post-title

Torpağın bərəkəti

İndi bəziləri deyirlər ki, guya Cek London bizə təqdim olunan qədər böyük yazıçı deyilmiş. Ondan da böyük Amerika yazıçıları var. Sadəcə Cek London sosialist olduğuna görə SSRİ onu dahi yazıçı kimi təqdim edirmiş. Bu fikri qüvvətləndirmək çıxmasın, deyim ki, Cek Londonun Azərbaycan dilinə ilk əsəri hələ 1920-ci ildə ərəb əlifbası ilə nəşr edilmişdi.

 
 
Ola bilsin ki, SSRİ Cek Londonu təbliğ edirmiş. Bu yazıçının əcnəbi olması, xüsusilə ABŞ-dan olması – insan kənarda olana daha çox inanır - o zaman Sovet ideoloji maşınına daha çox əl verirdi. Amma tək bircə əsərinə görə -“Həyat eşqi” - Londonun dahiliyi danmaq mümkünsüzdür.
 
“Həyat eşqi” elə əsərlərdəndir ki, onu hər bir insan ana laylası kimi bilməlidir. “Həyat eşqi” qədər insana gərəkli olan əsər tapmaq çox çətindir. Elə əsərlər var ki, onlar insanı hər cür zülmdən, fəlakətdən, ölümdən xilas edə bilər. Bu əsər insanın hər şeydən əlinin üzüldüyü, ölümün addımlarını eşitdiyi zaman belə ümidini itirməməsi haqqındadır.
 
Təyyarən qarlı dağlarda qəzaya uğrayıb. Bircə sən salamat qalmısan. Heç bir kömək yoxdur. Ölüm labüddür. Təskinlik verənin yoxdur. Bircə “Həyat eşqi”n xatırlasan xilas olmaq üçün özündə təpər tapacaqsan. Xilas olacağına inanacaqsan.
 
Belə əsərlərdən biri də Norveç yazıçısı Knut Hamsunun “Torpağın bərəkəti” romanıdır. Yazıçı “Torpağın bərəkəti” romanına görə 1920-ci ildə Nobel mükafatı alıb.
 
“Torpağın bərəkəti” səbir, əzmkarlıq, dözüm, iradə, zəhmət haqqında olan ən gözəl romanlardandır. İnsanın kiçik bir qazmadan başlayıb böyük imarətlər tikəcəyi, zəhməti hesabına özünə güzəran quracağı, hörmət qazanacağı haqqında romandır.
 
Əgər “Sergi ata” tanrı axtarışıdırsa, “Torpağın bərəkəti” insanın axtarışıdır. Əsl insanın.
 
Əsərin süjeti olduqca sadədir. İsaak adlı bir norveçli kəndin kənarında heç kəsə aid olmayan, kəndlilərin belə istifadə etmədiyi meşəliyə gəlib talada özü üçün qazma tikir. O təkdir. Bununla belə əziyyətdən qorxub-çəkinmir. Onun heç arabası da yoxdur. O, hər şeyi kürəyində daşıyır. Onun üçün mümkünsüz heç nə yoxdur. Dərhal analoji variantdan istifadə edir.
 
İsaak meşədəki ağacları kəsib odununu qışda kənd camaatına satır. Əvəzinə həm özü üçün ərzaq, həm də buğda alır. Çöllüyü şumlayıb taxıl əkir.
 
Artıq təsərrüfatı böyüyüb. Ona köməkçi lazımdır. Bu vaxt kənddə xəbər yayılır. Axı kim bu yoxsul, “Bir həsir, bir Məmmədnəsir”, özü də çirkin adama köməklik etmək, onun xanımı olmaq istər?
 
Amma belə qadın da tapılır. Bu İngerdir, dovşandodaq İnger. Əlbəttə əgər o dovşandodaq olmasaydı, İsaakı neyləyirdi, nə çoxdur varlı-hallı kişi!
 
İnger onun yanına tək gəlmir. Özü ilə inəyini də gətirir, boğaz inəyini. Deməli İsaakgilin həm südü olacaq, həm də buzovları. İsaakla İnger baş-başa verib tarlada, meşədə, həyətdə işləyirlər.
 
Bir müddət sonra İngerin Yelisey adlı oğlu da olur. Xoşbəxtlikdən İngerin ən çox qorxduğu şey baş vermir, uşaq dovşandodaq doğulmur.
 
Bundan sonra əsərin süjeti haqqında nəsə demək yersiz olar. Çünki əsərdə elə də böyük süjet dəyişikliyi baş vermir. Nə ailə dağılır, nə İnger və ya uşaq ölür, nə müharibə olur, nə də tufan qopur. Əsərin süjeti sakit-sakit, öz axarı ilə gedir.
 
İsaakın meşədə tutduğu ərazi günü-gündən böyüyür, qazma daxmaya, daxma evə çevrilir. İsaakın torpağının bərəkəti bitib-tükənmək bilmir. Şöhrəti hər yana yayılır. Yeni qonşuları peyda olur. İnsan əzmkarlığı qələbə çalır, bataqlıqlar tarlalara dönür. Vaxtilə təkcə İsaakın yaşadığı bu ərazi böyük xutora çevrilir.
 
Gün gəlir İsaak, bu zəhmətsevərlik heykəli qocalır. Artıq əvvəlki gücü qalmayıb. Sadə bir adamdır. Dünyaya gəlib-getmiş milyonlarla insandan biri kimi ölüb gedəcək, xatırlayan olmayacaq. O nə Yuli Sezardır, nə Makedoniyalı İskəndər, nə də Napoleon. Tarix səhifəsində heç bir yer tutmur. Bununla belə xoşbəxtdir. O, qəhrəmandır. Torpağın yetişdirdiyi qəhrəman. Onun şücaəti nə Sezarın, nə İsgəndərin, nə də Napoleonun şücaətindən geri qalır.
 
Elə ilk səhifədəncə sanki müəllif kamera ilə bir adamı çəkir. O, meşədə ilk cığırları salaraq gedir. Əsər boyu bu kamera yox olmur. Əsər hər an obrazlardan birinə fokuslanıb.
 
Müəllif İssak haqqında deyir: “O, nadir hallarda ayın neçəsi olduğunu bilirdi, nəyinə lazımdır ki! Onun qeydlər aparmaq üçün kağızı yoxdur: təqvimin üzərindəki işarələr inəklərin balalama tarixini göstərirdi. Ancaq payızdakı Müqəddəs Ulaf gününü bilirdi, çünki bu tarixədək o bütün otunu daşıyıb qurtarırdı... Ona lazım olan hər şeyi bilirdi İssak.
 
... O, bütün canı-qanı və ruhuyla kənd adamıdır, yorulmaq nə olduğunu bilməyən əkinçidir. O, keçmişdən gəlib, gələcək üçün bir örnəkdir, əkinçiliyin əsasını qoyan adamdır, onun doqquz yüz yaşı var, buna rəğmən o öz əsrinin oğludur”.
 
Hamsunun baş qəhrəmanı bu qədər sadə adamdır. Əsərdəki başqa obrazlar İsaaka baxanda daha mürəkkəb, təzadlıdırlar. Bunlardan ikisi haqqında danışmağa dəyər.
 
İnger: Mən heç bir əsərdə, heç bir qadına bu qədər nifrət hiss etməmişdim. Hətta sarsaq ərini aldadan xanım Bovari belə, bütün ömrünü işinə həsr etmiş Aleksey Kareninin arvadı Anna Karenina belə, Jülyen Sorelin yoldan çıxardığı xanım de Renal belə məndə bu qədər nifrət oyatmayıb. Bəzən rəğbət də yaradıb. Ancaq İnger!!! Mən bu qadına nifrətdən başqa heç nə hiss etmədim. Əgər Anna Karenina bütün ömrünü işinə həsr etmiş, quru, cansıxıcı ərinə xəyanət etməkdə hardasa haqlıdırsa, bu haqqı heç bir halda İngerə verə bilmirsən. Əlbəttə o özü də gec-tez bunu dərk edir.
 
İnger dünyaya gətirdiyi üçüncü uşağın dovşandodaq olduğunu görüb öldürür. İsaak xəbər tutanda hiddətlənsə də sanki gizli bir qüvvə ona qurduğu düzəni pozmağa imkan vermir. O, İngeri bağışlayır. Lakin tezliklə Olina kimi ifritə bundan duyuq düşür, kəndə söz aparır. İnger həbs olunur. O, altı il həbsdə yatmalı olur. O, Tronheym şəhərinin həbsxanasına göndərilir.
 
İnger həbsdə tikiş tikməyi, əlifbanı, ədəb qaydalarını öyrənir. İsaak isə bu illərdə yenə eyni əzmlə öz təsərrüfatında çalışır. İnger həbsdən azad olub gəlib. Artıq dovşandodaq da deyil. Həbsdə əməliyyat olunub.
 
Bir gün təsərrüfatda yaxınlıqdakı mədənin işçiləri gecələyirlər. Onlar gecəni içib əylənir, şəhərin əyləncə nisgili ilə yaşayan İngerlə rəqs edirlər. Xəyanətkar qadın gecə mədən işçilərindən biri ilə kef çəkir. Bu hal bir müddət sonra yenidən təkrarlanır. Artıq xarici görkəmindəki qüsuru yox olmuş İnger cod saqqalı, işləməkdən əlləri cadar-cadar olmuş, sir-sifəti gündən qaralmış ərini bəyənmir. O, cavan mədənçiyə aşiq olur. Mədənçi isə bir müddət İngerlə kefini çəkib məmləkətinə yollanır.
 
Ah, xəyanətkar qadın!!!
 
İsaak arvadının xəyanətindən xəbər tutmurmu? Müəllifin bizə verdiyi məlumata görə tutur. Amma İsaak çox da dərinə getmir. Yenə də gözəgörünməz qüvvə İsaakın tifağını dağıtmaq istəmir. Biz yalnız onu görürük ki, İnger özü peşman olub tövbə edir, dini kitab oxumağa başlayır.
 
İsaakın zəhməti, böyüklüyü yanında İnger çox cılızdır. Çox. O, yalnız İsaaka təsərrüfatda kömək etməklə öz günahını yuya bilər.
 
Oxşar hal xutorun digər sakini eynən İsaak kimi zəhmətkeş Akselin də başına gəlir. Onun yanında yaşayan Varvara uşağını öldürür, İsaakın böyük oğlu Yeliseylə eşqbazlıq edir. Akseli atıb şəhərə gedir. Orda yüngül həyat sürür. Amma Varvara peşman olub geri qayıtdıqda Aksel onu bağışlayır.
 
Hamsun demək istəyir ki, torpağa bağlanmış insan o qədər böyükdür ki, eynən torpaq kimi bütün pislikləri içinə çəkə, özündə əridə, yox edə bilər.
 
Heysler: O, “Yüz il tənhalıq”ın qəhrəmanı Melkiades kimi lazımı anda lazımı yerdə peyda olur. Heysler qəhrəmanları xilas edir, onlara istiqamət verir. Müəllif əsərin ortalarından sonra qəhrəmanın öləcəyi xəbərini versə də o ölmür, əsərin sonuna qədər biz onu yenə görürük. Onu bəzən axtarırlar, o yoxdur. Bir də gördün şıq geyimdə yanında köməkçi ilə peyda oldu. Ya da qocalıb, üst-başından köhnəlik yağır. Elə bil öləcək. Amma bir neçə səhifə sonra yenidən görünür. Bəziləri ona şeytan deyir, amma o, İsaak və onun ailəsi, xutor üçün əsl qoruyucu mələkdir. O, Melkiades kimi sehrbazdır.
 
Heysler ilk gündən İsaakın zəhmətsevərliyinə aşiq olub. Buna görə də onu təqdir edir. Köhnə işbaz olan Heysler mis mədənlərini almaq istəyən mülkədarlara bir qəpik də güzəşt eləməsə də İsaaka qarşı dürüstdür, səxavətlidir. Onu aldatmır. Biz sonradan eynən Akselə qarşı da səxavətli davrandığını görürük. Deməli o,  torpağı əkib-becərənlərdən olmasa da torpağın bərəkətinə inanan, ona hörmət edənlərdir. Oxucu torpağı əkib-becərənlərin, öz zəhməti ilə ucalanların hörmətə layiq olduqlarını Heyslerin timsalında görür.
 
“Torpağın bərəkəti” Adəm-Həvva, dünyanın yaradılışı mifinin bədii əksidir. İnsan ayağı dəyməyən yerlərə gəlib burada “yeni dünya” quran İsaak sanki Adəmdir. Adəm ona buyurulanlara əməl edib yaradana itaət etdiyi kimi İsaak da öz əməyi, zəhməti ilə tanrıya ibadət edir. Onu ibadəti onun zəhmətidir.
 
İnger də Həvva kimi fitnəkardır, o günah toxumu səpməklə məşğuldur. İsaakın Yelisey və Sivert adlı iki oğlu və iki qızının olması, böyük oğulun “yolunu azaraq” torpaqdan uzaqlaşması Habil-Qabil əfsanəsi ilə intertekstuallıq yaradır. Sivert atasının yolunu davam etdirir, atası kimi torpağa bağlanır, Yelisey isə elm öyrənsə də, savada yiyələnsə də həyatda yer tapa bilmir.
 
Hamsun Yeliseyin timsalında torpaqdan uzaqlaşan insanın bədbəxtliyini göstərir. Norveçdə özünə yer tapa bilməyən yarıtmaz oğul Amerikaya gedir. “Elə o gedən də gedir”. Bundan sonra İsaakgil Yeliseydən bir daha xəbər tutmurlar. İki dəfə Amerikaya köçmüş lakin hər dəfəsində ordan vətəninə “əliboş” qayıtmış Hamsunun Amerikaya xüsusi nifrəti var idi. “Torpağın bərəkəti” də sanki amerikan təfəkkürünə, Amerika texnogenliyinə bir cavabdır. Əsərdə Amerika cəhənnəmin timsalıdır.
 
“Torpağın bərəkəti” romanının azərbaycanca nəşrinin üz qabığına müəllifin dilindən yazılıb: “Mənim nəsillərə xəbərdarlığım”. Bəli, bu kitabı elə xəbərdarlıq kimi oxumaq lazımdır. Çünki insan zəhmətinin bəhrəsini, qiymətini bu qədər dəqiq verən kitabların sayı olduqca azdır. Əməyə, zəhmətə və ən başlıcası insana qiyməti “Torpağın bərəkəti”ndən öyrənmək olar. 
 
Mirmehdi Ağaoğlu
 
Kulis.az
Yuxarı