post-title

Nənə, İliko, İllarion və Nodar

(Nodar Dumbadzenin vəfatının 30 illiyinə)

 
 
“ - Mənim sualım var, - kimsə yerindən qalxdı, - Sədr məktəbin təmirinə nə vaxt başlamağı düşünür? Sinif otaqları dağılıb gedir. 
 
- Sinif onun nəyinə gərəkdir? O, sinifsiz cəmiyyət qurur! - İllarion dedi” (“Mən, nənəm, İliko və İllarion”)   
 
“Biz gürcülər gülməyi yadırğamışdıq. Nodar Dumbadze gəldi və hər şey yoluna düşdü” - bir gürcü tənqidçisi yazmışdı. O, ilk növbədə “Mən, nənəm, İliko və İllarion” romanını nəzərdə tuturdu. Dünyanın 6-da birini gülüşə qərq edən əsər az vaxtda SSRİ-nin bütün böyük teatrlarında səhnələşdirildi, çox uğurlu radiotamaşaya çevrildi, 1962-ci ildə isə Tengiz Abuladze eyniadlı məşhur filmini çəkdi. 
 
Kimlərsə deyir ki, Dumbadze öz romanı ilə olmayan Gürcüstanı yaradıb - eynilə Markes Makondonu, Fazil İsgəndər öz Çegemini yaratdığı kimi. Qətiyyən. Nodar Dumbadze ömrü boyu reallığı, olanları, öz bioqrafiyasını yazıb. Elə yazıb ki, çox vaxt prototiplərin heç ad və soyadını da dəyişməyib. Ona görədir ki, çox vaxt prototiplər ondan inciyirdilər də. Yaxud romandakı İllirion - real personaj İllarion Şevardnadze yarızarafatla hətta öz qonorar payını istəmişdi. Real İliko isə Dumbadzenin 8 yaşlı qızının başını tumarlayıb, olmayan gözündən bir damla yaş axıdaraq demişdi: “Elə bilirsən, atan hər şeyi düz yazıb?! Mən Gürcüstanda inqilab edəndə, İllarion qarğıdalı zəmilərində gizlənmişdi...” 
 
Nodar Dumbadzenin əsərləri reallığın özüdür. Həyat o qədər hazır süjetlər və qəhrəmanlar təklif edir ki, təxəyyülə ehtiyac qalmır. Yazıçıdan tələb olunanlar görmək, qavramaq, yadda saxlamaq, Sözə düzməkdir. 
 
Markesdən magik realizm haqda “Magiyaya inanırsız, yoxsa reallığa?” soruşanda, o, cavab vermişdi: “Reallığın magiyasına inanıram”. Eləcə də Nodar Dumbadze - onun istedadı məhz gündəlik reallığın energetik, magik təfərrüatlarını görmək bacarığındaydı. 
 
Əsr və minillik dəyişib, Nodar Dumbadzeni yetirən, sevdirən, oxutduran ictimai formasiya artıq tarixin dünənində qalıb, balaca dağ kəndindən gəlib Sovetlər ölkəsini fəth etmiş o yetim oğlanın öz taleyi bu gün üçün tamamilə mümkünsüzləşib, ancaq bir yazıçı kimi Nodar Dumbadze qətiyyən yalnız öz dövrünün ustadı olaraq qalmayıb. Onun “Mən, nənəm, İliko və İllarion”u da, sonuncu əsəri olan “Əbədiyyət qanunu” da, “Ağ bayraqlar” romanı da, “Kukaraça” povesti də, hətta “İt” hekayəsi də bu günün, həm də sabahın əsərləridir. Dəyişən sadəcə illər, dövrlər və quruluşlardır, əsl ədəbiyyat nümunəsi həm dilinə, həm süjetinə görə həmişəyaşardır. 
 
Eynilə, Nodar Dumbadzenin 1982-ci ildə televiziya çıxışında dediyi kimi: “Mənim əsərlərimin əsas qəhrəmanı eyni adamdır. Mən onun adını, dövrünü və düşdüyü vəziyyəti dəyişirəm, vəssalam”. 
 
Nəticədə “Mən, nənəm...”dəki Zuriko elə sonuncu romandakı (“Əbədiyyət qanunu”) professor Baçanadır. Hər ikisi isə həm də Nodar Dumbadzenin özüdür. Bir sözlə, yazdıqları avtobioqrafikdir. Əsl yazıçı ilk növbədə özünü yazır. Həm də özünə. Və həm də özü üçün...  
 
 
*** 
 
Sentyabrın 14-də o böyük yazıçının və gözəl insanın vəfatından 30 il ötdü. 4-cü infarkt 56 yaşlı Nodar Dumbadze üçün ölümcül oldu. 
 
Ölümündən 2 gün əvvəl artıq yataqdan qalxa bilməyən o, xanımı Nanulidən maqnitofonu gətirməyi xahiş edir və özünü yoluxmağa gəlmiş dostlarına qəfil təklif verir: gürcü mahnısını zümzümə edəcəklər və ifanı lentə yazacaqlar. Mahnı isə ölüm haqda idi. Daha dəqiqi, ölümün əhəmiyyətsizliyi, qorxulu olmaması haqda. Həmin lentə qulaq asanda ağlamaqdan özünü güclə saxlayan 2 kişinin səsi ilə bərabər, Nodarın zəif, yorğun, nazilmiş səsi də eşidilir. 
 
Son arzularından birini xanımı ilə bölüşür: “Məni Konstantin Qamsaxurdia (yazıçı. Prezident Zviad Qamsaxurdianın atası - Red.) kimi dəfn etməyin. Onun dəfn mərasimində əsərlərindən parçalar səslənirdi. Mənim əsərlərimi oxusaz, hamı güləcək”. Ancaq dəfn mərasimini Dumbadzenin əsərlərindən parçalar müşayiət edirdi. Və heç kəs gülmürdü. 
 
Digər arzusu isə uşaq parkında dəfn edilməsi oldu. Ki, həmişə ətrafında uşaqların səsi eşidilsin. Bu arzusu yerinə yetdi, ancaq sona qədər yox - 2008-ci ildə, 80 illik yubileyi ərəfəsində Gürcüstan patriarxının təşəbbüsü ilə Dumbadzeni məzarında narahat etdilər və məşhur gürcü xadimlərinin dəfn olunduğu məzarlığa daşıdılar. 
 
Ölümündən bir neçə ay əvvəl o, Sovet nümayəndə heyətinin tərkibində İngiltərədə olmuşdu. Həmin vaxt Tetçerin yırtıcı neoliberal kursuna - şaxtaların bağlanmasına və özəlləşdirilməsinə qarşı çıxan şaxtaçıların ümummilli etiraz aksiyaları davam edirdi. Tətilçilərlə görüşmək üçün nümayəndə heyəti yerin təkinə - şaxtaçıların yanına enməli olur. Ürəyi xəstə Dumbadzeyə bu, əks-göstəriş idi. Onu xəbərdar edirlər, ona etiraz edirlər - faydası olmur. “Orada olmalıyam. Əks halda niyə gəlmişəm!” deyir. Elə bu enmə onun ömrünü daha da qısaldır. 
 
“Biz insanlar nə qədər ki sağıq, bir-birimizə yardım etməyə, bir-birimizin qəlbini əbədiləşdirməyə çalışmalıyıq: siz - mənim, mən - başqasının, o isə üçüncünün və bu yolla sonsuzluğa qədər... Ki, insanın ölümü bizim yaşamağımızı tənhalığa məhkum etməsin” - “Əbədiyyət qanunu”nda professor Baçananın dili ilə yazıçı deyir.  İnsanlar xeyirxah işlərdə, mərhəmət hissində bir-biri ilə birləşməlidirlər, belə olanda, bəşəriyyət ölümsüz olacaq - Elə bu da Baçananın xəstəxana çarpayısında keçirdiyi müddətdə düşüncələri ilə kəşf etdiyi Əbədiyyət qanunudur. Yəni, Nodar Dumbadzenin Əbədiyyət qanunu. 
 
O, həyatı boyu həmin qanunla yaşadı. 
 
Təsadüfi deyil ki, onun əsərlərində birmənalı şəkildə mənfi personaj yoxdur. Mənfi personajda da o qədər müsbət tərəflər tapmaq olur ki...   
 
*** 
 
Ömür yolu isə çətinlik və məhrumiyyətlərin bolluğu ilə başlayır. 
 
8 yaşı olanda atası və anası həbs edilir. Atası güllələnir, anası sürgünə göndərilir. Nodarı əvvəlcə dayısı, sonra nənəsi böyüdür. Anası ilə bir də 18 yaşı olanda görüşür və yenidən “Ana” müraciətini söyləməyi öyrənir. 
 
Sonralar həmin həbs gününü Dumbadze xatırlayaraq danışırdı: Yeni məktəb ili ilə əlaqədar ona təzə ayaqqabı almışdılar. Bütün gecəni yastığının altında əzizləyib saxlayır, səhər isə geyinib çay kənarına, uşaqlara göstərməyə yollanır. Ayaqqabını oğurlayırlar və dəhşət içində geri qayıdan Nodar atasının kötəyinin qorxusu altında möcüzə arzulayır. Möcüzə tamam başqa səmtdən gəlir. Yolda onu görən kənd milisi evə getməməsini söyləyir. Ata-anasını həbs edib aparıblar, yəqin bir müddət, bəlkə də uzun müddət qayıtmayacaqlar, mənzil isə möhürlənib. Uşağın sevindiyi görən milis yalnız “Hamının başı xarab olub. Böyüklərin də, uşaqların da” deyir və Nodarı müvəqqəti qalmaq üçün öz evinə aparır. 
 
Sonra müharibə, Universitetin qtisadiyyat fakültəsində təhsil (“Mübahisələr sübhə qədər davam etdi. Sonunda İllarionun rəyi ilə razılaşdılar ki, bu cür şalvarın sahibi olan şəxsə özünü iqtisadi və maddi cəhətdən mövcud ola bilmək üçün iqtisadiyyat fakültəsinə qəbul olmaq məsləhətdir” - romanda yazır), ailə, övladlar, maddi çətinliklər. Bir dəfə dostu ilə birlikdə nahar etdikləri restoranda dava düşür və adam öldürülür. Hamını tutub aparırlar. 6 ay həbsdə qalan Dumbadzenin günahsızlığı Moskvadan gələn müstəntiqlər tərəfindən sübut olunur, ancaq dostu törətmədiyi cinayətə görə 10 il həbs cəzası çəkməli olur (Bu hadisələr “Ağ bayraqlar” romanı üçün süjet olur). 
 
Hər şey “Mən, nənəm, İliko və İllarion”un çapından sonra dəyişir. Nodar Dumbadze Bayronun ardınca təkrarlaya bilərdi ki, səhər yuxudan məşhur adam kimi oyanır. Ard-arda yeni əsərlər, ssenarilər. SSRİ Ali Sovetinin deputatı seçilir, Gürcüstan Yazıçılar İttifaqının katibi təyin olunur, Lenin mükafatı alır. Paralel olaraq isə itkilər: əvvəlcə 4 yaşlı yeganə oğlunu, ardınca çox sevdiyi kürəkənini itirir. Dalbadal infarktlar. Həmişə özünü nikbin göstərən, mavi gözlərinin dərinliyində isə daima kədərini gizlədən yazıçının ürəyində daşıdığı ağır yüklə zahirdə göstərdiyi şən xarakter necə də bir-biri ilə ziddiyyətdə idi... “Mən gülüşdən yazıram ki, yaşayım” deyirdi. 
 
Və bu gülüşün paltarına o, ölkədəki bütün neqativ cəhətləri məharətlə bükə bilirdi. Bəziləri ondan hələ sağlığında “dissident” düzəltmək istəyirdilər (Əlbəttə, o, buna gülürdü). Bir dəfə isə SSRİ-nin baş ideoloqu Mixail Suslova onun Sovet quruluşunu tənqid etdiyini deyib şikayətlənmişdilər. Suslov sakitcə dinləmiş və cavab vermişdi: “Bəli, Dumbadze quruluş barədə ciddi yazır. Ancaq ürəyi ağrıdığına görə yazır”.   
 
*** 
 
Ömrünün son günlərində, Dostoyevski ilə polemikaya girmədən Dumbadze “Dünyanı xeyirxahlıq xilas edəcək” deyirdi. Bu, onun sadiq qaldığı etik prinsip idi. Onun qəhrəmanları Xeyirə qələbə qazandırmaq naminə də olsa, heç vaxt kobud gücə əl atmırdılar. Hətta uduzsalar belə (“Kukaraça”da olduğu kimi). 
 
Son 25 ildə biz vacib olan çox şeyləri itirdik. Dünya soyuq, sərt, qəddar oldu. Qəlb arxa plana keçdi. Və məhz indiki dünyanın heç vaxt olmadığı qədər Nodar Dumbadzenin təlqin etdiyi inama ehtiyacı var. O imperativə ki, xeyirxahlıq dünyanı xilas edəcək. 
 
İndiki sinizm əsrində bu kəlmələr şablon, pafoslu səslənir, elə deyilmi? Çünki, mövcud sosial xarakterə zidd görünür. Sosial xarakterlər müvəqqətidir, insani dəyərlər isə əbədi. Nodar Dumbadzenin göstərmək istədiyi əsas həqiqət də elə budur...   
 
P.S. “Mən, nənəm, İliko və İllarion” filminə (1962) buradan baxa bilərsiz: -
 
https://www.youtube.com/watch?v=hI2hQkfAjls
 
Məmməd Süleymanov
 
Kult.az
Yuxarı