyənmədiyiniz sıradan azərbaycanlılar olduğunu fərz etsək, rus dillilərin özlərini hansı bədən üzvü olaraq gördükləri də maraq doğurur. Mədəmi, bağırsaqlarmı yoxsa yerdə qalan digər orqanlar?
 
2. Dil və Mədəni Kapital
 
Rus dillilərin zaman – zaman öyündükləri və cəmiyyətin digər təbəqələrindən üstün olduqlarını əsaslandırmağa çalışdıqları kateqoriyalardan biri də onların daha çox intellekte sahib olduqları, daha çox bilik əldə etmək üçün potensiala sahib olduqları və ən nəhayət bu intellektin sadəcə və sadəcə onların nəzarətində olmasıdır. Bilməyən adam olsa durub deyər ki, adamlar düz deyir. Rus dilinin verdiyi üstünlükdən istifadə edərək daha çox ədəbiyyat oxuya bilərlər, yaza bilərlər və ya ciddi fikir ortaya qoya bilərlər. Amma unutduqları bir şey var ki, hər dil öz kapitalını formalaşdırmağa qadirdir. Çünki kapitalı toplayan dilin gücündən çox o dili istfadə edənin səciyyəvi cəhətləridir. Bu kontekstdə istfadə etdiyimi “kapital” məhvumu iqtsadiyyata aid edilməməlidir. Bu məhvum məşhur fransız sosioloqu Pierre Bourdieu tərəfindən işlənən “mədəni kapital” konsepsiyasının bir hissəsidir. Bourdieu deyirdi ki, cəmiyyətin hər üzvü əslində mədəni kapitalı toplamaq potensialına sahibdir. Bunun üçün gərəkli olan şeylər təbii ki, yatırım etməkdir. Yəni, oxumaq, incəsənət nümünələri ilə tanış olmaq, teatrlara getmək, sərgilərdə iştirak etmək və bu kimi fəaliyyətlər insanın mədəni kapitalının artmasına səbəb olur. Göründüyü kimi burda dilin intellekti müəyyən etmək potensialı elə də şişirdiləcək qədər deyil. Bir insanın bir neçə dili bilməsi, o insanın həmin dildə mədəni kapital əldə etməsinə töhvə verə bilər. Rus dillilərin dünyanını dərk etməsi rus dili ilə məhdudlaşdığı bir zamanda, bəyənmədikləri azərbaycan dillilər, fransız, alman, latın dillərində mədəni kapitala yiyələnirlər. Bu portalda daha əvvəl dərc olunan yazımızda (Azərbaycanlıların hödükləşməsi, bunun səbəbləri və fəsadları) “mədəni kapital”ın əldə edilmə mexanizimi xırdalıqlarına qədər təsvir edilmişdi. Orda da qeyd etdiyim kimi burada da vurğulamaq istərdim ki, mədəni kapitalın əldə edilməsi uzun və məşəqqətli prosesdir. Təbii ki, rus dillilərin içərisində intellekt səviyyəsi müəyyən səviyyəyə çatan insanlar mütləq ki vardır. Amma bu ümumi bir qrupun uğurları deyil, bu prosesdən keçən insanların zəhmətinin nəticəsidir. Elə bunu da azərbaycan dillilərə də aid etmək olar. Başdan da dediyimiz kimi, bu yazının məqsədi müqayisə aparmaq olmadığı üçün, sadəcə mexanizimləri diqqətə çatdırmaqla kifayətlənirik. Çünki unutmamalı olduğumuz bir şey var. Yaşadığımız cəmiyyət inkişaf etmiş bir cəmiyyət deyil ki,  hər hansı tərəfin üstünlüklərini qabartmağa çalışaq.
 
3. Dil təbliğat vasitəsi kimi
 
Jose Ortega Y Gasset özünün məhşur “ The Revolt of the Masses” əsərində yazırdı: “Mədəniyyət, yeni cəmiyyətin ortaya çıxardığı barbarların hədəsi ilə üz-üzədir. İnsan topluluğu heç bir məqsədsiz və vizyonsuz şəkildə sadəcə və sadəcə öz rahatlığının maksimum reallaşdırmağa çalışır.  Balaca uşaqlar kimi  “yenə də, yenə də” deyən bu qalabalıq nə istədiklərini qavramadığı kimi, həm də cəmiyyətin digər təbəqlərini də yolundan azdırırlar”.  Bəli, cəmiyyətimiz bu gün özlərini intellektual adlandıran və özlərini seçilmiş “barbarların” hədəsinə tuş gəlib. Rus dillilər, özlərinin missiyası hesab etdikləri intellekt, yarışında örnək olub digərlərində özlərinə qarşı qibtə hissi oyatmağa çalışarkan bəzi şeyləri də unudurlar. Unutduqları odur ki, özlərinin əxz etməyə çalışdığı həyat tərzi tədricən onların da statuslarını silkələyir. Məsələn, bu gün rus dilində doğru danışmağı bacarmayan valideynlər övladlarını rus sektoruna yazdırırlar ki, övladları bu vasitə ilə daha yaxşı inkişaf edib daha yaxşı təhsil alsın. Amma təhsil sisteminin vəziyyəti aşağı yuxarı eyni olduğu bir zamanda azərbaycan dilli valideynləri övladları rus sektorundan “yetişməmiş” çıxacaq. Və bu “yetişməmişlik” davamlı prosesə çevriləcəyi halda ortaya rus dillilərin də dediyi kim intellektli insanlar deyil, “yarımçıq”  rus dillilər çıxacaq. Bu da özlərini yerə göyə sığdırmayan rus dillilərin tədricən sıradan çıxmasına və əvəzində isə yarı azəricə, yarı rusca danışan və azərbaycanlı kimi düşünən insanların yaranmasına səbəb olacaq. Göründüyü kimi, rus dillilərin “ülvi” və “ müqəddəs” hesab etdikləri təbliğat tədricən onları sıradan çıxma təhlükəsi ilə üz – üzə qoyacaq. Bu proses artıq başlayıb. Çünki gündəlik həyatda danışılan üslub (yarı rus, yarı azərbaycanca) bunun bariz nümunəsidir. Rus dillilərin bunu nəzərə alması və daha yaxşı rus dilində danışması tövsiyə olunur. Onsuz da bir ovuc qalmısınız, olan qalanınızı da yanlış təbliğata qurban verməyin.
 
Nəticə
 
Nəticə etibarı ilə onu deyə bilərik ki, yuxarıda qeyd etdiyimiz fikirlər, istifadə edilən nəzəriyyələr ümumilikdə cəmiyyətin bütün təbəqələrinə aid edilə bilər. Yəni, bu yazı azərbaycan dillilərin üstünlüklərini göstərmək məqsədi ilə yazılmayıb. Bu yazı  vasitəsi ilə, rus dillilərin hər an təsirə məruz qala biləcək mövqelərini göstərməyə çalışdıq. Onlar özlərinin də dedikləri qədər peşakar, intellekt və həssas, duyğu insanı olduqlarına iddia etmədən öncə sadaladığımız məsələləri yenidən nəzərdən keçirsə yaxşı olar. Yəni ki, ölkəyə kimin hansı məhsulu gətirib gətirməyəcəyinin hava su kimi aydın olduğu bir zamanda rus dilli marketoloqun öz bacarıqları ilə öyünməsi yersizdir. Və ya,  rus dilinin mədəni kapital ilə eyni səviyyədə bir tutulmasını inadla müdafiə edən gənclərin daha geniş söz lüğəti olan alman, fransız, latın dillərindən diksinməsi də düşündürücü haldır. Və ən nəhayət bu şəxslərə xatırlatmaq lazımdır ki, dilin gücü onu formalaşdıran cəmiyyətdə müzakirə mövzusu ola bilər. Sizin cəmiyyətə təsirinizin yox səviyyəsində olduğu bir dövrdə bu iddianız kimə və nəyədir. Unutmayın ki, nə qədər rusca intellekt savaşına girsəniz də, hər hansı kiçik və orta məmurun və ya polis nəfərinin “əəə, nə danışırsaaaan əəə” reaksiyası ilə qarşılaşa bilərsiniz. Bunu nəzərə alıb buna uyğun davranmağınız sizin üçün də faydalı olar, ey əziz rus dillilər!
 
Tural Amin
 
Antverpen Universiteti. Sosial elmlər fakultəsi
 
10.09.2014
 
Kultura.az
Yuxarı